Axar.az tanınmış jurnalist İbrahim Nəbioğlunun
İngiltərədə yaşayan azərbaycanlı şair Rauf Qaraişıq haqda qələmə
aldığı yazını və şairin bir neçə şeirini təqdim edir:
Hava limanında təyyarəmin qalxış anonsunu gözləyir, vaxt keçsin
deyə telefonumu qurdalayırdım. Birdən mesencerə mesaj gəldi. Səhər
saat 5 idi, sabahın alaqaranlığında təlaşlandım. Açanda gözümə bu
misralar sataşdı:
Sən?!
Genə sən?
Genə gəldin qapıma,
Sentyabr!!!
Sən tay abır qoymadın məndə -
Sentyabr!!!...
Deməyəsən, şeirin müəllifi mənə Feysbukdan həftələr öncə dostluq
göndəribmiş. Tanımadığım üçün qəbul etməmişdim. Şeiri paylaşdım və
bu, mənim Rauf Muradovla dostluğumun başlanğıcı oldu…
* * *
Raufun rəngli və fərqli şeirləri haqda ədəbi məqalə yazmağı
düşünmədim başdan. Sadəcə olaraq, bu, son dərəcə maraqlı və
qeyri-adi daxili dünyaya sahib insanı daha geniş çevrəyə tanıtmaq
istədim. Onun bir neçə şeirini paylaşınca Aynur Camalqızı məndən
Raufun şeirlərini istədi, sonra da bu şeirləri sayta yerləşdirmək
arzusunda olduğunu dilə gətirdi. Və belə bir qərara gəldik ki,
Raufu azca auditoriyaya tanıdaq.
Şerlərini "Qaraişıq" təxəllüsü ilə imzalayır çox zaman. 2015-də
çap olunmuş "77 Şeir" adlı cəmi bircə kitabı var. Dostum, istedadlı
şair və gözəl jurnalist Əli Nəcəfxanlının kitabda qısa, amma çox
səmimi yazısı var. O yazıdan, bir az da ordan-burdan istifadə edib,
bu son dərəcə maraqlı və orijinal həmvətənimizi tanıtmaq istədim
sizə…
Əsli-kökü Qarabağdandır, amma 1959-da Sumqayıtda inşaatçı və
müəllimə ailəsində doğulub, Politexnikdə oxuyarkən 3 elmi məqaləsi
dərc olunub. 26 yaşında Moskvada maşınqayırma texnologiyası üzrə
aspiranturaya qəbul olunur. 3 il sonra SSRİ ixtiraçısı adına layiq
görülür. 40-dan çox ixtirası və elmi işi var. İxtiraları İngiltərə
və Türkiyə daxil 7 ölkədə tətbiq olunub….
Ağrılar bir dənizmiş,
Sən uzaq yaşıl ada!..
Ağrılar bir dənizmiş,
Sən uzaq yaşıl ada!..
Vaqif Səmədoğlunun heyranıdır, zatən ona ithaf etdiyi bu 4
misradan da bunu sezmək mümkündür. Rauf modern düşüncəlidir,
elmidir, hətta bənzərsizdir. Bunu şeirləri haqda da demək olar.
Qiyabi tanışlığımızın ertəsi günü 2 qəribçilik çəkən insan 3
saata yaxın telefonda danışdıq – o İngiltərədə, mən Türkiyədə.
İkimiz də texniki təhsil aldığımızdan tez ortaq dil tapdıq. Ona
Borxesin bəhrələndiyi və kumiri saydığı Jon Danndan danışdım. Rauf
o qədər gözlənilməz analiz və fikirlər söylədi ki, onun daxili
dünyasına valeh oldum. Borxes isə söhbətimizə mənim Raufun bəzi
şeirlərini "Borxesvari" olduğunu söyləməmdən girdi.
Ölmüşdüm…
Bir cüt sarıca yarpaq
Bir cüt quruca yarpaq
Qondu qaraca gözlərimin üstə.
Elə bildim… əllərindi!
Açdım gözlərimi!
Yoox…
Əllərin deyilmiş sənin
O bir cüt sarıca yarpaq,
O bir cüt quruca yarpaq.
Heyf dirilməyimə,
Heyf!..
Rauf var gücü ilə müxtəlif mühərriklərin modernləşdirilməsi,
"3C+5B" adlı problemin sürətlə həlletmə sistemləri və başqa "Nau
Hau"lar, "Müasir insan və kompüterlər" kimi mövzular üzərində
çalışır.
2005-dən İngiltərədə yaşayır dostum, əvvəl Liverpulda, son 8
ildir də ölkənin cənubundakı Southemptonda. İki qızı var, biri öz
ailəsi ilə İspaniyada yaşayır, o biri də ata-anasının yanında.
Raufu israrla çox sevdiyi və dəfələrlə gəldiyi İstanbula
çağırıram, deyəsən, gələcək. Düşünürəm ki, necə edək ki,
İstanbuldan sonra Bakıya da gəlsin Rauf. Belə beyinləri, belə
kosmik enerjili insanları öz ölkəmizdə görməliyik.
