Bir neçə gündür ki, mediada Bakının Nəsimi Rayon Polis
İdarəsinin rəisi Musa Musayevin olduğu iddia edilən "Buqatti"
(hazırda adı dəyişdirilib və "Mamunia" qoyulub) gecə klubunda baş
verən özbaşınalıqlar barədə məlumatlar dərc
olunmaqdadır.
Məsələ ilə bağlı adı hallanan Nəsimi polisinin rəisi Musa
Musayevdən isə xəbər yoxdur.
Nəsimi Rayon Polis İdarəsindən 5 gün öncə "Axar.az"a
bildirmişdilər ki, gecə klubunun sahibi kimi adı hallanan polis
rəisi işə çıxmır:
"Rəis bir neçə gündür ki, iş çıxmır və bundan sonra da bir neçə
gün müddətində işdə olmayacaq. İcazəlidir. Bir neçə gün sonra
müraciət edin, rəis özü suallarınızı cavablandırsın".
Açıqlama verilən gündən 5 gün keçməyini nəzərə alıb, Nəsimi
rayon polis idarəsinə yollandıq.
Rəisin yerini heç kim bilmir
Binadan içəri keçən kimi hardan gəlməyimizlə maraqlanan polis
serjantı jurnalist olduğumuzu biləndən sonra növbətçi hissə
otağında əyləşən kapitanı çağırdı. Bu dəfə kapitana gəlişimizin
məqsədini izah etməyə çalışdıq və uzun çək-çevirdən sonra, "deyəsən
(?) rəis burda deyil" cavabını aldıq.
Elə söhbətin ən maraqlı hissəsi də bu sözdən sonra baş
verdi:
-Deyəsən nədir?
- Mən idarəyə yeni gəlmişəm, bilmirəm.
– Bəs kim bilir?
- Vallah, onu da bilmirəm.
- Yaxşı, bəs indi mən nə edim, sualımı kimi verim? Heç
olmasa Musa müəllimin müavinlərindən biri qəbul etsin, soruşaq,
bəlkə rəisin yerini o bilər.
Bir qədər sonra qayıdıb rəis və rəis müavinin heç birinin
olmadığı "deyəsənsiz", tam əminliklə dedi.
"Gələnə qədər gözləyərik" deyib idarənin həyətində
gözləməyə başladıq.
Sinilər sıralanır...
İdarəyə nə girən bəlli idi, nə çıxan. Yaxınlıqdakı kafenin
ofisiantı 4-5 dəfə əlində yemək dolu sinilər içəri keçirdi.
Doğrusunu ofisiant bilər deyə, ona üz tuturuq
- Bu dadlı yeməyi rəisə aparırsan yəqin...
Son ümidimizə ofisiant beləcə balta vurdu:
- Rəis nə gəzir? Müstəntiqlərə aparıram. Görmürsən
müstəntiqlər necə kefdədirlər?! Rəis burda olanda o cür sərbəst
hərəkət edə bilmirlər.
Həyətdə gözləməkdən bezib içəri. Bu dəfəki həmsöhbətimiz özünü
mayor İsgəndərov Səbuhi kimi təqdim edən polis əməkdaşı olur:
- Rəis yoxdu burda...
- Hardadır, nə zaman gələcək?
- Bilmirəm. Siz bura nəyə görə gəlmisiniz?
- Dünən sizin növbətçi hissə ilə danışanda dedilər ki,
rəislə görüşmək və sual vermək istəyənlər idarəyə gəlməlidir, biz
də gəlmişik.
-Onu kim deyib axı? Elə şey olar? Rəis yoxdur e qardaş,
yoxdur.
- Rəis yoxdursa, müavinlərdən biri ilə
görüşdürün....
Gedib bir neçə dəqiqə sonra gəlib rəis müavinin dediklərini
çatdırır:
- Rəisin müavini ilə danışdım, deyir ki, nə sualları varsa,
bizim mətbuat xidmətinə yaxınlaşsın. Mətbuatın suallarına Daxili
İşlər Nazirliyinin məbuat xidməti cavab verir.
Bir az da müşahidə aparırıq və tam əmin oluruq: gecə klubunun
sahibi olduğu deyilən polis rəisi Musa Musayev artıq bir həftədir
ki, yoxa çıxıb – yəni işə çıxmır...
Təkrar xatırladaq:
Bir müddət öncə gecə klubu mətbuatda gedən yazılanlardan sonra
iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə
burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda
bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə
diqqət etmədiklərini söyləmişdilər.
"Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra
dəyişdirilib. Klubun Nəsimi rayonunun polis rəisi Musa Musayevə
məxsus olduğu barədə mediada iddialar səslənsə də, hörmətli rəisdən
açıqlama almaq mümkün deyil: çünki yoxa çıxıb!