Ərəb ölkələrində yayılan "Al Mayadeen" televiziya
kanalında "Etnofolia" adlı sənədli filmlər silsiləsində Azərbaycan
musiqisi ilə bağlı çəkilmiş 3 seriyalı sənədli filmin birinci
seriyası yayımlanıb.
Axar.az xəbər vrir ki, film Azərbaycan muğamına, onun
ifaçılarına və musiqi tədrisinə həsr edilib.
"Etnofolia" silsilə sənədli filmlər verilişini məşhur livanlı
müğənni Abeer Nehme aparır. O, müxtəlif ölkələrin milli
musiqilərindən ibarət sənədli filmlər hazırlayır. Müğənni keçən il
Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm
Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Bakıda
olub, muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli
film hazırlayıb. Filmin musiqi tərtibatçısı və koordinatoru
Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır.
Azərbaycan musiqisinə məftun olan Abeer Nehme Bakı səfərindən
sonra "Küçələrə su səpmişəm" və "Getmə-getmə" mahnılarını
repertuarına daxil edib. O, filmdə "Sarı gəlin" mahnısını da ifa
edir.
"Etnofolia" sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber
artıq neçə illərdir ki, Azərbaycan musiqiçilərinin ifalarını
Fransada, eləcə də Hindistanda, Mərakeşdə, Belçikada özünün iştirak
etdiyi musiqi festivallarının proqramına daxil edir. Qeyd edək ki,
cari ilin may ayında kanonçu qızlardan ibarət "İnci" ansamblı
ölkəmizi Mərakeşdə Fes festivalında təmsil edib.