"Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur
Camalqızı "Yeni Müsavat"ın "Bizim Qonaq" rublikasının qonağı
olub.
"Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu, qəzetin baş redaktor
müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanovun iştirakı ilə
baş tutan söhbətdə xeyli yeni və maraqlı mətləblərin üstü açıldı,
gündəmdə uzun müddət müzakirə olunacaq açıqlamalar
səsləndirildi.
- Aynur xanım, bugünlərdə prezident İlham Əliyevin
sensasion sayılacaq açıqlaması oldu. Prezident Dağlıq Qarabağın
statusunun tanınması ilə bağlı Azərbaycana ciddi təzyiqlər olduğunu
dedi. Ən müxtəlif versiyalar var bu açıqlama ilə bağlı. Sizin fikir
və versiyalarınız nədir?
- Əslində biz bunun belə olduğunu təxmin edirdik. Zaman-zaman
baş verən hadisələr, nəticəsi olmayan danışıqlar ortada Qarabağla
bağlı narahatlıq doğuran məqamların olduğunu göstərirdi. Bilirsiz
ki, BMT-nin işğal altındakı torpaqlarımızla bağlı 4 qətnaməsi var.
Həmin qətnamələrə görə, erməni qoşunları qeyd-şərtsiz Azərbaycandan
çıxarılmalıdır. Amma 20 ildən çoxdur ki, bu qətnamənin tələbləri
yerinə yetirilmir. Xatırlayırsızsa, Liviya ilə bağlı BMT-nin bir
qərarı oldu və saatlar sonra o, həyata keçirildi. Yəni demək
istəyirəm ki, burda Qarabağ probleminin bizim xeyrimizə həll
olunmamasının səbəbkarı erməni havadarları, xristian
gücləridir.
R.Arifoğlu:
- Sanki aprel döyüşlərindən sonra vəziyyət dəyişmişdi,
prezidentin o açıqlaması ictimai rəy üçün gözlənilməz təsir
bağışladı. Mənim soruşmaq istədiyim budur ki, informasiya
istehsalçısı kimi sizdəki məlumat və təəssürat necə idi? Bu,
gözlənilməz təsir bağışladı, yoxsa az öncə dediklərinizin axarında
bir təbii məntiq kimi gəldi? Çünki prezident detal verdi ki, "bizə
Dağlıq Qarabağın statusunu tanımaq üçün təzyiq edilir".
- Təbii ki, biz bu detalları bilə bilməzdik. Görüşlər bağlı
qapılar arxasında keçirilir. Amma müşahidələrimiz əsasında
gəldiyimiz nəticə o idi ki, işğal altındakı Azərbaycan
torpaqlarının geri qaytarılmasını, ərazi bütövlüyümüzün bərpasını
nə Rusiya, nə də Qərb istəyir. Onlar Ermənistana açıq-aşkar
havadarlıq edirlər. Bu, təbii ki, göz qabağında idi. Amma aprel
döyüşlərində, 4 günlük müharibədə Azərbaycan öz gücünü göstərdi -
bütün dünyaya, Ermənistana və onun havadarlarına. Eyni zamanda
Azərbaycan insanı bu problemlə nə qədər yaxın, Qarabağa nə qədər
candan bağlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Aprel
döyüşləri gedən ərəfədə Azərbaycan vətəndaşları heç vaxt olmadığı
qədər mediaya həssaslıq göstərdilər. Mənim özüm heyrət içərisində
idim. Bizim ön cəbhədən yazdığımız elə xəbərlər olurdu ki, onu
200-250 min nəfər oxuyurdu. İnsanlar cəbhə xəbərlərinə o qədər
ciddi həssaslıq göstərirdilər ki, təəccüblənməmək, eyni zamanda
qürurlanmamaq mümkün deyildi. Həmçinin orduya güvən, əsgərə
ehtiramın hansı səviyyədə olduğu, bu qələbə savaşını insanlarımızın
necə həsrətlə gözlədiyi ortaya çıxdı. Onminlərlə insanın cəbhəyə
getmək üçün könüllü müraciətlərini göz önünə gətirin! Bu, o
deməkdir ki, Azərbaycan insanı üçün prioritet məsələ hər zaman
Qarabağ mövzusudur. O 4 günlük müharibə zamanı insanlarımızın,
Azərbaycan dövlətinin, Ali Baş Komandanın göstərdiyi fədakarlıq
dünyaya bir siqnal idi. Bu, həm də bir əzələ nümayişi idi ki, bizim
gücümüz, imkanlarımız var, istəsək, torpaqlarımızı müharibə yolu
ilə ala bilərik. Mən düşünürəm ki, son vaxtlar bu təhdidlər, haqsız
tənqidlər, təzyiqlər çoxalıbsa, bu, Azərbaycanın ortaya qoyduğu güc
və prinsipial siyasi mövqe nümayişindən sonra yaranan mənzərədir.
