Yuxarı

Bizə hansı media lazımdır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəlkə də bu sual indi yalnız ritorik görünür... Bəlkə də kimsə onu sönmüş junalistika ocağının arxasınca deyilən bir rekviyem kimi qəbul edəcək. Amma biz o qədər də ümidsiz deyilik...

Bu gün jurnalistikada baş verən tendensiyaları iki qrupa ayırmaq olardı. Təbii ki, ən birincisi, qeyri-təbii, necə deyərlər, siyasi tendensiyalardır...

Onlar bəlkə də bir və yaxud da bir neçə oxşar ölkə üçün xarakterik tendensiyalardır. Məsələ aydındır, o şeyi ki, hamı görür və bilir, təhlilçilər bir qayda olaraq onunla məşğul olmurlar...

Ona görə yox ki, bu, müəllif üçün hansısa təhlükə kəsb edə bilər. Yox, belə deyil. Sadəcə, axır vaxtlar mətbu orqanların immuniteti o qədər aşağı düşüb ki, o, hətta ayrı-ayrı müəlliflərin "immunitet"indən belə aşağı görünür...

Digər bir tendensiya isə təbii olaraq baş verən prosesdir - internet mediası getdikcə daha çox kağız medianın dabanlarını tapdamaqdır. Sözsüz ki, mətbuat aləmində baş verən prosesləri yalnız bununla izah etmək çətindir, ən azı ona görə ki, internetin yarandığı ölkələrdə kağız media hələ də öz mövqelərini qoruyub saxlaya bilir... Elə bu səbəbdən də bəzi ölkələrdə kağız medianın sürətli aqoniyası daha çox yerli siyasi amillərlə bağlıdır - insanları oxumaq vərdişlərindən daha tez məhrum etmək istəyirlər...

Amma kağız medianın, ümumiyyətlə, çap materiallarının üstünlüklərinə toxunanda biz son vaxtlar bəzi texniki imkanları, üstünlükləri qabartmağa məhkum idik - bəli, deyirdik ki, qəzeti, jurnalı və kitabı siz parkda və yaxud da divanda uzanaraq, hətta çimərlikdə oxuya bilərsiniz, səhifələrdə qeydlər apara bilərsiniz və s. və i.

Görünür, internet mütəxəssisləri də boş dayanmır, bunların üzərində düşünür və işləyirlər. Axır vaxtlar elə elektron məmulatlar buraxılır ki, adam daha kağız medianı tərifləməyə söz tapmır...

Amma bunlar yenə də məsələnin, necə deyərlər, texniki tərəfləridir. Jurnalistikada bir yaradıcı proses kimi heç də bundan az hadisələr baş vermir. İndi yeni bir keyfiyyət göstəricisi peyda olub - bu da ictimai jurnalistikadır... Bəli, bunu görməmək, hiss etməmək mümkün deyil - sosial şəbəkələrdə az qala hamı yazır, öz fikirlərini başqaları ilə bölüşür...

Bu halda adətən peşəkar və həvəskar jurnalistikadan danışırlar. Amma bəzən görürsən ki, həvəsi olan bəzi həvəskar jurnalistlər sosial şəbəkələrdə elə şeylər edirlər ki, peşəkarlar bunu yalnız arzulaya bilər...

Bundan əvvəl daha çox dəbdə olan sırf informasiya jurnalistikası ilə bağlı deyilənlər idi; deyirdilər ki, şərhlərin, esselərin, oçerklərin vaxtı keçib, adamlar daha çox informasiya istəyirlər...

Biz heç vaxt informasiya jurnalistikasının əleyhinə olmamışıq və şərhləri, esseləri, oçerkləri, felyetonları da siyasi süzgəc kimi təsəvvür etməmişik. Əsla bu fikirdə olmamışıq və indi də deyilik; nəinki cəmiyyəti, hətta fizika kimi bir elmi sırf informasiya anlayışı üzərində qurmaq cəhdləri var...

Sadəcə, belə hesab etmişik və indi də belə düşünürük ki, digər jurnalistika janrlarının da, xüsusən də publisistikanın yaşamaq haqqı var. Bəzən bu və ya digər janr şəraitdən, yerli siyasi sistemdən asılı olaraq qabarır...

Məsələn, çox şey var ki, biz onları birbaşa deyə bilmirik. Ona görə ki, bunun formal hüquqi tərəfləri var - hətta Qaliley inkvizisiya məhkəməsinə sübut edə bilmədi ki, Yer fırlanır... İndi biz nə edək?..

Ona görə də bəzən publisistikanın verdiyi imkanlardan yararlanmağa, onlardan istifadə etməyə, bir az Ezop dililə və bir az da işarə ilə yazmağa və danışmağa məhkumuq.

Hər bir müəllif istərdi ki, onun yazısının informasiya tutumu yüksək olsun. Di gəl, informasiya əldə etməyin məşəqqəti də hamıya məlum...

Həm də bilirsiniz bu nəyə bənzəyir? Bəli, demək olardı ki, gəlin bütün tarixçiləri qovaq, yalnız arxeoloqlara pul verək, onları işlədək, çünki onlar bizə faktlar verirlər...

Amma bəs reallıq necədir? Tarixçilər yalnız arxeoloqlardan ibarətdirmi? Fakt böyük şeydir, amma hələ hər şey demək deyil. Bu faktları təhlil etmək və onların arxasında dayanan mənaları açmaq lazımdır. Bunun üçün digər tarix mütəxəssisləri lazımdır.

Jurnalistika da haradasa belədir. O, təkcə informasiya gətirəndən ibarət deyil.

Mən hələ jurnalistikanın maarifçilik missiyasını unutdum. Daha doğrusu, bunu axıra saxladım, çünki bəzi jurnalistika nəzəriyyəçiləri onu da inkar edir. Amma İ.Turgenevin Bazarovu, C.Cabbarlının Məmdəli bəyi də şox şeyi inkar edirdi...

Həyat isə təkcə inkarlardan ibarət deyil. Hegel necə deyirdi? Tezis, anti-tezis və bir də sintez...

Tarix
2015.01.24 / 09:19
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla