Yuxarı

Bu deputata görə Türkiyədə Azərbaycan təhqir edilir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu deputata görə Türkiyədə Azərbaycan təhqir edilir...

Milli Məclisin deputatı Musa Quliyevin Türkiyə Böyük Millət Məclisinin üzvü Ömər Faruk Gergerlioğlu barədə dediyi sözlər hazırda sosial şəbəkələrin Türkiyə seqmentində geniş tənqidlər üçün “stimul” rolunu oynayır. Nə baş verib axı?

Əvvəla, Ömər Faruk DEM-dən seçilmiş deputatdır, separatizmin bu və ya digər formada dəstəkçisidir və tərcümeyi-halı Azərbaycana qarşı əməllərlə “zəngindir”: bütün fürsətlərdə Azərbaycana qarşı çıxıb, hətta fürsət olmayanda da bunu özündən uydurub; erməniyanlıdır, kürd adı ilə sanki bu quruma soxulan ermənidir və Azərbaycana illərdir nifrətini bütün vasitələrlə çatdırır: 44 günlük savaşda Azərbaycanı aqressor kimi göstərəcək qədərində olan biridir.

Bunu anladıq. Onu da anlayırıq ki, Azərbaycanın hazırkı mövqeyini türkiyəlilərdən bəzilərinin anlamaması ad-soyadını dəyişib, türklərin-kürdlərin içinə soxulan bu ünsürlərə xeyli fürsət verib və onlar istiqaməti tamamilə fərqli yerə çəkib, Azərbaycana qarşı geniş tənqidi, bəzi məqamlarda isə təhqirçi bir kampaniyaya rəvac veriblər.

İşin ən qəribə tərəfi odur ki, “İranda milyonlarla türk yaşayır, o türklərin başına bomba yağır, ancaq Azərbaycan İsrailə qul olur” deyə bağıranların səsindən qulaq tutulur.

1. Dünənə qədər “İran azəriləri” deyirdiniz, indi “türk” deyib, sanki Azərbaycanın Türkiyə türklərinə qarşı olması təsəvvürünü niyə yaradırsınız ki?

Başına bomba yağdığını dediyiniz türk – mənim özbəöz canımdır, azərbaycanlıdır; onların İran dövlətinə sahib olması da, ayrıca dövlət qurmaları da, Azərbaycan Respublikasına birləşmələri də bizə aid, bizim işimiz, bizim taleyimiz, bizim qədərimizdir – Siz yalnız qardaşlarınız olaraq bu işdə bizə dəstək ola bilərsiniz! – necə ki, 44 gündə dəstək oldunuz.

Yəni “İrandakı türklər” təbliğatını bizə qarşı çevirmək ədalətsizlikdir.

2. Guya İranda azərbaycanlılar vurulur və biz sevinirik?

Orda zərər çəkən mənəmsə, necə sevinə bilərəm?

O ayrı məsələ ki, İran Azərbaycan müstəqil olduğu ilk gündən, andan Azərbaycana qarşı olub, erməniləri dəstəkləyib, bizə qarşı düşmənçilik edib və bu günə qədər bu düşmənçiliyi davam etdirir:

1. İran Azərbaycan hava məkanını öz qırıcılarının su yoluna döndərəndə türk Şahinlərini Bakıya göndərib, burda şou göstərən Türkiyə deyildimi?

2. İran su sərhədimizi çıxarıb tullayanda Azərbaycana hərbi kater hədiyyə edən qardaşımız kimi idi? Bəli, siz idiniz!

Həmən İran molla rejimidir – hələ siz onun bizə qarşı törətdiklərinin milyonda birini də bilmirsiniz...

Azərbaycanın İsraillə əlaqələrini inkişaf etdirməsinin bir neçə səbəbi var, başa düşməyiniz üçün bəzilərini xatırladaq:

a) Azərbaycan o qədər tolerant ölkədir ki, burda bütün millətlər kefdədir; xarakterimiz belədir, tarixi səbəbləri var və bu, tamamilə ayrı mövzu olduğundan, uzatmayaq.

Yəhudilərin dünyada İsraildən də qat-qat rahat yaşadığı ölkə Azərbaycandır və onlar elə zənn edirlər ki, bu, müstəsna onlara görədir – halbuki bu ölkədə erməniləri də qəlbimizin içinə qoyub, kirvə edən millətik biz. Bizim üçün fərqi yoxdur, bu ölkədə yaşayan hər xalq bizə doğmadır.

