1979-cu ilin 27 yanvarında İran İslam Respublikasının
banisi, ABŞ-ı "Böyük İblis" adlandırmış Ayətullah Xomeyni
Vaşinqtona məxfi məktub göndərir.
İran inqilabının lideri özünün Parisdəki sürgün evindən Karter
(ABŞ-ın 1977-1981-ci illərdə prezidenti olmuş Cimmi Karter - red.)
administrasiyasına sövdələşmə təklif edirdi: "İran hərbçiləri siz
deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərimə əməl edir".
Bu təklifdə söhbət ondan gedirdi ki, əgər prezident Cimmi Karter
özünün İran ordusundakı nüfuzundan istifadə edib Xomeyniyə yol
açsa, o öz xalqını sakitləşdirə bilərdi. Beləliklə, stabillik bərpa
olunar, Amerikanın maraqları və vətəndaşları müdafiə edilərdi.
O vaxtlar İrandakı mənzərə çox xaotik idi. Etirazçılar
hərbçilərlə toqquşurdular, dükanlar bağlanmışdı, ictimai xidmətlər
dayanmışdı. Əməkçilərin tətilləri neft axınını dayandıraraq Qərbin
həyati maraqlarını təhlükəyə atmışdı.
Karter tərəfindən xeyli dilə tutulan İran şahı Məhəmməd Rza
nəhayət "tətil" üçün xaricə getdi. O, ölkəni qeyri-populyar baş
nazirin və vurnuxmada qalan hərbiyyənin ümidinə buraxıb gedirdi.
400 min nəfərlik İran ordusu Amerikanın silah və müşavirliyindən
tam asılı idi.
Xomeyni ordunun təmkinini itirəcəyindən qorxurdu. Ordunun şaha
sadiq ali komandanlığı ona nifrət edirdi. O da məlum idi ki, bu
generallar ABŞ Hərbi Hava Qüvvələrinin prezident Karter tərəfindən
müəmmalı missiya ilə Tehrana göndərdiyi general Robert Huyserlə
gündəlik qaydada danışıqlarda idilər.
Ayətullah 15 illik sürgündən sonra İrana qayıtmaq və şahın
"tətilini" əbədiləşdirmək əzmində idi. Odur ki, o, belə bir şəxsi
məktub yazmışdı.
Qrammatik mənada birinci şəxsdə yazılmış məktubda Xomeyni Ağ Evi
əmin etmək istəyirdi ki, 37 illik strateji müttəfiqini itirməkdən
qorxmasın və Ayətullahın özü də dost ola bilər.
"Siz özünüz görəcəksiniz ki, bizim amerikalılara xüsusi bir
düşmənçiliyimiz yoxdur, - deyirdi Xomeyni. O, inandırmağa çalışırdı
ki, onun İslam Respublikası "humanitar bir dövlət olacaq, bütün
bəşəriyyət üçün sülh və əmin-amanlığa töhfə verəcək.
Xomeyninin bu məktubu ABŞ hökumətinin üzərindəki məxfilik yenicə
qaldırılmış sənədlərinin arasından çıxıb. Buradakı diplomatik
teletayplar, siyasət memorandumları, görüş protokolları Amerika və
Xomeyni arasındakı məxfi münasibətlərin tarixini açır. Bu
tarixçədən də görünür ki, Xomeyni özünün İrana qayıdışını yumşaq və
dostyana tonla təmin edib.
Əslində, Xomeyninin məktubu Parisdə onun de-fakto işlər müdiri
ilə ABŞ hökumət nümayəndələri arasında iki həftə davam edən
danışıqların kulminasiya nöqtəsi olub. Bu sakit proses Xomeyninin
İrana salamat qayıdışını və hakimiyyətdə sürətli yüksəlişini və
beləliklə də İran və Amerika arasında sonradan onilliklər ərzində
davam edəcək gərgin münasibətləri təmin edib.
İranın rəsmi tarixinə görə, Xomeyni Birləşmiş Ştatlara sinə
gərən və "Böyük İblisin" şahı taxtında saxlamaq cəhdlərini
cəsarətlə məğlub edən şəxsiyyət kimi təqdim olunur. Lakin sənədlər
göstərir ki, Xomeyni ABŞ hökuməti ilə çox sıx münasibətlərdə
olub.
