"PAŞA Bank", "British
Council" və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə
keçirilən "Biznes Jurnalistikası" layihəsi çərçivəsində Londona
səfər zamanı doğma məkanlara baş çəkmək ilk işimiz oldu.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində qonaq olarkən
gözləmədiyimiz səmimiyyət və isti münasibət səfər aurasına xüsusi
rəng qatdı. Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanov
iqtisadi və mədəni əlaqələrin genişlənməsi, ölkəmizin təbliği
istiqamətində gördükləri işlərdən həvəslə danışdı.
"Axar.az" həmin söhbətin bəzi məqamlarını oxucularına təqdim
edir:
- Cənab səfir, iqtisadi münasibətlərdən
başlayaq...
- Bildirmək istəyirəm ki, Azərbaycanla Böyük Britaniya arasında
hökumətlərarası iqtisadi komissiya yoxdur. 4 il bundan əvvəl
Britaniya-Azərbaycan Biznes Şurası təsis edilib. Şuranın Böyük
Britaniya tərəfdən sədri nazir vəzifəsində çalışmış dövlət xadimi
Borones Saymon, Azərbaycan tərəfdən isə Beynəlxalq Bankın sədri
Cahangir Hacıyevdir.
- Bildiyimizə görə, bu yaxınlarda "Caspian Corridor"
konfransı keçirildi. Bu və digər layihələr haqqında nə deyə
bilərsiniz?
- Bəli. Bu günlərdə "Caspian Corridor" konfransı keçirildi.
Həmin konfransın məqsədi iqtisadi əlaqələrin dərinləşdirilməsinə
töhfə vermək idi. İşini uğurla yekunlaşdıran Konfrans artıq ikinci
dəfədir ki, keçirilir. Adından da göründüyü kimi, burada təkcə
Azərbaycanın deyil, Xəzər hövzəsində yerləşən digər ölkələrin də
maraqları nəzərə alınmışdı. Azərbaycandan hökumət nümayəndələri və
bir çox şirkətlərin təmsilçilərinin iştirak etdiyi konfransda
Qazaxıstan, Türkmənistan, Rusiya və s. ölkələrin şirkətləri də
iştirak edirdi. Forumun formatı çox maraqlı idi. Orada, eyni
zamanda ölkə təmsilçiləri fərdi görüşlər keçirərək əməkdaşlıq
imkanlarını müzakirə edirdilər. Bundan əlavə deyə bilərəm ki, iki
il öncə Böyük Britaniyanın işgüzar dairələrinin təmsilçilərindən
ibarət ticarət missiyası Azərbaycana səfər etdi və müxtəlif
şirkətlərin nümayəndələrinin qatıldığı görüşlərdə iki ölkənin
biznes dairələri arasında əməkdaşlıq imkanları müzakirə edildi.
Hətta yekunda kənd təsərrüfatı ilə bağlı layihə də imzalandı.
- Azərbaycanda təxminən neçə Böyük Britaniya şirkəti
fəaliyyət göstərir?
- 300 civarında. Həmin şirkətlər əsasən, neft-qaz sahəsində
çalışan BP-yə xidmət göstərən müxtəlif sub-podratçı şirkətlərdir.
Bundan əlavə, tikinti, maliyyə, sığorta, turizm, konsaltinq, təhsil
sahələrində fəaliyyət göstərən şirkətlər də var. Azərbaycanda 5
mindən artıq Böyük Britaniya vətəndaşı daimi yaşayır və
işləyir.
- Britaniyada təhsil alan tələbələrlə əlaqələr
necədir?
- Ümumiyyətlə, təhsil sahəsində vəziyyət ürəkaçandır. Hazırda
Böyük Britaniyada dövlət proqramı çərçivəsində 456 azərbaycanlı
tələbə təhsil alır. Tələbələrdən çox razıyıq. Onlarla mütəmadi
olaraq görüşlər keçirir, problemlərini dinləyir və çözməyə
çalışırıq. Tələbələr bütün tədbirlərimizə dəvət olunurlar.
- Tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə
dönmə məsələləri necə həll edilir?
- Biz ümumiyyətlə, tələbələrə nəzarət etmirik və məncə, bu, belə
də olmalıdır. Tələbə özü daxil olub, təhsil haqqını ödəyir və s.
Mən onlara "mütləq geri qayıdın" deyə bilmərəm. Amma onlarla
görüşlərdə başa salmağa çalışıram ki, vətənə qayıtmaları çox
vacibdir. Nəyə görə? Bir neçə il öncə parlamentdə keçirdiyimiz
tədbirdə mənə belə bir sual verdilər ki, "hazırda iki nəsil
arasında böyük bir boşluq əmələ gəlib. Bu boşluğu doldurmaq üçün
Azərbaycan hökuməti hansı tədbirlər həyata keçirir?" Hesab edirəm
ki, həmin boşluğu insanlar özləri doldurmalıdır. Çünki bu,
insanların şüuru ilə bağlı məsələdir. Köhnə nəsil 70 il sovet
sistemində yaşayıb və bu da onların dünyagörüşünə, fəlsəfəsinə
təsir edib. Yeni nəsil xaricdə oxuyur, tamam başqa mühitdə yaşayır,
formalaşır. Ola bilər ki, ailədə valideynlə övladın fikirləri də
üst-üstə düşməsin. Tələbələrə deyirəm ki, başa düşürəm, 4 il Böyük
Britaniyada oxumusunuz, bu mühitə öyrəşmisiniz, dostlarınız var,
amma nəzərə almalısınız ki, biz də inkişaf etmək istəyirik. Burada
artıq vətənpərvərlik məsələsi önə keçməlidir. Ona görə qayıtmalı,
çətin olsa da, əziyyət çəkməlisiniz. Həmin boşluğu, məhz siz
doldura bilərsiniz. Bilirsiniz, bizə yüksək səviyyəli iqtisadçılar,
mütəxəssislər lazımdır. Bu, artıq bir vətəndaşlıq borcudur.
- Tələbələr diaspor işində aktivdirlərmi?
- Düşünürəm ki, ölkəmizin ən fəal
diasporlarından biri Böyük Britaniyadadır. Beş il əvvəl Londonda
"Azərbaycan Evi" dostluq və mədəniyyət mərkəzini açdıq. Orada
davamlı olaraq tədbirlər keçirilir. "Azərbaycan Evi"nin tərkibində
kitabxana və musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Şübhəsiz,
yaxşı oxuyan və ictimai baxımdan fəal olan tələbələrin burada qalıb
işləməsini, ailə qurub vətəndaşlıq almasını və Azərbaycanı təmsil
etməsini də istəyirəm. Hər bir səfir bu məsələdə maraqlıdır. Amma
milli mənafeni və yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı nəzərə
alaraq, onların ölkəmizə qayıtmasında daha çox maraqlıyam.
- Azərbaycan həqiqətlərinə, xüsusilə də
Ermənistan-Azərbaycan münaqişəsinə münasibət necədir?
- Adətən, bu suala cavab belə olur: biz bu münaqişənin sülh yolu
ilə həllinin tərəfdarıyıq və Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyirik. Yəni diplomatik cavab. Böyük Britaniyanın konkret
tərəf tutmasının şahidi olmamışam.
- Azərbaycana gələn ingilislər vizanın bahalığından
şikayət edirlər. 2 ay üçün 200, bir illik 2000 manat…
- Konsul rüsumları dövlət səviyyəsində müəyyən edilir, səfirlik
tərəfindən yox. Viza rejiminin sadələşməsində isə bir yenilik
gözlənilmir. Rüsumlar qarşılıqlılıq prinsipinə əsasən müəyyən
olunur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin məbləğin bir
hissəsi dövlət rüsumudur, geridə qalanı isə xidmət haqqı. Çünki
Böyük Britaniyada Azərbaycan vizaları viza mərkəzi vasitəsilə
verilir ki, mərkəz də göstərdiyi xidmətin müqabilində xidmət haqqı
müəyyən edir. Viza mərkəzlərinin xidmətindən istifadə etmək
beynəlxalq praktikadır və biz də bu təcrübədən istifadə edirik.
Məndə olan məlumata əsasən, eyni sistemə artıq bu ilin aprel
ayından etibarən Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də
keçəcək.
- İngilislərin Azərbaycan turizminə maraq göstərdiyi
deyilir...
- İngilislər tarixən səyahət etməyi seviblər.
Bu mədəniyyət indi də qalıb. Azərbaycana maraqlı ölkə kimi baxır və
turist səfərləri edirlər. Təəssüratları da müsbətdir. Bizim
qonaqpərvərliyimizi, mehribanlığımızı həmişə vurğulayırlar.
Tolerantlıq onları çox cəlb edir. Ən əsası da təbiətini bəyənirlər.
2013-cü ildə 300 nəfər Böyük Britaniya vətəndaşına turist vizası
verilib.
- Bəs Siz Böyük Britaniyanın nəyini
bəyənirsiniz?
- İngilis ədəbiyyatını və poeziyasını bəyənirəm. Ədəbiyyat imkan
verir ki, həmin xalqın mədəniyyətini, xarakterini, tarixini,
adət-ənənələrini yaxından tanış olasan. Təbii ki, ədəbiyyatla tanış
olduğun xalqı ölkədə işləyərkən daha da yaxından tanımaq imkanı
yaranır.
- Azərbaycan üçün darıxırsınız?
- Burnumun ucu göynəyir. Orada yaşlı anam, bacım, qardaşım,
qohum-əqrəbalarım və dostlarım var. Azərbaycanda olanda ölkənin hər
bir bölgəsinə gedirəm. Cənuba, şimal-qərbə…Azərbaycanın təbiətinə
vurğunam. Bir çox ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə hələ də
tam təbiiliyini qoruyub-saxlamış yerlər var.
- Londondan Bakıya nə aparmaq istərdiniz?
- Xoş xatirələr. Təcrübə baxımdan, nəzərə alsaq ki, gələn il
Bakıda Birinci Avropa Oyunlarının keçiriləcək və 2012-ci ildə
London şəhəri Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etdi, bu
uğurlu təcrübənin Bakıdakı Avropa Oyunlarına tətbiq olunmasını da
çox istərdim.
- Londonda Azərbaycanı necə tanıyırlar?
- Bu yaxınlara qədər bizi əsasən neft və qaza görə tanıyırdılar.
Son illərdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən Səfirliyin iştirakı ilə bir çox yüksək səviyyəli
mədəniyyət tədbirləri keçirilib ki, bunların da ölkəmizin
tanınmasında böyük rolu olub. Eyni zamanda qeyd etmək istərdim ki,
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın qələbəsi və 2012-ci
ildə Bakdaı keçirilən Avroviziya Mahnı Müsabiqəsindən sonra
ölkəmizin tanınması bir qədər də artdı. Əminəm ki, gələn il
keçirəcəyimiz Birinci Avropa Oyunları ölkəmizin təbliğinə və
tanıdılmasına çox böyük töhfə verəcək.