Yəni yəhudilərin azərbaycanlılara qarşı sevgisinin səbəbi həm də budur.

b) İran bizə düşmən idi, hətta müstəqilliyimizi belə tanımaq istəmirdi, məcburiyyət qarşısında qalıb tanıdı. Bu barədə minlərlə sübutu təkrarlamadan Hizbullahın qurucusu Sübhi Tüfeylinin məşhur çıxışını xatırlatmaq kifayətdir – burdan keçid qoyacam, baxın və lütfən, təxmin edin ki, biz İranı niyə sevmirik!

c) Bizə heç kim silah satmırdı, müasir silahlar ala bilmirdik. Tək Rusiya idi silah satan, o da bizə üçqat qiymətə qatıb, bizim pulumuzla Ermənistana daha çox silah göndərirdi. “Balansı” həmişə Ermənistanın xeyrinə qoruyurdu.

İrana düşmən olan İsrail İranın bizə də düşmən olduğunu görüb, Azərbaycana dəstək olmağa başladı: silah da verdi, ən yeni hərbi texnologiya da, hələ diasporunu bizə qoşub, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında müstəsna rol oynadı.

Havayı yox, pulumuzla – hər silahı ən yüksək qiymətinə almışıq, ancaq məsələ odur ki, heç kəs satmayanda İsrail o silahı bizə satıb!

İsraillə əlaqələr bilirsinizmi nə vaxt yüksək səviyyədə quruldu? Türkiyənin Kəlbəcərdəki sakinləri təxliyə etmək üçün 2 helikopter verməyə cəsarəti çatmayan dönəmlərdə.

NATO-nun hər sözünü dinləyən, ABŞ-ın təsiri altında bir Türkiyə vardı, qardaşlarımız açıq şəkildə bizə dəstək verə bilmirdilər. Əlbəttə, 1990-larda Azərbaycan üçün Türkiyənin Alparslan Türkeş və komandası vasitəsilə etdikləri misilsizdir, unutmarıq! Ancaq söhbət qardaşın qardaşa fədakarlığından yox, gücdən gedir!

İsrail və Azərbaycan qardaşlığı niyə davam etdi-edir?

1. Yasir Ərəfat ermənilərlə ağız-ağıza öpüşüb, Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə hüququndan danışıb, Qarabağ erməniləri ilə özlərini gülünccəsinə müqayisə edəndə və Azərbaycanı aqressor sayanda İsrail Ermənistanla əlaqələr qurmadı, Ermənistana səfir təyin etmədi, Azərbaycanın ərazi bütövlüyünü sidq-ürəklə dəstəklədi və bütün dünyada bizi müdafiə etdi!

2. FAT-ın düşərgələrində erməni terror təşkilatları, ASALA təlim keçib, sonra da o terrorçuları İran vasitəsilə Qarabağa göndərib, İranın “şiə-müsəlman qardaşlarını” – yəni azərbaycanlıları - qətlə yetirəndə, soyqırım həyata keçirəndə, etnik təmizləmə aparanda İsrail bu həqiqətlərin dünyaya çatdırılmasında rol oynayırdı.

İran Qarabağ ermənilərini gücləndirib, ora terrorçuları yerləşdirib, maliyyəsini öz üstünə çəkəndə Aviqdor Liberman “Azərbaycanlılar qardaşımdır” deyib, Bakıya gəlib, həftələrlə burda politoloqlara təbliğat-təşviqat işini öyrədirdi və digər-digər-digər... lazımlı işlərin görülməsinə yardım edirdi.

Amma Türkiyə bu qardaşlığı qiymətləndirməkdə səhv edir:

1. İlham Əliyev 23 ildir prezidentdir, bircə dəfə də İsrailə səfər etməyib. Bəs, bu 23 ildə Türkiyəyə nə qədər səfər edib? Az qala ilin bir ayını Prezidentimiz Türkiyədə keçirir!

İlham Əliyev də daxil, azərbaycanlıların istirahət etdiyi doğma məkan Türkiyədir – Bodrumdur, Antalyadır, Kuşadasıdır...

2. Türkiyənin ayağına daş dəyəndə qəlbimiz ağrıyır – dərhal dövlət olaraq da, millət olaraq da toparlanırıq, əlbəttə ki, Türkiyə də bizim üçün eynisini edir!

3. “Azərbaycan məhəlləsi” adlı gözəl-göyçək şəhərcik İsraildə deyil, Türkiyədədir!

4. Azərbaycanlılar yatırımı Türkiyəyə edir!

5. SOCAR-ın Türkiyədəki yatırımı 20 milyarda çatır!

6. İşğaldan azad edilən Qarabağı tikən şirkətlər İsrailin deyil, Türkiyənindir!

7. Türkiyədə dollar bahalaşması olanda Azərbaycan xaricdəki valyutasından tam bir milyardı Türkiyə Mərkəzi Bankına transfet etdi – dəstək üçün. Yəqin ki, hələ də oradadır, heç adını da tutmuruq! Və s.

Bunların hansı birini İsrail üçün etmişik?