Tam əksinə, sənədlərdən bəlli olur ki, Ayətullah nəinki
Amerikanı dəf etməyib, hətta onunla dialoq üçün sakit mesajlar
göndərib, potensial İslam Respublikasının ABŞ-ın maraqlarına dost
ölkə olacağını vəd edib.
Bu günədək keçmiş Karter administrasiyasının rəsmiləri israr
edirlər ki, İran məsələsində necə hərəkət etmək barədə fikir
ixtilafının olmasına baxmayaraq, Vaşinqton sonadək şahı və onun
hökumətini möhkəm şəkildə dəstəkləyib.
Lakin sənədlər səhnə arxasında Birləşmiş Ştatların çoxnüanslı
davranışını göstərir. Şahın İranı tərk etməsindən ikicə gün sonra
ABŞ Xomeyninin elçisinə bildirirdi ki, onlar İran konstitusiyasının
dəyişdirilməsinin prinsipcə əleyhinə deyillər, halbuki bu, faktiki
olaraq monarxiyanın devrilməsi demək idi. Bundan başqa amerikalılar
Xomeyniyə daha mühüm bir məlumat vermişdilər: İranın hərbi
liderləri öz siyasi gələcəkləri barədə müzakirəyə açıqdırlar.
4 onillik bundan əvvəl Amerika və Xomeyni arasında gedən
proseslər heç də təkcə diplomatik tarix deyil. ABŞ-ın İslam
Respublikasının içərisində praqmatik hesab etdiyi qüvvələrlə
sövdələşmə arzusu bu günədək davam edir.
Kennediyə məktub
Bu, Xomeyninin Vaşinqtona üz tutduğu ilk dəfə deyildi.
1963-cü ildə Ayətullah şahın ən kəskin tənqidçisi kimi hələ
təzə-təzə tanınırdı. O, iyun ayında şahın Kennedi (ABŞ-ın
1961-1963-cü illərdə prezidenti olmuş Con Kennedi - red.)
administrasiyasının təzyiqi altında "Ağ inqilaba" başlamasını
parlaq çıxışı ilə kəskin tənqid etmişdi. "Ağ inqilab" torpaq
sahibliyi islahatı və qadınlara seçki hüququnun verilməsi kimi
mütərəqqi addımları nəzərdə tuturdu.
Xomeyni bu çıxışdan sonra həbs edilmiş, bunun dərhal ardınca üç
gün davam edən zorakı etirazlar hərbiyyə tərəfindən çevik şəkildə
yatırılmışdı.
Mərkəzi Kəşfiyyat İdarəsinin bu yaxınlarda məxfilikdən
çıxarılmış bir sənədindən isə bəlli olur ki, 1963-cü ilin
noyabrında Tehranda ev dustağı olduğu günlərdə Xomeyni prezident
Kennediyə dəstək məktubu yazıbmış. Bu məktub İran ordusunun etiraz
aksiyalarının iddia edilən iki təşkilatçısını güllələyəndən iki gün
sonra və Sovet liderinin İrana səfəri ərəfəsində yazılmışdı.
Məktubdan bu da hiss olunurdu ki, Xomeyni şahın sovetlərə doğru
əyiləcəyindən qorxan ABŞ-ın hissiyyatı ilə oynayırdı.
Xomeyni bu məktubda da şahın əsas himayədarını əmin etmək
istəyirdi ki, onun Birləşmiş Ştatlarla heç bir davası yoxdur.
Qismən 2008-ci ildə açıqlanmış, "İranda islam" adlanan və
1980-ci ilə aid MKİ təhlilində deyilirdi ki, "Xomeyni İranda
Amerika maraqlarına qarşı olmadığını izah edirdi".
Xomeyni ABŞ-a müraciətində deyirdi ki, əksinə, Amerikanın
mövcudiyyəti Sovet və Britaniya təsirlərinin qarşısını almaq üçün
zəruridir. Səfirlik teletaypında olan bu məktubun tam mətni hələ də
məxfi sayılır.
Prezident Kennedinin bu məktubu görüb-görmədiyini demək
çətindir. İki həftə sonra prezident Texasda sui-qəsd nəticəsində
öldürülür.
Bundan bir il sonra Xomeyni İrandan sürgün edilmişdi. O, şahın
üzərinə yeni tənqid hücumuna keçmişdi. Bu dəfə şahı İrandakı ABŞ
hərbçilərinə immunitet verdiyinə görə tənqid edirdi.
