Azərbaycan hərbi arsenalını artırmaqda davam edir. Bir
müddət öncə Rusiyadan Azərbaycana satılan T-90C tankları Ermənistan
tərəfinin kifayət qədər həyəcanlanmasına səbəb olub. Rəsmi İrəvan
demək olar ki, hər gün Azərbaycana satılan tanklarla bağlı açıqlama
verir. Bununla bərabər isə Ermənistan mətbuatı da tezliklə
Qarabağda müharibənin başlayacağı ilə bağlı müxtəlif iddialarla
çıxış edir.
Bu zaman ortaya sual çıxır: Azərbaycan ordusunun hərbi təchizatı
ilə Ermənistan ordusu arasında fərq nə qədərdir?
Hazırda Azərbaycanda 600-dən çox adda hərbi məhsul istehsal
edilir. Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu
"Smerç", 2C7 "Pion", M-46, 2A36 "Giatsin", T-122 "Sakarya", "Lynx
LAR" və "Lynx Extra" kimi artilleriya sistemləri işğal altındakı
torpaqlarımızda yuva quran Ermənistan ordusu üçün potensial
təhlükədir.
Qeyd edək ki, orduların mövcud durumunu real olaraq təqdim etmək
çətindir. Çünki hərbi sirr anlayışı var və bu baxımdan hər iki
tərəf müəyyən mənada hərbi-texniki imkanlarını gizlədir.
Buna görə də Azərbaycan və Ermənistan ordusu ilə bağlı 2012-ci
ildə Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət
göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırması
daha diqqət çəkicidir. Hesabatda Azərbaycan ordusunun inkşaf etdiyi
və peşəkar kadrlarının sayını artırdığı bildirilir. Lakin Silahlı
Qüvvələrimizin ən zəif tərəfi kimi yeni alınan texnikalar,
xüsusilə, S-300 raketləri üçün kadrların hələ çatışmaması
göstərilir. Xatırladaq ki, bu hesabatdan artıq 2 ilə yaxın zaman
ötüb və Azərbaycanın S-300-ləri çalışdırmağı bacaran kadrların
yetişdirdiyi artıq müzakirə predmeti deyil.
Ermənistan ordusuna gəlincə isə təşkilat bunun haqqında
informasiya verməkdə bir az çətinlik çəkir. Qurum hesabatında
Ermənistanda yerləşən rus hərbi bazalarının ermənilər üçün əsas
dəstək rolunu oynadığını qeyd edir. Silah göstəricilərinə gəlincə
isə ermənilərin hərbi texnikasının Azərbaycandan çox aşağı olduğu
hesabatda əks edilir. Bu, xüsusilə hərbi təyyarələr, tanklar və
artilleriya qurğularında özünü göstərir. Məsələn, Azərbaycan 66
təyyarəyə sahibi olduğu halda Ermənistanda bunun sayı 33
ədəddir.
Milli Ordumuz 339 tanka malikdir ki, bu sırada T-55 və T-72
tankları yer alır. Avqustda ölkəyə daxil olacaq ən müasir T-90S
tanklarını da nəzərə alsaq, hazırda Azərbaycan ordusunda tankların
sayı 440-a çatır.
Düşmən ölkə isə 4 dəfəyədək azlıqda qalır. Belə ki, 110 tankı
olan Ermənistanda T-54, T-55 və T-72 tankları var. Ermənistanda
hələ də köhnə T-54-lər olduğu halda, Azərbaycan T-72-lər üstünlük
təşkil edir və onların hamısı modernləşdirilib.
Azərbaycan 279 Piyadaların Döyüş Maşınına (PDM) sahibdir. Burada
BMD-1, BMP-1, BMP-2 və BRM-1 modelləri yer alır.
Ermənistanda isə 202 PDM var. İşğalçı ölkə Azərbaycanda olan
döyüş maşınları ilə yanaşı, BMP-1K və BRM-1K da alıb.
Zirehli nəqliyyat növünə gəldikdə, Azərbaycan ordusu 383,
Ermənistan isə 183 texnikaya malikdir.
Ordumuzda 62 reaktiv artilleriya qurğusu mövcuddur, Ermənistanda
isə bu rəqəm 51-dir.
Qoşqulu artilleriya qurğuları Azərbaycanda 210, Ermənistanda 131
ədəddir.
