Bəzi sürücülər öz
əlləri ilə öz avtomobillərinin ömrünü kəsirlər.
Bu haqda Axar.az-a əksər sürücüləri narahat edən mühərrik və
motorxana sisteminin yuyulmasının nə dərəcədə lazımlı olması və
hansı fəsadlara yol aça biləcəyi mövzusunda danışarkən avtomobil
mütəxəssisi Şahin Qasımov deyib:
"Motorxananı yumaq olarmı? Bunun müsbət və mənfi tərəfləri
hansılardır? Bu tip suallarla demək olar ki, hər gün
qarşılaşıram.
Əvvəlcə onu deyim ki, avtomobilin elektronika sistemi iki şeydən
zərər görə bilər.
1.Kəskin-yüksək temperatur
2.Müxtəlif hissələrin su ilə təması.
Ümumilikdə isə avtomobildən düzgün istifadə edilməməsi və yaxud
avtomobilin öz istismar müddətini, resursunu bitirməsi böyük
xərclərə yol aça bilər.
Lakin bəzi sürücülər öz əlləri ilə öz avtomobillərinin ömrünü
kəsirlər. Bəzi insanlar avtomobillərinin motorxanasını avto-yuma
məntəqələrində böyük təzyiqli su ilə yudurtdurur. Onlar bu işin
hansı fəsadlara yol açacağını bilsələr, qətiyyən belə bir addım
atmazlar. Avtomobilin motorxanasını təzyiqli su ilə yudurtmaq eyni
ilə onu çaya atmaq kimi bir şeydir. Təsəvvür edin ki, 10-20 metr
dərinliyi olan su hövzəsində 10-20 atmosfer su təzyiqi olur.
Avto-yuma məntəqələrindəki suyun təzyiqi də bu atmosferlə
eynidir.
İstər avtomobil yeni olsun, istər köhnə, mühərrikin təzyiqli su
ilə təması qətiyyən yolverilməzdir. Bu prosesdə mühərrik sisteminin
yuyulması üçün xüsusi mayelər var, onlardan istifadə edilən
təqdirdə motorxananı yumaq olar. Hətta bu halda da suyun
təzyiqindən istifadə etmək olmaz.
Müasir avtomobillərin 70 faizindən çox hissəsi elektronika ilə
idarə olunur. Məsələn, son model bir avtomobildə 100-dən çox
idarəetmə bloku, 100-200 arası sensor, rele, steker və digər
elektronik hissələr mövcuddur. Bu hissələr biri-biri ilə əlaqəli
şəkildə işləyərək ümumi uzunluğunu bir neçə km olan naqillərlə
birləşir. Motorxana yuyulduqda isə həmin hissələrdə korroziyadan
tutmuş qısaqapanmaya qədər hər şey baş verir. Adətən sürücülər
motorxana yuyulduqdan dərhal sonra bunu hiss etmir. Bu proses 3-15
gün ərzində baş verir və sistemlər arası əlaqə pozulmağa başlayır.
Nəticədə elektronika sistemi iflic olur. Bir blokun qiymətini 500
manatdan hesablasaq 7 blokun qiyməti və proqram təminatı sürücüyə
5000 manatdan baha başa gələ bilər. Hətta bunların dəyişilməsindən
sonra digər elektronik sistemlərin də nasaz duruma düşmək ehtimalı
istisna deyil. Buna isə istehsalçı da zəmanət vermir.
Qısası, motorxananın mühərrik ətrafına yığılan tozlardan
təmizlənməsi vacib olsa da, onu avto-yuma məntəqələrində təzyiqli
su ilə bir dəfə yudurtmaq sürücüyə bu qədər maddi ziyan vura bilər.
Bu prosesin aparılması üçün xüsusi mayelərdən istifadə
zəruridir".