9 ay öncə Türkiyə Rusiya təyyarəsini vurub. Yəni
birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü
olmasından asılı olmayaraq mənim sərhədlərimi keçmək olmaz və belə
olduqda ən sərt addımlara hazıram.
9 ay sonra Türkiyə Rusiyadan üzr istəyib. Yəni dolayı yolla.
Yenə də doğru edib! Türkiyə atdığı addıma görə Qərbdən lazımi
dəstəyi ala bilmədi və ABŞ-a görə Suriyada Rusiya ilə
münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya
dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant
məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin
üzərinə qoydu, Almaniya da daha irəli gedərək saxta erməni
soyqırımını tanıdı. "Mən demişdim axı üzr istəyəcək", "mən demişdim
axı rusun təyyarəsini vurmaq olmaz" ifadələrini indi daha tez-tez
bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə
bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər
dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim.
Situasiyanın tələbi budur ki, türk ordusunun küncə sığışdırdığı
PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum
etmək lazımdır. Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda
ölkə prezidentinin addımı bədəli nə olursa-olsun, əsaslandırılmış
idi, bu, həm də Rusiya ilə sanksiya dili ilə danışan Qərb
dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş
fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi.
Fikrimcə, cənab Ərdoğanın əsil problemi İzraillə münasibətlərin
mənasız yerə pozulmasından başladı. Qəzza məsələsinə görə bu qədər
dərinə gedilməsinin izahını vermək mümkün deyil. Məsələn,
Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik
münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır.
Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa
məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir.
Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İzraillə
münasibətləri pozmaq bahasına etmək doğru deyildir. Sırf iqtisadi
baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə
vurulmuş oldu. Məncə, İzrail və Rusiya həmlələrinin ardından cənab
Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin
normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət
məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə
məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir
problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə bu addımların
müsbət sonluğa varması hava-su kimi lazımdır. "Fillər savaşanda
çəmənlik əzilir". Təqribən belə bir şey... Bu arada Böyük
Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil
olmasına ölçdüyü üç min illik müddət də yadıma düşdü. Özü isə
Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə
heç üç saat da qatlana bilmədi. Deməli, siyasətin konturları
texnoloji inqilab sürəcində daha çevik dəyişəndir.
Yuxarıda 9 ay məsələsini əslində normal doğuş müddəti ilə
əlaqələndirdim. Yəni 9 aydan sonra yeni siyasətin doğuşu söz
konusu. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək,
dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra
istənilən üzr qəbahətdən betər olur.