Ukraynada cərəyan edən hadisələrdən sonra Müstəqil
Dövlətlər Birliyinə üzv olan dövlətlərin birlikdəki təmsilçiliyi
müzakirə mövzusuna çevrilib. Azərbaycanın quruma üzvlüklə bağlı
bundan sonra hansı addım atacağı və verəcəyi qərarlara görə
gözlədiyi təhlükələr çoxlarını düşündürür.
Məsələ ilə bağlı Parlamentin təhlükəsizlik və
müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc "Axar.az"a
geniş müsahibə verərək yaranmış suallara aydınlıq
gətirib.
- Ukraynanın MDB-dən çıxmaqla bağlı qərar vermək
mərhələsində olması qurumun sonrakı taleyinə və Rusiyanın bölgə ilə
bağlı planlarına necə təsir edəcək?
- Qeyd edim ki, Ukraynanın bunu siyasi təzyiq aləti kimi işə
salmasına heç bir şübhə yeri yoxdur. Faktiki olaraq, yeni inqilabi
hökumət hər hansı vasitə ilə Rusiyanın Krım işğalından, o cümlədən,
Ukraynanın şərq hissəsinin ələ keçirilməsindən azad olmaq və Qərbin
dəstəyini qazanmaq üçün beynəlxalq birliklərə qoşulmaq yönündə
bəyanatlar verir, paralel şəkildə Rusiyanın nüfuz kartı olan MDB
ilə onları hədələyir. Əslində Rusiya Krım hadisələri fonunda nə
qədər beynəlxalq aləmlə konfrontasiyaya getdisə və ərazicə
genişləndisə də, onun yalnız bir itkisi var, o da tarixən özünə
öhdəlik hesab etdiyi, Kiyev rus dövlətindən bu yana ətlə-dırnaq
kimi bir-birinə bağlı olduğu bir xalqla müəyyən mənada düşmən olub
və Qərb bunu ustalıqla yaratdı. Bu da öz-özlüyündə gələcək SSRİ
planlarına xeyli dərəcədə zərbə vurdu. Lakin bu MDB-nin süqutu və
onun varlığının tamamilə iflası demək deyil.
- Ukraynadan əvvəl Gürcüstan da bu taleyi yaşayıb və
MDB-dən çıxmaq qərarı verib. Proses hara gedir?
- Hətta Gürcüstan da oradan çıxıbsa, Rusiya alternativ
dövlətləri bu formata cəlb etməklə MDB-nin mövcudluğunu saxlayacaq.
Ona görə də həmin ölkələrin GUAM formatında, yaxud da Avropa
qonşuluq siyasətində iştirak edən ölkələrin xarici siyasəti
Azərbaycan üçün nümunə ola bilməz.
Burda subyektiv mövqeyimi bölüşürəm ki, belə bir dönəmdə
antirusiya bloklarında yer almaq, bizim üçün böyük siyasi itkilərə
və ağrılara səbəb ola bilər. Azərbaycan prezidentini xarakterizə
edən ən mühüm keyfiyyət regional siyasi hadisələri dərindən duyması
ona adekvat ölkənin milli maraqlar konsepsiyasını bilməsi və bunu
həyata keçirməsidir. Lakin eyni zamanda, hüquq müstəvisində
Ukraynanın bütövlüyünü müdafiə etməyimiz, hər hansı bir şəkildə
Rusiya əleyhinə Qərb sanksiyalarına qoşulmaq və yaxud bu ölkənin
siyasi kursunu pisləmək mənasına gəlmir.
- Siz GUAM-ın adını çəkdiniz. Gürcüstan MDB-dən çıxıb,
Ukrayna çıxmaq ərəfəsindədir, Moldava birliyi tərk etmək məsələsini
öz ölkəsində müzakirəyə çıxarıb. Sizə elə gəlmir ki, növbə
Azərbaycandadır?