Ey gözəl ölkəmiz, bir səs versənə, bu insanları təkrar
qazanmayaqmı?..
BİLMƏDİM
Qulağım dolusu
səsinə qulaq asa bilmədim!
Gözüm dolusu
nurlu üzünə baxa bilmədim!
Ürəyim dolusu
sevə bilmədim səni!!!
...Vaxtım yoxuydu.
İndi vaxtım var,
Ama sən yoxsan,
Ata!!!
AĞACLAR
Salam deyirəm
hamıya, dostlar...
Başqa sözüm yoxdu...
Heç soruşmuram - necəsiz,
nə təhərsiniz...
kefim yoxdur.
hava soyuqdur,
külək, yağış ...
Yer-yurd
sarı-qırmızı yarpaqlarla dolu.
...Soruşsaydım, bircə ağaclardan soruşardım:
"Necəsiz, üşümürsüz?"
Və
bir də
soruşardım:
"Bir belə yarpağı itirməyin ağrısına
necə dözürsünüz?
Ay ağaclar!!!"
SƏNİN ÜÇÜN
Sənin üçün çox darıxırdım...
Görüşdük..!
Karıxdım!
Duruxdum!
Sonra üz-üzə durduq dinməzcə,
Sonra
İkimiz də doluxsunduq
Yaman dəyişmişik,
Yaman qocalmışıq,
Ay
Vətən!..
GECƏ YARPAQ DÜŞƏNDƏ
Yamyaşıl çalarları
Payız düzlərdən silər-
Ağacın yaz donundan
Bir naxış da əskilər
Gecə yarpaq düşəndə.
Daşların oyuğuna
Dəli küləklər sinər.
Budaqların ucuna
Qonan sükut diksinər
Gecə yarpaq düşəndə.
Sızlayar sızım-sızım,
Ürək kövrəklik tapar
Sanki bir gözəl qızın
Kirpiyindən yaş qopar
Gecə yarpaq düşəndə.
ƏGƏR
Əgər Allah səni
Ağac kimi bitirsəydi yer üzündə
Yəqin, sən palma olardın.
Düpbələmdüz palma.
Bakı palması.
Qərib palma.
Əgər Allah səni
Dəniz kimi köçürsəydi yer üzünə
Yəqin, sən Xəzər olardın
Dibinə qədər qurumuş Xəzər.
Bizim Xəzər.
Qərib Xəzər.
Əgər Allah səni
Şəhər kimi gətirsəydi yer üzünə
Yəqin, sən Şuşa olardın.
Daşı daş üstündə qalmayan Şuşa.
Bizim Şuşa.
Qərib Şuşa.
YALIN DODAQLARIN QALIN QABIĞI
(Velimir Xlebnikova)
Əlli dərəcə şaxta.
Dilim ağzımda taxta.
Yalın əlim yalın qapı cəftəsində,
Yalın dərim qalın qapı cəftəsinə
Yapışıb qalarmı ola?
Yalın ayaqlarımla çırpıram mən qapını
Yalın dərim
Yarın qapısına
Yapışıb qalarmı ola?
Qışqırıram
Yalın səsim
Çilik-çilik çiliklənmiş qalın səsim,
Yarın qulaqlarına çatarmı ola?
Çıx çölə, çıx çölə,
ay zalım qızı,
Çıx duraq göz-gözə,
ay zalım qızı!
Yalın dodaqların qalın qabığı
Yarın yanağına yapışarmı ola?
Elə yapışar!
Əlli dərəcə şaxta…
DARIXIRAM, ANA
Darıxıram, anam,
Darıxıram.
Darıxdığımdan az qala
Məktub yazam sənə
Qonşu otaqdan mətbəxə.
Darıxıram, anam
Başına dönüm, döndərim.
Otuz ildə bircə şeyi
Kamil bildim-
Darıxmağı.
Darıxıram, ana…
VƏTƏN
Vətən dediyin-
Sumqayıtın zavod çörəyidi
Qarbuşkası yəni....
Bir az da iyli brınza
Bir də...
Bir dəmir qruşka
Şirin çay
bir də,
bir də
Səni
Olmayan vaxtından
Daha çox sevən
bir Adam
Vəssalam...
BALACA QARDAŞA SONUNCU MƏKTUB
O dəmir eynəyimi
Bir də saatımı satma,
Qoy qalsın
O qara saatı deyirəm,
Qara sifətli saatı
Bir də eynəyi!!!
Hə, bayrağı –
O yekə üçrəngli bayrağı
Verərsən İlqara, çardaqdadı
Tapançanı –
Tikiş maşınının içindədi –
Saxla özünə, lazımın olar
Bir də... özün bilərsən, istəyirsən sat
Ama saata dəymə...
Bir də dəmir eynəyə
Mən bəlkə qayıtmadım !..
Hə , bir də şeirlərim –
Verərsən Xanoğlana.
Hə, di sağ ol.
Şeydi... işdi əgər
Eynəyi satsan, eybi yox, sat...
Ama saata dəymə,
Qara saatı deyirəm
Qara sifətli saatı...
Rauf Qaraişıq