Azərbaycan 41 döyüş təyyarəsi var. Bunların sırasında MİQ-29,
MİQ-21, SU-17, SU-17U, SU-25, SU-25UB əsas yer tutur.
Ermənistanda isə yalnız MİQ-25 və SU-25 döyüş təyyarələri var
ki, onların da sayı 16-dır.
Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutunun
hesabatında hər iki ölkə ordusunun strukturu barədə də geniş
təhlillər yer alıb.
Quru qoşunlarından bəhs olunarkən Azərbaycan və Ermənistanın
hərəsində 5 korpusun olduğu vurğulanıb. Azərbaycanda 23 motoatıcı
briqada, 1 artilleriya briqadası, 1 çoxlüləli reaktiv artilleriya
briqadası, 1 təlim artilleriya briqadası, 1 tank aleyhinə briqada,
1 mühəndis briqadası, 1 rabitə briqadası, 1 təchizat briqadasının
olduğu sənəddə əksini tapıb.
Düşmən ölkə isə 13 motoatıcı polka malikdir. Burada 3 tank
batalyonu, 3 kəşfiyyat batalyonu, 2 təchizat batalyonu, 4
artilleriya divizionu, 3 piyada polku, 2 rabitə batalyonu, 1
müstəqil briqada, 1 tank əleyhinə polk və 1 mühəndis polkunun
olduğu qeyd olunub.
Ölkələrin aviasiyasının təhlilində də Azərbaycan irəlidədir.
Belə ki, Azərbaycan 2 təyyarə eskadronu, 1 təyyarə alayı və 1
vertolyot alayına sahiblik edir.
Ermənistan isə yalnız 1 eskadrona malikdir. Bundan əlavə isə
artıq burada Rusiyanın bir hərbi vertolyot və təyyarə eskadriliyası
yerləşdirilməsi nəzərdə tutulur.
Şəxsi heyətin sayı da Azərbaycanın üstünlüyünü göstərir - 66 940
nəfər. Ermənistanda bu say 48 570 nəfəri keçmir.
Hesabata görə, Azərbaycanın quru qoşunları - 56 840, Hərbi Dəniz
Qüvvələri - 2 200, Hərbi Hava Qüvvələri - 7 900 nəfərlik
kontingentdən ibarətdir. Dənizə həsrət qalan Ermənistanın quru
qoşunlarında isə 45 393, Hərbi Hava Qüvvələrində isə 3177 nəfər
xidmət keçir.
Yarımhərbi qruplara gəldikdə, Azərbaycanda bu say 15 min,
Ermənistanda isə 7 168 nəfər təşkil edir. Azərbaycanda
çağırışçıların hərbi xidmət müddəti 18 ay olduğu halda,
Ermənistanda 24 aydır. Yeri gəlmişkən, düşmən ölkə şəxsi heyəti
komplektləşdirə bilmədiyi üçün sovet dövründən qalma müddəti aşağı
endirə bilmir. Buna əsas səbəb kimi isə rəsmi İrəvan orduda əsgər
çatışmazlığını göstərir.
Azərbaycan Ermənistandan fərqli olaraq 8 patrul və sahil
mühafizə katerlərinə də malikdir. Tank əleyhinə silahlar, raketlər,
zenit-raket komplekslərinin sayında da düşməni qabaqlayırıq.
Azərbaycan 15 ədəd Mi-14, 13 ədəd Mi-8, 7 ədəd PZL vertolyotlarına
sahibdir. Düşmən isə 8 Mi-24P, 2 Mi-24K və 2 Mi-24 R tipli
vertolyotlar alıb. Bundan əlavə, ermənilərin 10 ədəd Mi-17 Hip H, 2
ədəd Mi-9 Hip G 9 ədəd, PZL Mi-2 Hoplite tipli vertolyotları da
var.
Azərbaycan pilotsuz döyüş təyyarələrinə də sahibdir, İsraildən
idxal edilən bu təyyarələr son modellərdən sayılır. Ermənistanda
isə bir ədəd də pilotsuz təyyarə yoxdur.
2013-cü ilin nəticələrinə görə, Azərbaycan ötən il Orduya
büdcədən 3,8 milyard dollar vəsait ayırıb. Ermənistan isə cəmi 451
milyon ayıra bilib.
Ümumiyyətlə, Ermənistanın dövlət büdcəsi 2,4 milyarddan
(manatla) bir qədər çox, Azərbaycanın dövlət büdcəsi isə 18,4
milyard manatdır.