- Əvvəla etiraf edim ki, GUAM-ın vaxtı ilə ABŞ-ın geopolitik
arxitektura layihəsi kimi nə qədər cazibədarlığı var idisə, sonrakı
zamanda bu bizim ölkənin hesabına ayaqda qalmaqda idi. Hətta
xatırlayırsınızsa, bir ara Özbəkistanın da ora qoşulmaq məsələsi
müzakirə olunurdu. Ölkələrin birliyi o zaman ayaq tutub yeriyir ki,
ortaq siyasi mənafeləri olsun və paralel şəkildə iqtisadi
əsaslarla, bazislə möhkəmləndirilsin. Faktiki olaraq həm də bunun
uzaqgörən perspektivdə hərbi alyansa çevriləcəyi, biri digərinin
bəlli ərazi bütövlüyü problemlərinə görə yardımlar göstərəcəyi də
iddia edilir. Lakin gerçəklik odur ki, təşkilatın güc mərkəzi kimi
fəaliyyətindən danışmaq mümkün deyil. Ona görə də qeyd etdiyiniz
çətir altında toplaşan ölkələrin fərqli siyasi hədəflər ortaya
qoyması və oranı tərk edəcəyi təqdirdə Azərbaycanın da GUAM
prinsiplərinə görə MDB-yə əlvida deməsinin tərəfində deyiləm və
buna inanmıram.
- MDB-də təmsil olunmağımızın və ya əks durumun bizim
üçün fərqi nədir?
- Ulu öndərin zamanında deyilən, siyasi və ictimai
diskussiyaların baş sərlövhəsinə, epiqrafına çevrilən fikri
xatırlayıram. O sözlər Heydər Əliyevə məxsus idi. MDB-dən bəhs
edərək deyirdi ki, bu qurumun ola bilsin ki, böyük faydaları
yoxdur, amma onun kənarında qalmağın ziyanları realdır, mümkündür.
Bu mənada bizim üçün onsuz da Kollektiv Təhlükəsizlik müqaviləsinə
qoşulmayan, hər hansı bir şəkildə MDB-də belə, Qərbin əleyhinə bir
proyekt nəzərdən keçirməyən, Rusiyanın fonunda avtoritarlığı tam
həzm etməyən bir ölkənin Ukrayna hadisələri üzərindən Rusiyaya
revanş etməsinin heç bir adı yoxdur. Mən bu mövzuda danışanlara çox
sadə bir sual vermək istərdim. Ukraynanın bizim ərazi bütövlüyümüzü
müdafiə etməsindən o yana, başqa nəyin şahidi olmuşuq ki? Əksinə,
hələ deyərdim ki, Ermənistanla ciddi hərbi bağlaşmalar, əlaqələr və
s. mövcuddur. Ona görə də bəzən bizim Ukrayna xalqından önə keçib
Rusiya ilə savaşmaq istəməyimiz, mənə meydan hərəkatı dövrünün
eyforiyasını xatırladır.
- Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq
haqqında müqavilə hələ də imzalanmamış qalır. Türkiyənin NATO üzvü
olmasını nəzərə alaraq, ölkəmizin Şimali Atlantika Alyansı ilə
münasibətlərdə "məsafəli siyasət" yürütməsi qeyd edilən müqavilənin
imzalanmasını gecikdirən amil kimi qiymətləndirilə
bilərmi?
- NATO-nun prinsipləri sırasında üzv dövlətlərin hər hansı bir
şəkildə başqa dövlətlə əlaqələr qurması qadağan edilmir. 10 illər
ərzində o qurumun Parlament Assambleyasında Azərbaycanı təmsil edən
bir şəxs kimi deyə bilərəm ki, dediyiniz mövzuda heç bir yasaq
rejimi mövcud deyil. Bu başqa bir söhbətdir ki, həmin dövlətin
büsbütün digər NATO dövlətlərini də üçüncü ölkənin xeyrinə cəlb
etməsi və onun müdafiəsində iştiraka çağırılması qaydası yoxdur.
Ancaq Türkiyənin Azərbaycan həyatında, bundan sonrakı dönəmdə
təhlükəsizlik mövzusunda önəmli addımlar atmasına 2011-ci ildə
sayın Ərdoğanın və hörmətli İlham Əliyevin imzaladığı strateji
tərəfdaşlıq şurası və onun imzalanmış müqavilələr tamamilə geniş
imkan verir. Burdan irəli gələrək, ölkənin hərbi strukturlarının,
silahlı qüvvələr sisteminin, NATO və xüsusilə Türkiyə
standartlarına uyğunlaşması üçün müəyyən bir yol getməlidir və çox
ciddi islahatlara ehtiyac duyulur.
- Bəs sizcə, bu islahatlar başlayıb?
- Ölkə başçısının qoyduğu son vəzifələr, yeni müdafiə nazirinin
və onun yaratdığı komandanın addımları bu islahatların tərkib
hissəsidir. Əminəm ki, Türkiyə generalitetinin önəmli
təmsilçilərinin son günlər Azərbaycana səfəri, bütövlükdə regional
proseslər və indiki atmosfer, Türkiyə və Azərbaycan arasında hərbi
əməkdaşlıq sazişinin imzalanmasını tamamilə mümkün və zəruri
edir.
Bunun alt qatında isə artıq müxtəlif hərbi hissələrin Türkiyənin
standartları altında hazırlıqlarda və birgə təlimlərdədir.
Yadınızdadırsa, Qaraheybətdə, Naxçıvanda, Türkiyənin Adana
şəhərində birgə təlimlər keçirilib. Bu təlimlər vahid prinsiplər,
koordinasiya və vahid tapşırıqlar altında işləmək və s. kimi
bacarıqları aşılamaq məqsədi daşıyıb. Ona görə də düşünürəm ki,
90-ci illər deyil ki, Türkiyə bu risklərdən narahat olsun. Qardaş
ölkə Cənubi Qafqaz regionunda aktiv bir oyunçudur, bunu inkar etmək
mümkün deyil, Rusiya və İran da bununla hesablaşır. Düşünürəm ki,
Ərdoğanın məhz belə bir zamanda Azərbaycana təşrif buyurması sadəcə
rəmzi bir məna daşımır, bağlı qapılar arxasında qəbul olunacaq
sənədlər, imzalar hər hansı bir razılaşmalar, gələcək hüquqi
imzalaşmalar üçün əsas yaradacaq.
- Ukrayna və Gürcüstan kimi Azərbaycan da GUAM üzvü olan
dövlətdir. Rusiyanın Dağlıq Qarabağ məsələsinin nizamlanmasında
faktiki olaraq aparıcı güc olmasını nəzərə alsaq, Gürcüstan və
Ukrayna timsalında, Osetiya və Krım modelində rastlaşacağımız
problemlərlər bizi MDB-dən çıxmağa nə qədər vadar edə
bilər?
- Əvvəlcə onu qeydim edim ki, Ukrayna hadisələri fonunda Qərblə
konfrontasiya ATƏT-in Minsk qrupunu zərbə altında qoyubdur. Çünki
bir kimsəni inandırmaq mümkün deyil ki, bu qədər geniş cəbhədə
vuruşan Rusiya və Avropa dövlətləri Dağlıq Qarabağ məsələsində
əməkdaşlıq edəcəklər. Bu məsələnin çox önəmli tərəfidir. Lakin məhz
bunu nəzərə alıb Azərbaycanın Minsk qrupunun formatının tam
dayandırması, o cümlədən GUAM-ın Rusiyasız MDB kimi sıralarını
genişləndirməsi və ABŞ-ın və bütövlükdə Qərbin bu ölkəyə alterantiv
dövlətlər blokunu formalaşdırmasını da real saymıram. Çünki Qərb
bəyanatlar verir, Siyasi giqant informasiya sistemləri hər hansısa
bir ölkənin əleyhinə çevrilib, amma ortada nə real iqtisadi dəstək
və qarantiyalar mövcuddur, nə də təhlükəsizlik addımları var. Bir
ölkənin də bu cür formal müdafiə aktlarından çıxış edib, özünü
böyük bir təhlükənin altına atması da olduqca ciddi problemlərə
səbəb olardı.
Məşhur bir fikir var, deyir ki, fillər savaşanda ayaqlarının
yerində 7 il ot bitmir. Bizim üçün nüvə mərkəzinə daxil olmamaq
daha önəmlidir. Hətta obrazlı şəkildə desək, Türkiyənin ikinci
müharibəsindəki siyasəti yaxud ingilis siyasəti Azərbaycanın
bugünkü xarici siyasət kursunun mühüm elementlərinə çevrilməlidir.
Çünki bu cür vəziyyətlərdə çox riskli qərarlar vermək dövlətin
mənafelərinə ziyan gətirər. Ona görə də bir də deyirəm ki, MDB-ni
tərk etməyin tərəfdarı deyiləm.