Bir şəxsi məsələni də qeyd edim: İsraildə Azərbaycanı sevən, bizə görə ermənilərə nifrət edən və hətta erməniləri əllərinə fürsət düşən kimi döyən çoxsaylı milli qrupları var. Azərbaycandan mühacirət edənlər vaxtaşırı gəlir və vaxtaşırı da burdakı dostlarını İsrailə çağırırlar. Bilirsiniz necə? Biletlərini alırlar, otelləri bron edirlər – təki gəlin, İsraili görün deyə...

Yəhudilərin bu cür əliaçıqlığına heyrət edə bilərsiniz, ancaq bunlar həqiqətdir!

Qayıdaq Musa Quliyev məsələsinə...

Milli Məclisin deputatı Musa Quliyevin Ömər Faruka qarşı mövqeyi doğrudur, dedik axı ki, bu adam bir Azərbaycan düşmənidir.

Ancaq Musa Quliyev çox naşı, qeyri-peşəkarcasına... (İlahi, daha sərt sözlər yazmaqdan məni qoru) qardaş ölkənin daxili işlərinə burnunu soxub, ağzına gələni deyib. Sözə bax: “Toxunulmazlığı qaldırılmalıdır”, “həbsə atılmalıdır”.

Məsələ Ömər Farukun kimliyində deyil, məsələ Musa Quliyevin təfəkküründədir: Qaro Paylan kim idisə, Ömər Faruk da odur. Amma millət vəkili seçilib, nə danışırsa, seçicisinə və Türkiyə xalqına hesabat verəcək. Sən hansı haqla “toxunulmazlığından”, “həbsindən” bəhs edirsən? Sözünü de, fikirlərinə qarşı çıx, tənqid elə, fakt göstər, daha “həbs tələbi” nədir?

Bunun nəticəsindir ki, Türkiyədə politoloqlar, jurnalistlər, sosial şəbəkə istifadəçiləri “Ömər Faruku bir kənara qoyaq, azərbaycanlı millət vəkili kimdir ki, Türkiyəyə...” ritorikası ilə açıqlamalar verirlər.

Musa Quliyev özünün korafəhm yanaşması ilə Azərbaycanın yanında olanların belə Azərbaycana qarşı cərgəyə adlamasına və onsuz da İranla bağlı bəhanələr uydurub, iki qardaşın arasına soxulmaq istəyənlərin sıralarının sıxlaşmasına bais oldu!

Hələ bu harasıdır ki! Musa Quliyev Prezident Ərdoğanın kürəkəninin saytında Azərbaycana qarşı hansısa məqalə və ya məqalələri əsas götürüb, daha “yuxarılara” söz atır.

Ərdoğanın kürəkəninin 50 şirkətinin birinin içindəki törəmə qurumlardandır o sayt. O saytda nələr dərc olunmasını elə “Ərdoğanın kürəkəni” diktə edir? İşi-gücü yoxdur?

İrad bildirmək, mövqe göstərmək olar, ancaq bunu az qala dövlətlərarası münasibətlərdə “nankorluq səviyyəsi”nə qaldırmaq və qaşınmayan yerdən qan çıxarmaq olmaz!

Əlbəttə ki, Musa Quliyev ciddi yanlış edib! Amma maraqlı məqam budur: Musa Quliyev “Röyters”, “Anadolu”, “Əl Cəzirə”, “Əl Ərəbiyyə” bir yana, heç AP, RİA, TASS-a da danışmayıb! Öz ölkəmizdə, öz agentliyimizə, həm də Azərbaycan dilində söz deyib – canlı yayım açmayıb, hər yerdə də yaymayıb.

Bunu Ömər Faruk da daxil, o qədər siyasilərin qabağına türkcəyə uyğunlaşdıraraq, skrinlərlə kim təqdim edib və Türkiyə mediasında, sosial şəbəkələrində Azərbaycana qarşı təbliğatı kim körükləyib?

Bax, bu məqamı xüsusilə unutmamaq lazımdır. Ələlxüsus da onu ki, Türkiyədə son illər “İsrail ABŞ-ı necə idarə edirsə (halbuki qətiyyən elə deyil), Azərbaycan da Türkiyəni və türk dünyasını elə idarə edir” deyə, bir təbliğat aparıb, qos-qoca Türkiyənin dövlətçilik həssasiyyətinə basıb, “Azərbaycan həddini bilməlidir” ritorikasını qəsdən qızışdıranları görməzdən gəlib, Türkiyə Böyük Millət Məclisinə “təlimat verməyə” qalxmaq ciddi siyasi səhvdir!

Çox həssas dövrdə, həssas regiondayıq: indi başlar danışmalıdır, boşlar yox.

Tarix
2026.03.13 / 16:36
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla