Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Publika.az-a müsahibə
verib.
Axar.az eks-prezidentlə müsahibəni təqdim edir:
– Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə
keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə bildirib ki,
bağlı qapılar arxasında keçirilən görüşlərdə Azərbaycanı Qarabağı
tanımağa məcbur etmək istəyirlər. Sizcə, Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesində nələr baş verir?
– İndiyədək Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması yalnız
Azərbaycan dövlətini və xalqını narahat edir. Dünya miqyasında
baxsaq, bu münaqişənin həlli beynəlxalq ictimaiyyət üçün maraqlı
deyil. Ona görə də indiki Azərbaycan iqtidarı bütün bunları yaxşı
dərk edib. Ona görə də bu istiqamətdə heç də az iş görülməyib.
Con Kerrinin məlum bəyanatı da yenilik deyil. Biz bu cür fikirləri
çox eşitmişik. Təkcə, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin
həlli ilə bağlı fəaliyyətini götürsək, buna heç cür müsbət qiymət
vermək olmur. Təsəvvür edin ki, Minsk qrupu həmsədrləri 25 ildir
ki, iş aparır, görüşlər keçirir, ancaq sonda da deyirlər ki,
Azərbaycan və Ermənistan tərəfləri özləri gedib dil tapsınlar.
Halbuki, bu gün Qərbin işğalçı Ermənistana ciddi təzyiqi ola bilər.
Amma Qərb yalnız quru təklif verməklə məşğul olur. Onda belə çıxır
ki, Azərbaycan hansısa bir təklifə görə 25 illik zəhmətini bada
verib Qarabağdan əl çəkməlidir? Bu, çox gülməli və haqsız
təklifdir. Ona görə də Prezident İlham Əliyev reallığı Azərbaycan
ictimaiyyətinə çatdırır. Mən də hesab edirəm ki, bu cür təkliflər
var və gələcəkdə olma ehtimalı daha da böyükdür. Ancaq biz də buna
qarşı atılacaq addımlarda zəifliyə qətiyyən yol verməməliyik.
Daxili problemləri kənara qoyub üstünlüyü əldə saxlamalıyıq. Elə
etməliyik ki, bir sıra Qərbdən olan dairələr Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesində üstünlük qazanmasın.
– Ayaz müəllim, sizin dövrünüzdə də belə təkliflər
olurdumu?
– Mənim vaxtımda biz hələ SSRİ-nin tərkibində idik. Ancaq
SSRİ-nin tərkibində ola-ola öz sözümüzü də deyirdik. Lakin, bu cür
söz-söhbətlər bir dövlət çərçivəsində aparılırdı. Mən isə o zaman
Qərbə istinad etmirdim, Qərbdən nə isə gözləmirdim. Əskinə, hesab
edirdim ki, Dağlıq Qarabağ münaqişəsinin başladan SSRİ olub. Ona
görə də SSRİ rəhbərliyindən tələb edirdim ki, bu separatçılığın
qarşısı alınsın və Qarabağ münaqişəsinin yaradılmasında təqsirli
olan şəxslər cəzalandırılsın. Mən Mixail Qorbaçovun vaxtında da
deyirdim ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı
Moskvadadır. İndi də deyirik ki, münaqişənin həllinin açarı
Rusiyadadır. Deməli, biz də Moskva ilə sıx işləməliyik.
– "Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı
Moskvadadır" fikirləri söz xətrinə deyilir, yoxsa doğrudan da bu,
faktdır?
– Yox, doğrudan da bu belədir. Bu, hələ biz SSRİ tərkibində
olanda da belə olub. O zaman Dağlıq Qarabağ münaqişəsinin həlli
Moskva üçün ən asan iş idi. Rəsmi Moskva bu münaqişəni bir sözlə
həll edə bilərdi. Həmin dövrdə də Moskvanı qoyub, Qərbdən,
Türkiyədən yardım istəmək düzgün siyasət deyildi. Bu, səhv siyasət
idi və Kremlin böyük qısqanclığına səbəb olmuşdu. Hələ biz o dövrdə
də deyirdik ki, Moskvaya qıcıq yaratmayın. Hətta, bunu tələb də
edirdik. Mən həmin dövrdə şəxsən Mixail Qorbaçovdan soruşdum ki,
Dağlıq Qarabağ münaqişəsini niyə həll etmək istəmirsiz? O, mənə
cavabında bildirdi ki, münaqişənin həlli üçün biz gedib öz aramızda
razılığa gələk. Guya, buna görə Mixail Qorbaçova əngəllər
yaradılırdı. Ancaq ona dedim ki, mən SSRİ-nin rəhbəri olan Mixail
Qorbaçovla danışıram. Bu problemin həlli isə sizin əlinizdə olan
məsələdir. Sonra Mixail Qorbaçova dedim ki, axı münaqişəni həll
etmək sizin üçün yumruğu bircə dəfə masanın üzərinə qoymaq kimi
asan işdir. Yəni, Dağlıq Qarabağda bu cür söz-söhbətlər dəfələrlə
qaldırılıb, ancaq Mixail Qorbaçova qədər Kreml bu məsələnin gündəmə
gəlməsinə imkan verməyib. Çox təəssüf ki, Mixail Qorbaçovun
dövründə bu siyasət dəyişdi. Ümumiyyətlə, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsini mən dəfələrlə Kreml qarşısında
qaldırmışam. Bu barədə ən böyük çıxışım isə SSRİ Kommunist
Partiyasının 28-ci Qurultayı zamanı olub. Həmin qurultayda açıq
şəkildə bildirdim ki, axı siz Azərbaycan xalqından nə istəyirsiz?
Bu, nə hərəkətdir? Bütün bunları Mixail Qorbaçovun şəxsən özünə
deyirdim. Daha sonra Boris Yeltsin hakimiyyətə gəldi. Ancaq Boris
Yeltsin şəxsən mənimlə işləmək istəmirdi. Hətta, mən çalışırdım ki,
onunla münasibətlər yaradım. Əgər o dövrdə Azərbaycanda daxili
çəkişmələr olmasaydı, mən buna nail olacaqdım. Yəni, mənə qarşı
olan müxalifətdə Rusiyanı Azərbaycandan küsdürmək niyyəti
olmasaydı, bu, bütövlükdə ölkəmiz üçün faydalı olacaqdı.
– Konkret olaraq kimlər küsdürürdü? AXCP-Müsavat
hakimiyyətimi?
– Bəli, onlar küsdürürdü. Bu isə düzgün deyildi. Ancaq konkret
olaraq fərdlərin adını çəkmək istəmirəm. Əbülfəz Elçibəy
hakimiyyəti Rusiyaya və İrana qarşı çox açıq siyasət aparırdı. Mən
hələ hakimiyyətdə olanda da onlara dəfələrlə deyirdim ki. bu
məsələdə ehtiyatlı olmaq lazımdır. Yəni, Moskvanı pisləyəndə, orada
düşmənlərimizlə yanaşı, bizə dost olan qüvvələr də var. Onları
Azərbaycana qarşı küsdürə bilərsiz. Necə ki, ermənilər müxalifətli,
iqtidarlı birləşib Moskva ilə düşünülmüş şəkildə işləyirdi. Biz də
eyni cür siyasət aparmalı idik və mən bu siyasəti ehtiyatlı şəkildə
aparırdım. Çox təəssüf ki, məndən sonra bu siyasət ciddi şəkildə
dəyişdi. Məndən sonra hakimiyyətə gələn qüvvələr Moskvanı və
Tehranı Azərbaycandan küsdürüb, üzünü Qərbə, Türkiyəyə doğru
yönəltdi. Əslində, o dövrdə də Türkiyə birbaşa Moskva ilə
işləyirdi. Baxmayaraq ki, bizimlə Türkiyə arasında əlaqələr
qurulmuşdu. Ancaq Türkiyə SSRİ-ni bütöv ittifaq kimi tanıyırdı.
Bütün bunların olmaması üçün müxalifətə alternativ variantları
təklif etmişdim. Ancaq müxalifət mənimlə razı olmadı. Əksinə, onlar
məni buna görə ittiham və tənqid edirdilər. Müxalifət deyirdi ki,
Azərbaycan Rusiyadan tamamilə qopub üzünü Qərbə tərəf tutmalıdır,
beynəlxalq təşkilatlarla işləməlidir və sairə. Ancaq mən deyirdim
ki, Moskvanı kənara atmaq olmaz. Belə vəziyyətdə birtərəfli Qərblə
danışıqlar aparmaq ağılsızlıqdır. Çünki meydanda nəhəng SSRİ var
idi və bizim şikayət etdiyimiz beynəlxalq təşkilatlar da
Azərbaycandan öncə SSRİ ilə danışıqlar aparmalı idi. Zaman da mənim
dediklərimin doğru olduğunu bir daha göstərdi. Baxın, aradan 25
müddət keçib, nə BMT, nə ATƏT-in Minsk qrupu heç bir irəliləyişə
nail olub. BMT Təhlükəsizlik Şurasından da ali beynəlxalq qurum
varmı? Niyə Qarabağ münaqişəsini həll edə bilməyib. Ən çətin halda
isə bizə deyirlər ki, gedin Ermənistan ilə özünüz dil tapın və
sairə. Yəni, hər kəsin öz maraqları var.
– Ötən sərin 90-cı illərində Türkiyənin Dağlıq Qarabağ
münaqişəsini həll etmək imkanları nə qədər yüksək idi?
– Bilirsiz, həmin vaxtı Türkiyə Azərbaycana görə heç zaman SSRİ
ilə açıq şəkildə qarşı-qarşıya gəlməzdi və gəlmədi. Türkiyənin öz
maraqları var. Tarixən də Türkiyə bu cür taleyüklü məsələlərdə öz
maraqlarını üstün tutub. Bu, danılmaz faktdır.
Digər tərəfdən isə həmin vaxtı Türkiyənin Azərbaycana görə SSRİ
ilə qarşı-qarşıya gəlməsi mümkün deyil idi. Bu, heç qonşu İranı da
qane etmirdi. Mən isə istəyirdim ki, Azərbaycan özü öz problemini
həll etsin. Çünki heç bir dövlət öz milli maraqlarını kənara qoyub,
Azərbaycanın probleminin həlli ilə məşğul olmayacaq. Bu, belə də
oldu. Ancaq bütün bunlar o demək deyil idi ki, Azərbaycan bu
dövlətlərlə işləməsin. O dövrdə İranın da qısqanclığına səbəb
yaratmışdıq, İranı sərt tənqid edə-edə az qala "düşmən" etmişdik.
Ancaq bu, doğru siyasət deyildi. Rusiya, İran və Türkiyə ilə
münasibətləri hər zaman yaxşı saxlamalıyıq, möhkəmləndirməliyik və
imkan verməməliyik ki, bu münasibətlər pozulsun. Ən azı ona görə
ki, İranda bizim nə qədər soydaşımız yaşayır. Bizim İran, Rusiya və
Türkiyə ilə yaxın olmağımız zərurətdir. Bu dövlətlər həm də
Azərbaycanın böyük qonşularıdır. Azərbaycan öz xarici siyasətini
quran zaman daim bu üç dövlətin maraqlarını da nəzərə
almalıdır.
– Bəs Azərbaycanın Rusiya, İran və Türkiyə ilə indiki
münasibətlərini necə qiymətləndirirsiz?
– Azərbaycanın Rusiya, İran və Türkiyə ilə indiki münasibətləri
çox yaxşıdır. Bu, uğurlu haldır. Gələcəkdə bu münasibətləri daha da
möhkəmləndirmək lazımdır. Biz Prezident İlham Əliyevin bu üç
dövlətlə münasibətlərinin yaxşı olması barədə çıxışlar etməsinə də
şahid olmuşuq. Bu, çox yaxşı haldır. Biz qonşu dövlətlər olaraq
bir-birimizlə səmimi münasibətlər yaratmalıyıq və yaratmışıq.
Azərbaycan hansısa dövlətə görə Rusiya və İranla niyə
münasibətlərini korlamalıdır? Bu dövlətlər ən birinci Azərbaycanın
qonşularıdır və bizə lazımdır.
