Axar.az Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun Musavat.com-a müsahibəsini
təqdim edir:
- Zahid bəy, Vaşinqton və Moskva arasındakı gərginlik
Azərbaycana nələr vəd edir? Hər iki ölkənin maraq dairəsində olan
ölkəmiz bu qarşıdurmadan uduşla çıxa bilər, yoxsa "soyuq müharibə"
bizə də arzuolunmaz perspektiv vəd edir?
- Yaxın Şərqin və Qafqazın strateji mənada əhəmiyyəti bir-birinə
bağlıdır. Böyük neft ehtiyatları, Orta Asiyaya gedən yollar,
tranzit marşrutları və əlverişli coğrafi yüksəkliklər uğrunda
mübarizələr və İran faktoru bizim regionda təhlükəsizliyi hər zaman
kövrək edir. Ona görə də Moskva son illər ərzində siyasətində xeyli
dəyişiklik edib. Əslində Azərbaycana gətirilən milyardlarla dollar
dəyərində rus silahları Qərbi bu məkandan sıxışdırıb çıxarmağa
yönəlib. Putinin öz sələflərindən bir fərqi də ondadır ki, hazırkı
Rusiya başçısı yalnız Ermənistan hesabına Şimali Qafqazda sabitlik
əldə edə biləcəyinə, "Cənub cinahı" adlandırdığı İrəvan vasitəsilə
Qərbin bölgəyə yönələn hərbi təhlükəsinin qarşısını alacağına
inanmadığından Azərbaycan siyasi elitası, parlament qrupları və
silahlı qüvvələri ilə işləməyə başladı. Qərar hər iki tərəfdən
qəbul olunduğundan proses işlədi və indi Moskva-Bakı arasında
ittifaq yarandıqca Azərbaycan Qərb qarşısında daha müstəqil və
inamlı görünür. Apreldəki 4 günlük müharibəyə Avropadan və Ağ Evdən
gələn reaksiyalar onu göstərdi ki, Qarabağda Azərbaycan əsgərinin
bir metr irəliləməsi ermənilərdən daha çox anti-Rusiya dairələrini
narahat edir.
- Sizcə, niyə?
- Ona görə ki, Qərb regionda yalnız bir halda möhkəmlənə bilir -
Azərbaycan xalqı ruslara nifrət etsin. Uzun on illər bizim tarixi
yaşantılarımız üzərindən şimal qonşumuza qarşı haqlı fobiya, şübhə
və bir sıra hallarda düşmənçilik hisslərimizi körükləyənlərin hansı
qitələrdə oturduğunu indi daha yaxşı başa düşmək olur.
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son
toplantısında bir sıra mühüm tapşırıqlar verdi və hökumət
üzvlərinin böyük əksəriyyəti iclas boyu qeydlər aparırdılar. Necə
bilirsiniz, bu tapşırıqlar elə yazılan qeyd dəftərçələrində
qalmayacaq ki?
- Hökumətin postneft dövrünün sınağına necə tab gətirdiyini
görmək üçün həmin müşavirədən təkcə bir detalı xüsusi qabartmaq
istəyirəm - Azərbaycan prezidenti dövlətin xaricdən mal və
məhsulların alınmasını dayandırmaq qərarını əsaslandırarkən bir
anlıq düşünürsən ki, bütün nazirlik və komitələr çoxmilyonluq
əməliyyatları yerli qurumlarla necə aparacaqlar. Axı, xaricə gedən
külli miqdarda vəsaitin üzərində dövlət nəzarətini həyata keçirmək
o qədər də asan deyil. Ona görə də prezident faktiki olaraq,
hökumətin qeyri-çevikliyini tənqid etdi, bürokratizmin vaxt və pul
itkisinə səbəb olduğunu dilə gətirdi və beləliklə, aparılacaq
genişmiqyaslı islahatların kadr dəyişiliklərindən keçəcəyi
ehtimallarını gücləndirdi. Neft dövrünün məmuru olmaqla münbit və
ya şoran torpaqları dirçəldib onu ölkəsinin sərvətinə çevirməyi
bacaran, sənaye inqilabı edib Azərbaycanda son məhsul istehsal
etməyi bacaran, beynəlxalq bazarlara çıxmağa qadir olan,
menecmentlik qabiliyyəti ilə ölkəsinin coğrafi və təbiət
üstünlüyünü iqtisadi inkişaf amilinə çevirən xüsusiyyətlər tamam
ayrı məziyytələrdir. Hər halda tarixi təcrübə öz sözünü deyir -
90-ci illərdə sabitləşdirmə dövrünün komanda üzvlərinin bir çoxu
indi siyasi elitamızın sıralarından təbii qaydada kənarlaşıblar.
Prezident elan etdiyi yeni kursun hədəflərinə çatmaq üçün bütün
siyasi, iqtisadi və kadr yeniləşməsinə gedəcəyinin iradəsini
müşavirədə ortaya qoydu.
