Ukrayna hadisələrindən sonra dünya demək olar ki, iki yerə
bölünüb: Qərb və Rusiya. Qərb Rusiyanı iqtisadi blokadaya salmaq
istəyir. Amma maraqlı məqam neft-qaz ölkəsi olan Azərbaycanın ön
plana keçməsidir. Digər məsələ isə Rusiyanın Ukraynada aktivliyinin
nəticəsində gələcəkdə bütün dünyanın əziyyət çəkəcəyi yeni dünya
savaşı proqnozlarının verilməsinə səbəb olmasıdır. Azərbaycan və
ümumiyyətlə postsovet məkanının gələcəyi ilə bağlı məsələləri
öyrənməkdən ötrü tanınmış rus politoloqu Qriqori Trofimçuka
müraciət etdik.
Ukrayna Əfqanıstan olacaq
- Sizcə, Ukrayna getdikcə Suriyaya
bənzəmirmi?
- Qərb Suriya və Ukraynaya bir paket çərçivəsində baxır. Ukrayna
tezliklə özünün yerli "taliban"ları (radikalları) ilə ikinci
Əfqanıstan olacaq. Hansı ki, artıq özlərinə daxili "şəriət
məhkəməsi" (xalq tribunalı) yaratmağa cəhd göstərirlər. Ukrayna
müəyyən qrupların öz ərazilərinə nəzarət etməyə başladığı zaman
daha çox Əfqanıstana oxşamağa başlayacaq. Yeni qrupların meydana
çıxıb keçmiş xaotik Ukrayna ilə Rusiya vilayətləri olan Belqorod,
Kursk, Voronej arasında bufer rolu oynaması da istisna deyil. Bir
zamanlar Əfqanıstanda da belə olmuşdu.
Qərbi Ukrayna oyanır
- O zaman belə çıxır ki, Rusiya ordusu Ukraynanın
şərq vilayətlərinə daxil olacaq?
- Rusiyanı buna səylə itələyirlər. Qərb isə bir tərəfdən
açıqlamalar verir ki, rus ordusu artıq uzun zamandır ölkənin
şərqində yer alıb. Əvvəla, Rusiya heç vaxt bu addıma getməz. Hərdən
Ukraynadakı Rusiya tərəfdarları da düşünmədən bizim qoşunlarımızın
buraya gətirilməsi haqqında çıxışlar edirlər. Onlar hərəkətlərinə
görə özlərinə hesabat vermirlər. Əgər Rusiya bu işdə kömək etmək
istəyirsə, o zaman yalnız ekspert kimi məsələyə yanaşaraq deyirəm
ki, konflikt hərbi variantla yox, intellektual yolla həll
edilməlidir. Bu informasiya müharibəsində çox düzgün metod olardı.
Düşünmək lazım deyil ki, bu tip problemlər təkcə Ukraynanın
şərqində baş verir. Belə sosial qarışıqlıq artıq ölkənin qərbində
də yaranıb. Orada da milyonlarla rusdilli vətəndaş var ki, hələ öz
sözlərini deməyiblər. İstisna eləmirəm ki, əvvəl-axır onlar da
ölkənin şərq vilayətlərindəki etirazlara dəstək verəcəklər.
MDB-ni İraqın taleyi gözləyir
- Bəs Qərblə müharibə başlaya
bilərmi?
- Qərb artıq uzun müddətdir ki, Rusiyanı bütün istiqamətlərdə
sıxışdırır. Müharibə praktiki olaraq Rusiyanın qapısının ağzına
gəlib çatdığına görə Ukrayna parçalanmağa başladı. Bunun qarşısında
Rusiya susmağı bacarmadı. Təəssüflər olsun ki, bütün Sovet
ölkələrinə Qərb bu güclə girməyi bacarıb. O, lazım olan şeyi heç
kimdən soruşmadan həyata keçirməyə başlayır. Ukraynaya vurulan
zərbə ilə (hansı ki, Ukraynanın keçmiş hakimiyyətinin axmaqlığı
ucbatından olmuşdu) SSRİ-nin ikinci dəfə parçalanmasına start
verildi. Bu parçalanma isə Azərbaycan da daxil olmaqla SSRİ-nin
tərkibindən ayrılmış bütün ölkələrə təsir edəcək. Rusiya çətin ki,
Qərblə böyük konfliktdən qaçmağı bacara. Qərb postsovet ölkələrinin
ona satdığı qaza görə ödəmələr edəcək, amma bu uzun müddət davam
etməyəcək. Müəyyən qədər bu ödəmələr olacaq, amma sonradan həmin
əraziləri gücün hesabına ələ keçirməyə çalışacaqlar.
Ruslar demokratlara nifrət edirlər
- Amma Ukrayna hadisələri Rusiyaya da keçə
bilər.
- Rusiya öz üzərindən bütün təhlükələri yalnız daxilindəki
oliqarxlar və korrupsionerlərlə bağlı mübarizə apardıqdan sonra
götürə bilər. Başqa bir addım isə 1991-ci ildə Qorbaçov da daxil
olmaqla ölkəni dağıdan və parçalayan şəxslərin məsuliyyətə cəlb
edilməsi ola bilər. Bu addımlar atıldıqdan sonra Rusiyanı daxildən
parçalamaq çətinləşəcək. Onu da qeyd etmək yerinə düşər ki, ilk
"rəngli inqilab" Gürcüstan və Ukraynada baş verməyib. O, məhz
1991-ci ildə Rusiyada baş verib. Başqa bir məsələ isə ondan
ibarətdir ki, Rusiya artıq liberal-demokrat dövlət ola bilməz.
Ruslar hələ də demokrat olaraq çağırılan şəxslərə nifrət
edirlər.
Azərbaycanı idarə etmək çətindir
- Bəs bu hadisələr Azərbaycana necə təsir
edəcək?
- Son hadisələr Azərbaycanın Cənubi Qafqazdakı problemlərə
yüksək diqqət ayırmasına səbəb oldu. Hər kəs başa düşür ki, Ukrayna
hadisələri əvvəl-axır Qafqazda da özünü büruzə verəcək. Burada
ərazi münaqişələri də daxil olmaqla problemlər daha çoxdur.
Azərbaycan hərbi təlimlər keçirərək, özünün müəyyən təhlükədən
narahat olduğunu, həmçinin istənilən qarmaqarışıqlığa qarşı dayana
biləcəyini göstərir. Azərbaycanın Xəzər dənizinin sahilində
yerləşməsi isə məsələni bir az da çətinləşdirir. Əgər bütünlükdə
götürsək, Azərbaycan az qala ərazi, enerji və hərbi-strateji
problemlərin mərkəzində dayanır. Bunlar isə belə kiçik ölkənin
idarə edilməsinin nə qədər çətin olduğunu göstərir. Bütün hallarda
Azərbaycan Ukrayna hadisələrindən sonra gələcək üçün özünə yalnız
bir töhfə götürməlidir. Ukraynanın müvəqqəti hökumətinin
addımlarını mənimsəyib yalnız güc tətbiq etməklə, hədələməklə,
reallıqda isə heç nə etməməklə məşğul olmamalıdır.
Emosionallıqdan istifadə edəcəklər
- O zaman Cənubi Qafqazın gələcəyi qaranlıq
görünür.
- Ukrayna problemləri paketini üzərinə götürən Rusiyanın hələ
Qarabağ konfliktini aktivləşdirməyə vaxtı yoxdur. Cənubi Qafqazın
gələcəyi Rusiyanın əleyhinə olaraq Avropaya qaz ötürmək üçün Qərbin
aktivləşdirdiyi və Mərkəzi Asiyanı bura qoşduğu enerji dəhlizləri
ilə bağlı olacaq. Qarabağ konflikti boş yerə aktivləşdirilib.
Hazırda heç nə baş vermədiyi halda belə onun ətrafında elə
söz-söhbət gəzir ki, elə bil, sabah müharibə başlayacaq. Cənubi
Qafqaz ölkələrinin özlərinin bu istiliyi artırmağına ehtiyac
yoxdur. Əks təqdirdə xarici qüvvələrin həmin dövlətləri boş yerə
bir-biri ilə toqquşdurması asan olacaq. İnformasiya müharibəsi
qaydalarında ən mühüm cəhət rəqibin əsəbləri ilə oynamaqdır. Bu isə
təəssüflər olsun ki, Qafqaz xalqlarına çox pis nəticələr verəcək.
Onların əksəriyyəti təbiətcə emosional olurlar. Azərbaycan,
Ermənistan, Gürcüstanın düşmənləri məhz bu təbii faktorları
öyrənirlər.
Azərbaycanda dini radikallar aktivləşir
- Siz açıqlamalarınızda Azərbaycanda islam
radikallarından istifadə oluna biləcəyini hər dəfə vurğulayırsınız.
Amma məncə, Azərbaycanda bunun üçün əlverişli şərait
yoxdur...
- İslam radikalları digər dini konfessiyaların radikalları kimi
yalnız dövlətin əsil mədəniyyət, mənəvi inkişaf və açıq klerikalizm
arasında sərhədi görmədiyi, hiss etmədiyi anda meydana çıxır.
Həddindən artıq klerikalizm, mənəvi dəyərlərin anormal təbliğatı
cəmiyyətin partlamasına səbəb olur. Dövlət dinin dünyəvi norma və
qaydalardan ayrıldığı konstitusiyanı müdafiə edir. SSRİ-nin
süqutundan sonra bu sxemdə təhlükəli məqamlar meydana gəlməyə
başlayıb. Nəticədə bütün postsovet məkanı ölkələrində dini
dözümsüzlük, terrorizm və digər neqativ proseslər yaranıb. Ona görə
də Azərbaycan sərt olaraq dünyəvi dövlət prinsiplərinə riayət
edərkən doğru addım atmış olur. Lakin ətrafındakı ölkələrdə bu
prinsiplərə tam əməl olunmaması ona da maneçilik törədilməsinə
şərait yaradır. Ona görə dini klerikalizm istənilən vaxt, istənilən
yerdən fışqıra bilər.
Azərbaycanın seçimi yoxdur
- Azərbaycanın Rusiyanın blokadaya alınmasında
iştirakı həqiqətə çevrilə bilərmi?
- Qərb Azərbaycana Rusiyanın iqtisadi blokadaya alınmasında ona
kömək edən ölkə kimi baxır. Rusiyaya qarşı iqtisadi sanksiyalar
Qərbin Avropa İttifaqına qaz ötürməsini tələb edəcək ki, burada da
Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək.
Baxmayaraq ki, sözdə bundan danışmırlar, amma əməldə bu, açıq-aşkar
görünəcək. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi çoxvektorlu siyasət
artıq Azərbaycan üçün sona çatıb. Və onun seçimi o qədər də böyük
deyil.