"1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki,
ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də
çoxalır..."
Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma
"erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul
edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif
etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə
görünür, ermənilər aprelin 24-də "soyqırım"ın növbəti ildönümünü
böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir
Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk
dünyasında bu gün baş verən olaylardan söhbət etdik.
- Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın
100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda
qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu
sayırsınızmı?
- Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar
I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə -
Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda
savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan
yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq
dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü.
Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını
buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını
ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının
üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın
erməni də silahlanmışdı.
Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə
Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə
birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə
700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min
erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən
bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin
özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada
olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda
ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə
300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb,
ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə
çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir,
hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən
ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi
baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin
kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik
rəqəmlər göstərilir.
Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa
ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə
dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü
ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət
eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o
qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən
çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə
qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir
maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana
keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa
çalışırlar ki, guya iki türk dövləti - Türkiyə ilə Azərbaycan
birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ
məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir,
hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses
gedir.
Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda
türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə
getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi
tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də
deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq
vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın
ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın
bir zamanlar "Böyük Türk" deyərək qabağında əsdiyi xalqı, onun
dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də
Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını
istəmirlər.
- Bu gün türk dünyasının problemlərinə bir də Krım
problemi əlavə olunub. Krımın işğal etdiyinə görə Qərb Rusiyanı
sıxışdırmağa çalışır. Proses AŞPA-nın sonuncu sessiyasında Rusiya
səsvermə hüququndan məhrum edilməsinə qədər irəlilədi. Azərbaycan
diplomatiyası yaranmış durumda Qarabağla bağlı hansısa nəticələrə
nail ola bilərmi?
- Mənə elə gəlir, Krımla Qarabağı yanaşı qoymaq lazım deyil.
Bunlar ayrı-ayrı məsələlərdir. Rusiya Ukrayna torpaqlarını işğal
edib, Krımı öz ərazisinə qatıb, təbii bu, pislənməlidir. Ancaq
gerçəkdə həmin torpaqların nə Ukraynaya, nə də Rusiyaya aidiyyəti
yoxdur. Ora türk torpağıdır, ona görə də Krımla bağlı bu gün
Türkiyə daha çox danışmalıdır. Dünyada türklərə qarşı soyqırım bir
yox, iki, üç əsrdir davam edir. Bu gün biz dünyaya ermənilərin bizə
qarşı soyqırım həyata keçirdiyini sübut üçün Xocalı faciəsini
göstəririk, halbuki, ermənilər Qarabağın 50-dən artıq kəndində
Xocalıdakı kimi soyqırım törədiblər.
Dünya tarixinə baxdığımızda görürük ki, dünyanın ən böyük
soyqırımlarının müəllifləri bu gün Türkiyəni soyqırım iddiası ilə
üz-üzə qoymağa çalışan böyük dövlətlərdir. ABŞ-a gələn avropalılar
hinduları məhv eləmişdi, Avstraliyaya gedən Böyük Britaniyalılar
orada bir nəfər belə aboregen qoymadı, saysız-hesabsız insanlar
öldürüldü, kiçik bir hissə adalara sürgün edilmişdi. Fransanın
Əlcəzairdə yapdığı soyqırımı insanlıq tarixinin ən böyük
utanclarındandır. Soyqırımı Balkanlarda türklərə qarşı serblər,
yunanlar, bolqarlar, onlara dəstək verən çar Rusiyası ilə bərabər
törədib. Krımdan, Quzey Qafqazdan, Azərbaycanda nə qədər insan
Sibirə sürgün edilib. Rusiyanın bütün güney torpaqları türk
torpaqlarıdır. Çində Doğu Türküstanda soyqırımı, qətliamlar
törədilir. Bu gün İran adlanan yerdə bizim 35 milyon soydaşımız
hüquqsuz bir vəziyyətdədir, hər gün qətl, həbs xəbərləri gəlir,
İran zindanları soydaşlarımızla doludur.