- Ancaq hələ ki, köhnə tərkibdən ortaya çıxıb "məni
bağışlayın, cənab prezident, işimin öhdəsindən gələ bilmirəm, xahiş
edirəm istefamı qəbul edin" deyən yoxdur. Hökumətin tərkibinə və
mövcud iqtisadi duruma diqqət yetirəndə hansı qənaətə gəlirsiniz,
bu komandanın əsaslı şəkildə yenilənməsinə zərurət varmı, yoxsa elə
köhnə tərkiblə də "Yol xəritə"sində əskini tapan qərarları icra
etmək mümkündür?
- Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə
mərkəzi dəyişəcək və siz onda hətta könüllü istefaya getməyən
şəxslərin artıq ictimai inkişafın qanunauyğunluqları ilə
hesablaşmağa vadar olduqlarını görəcəksiniz. İdarəetmə islahatları
zaman keçmişdə hakimiyyət içində xüsusi güc sahibinə çevrilmiş
qüvvələrin yeni dövrün şərtləri və tələbləri qarşısında əvvəlki
cazibədarlıqlarını xeyli itirdiklərini görüb ən azı fərqli iş
metodlarına keçdiklərinin şahidi olacaqsınız. Ola bilər sizə elə
gəlir ki, güclü parlament və məhkəmə nəzarəti olmadığı halda
hökumət inersiya ilə əvvəlki illərin fəaliyyət prinsiplərindən əl
çəkməyəcək. Lakin İlham Əliyevin liderlik məharəti və hakimiyyətin
dayanıqlığı üçün həyata keçirdiyi inqilabi islahatlar qeyd
etdiyiniz mənzərəni dəyişəcək.
- Sizin parlamentdə bir sıra sahələrlə bağlı
arqumentlərə əsaslanan təklifləriniz olmuşdu. Onları sistemləşdirib
hökumətə təqdim etmək mümkün deyildimi?
- Əslində hökumətin xalqdan gələn təşəbbüslərə, yaxud
parlamentdəki çağırışlara səs verməsi hamımızın xeyrinədir. Çünki
90-cı illərin populizmi indi arxada qalıb və Milli Məclisin
keçmişdəki oynadığı məşum roldan fərqli olaraq, hər birimiz
çalşırıq ki, müasir dövrdə Azərbaycan dövləti zamanın yeni
sınaqlarından güclü çıxsın. Bizim bir liderimiz var, lakin mandat
daşıyan hər kəsin vəzifəsi başı üstündən asdığı müqəddəs portretə
və elan etdikləri siyasi əqidəyə sədaqəti onun hərəkətli və dinamik
bir fəaliyyətilə bu kursa xidmət etməsindədir. Danışan adamların
təhlükəsi ola bilməz, susanların bir çoxu Şekspirin məşhur tarixi
sözü ilə hərəkət edirlər - harada söz yoxdursa, orda çəki var!
- İqtisadçı alim Qubad İbadoğlunun Qırğızıstan
hökumətinə təqdim etdiyi təkliflər bu ölkədə islahatların həyata
keçirilməsində böyük rol oynadı. Mövcud dövrdə Azərbaycan belə
kadrlardan istifadə edə bilməzmi? Siz yeni komandada təmsil
olunmağa layiq 5-10 namizədin adını çəkə bilərsinizmi?
- Belə insanlar yüzlərlədir. Azərbaycan son illər ərzində
beynəlxalq təhsil məkanından keçən, həmçinin bölgəni yaxşı tanıyan
və idarəetmə sistemində püxtələşən kadrlarla zəngindir. Bizə
Ukrayna kimi legioner siyasi elita gərək deyil. Əlbəttə, ordu
quruculuğunda, yaxud idərəetmə sistemində hər zaman hazır modellər,
xarici məsləhətçilər və müxtəlif beynəlxalq təcrübə gərəkdir. Lakin
ölkəni qurmaq üçün millətimizin potensialından düzgün yararlanmaq
yetərlidir ki, Azərbaycanı güclü dövlətə çevirəsən. Bilirsizmi, mən
Humanitar forumlara necə yanaşıram? Bakını yüz illərlə neft məkanı
kimi tanıyanlar bizdə ideyalara və qüdrətli fikirlərlə meydan
olmadığını təqdim etməyə çalışırlar. Prezident qəlibləşmiş həmin
stereotipləri dağıdır, ölkənin güclü ziyalı və alim ehtiyatının
oldğunu, bizim aparıcı dünya fəlsəfi, siyasi və diplomatik məkana
ixrac edə biləcəyimiz irsin mövcud olduğunu hamıya nümayiş etdirir.
Hər halda, bütün xalqların savadlılıq dərəcəsindən və keçdiyi
tarixin içərisindən yığıb-yığışdırdığı mühüm ənənələr var və onu
belə güclü informasiya axınlarında itirməyənlərdən biri də bizik.