"Amerika prezidenti bilməlidir ki, o, bizim xalqımız tərəfindən
ən çox nifrət edilən şəxsdir", - Xomeyni sürgünə getməzdən az öncə
demişdi.
15 ildən sonra Xomeyni Parisdə məskən salmalı olacaqdı. O, indi
İranı monarxiyadan azad etməyin bir addımlığında olan hərəkatın
lideri idi. Lakin hətta qələbəyə bu qədər yaxın olduğu vaxtda da
Xomeyninin ABŞ-a ehtiyacı vardı.
Həlledici məqam
1979-cu ilin yanvarında Xomeyni məqamı yetişmişdi, lakin o,
ABŞ-ın son anda edə biləcəyi müdaxilədən, 1953-cü il çevrilişinin
təkrar olunacağından çəkinirdi. 1953-cü ildə MKİ şahın taxt-taca
qayıtmasına kömək etmişdi.
Şahın yeni baş naziri Şapur Bəxtiyar (Şahın həm də sonuncu baş
naziri – red.) Xomeyninin yanvarın sonlarına planlaşdırılan
gəlişinin qarşısını almaq məqsədilə hava limanına qoşun və tank
birləşmələrini yeridəndən sonra vəziyyət partlayış həddinə
çatmışdı.
Belə görünürdü ki, İran vətəndaş müharibəsinin bir
addımlığındadır: Elit imperiya qvardiyası öz şahı uğrunda son damla
qanınadək döyüşməyə, İmam Xomeyninin fanatik tərəfdarları isə
silahlı mübarizəyə və şəhidliyə hazır idilər.
Ağ Ev İranda vətəndaş müharibəsinin ABŞ-ın strateji maraqlarına
problemlər yaradacağından narahat idi. Minlərlə ABŞ hərbi
müşavirinin, F-14 qırıcıları kimi İrandakı təkmil Amerika
silahlarının təhlükəsizliyi, həyatı neft təchizatı, İranda ən mühüm
hakimiyyət təsisatı olan hərbiyyənin taleyi tərəzi gözündə idi.
Amerikanı şahın yıxılması, Xomeyninin hakimiyyətə yüksəlişi daha
az maraqlandırıdı.
Lakin prezident Karter bundan əvvəl Xomeyni və hərbiyyə arasında
sövdələşmə əldə etmək ideyasını rədd etmişdi.
İndi yaxşı tanınan 9 noyabr 1978-ci il tarixli "Ağlasığmaz
şeylər haqqında düşüncələr" adlı səfirlik teletaypında ABŞ-ın
İrandakı səfiri Vilyam Sullivan xəbərdarlıq edirdi ki, şahın taleyi
həll olunub. O, israr edirdi ki, Vaşinqton şahı və onun yüksək
rütbəli generallarını İrandan çıxarmalı, daha kiçik rütbəli
komandirlər və Xomeyni arasında sazişə nail olmalıdır.
Sullivanın cəsarətli təklifi prezident Karteri təəccübləndirmiş
və onların sonrakı münasibətlərini korlamışdı. Lakin yanvarın
əvvəllərində prezident könülsüz olsa da, razılaşmışdı ki,
müxalifətin sakitləşdirilməsi üçün şahın getməsi zəruridir.
Baş verəcək hərbi çevriliş barədə xəbərlərin gəldiyi bir vaxtda,
yanvarın 3-də prezident özünün baş müşavirlərini toplamışdı. Qısa
müzakirədən sonra qərara gəlinmişdi ki, şahı, guya Kaliforniyaya
istirahətə getməsi bəhanəsi ilə İrandan çıxmağa razı salmaq
lazımdır.
"Sözün həqiqi mənasında neytral ölkə olan İran ABŞ-ın
uğursuzluğu kimi görünməməlidir", - həmin iclasda prezident
demişdi.
Elə həmin gün Karter ABŞ silahlı qüvvələrinin Avropa komandanı
general Robert Huyseri Tehrana göndərmişdi. O şahın generallarına
"fərəqət oturmağı" tapşırmalı və onları baş nazir Bəxtiyara qarşı
hərbi çevrilişdən çəkindirməliydi.
Lakin Bəxtiyar onu "şahın agenti" adlandıran müxalifət
tərəfindən dəstəklənmirdi.
(BBC Azərbaycanca)
Ardı var