– İndi dünyada ölkələrin qütbləşməsi prosesi gedir. Bir
sıra müstəqil ölkələrə ya Qərbə, ya da Rusiyaya tərəf oluması ilə
bağlı təkliflər var. Sizcə, belə çətin dövrdə Azərbaycan hansı
istiqaməti tutmalıdır?
– Azərbaycanın indiki mövqeyi yaranmış zərurətdən irəli gəlir.
Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan öz yolu ilə
getməli və balanslaşdırılmış müstəqil siyasət aparmalıdır. Ancaq bu
siyasəti aparmaq da çətindir. Çünki böyük dövlətlərin əsas
xüsusiyyətləri odur ki, onlar özlərini kiçik dövlətlərə qarşı ağa
kimi aparırlar. Çox yaxşı hal odur ki, Azərbaycan Heydər Əliyevin
hakimiyyətə gəlməsindən sonra balanslaşdırılmış siyasətə nail olub.
Bu siyasətə nail olmaq çox çətin şəraitdə mümkün olub və bu gün də
davam edir. Yəni, indiki Azərbaycanın siyasəti odur ki, biz heç
kəsə nə boyun əymək, nə zərər vurmaq istəyirik. Ancaq Azərbaycanın
da maraqlarına hörmət edilməlidir.
– Avrasiya İttifaqı və Avropa İttifaqının Şərq
Tərəfdaşlığı Proqramına qoşulmaqla bağlı Azərbaycana dəvətlər
olunub. Bununla bağlı Azərbaycan necə seçim etsə, daha düzgün
olardı?
– Əvvəla, bu gün Avropa elə vəziyyətə düşüb ki, indi bu
təşkilata qoşulmaq sərfəli hesab olunmur. Ona görə də indi
Azərbaycanın Avropaya birtərəfli şəkildə inteqrasiya etməsi
inandırıcı deyil. Hələ Avropa öz problemlərini həll etməklə məşğul
olur.
Ancaq Azərbaycanın Avrasiya İttifaqı ilə sıx əlaqələr qurması
bizim milli maraqlarımıza uyğundur. Azərbaycanın Avrasiya
İttifaqına üzv olması üçün isə referendum keçirilməsinə tərəfdaram.
Ümumiyyətlə, Azərbaycan Rusiya və Rusiyanın müttəfiqi olan müsəlman
dövlətləri ilə sıx əlaqələr yaratmalıdır. İndi nə qədər
azərbaycanlı Rusiyada pis-yaxşı dolanır. Rusiya bazarı dünyada
nəhəng bazarlardan biridir. Bu bazara ən böyük maraq göstərənlərdən
biri məhz ABŞ-dır. Niyə ABŞ Rusiya ilə iş qurmalıdır, Azərbaycan
isə imtina etməlidir? Azərbaycanın Rusiya ilə böyük sərhədi var.
Biz buna qiymət verməliyik. Buna görə də Avrasiya İttifaqına
üzvlüyün Azərbaycana heç bir zərəri yoxdur, yalnız xeyri var.
Rusiya nəhəng güc dövlətidir. Həm də Rusiya bu regionun
təhlükəsizliyinin qarantıdır. Azərbaycan özünə nə qədər də suveren
və müstəqil dövlət desə də, ancaq bizim müstəqilliyimizin gücü o
qədər böyük deyil. Yəni, biz böyük dövlətlərlə hesablaşmaya
bilmərik. Çünki hələ cavan dövlətik. Buna görə də hər zaman
ehtiyatlı olmalıyıq.
Fikir verin, bu yaxınlarda hər kəs bildi ki, Rusiya Xəzər
dənizindən Suriyaya raket atdı. İndi bu cür dövlətə kim nə deyə
bilər? Rusiyanın qarşısını ABŞ və ya Avropa ala bilərmi? Rusiya
müstəqil hərəkət edən güclü dövlətdir. Rusiya Suriyaya girməklə
Qərbə də xəbərdarlıq etdi ki, Yaxın Şərqdə biz də varıq.