Çox sevindirici haldır ki, Azərbaycan prezidenti də belə bir
narahatlığın olduğunu xalqdan saxlamadı, açıq-aşkar real vəziyyəti
bəyan etdi.
R.Arifoğlu:
- Yəni bu həm də hakimiyyətin gizli qapılar arxasındakı planlar
və təzyiqlərlə razılaşmaması, bu təzyiqlərə boyun əyməməsi anlamına
gəlir. Amma eyni zamanda bir qorxu da yaradır ki, bizi müharibəyə
sürükləyirlər...
- Bəli, çox təəssüf ki, dünya gücləri Azərbaycana qarşı ədalətli
mövqe tutmadıqlarına görə müharibə təhlükəsi mövcuddur. Qarabağla
bağlı çox ciddi narahatlıq ortadadır. Prezidentin də dediyi kimi,
Azərbaycanı rüsvayçı sülh sazişinə məcbur etmək istəyirlər. Amma
əlbəttə ki, bu, mümkün deyil. Çünki bu, bütövlükdə Azərbaycan
dövlətinin məhvi demək olardı. Hər bir azərbaycanlı Qarabağla nəfəs
alır. Qarabağ problemi demək olar, bizim hamımızın taleyinə təsir
edib. Nə qədər ki, bu problem müsbət həllini tapmayıb, biz şəxsi
anlamda da xoşbəxt ola bilməyəcəyik. Nə qədər ki, torpaqlar azad
olunmayıb, biz mənəvi işgəncə çəkəcəyik. Təsəvvür edin, insanlar 25
ildir ki, yataqxanalarda qaçqın həyatı yaşayır, bunlar qarabağlılar
üçün görünməmiş şeylərdir. Vaxtilə, hələ sovet dönəmində Qarabağda,
Ağdamda, Kəlbəcərdə, Füzulidə, digər rayonlarda insanlar villalarda
yaşayırdılar. Həmin vaxt çoxlarının "villa", 3-4 mərtəbəli
çoxotaqlı imarətlər barədə təsəvvürü yox idi. Bakıda insanlar
"xruşşovka" deyilən evlərdə yaşayırdı. Düşünün ki, o villalarda,
doğma-halal torpaqlarda azad, məğrur yaşayan insanlar indi 15-20
kvadratmetrlik yataqxana otaqlarına sığınıblar, bəzən bir otaqda
bir neçə ailə yaşayıb. Biz artıq 25 ilə yaxındır ki, bu acının,
əziyyətin, mənəvi işgəncənin içərisindəyik. Hər bir azərbaycanlı
torpaqların qaytarılmasını arzulayır ki, öz ev-eşiyinə qayıtsın,
mərhumlarının qəbrini ziyarət etsin. Hər bir qarabağlı bu arzu ilə
yaşayır. Təsəvvür edin ki, belə bir şəraitdə dörd günlük müharibə
baş verir, biz düşmənin layiqli cavabını veririk, 2000
kvadratmetrlik ərazini işğaldan azad edirik. Düz 22 ildir ki, biz
bu qələbəni gözləyirdik, Lələtəpə, Talış kimi strateji
yüksəklikləri alırıq və Ermənistana göstəririk ki, heç də hər şey
onların güvəndiyi havadarlardan asılı deyil, Azərbaycan xalqının
iradəsi var, namusu-qeyrəti var...
R.Arifoğlu:
- Amma bu durum dəyişdi. Prezident açıqladı, amma ad çəkmədi.
Sizin düşüncəniz və məlumatınıza görə təzyiq edənlər kimlərdir?
Şəxslər, Rusiya, Amerika, ATƏT, ya hamısı birlikdə?
- Çox təəssüf ki, bu məsələdə Azərbaycana qarşı bir xristian
həmrəyliyi var. Onlar müsəlman arealında, türk dövlətlərinin içində
ikinci bir erməni xristian dövlətinin yaranmasını istəyirlər, bunun
arzusundadırlar. Bu sırada ATƏT-in Minsk Qrupu da, Amerika da,
Rusiya da, bəzi Avropa dövlətləri də var. Fikir verin, son vaxtlar
Azərbaycana hansı təşkilatlardan təzyiqlər gəlir? "5-ci kolon"
vasitəsilə təzyiqlər hansı mərkəzdən idarə olunur? İnanın ki,
siyasi mövqeyindən asılı olmayaraq, mən heç kimin həbsdə olmasının
tərəfdarı deyiləm, onlar bizim həmkarlarımızdır, bir ölkədə
yaşayırıq, üz-üzə gəlirik. Amma o qədər ironikdir ki, Amerika kimi
nəhəng bir dövlətin təmsilçiləri, senatorlar, konqresmenlər bir
Xədicə İsmayılın azadlığa çıxması üçün hay-həşir qoparır, amma 1
milyon qaçqının problemini görmürlər. Bu insanlar 25 ildir ki,
ev-eşiklərinin nisgili, həsrəti ilə yaşayırlar, atəşkəs dövründə
belə doğmalarını itirirlər, amma onların hüququ heç bir beynəlxalq
təşkilatın yadına düşmür. Ancaq Xədicə İsmayıl məsələsində şantaj
da edirlər, böhtan xarakterli açıqlamalar da verirlər, təzyiq
göstərməyə də cəhd edirlər...
R.Arifoğlu:
- Bəlkə 1 milyon insanın dərdlərini çatdıran, onların
problemlərini sənədləşdirən yoxdur? Xədicə İsmayılın sözünü,
problemini toplayan, müvafiq qurumlara çatdıran var, amma 1 milyon
qaçqın üçün heç məhkəmə davaları açılmayıb?
- Axı bizim Avropa Məhkəməsinə müraciətlərimiz var, Avropa
Şurasında yüksək səviyyədə Qarabağla bağlı ardıcıl mübarizəmiz var.
Hətta bu gün Brüsseldə bizim deputatlar ən yüksək kürsüdən də
səsləndirdilər ki, AŞ PA-nın Ermənistanla bağlı qətnaməsi niyə icra
olunmur? ATƏT-in Minsk Qrupunun iştirakı ilə aparılan danışıqlarda,
görüşlərdə hər dəfə vurğulanmırmı ki, bizim 1 milyon qaçqınımız
var? Azərbaycan prezidentinin bütün çıxışlarında bu məsələ xüsusi
qabardılır. Məsələ bu deyil...
R.Arifoğlu:
- Siz parlamentdə təmsil olunanda AŞ PA-da Azərbaycan nümayəndə
heyətinin üzvü idiniz. Bir milyon qaçqın məsələsi orda necə
qaldırılırdı? Layiqli şəkildə, dünyaya çatdırıla biləcək səviyyədə
idimi?
- Bu iş kifayət qədər layiqli, beynəlxalq hüquq normaları
çərçivəsində aparılırdı. Bütün görüşlərdə, tədbirlərdə,
assambleyanın iclaslarında Qarabağ mövzusu Azərbaycan nümayəndə
heyəti tərəfindən qırmızı xətt idi, prioritet məsələ idi. Təəssüf
ki, dünya bu məsələdə ədalətsizdir. Bayaq o misalı təsadüfən
çəkmədim. BMT-nin Liviya ilə bağlı məlum qərarı saatlar sonra icra
edildi. Azərbaycanla bağlı 4 qətnamə isə hələ də icra edilməyib.
Bu, onu göstərir ki, Azərbaycana münasibət birmənalı deyil. Məsələ
ondadır ki, biz xristian dövləti deyilik. Olsaydıq, bizim də
səsimizi eşidərdilər. Bəyəm onlar bilmirlər ki, bu ərazilər, işğal
altında olan torpaqlar Azərbaycana aiddir?
R.Arifoğlu:
- Bir sıra ekspertlər isə hesab edirlər ki, "bu məsələnin
xristian dini ilə hər hansı əlaqəsi yoxdur. Azərbaycan bir sıra
islahatlar həyata keçirməlidir. Təzyiqin səbəbi odur". Sizin
fikriniz necədir?
- Ermənistanda hansı demokratik addım atılıb ki, biz geri
qalmışıq? Məgər biz görmürük ki, Ermənistanda keçirilən mitinqlərdə
insanların qanı axıdılır, günahsız insanlar öldürülür?! Amma fikir
verin, içi Avropa Şurası qarışıq, bütün beynəlxalq təsisatlar bu
günədək Ermənistanla bağlı hansısa sərt qərarlar qəbul ediblər?
A.Ayxan:
- Hakimiyyət təbliğatının ana xətti həm də uğurlu xarici siyasət
idi. 23 ildən sonra uğurlu xarici siyasətin bir cümləlik tərifi
budur ki, bizə Qarabağın müstəqilliyinin tanınması üçün təzyiq
edirlər. Bu, şişirdilmiş, bayağı, sovet stilində olan təbliğatdan
imtina olunub, faktlar üzrə təbliğat olunsa, daha yaxşı olmazmı?
Siz özünüz də belə bir təklif verə bilərsizmi?
- Mən özüm də bu düşüncədəyəm ki, Azərbaycanın apardığı xaricı
siyasət uğurlu siyasətdir. Əgər üzərimizə bu qədər təzyiq və
tənqidlər olduğu halda bu günə qədər Qarabağı itirməmişiksə,
əksinə, müəyyən əraziləri də azad etmişiksə, bu, onu göstərir ki,
Azərbaycan dövləti və hakimiyyəti bu təzyiq-tənqidin qarşısında
cəsarətlə dayana bilir. Sizi inandırıram ki, əgər İlham Əliyev
Azərbaycanın prezidenti olmasaydı, biz Qarabağı çoxdan itirərdik.
Məhz onun vətənpərvərliyi, dəyanəti, təhdidlərdən, böhtanlardan
sarsılmaması, ermənipərəst güclərin qarşısında dayanması sayəsində
biz Qarabağın rəsmən verilməsi prosesinin şahidi olmamışıq. Halbuki
bütün dünya Qarabağı Azərbaycandan qoparmaq istəyir. Çox
təəccüblüdür, dəhşətlidir, amma reallıq budur.
A.Ayxan:
- Mən də onu soruşuram. Bu reallıq üzərində təbliğat qurulsa,
daha yaxşı olmazmı? AzTV stilindən imtina olunaraq edilən
təbliğatın effekti daha yüksək olmazmı? Doğrudur, bu məsələni siz
həll etmirsiz...
- Bəli, bunu mən həll etmirəm. Siz AzTV-ni misal çəkirsiz. Axı
hakimiyyətin təbliğat ruporu təkcə AzTV deyil. Hakimiyyətin digər
güclü media orqanları da var ki, onlar vasitəsilə də uğurlu
təbliğat aparılır. Azərbaycan demokratik bir ölkədir. Biz AzTV-yə
öz zövqümüzü məcburən qəbul etdirə də bilmərik. Tutaq, biz
bəyənmirik, amma çoxluq bəyənir, qəbul edir. Media birrəngli,
birqütblü ola bilməz ki...
R.Arifoğlu:
- İnformasiya açıldı, Azərbaycan dövlətinin nə dərəcədə basqı
altında qaldığı öyrənildi. Prezident bununla bağlı planı deşifrə
etdi. Bundan sonra, sizcə, nə baş verəcək Qarabağ cəbhəsində,
siyasi səhnədə, təzyiqləri başqa boyuta keçirmə cəhdləri
gözləyirsizmi?
- Əslində hazırkı vəziyyət tələb edir ki, nəhayət, ATƏT-in Minsk
Qrupunun yararsız fəaliyyətindən imtina olunsun. 20 ildən artıq bir
dönəmdə onlar problemin həllində zərrə qədər irəliləyiş əldə edə
bilməyiblərsə və sonda da açıqlama verirlərsə ki, "liderlər
razılığa gəlməyə hazır deyillər", bunun özü çox gülməli bəyanatdır.
Əgər liderlər özləri razılığa gəlməli idilərsə, o zaman ATƏT-in
Minsk Qrupu, onların turistik səfərləri, onların səfərlərinə,
görüşlərinə xərclənən vəsait nədən ötrü idi? Axı ATƏT-in Minsk
Qrupu ona görə yaradılmışdı ki, bu iki dövlətin arasındakı
problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail
olsun. Hətta mübahisəsiz olan, Ermənistanın özünün də işğalda
saxladığını etiraf etdiyi Qarabağətrafı 5 rayonun boşaldılmasını
belə təmin edə etməyiblər. Mənim gözləntim nədən ibarətdir?
Düşünürəm ki, Azərbaycan prezidenti çox düzgün və vaxtında qərar
verərək xalqa bu problemi açıqladı. Prezident bu məsələdə xalqın
dəstəyinə arxalanır. Nə Azərbaycanı, nə də onun liderini heç bir
güzəştə məcbur edə bilməyəcəklər. Vaxtilə "Vikiliks"in açıqladığı
sənədləri yadınıza salın, İlham Əliyev hətta gizli danışıqlarda
belə Qarabağın müdafiəsindən, milli maraqlarımızdan bir addım geri
çəkilməyib...
R.Arifoğlu:
- Mənim soruşduğum başqa nüans idi. İlham Əliyev kartları açdı
və bildirdi ki, ondan bunu istəyiblər və o razılaşmayıb. Bu
razılaşmama fonunda Azərbaycanı cəza olaraq nələr gözləyir? Siyasi
səhnədə və Qarabağ cəbhəsində bir dəyişiklik gözləyirsizmi?
- Mən əminəm ki, Azərbaycan hakimiyyəti heç bir təhdidə boyun
əyməyəcək. Bu, birmənalıdır. Təbii ki, ortada belə bir planın
müzakirəsi də gedir ki, Rusiya Qarabağa sülhməramlıları
yerləşdirsin, 5 rayon azad edilsin və s. Belə bir plana
Azərbaycanın razı olacağına inanmıram. Məsələnin bu şəkildə həll
olunmasındansa həll olunmamış qalması daha məqsədəuyğundur. Bu gün
dünya nizamı bizim xeyrimizə olmaya bilər. Amma göydə bir Allah,
haqq-ədalət var. Bir gün biz mütləq torpaqlarımızı işğaldan azad
edəcəyik. Təbii, biz istəyirik ki, o gün tez olsun. Xalq öz
prezidentinin arxasındadır və biz bu prosesi qələbə ilə
bitirəcəyik.