Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa
Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan
fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını
ala bilmirlər.
Bu haqda "Axar.az"a Sabirabad məktəblərinin bir
qrup müəllimi məlumat verib. Redaksiyamızla əlaqə yaradan
müəllimlər iki məmur arasında yaranan konfliktə əsas səbəb kimi
Hüseynağa Gülüşovun Təhsil şöbəsinin müdirindən rüşvət tələb
etməsini göstərirlər.
Elman Bünyadov isə Maliyyə şöbəsinin müdirinə rüşvət verməkdən
imtina etdiyinə görə onun qarşısında bürokratik əngəllər yaradılır.
Təbii ki, məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsində ən
çox zərər çəkən aylıq məvacibə göz dikən Sabirabad təhsil işçiləri
olur.
Məlumatda bildirilir ki, Maliyyə şöbəsinin müdiri əməkhaqqlarını
gecikdirməklə Sabirabad təhsil işçilərini Elman Bünyadova qarşı
qaldırmaq istəyir: "Hüseynağa Gülüşov təhsil şöbəsinə pul
ayrılmasının ləngitməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı
altında sağlam uşaqların qeydə alınmasını göstərir. O hesab edir
ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq
epiqriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi
komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa,
Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirirərək,
sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia edir və
əməkhaqlarını vermir", - deyə xəbərdə iddia olunur.
Təhsil Şöbəsinin müdiri deyilənləri
təsdiqlədi
Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov
əməkhaqqların gecikməsini və Maliyyə şöbəsinin müdiri ilə
aralarında olan konfliktin səbəblərini "Axar.az" açıqladı:
"Oktyabrın maaşında heç bir problem olmadı, amma noyabr ayı hələ
ki, verilməyib. Hər gün dərs cədvəllərinə görə müxtəlif iradlar
bildirilir. Təəssüf ki, çoxları müəllim maaşı ilə dolanmağın nə
olduğunu bilmir, ona görə də maaşların verilməsində belə əngəllər
yaranır. Mən indi durub dərs cədvəlini dəyişdirib, kiminsə haqqını
yeyə bilmərəm. Məni tanıyanlar necə insan olduğumu yaxşı bilir.
Qaldı xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə
alınması məsələsinə və məktəblərdə davamiyyətin olmamasına, bu da
yalandır. Bizdə ötən il 231 nəfər xəstə uşaq olub. Ondan əvvəlki il
isə daha çox olub. Bu il Psixaloji Tibbi Komissiyadan 99 nəfər
keçib. Psixaloji Tibbi Komissiyada isə bir psixoloq, iki həkim və
iki inspektor var. Özü də həmin gün Maliyyə şöbəsinin müdiri özü
gəlib baxdı və gördüklərindən pis olduğunu bildirdi. Hətta özü də
dedi ki, mənim ürəyim ağrayır, buna baxa bilmirəm. Onu da bildirim
ki, daha sonra üzrlü səbəbdən gələ bilməyən 34 nəfər də gəlib
komissiyadan keçdi. Bizdə hər bir xəstə uşağın həkimdən epiqrizi
var, hər bir uşaq Psixoloji Tibbi Komissiyadan keçib. Bu isə
qanunsuz ola bilməz. Dərsə davamiyyət isə istənilən səviyyədədir.
Sadəcə, müəyyən səbəblərdən qarşımda əngəllər yaradırlar. Bundan da
ən çox zərər görən rayonumuzun təhsil işçiləri olur".
İstənilən səviyyədə araşdırma apara
bilərsiniz
Rayon Təhsil Şöbəsinin Psixoloji Tibbi Komissiyasının müdiri
Pəhləvan Qarayev isə haqlarında səslənən ittihamların əsassız
olduğunu bildirdi:
"Psixoloji Tibbi Komissiyanın sədri mən olsam da, bizim
komissiyanən tərkibində iki həkim və inspektor var. Xəstə uşaqlara
isə epiqriz polikilinikanın baş həkiminin imzası ilə verilir. Yəni
biz qanunsuz heç bir iş görmürük. Bunu istənilən səviyyədə araşdıra
da bilərlər. Buna tam əmin ola bilərsiz".
Təəssüf ki, gün ərzində Sabirabad rayon Maliyyə şöbəsinin müdiri
Hüseynağa Gülüşovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsək də,
zənglərimizə cavab vermədi.