Bu gün dünyanın mənzərəsi, guya mədəni xalqların insanlığa
münasibəti budur. Belə bir durumda Türkiyəni günahlandırmağa heç
bir ölkənin haqqı yoxdur. Türkiyə Krım məsələsini dünyaya
çıxarmalıdır. Rusiya həmin torpaqları işğal edərək bütöv bir xalqı
öz yurdundan didərgin salıb. Keçən əsrin ortalarından Rusiya Krım
türklərini, Axıska türklərini çöllərdə, vaqonlarda yaşamağa məhkum
edib. Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə
haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan
türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir. Dünya bu
məsələyə bu cür baxmalıdır.
- Rusiyanın Qarabağla bağlı yeni planlar hazırladığı
deyilir, bu fonda Türkiyə ilə Azərbaycanın konfederasiyada
birləşməsi məsələsi gündəmə gətirilir. Rəhmətlik Əbülfəz Elçibəy də
deyirdi ki, gün gələcək Ankara Bakıya vali təyin edəcək. Siz
konfederasiya məsələsinə sıcaq baxırsınızmı?
- Biz 1991-ci ildə müstəqilliyimizi elan edəndə biz bu yolu
tutmağı qərarlaşdırmışdıq. Biz Türkiyə ilə bir millətik, bunu heç
kim inkar edə bilməz. Əgər bir millətiksə, demək, bir dövlətin də
tərkibində birləşə bilərik. Bu gün Avropada dilləri, milli
kimlikləri tamamilə ayrı olan xalqlar savaş olmaması,
iqtisadiyyatlarının gəlişməsi üçün birlik yaradırlar. Nədən biz
bunu etməyək? Çoxları "konfederasiya" sözündən qorxur. Ancaq dövlət
müstəqillikləri, dövlət atributları qorunmaq şərti ilə bir çox
digər məsələlərdə Azərbaycan Türkiyə ilə birləşə bilər. Məsələn,
ordu birliyi, iqtisadi birlik, maliyyə birliyi ola bilər, vahid
valyuta məkanı yaradıla bilər, gömrük birliyi qurula bilər.
Bu, dünyanın qəbul etdiyi, alışdığı yoldur və biz də bu yolla
gedə bilərik. Gələcəkdə bu birliyə Mərkəzi Asiyadakı türk
dövlətləri də qoşula bilər. Çünki Balkanlardan ta Çinin içərilərinə
qədər Avrasiya deyilən məkan türkün torpağıdır. Rusiya Avrasiya
İttifaqı yaratmaq istəyir, ancaq bu əslində türkün Avrasiyasıdır.
Bu gün Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsinin
qarşısını bir çox dövlətlər almağa çalışır. Çünki Mərkəzi Asiyanın
enerji qaynaqlarına türkdən əvvəl Avropa əl qoymaq istəyir. Ancaq
türk dövlətləri bir araya gəlib öz torpaqlarına, öz sərvətlərinə
sahiblik etməyi bacarmalıdırlar. Türk dünyanın gələcəyi haqqında
danışdığımız türk birliyi ilə bağlıdır.
- Türkiyə bir seçimi arxada qoydu və artıq cümhuriyyət
tarixində ilk dəfə 10 avqust prezident seçkilərinə hazırlıqlar
başlayıb. Bu prosesi necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikası üçün prezidentlik institutu doğru
seçilən modeldir. Çünki savaş gedən ölkələrdə parlamentli
respublika o qədər uğurlu sayılmır. Açığı, Türkiyə üçün bu
institutun nə qədər uğurlu olacağını söyləmək bir qədər çətindir.
Əgər Türkiyənin indiki baş naziri prezident seçiləcəksə, o zaman
Türkiyədə daxili münaqişələrin davam edəcəyini, daxili sabitliyi
təmin etməyin mümkün olmayacağını düşünürəm. Bəllidir ki, bu gün
əhalinin böyük bir hissəsi baş nazir Ərdoğandan narazıdır. Onun
partiyası 30 mart bələdiyyə seçkilərində 46 faizə yazın səs aldı.
Parlament seçkilərində də əhalinin təxminən yarısının səsini alıb.
Əhalinin yarısından da az hissəsinin etimad göstərdiyi bir partiya
liderinin Türkiyə prezidenti olması Türkiyəyə sabitlik, rifah
gətirməz. Prezident postunu daha neytral başqa bir şəxs qazansa
nələr baş verər - bu haqda da dəqiq proqnoz səsləndirmək
çətindir
(Musavat.com).