Millətimizi aşağılayan ideologiya və miflərin heç bir əsası yoxdur.
Ona görə də istedadlı insanlara Heydər Əliyevin münasibəti hər bir
rəhbər, hökmdar, məmur və nəhayət, insan üçün nümunə olmalıdır.
Güclü liderlər zəif adamlarla işləmir.
- Yeri gəlmişkən, vəzifə təklifi gəlsə, ölkənin iqtisadi
inkişafına töhfə vermək üçün qəbul edərsinizmi? Sizin çox gözəl
təşəbbüsləriniz, dəyərli təklifləriniz olub. Ortaya çıxıb "mənə
filan sahə üzrə səlahiyyət verin, bu sahəni 1-2 ilə yüksək
səviyyəyə qaldırım" deyə bilərsinizmi?
- Vəzifəyə can atanda insan bir çox məziyyətlərini itirir.
Başlıcası, düşüncələrdə özünə yer etməkdir. Fikir sahibi olan hər
kəsin hazırkı meydanda fəal rol oynamasını istəyən bir insan kimi
istəyim odur ki, Azərbaycan ədalətin, imanın, mürüvvətin və
qarşılıqlı hörmətin hökmranlıq etdiyi bir məmləkətə çevrilsin.
Elşad bəy, təəssüf doğuran hal odur ki, bütün nailiyyətlərimizə
uyğun olmayan ictimai bir bəlanı hamımız müşahidə edirik -
qarşılıqlı aqressiya sanki artıb. Dəyər vermək, stimullaşdırmaq,
motivasiya etmək və digər mühüm keyfiyyətlərin əvəzində bəzən heç
bir özəl elmi, intellektual üstünlüyü olmayanların başqalarına
çamur atdıqlarını görürük. Axı qrupda əlaçı tələbələri sıradan
çıxaranda rəqabət aparılacaq etalonları da ortadan götürmüş
olursan. Ona görə bütün qrup savaşları, mənafe toqquşmaları və
digər qovğaları aparanlar bilməlidir ki, prezident və xalqın
istəkləri tamam başqadır. Millətimizin kiminsə şəcərəsini,
regionunu və sosial mənşəyini araşdıran dövrü arxada qalıb. Bircə
misal deyəcəm: Gürcüstan 2008-ci ildə 5 günlük müharibədə böyük
itkilərə məruz qaldı, lakin o ölkənin yeni nəsli dünyada bir dövlət
kimi yaşamağa haqqı olan xalqı ən uzaq qitədə yaşayanlara belə
təqdim edə bildi. Buna görə də heç bir yüksək vəzifədə təmsilçilik
uğrunda vuruşmamışam, yetər ki, irəlidə gedənlər, sovet təbiri ilə
desək, avanqard olsunlar.
- Bu günlərdə ən çox danışılan mövzular bunlardır: bank
soyğunçuluğu, bahalıq, inflyasiya... Lakin bu vəziyyətə görə kimsə
cəzalandırılmır, orta statistik azərbaycanlıdan başqa. Bu,
normaldırmı? Niyə məsuliyyət daşıyanların heç biri ortaya çıxmağa
cürət etmədi? Bəlkə də bununla həmin şəxslər prezidentə sədaqətli
olduqlarını, ölkə başçısının islahatlarla bağlı qərarına
yaratdıqları problemlərə görə günahlarını heç olmasa istefaları ilə
"yuduqlarını" nümayiş etdirərdilər, elə deyilmi?
- Bank sistemində hazırda yaşananlar iqtisadiyyatımızın əsəb
tellərinə güclü təsir göstərdiyindən günah axtarışı təbiidir. Lakin
nefti 160 ildir çıxaran bir xalq üçün çörəyimizi batırıb yediyimiz
əsas yavanlıq məhz torpağın sıxılmış şirəsi olub. Uzun on illər
bunun nəticəsində qeyri-real iqtisadi konyunkturada kreditlər,
investisiya qoyuluşlarının sahə quruluşu hazırki çağın durumu
meydana gətirib. İndi dövlətin vəzifəsi biznes strukturları,
cəmiyyət və maliyyə qurumları arasında itmiş inamı bərpa etməkdir.
Baxın, Gürcüstanı azərbaycanlılar və türklərin pulu ilə qururlar.
Buna qarşı deyilik, lakin ölkədən çıxan valyuta bir neçə qat artıq
dəyəri yaratmaq perspektivini də məhv edir. Ona görə də "dar
ağacları" qurmaqdansa, sistemli yanaşmaları təqdim edib və hər gün
xalqın qarşısına çıxıb yaranmış mürəkkəb problemləri həll
etməliyik. Kudrinin çox sevdiyi bir söz var: müəllimin, həkimin və
polisin maaşını həmişə qaldırmaq lazımdır, çünki onlar produktiv
qüvvələrdi. Yerdə qalanlar özləri yaşayacaq...