"Biz artıq Tavuş əyalətində "azatamartik"ləri yığmağa
başlayırıq".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ müharibəsi
veteranları şurasının rəhbəri Yura Mikayelyan çıxış edib.
O, bunun üçün İrəvanda qərargah qurulduğunu da bildirib:
"Uzaqda olanlar artıq gəlməyə başlayıblar. Çoxları gəlmək
istəyir, amma biz hələ gözləmələrini məsləhət görürük. Əsil
döyüşçülər indidən hazırdırlar. Bu onların sosial vəziyyətləri ilə
bağlı deyil. Hazırda xəstəxanada olan oğullarımız var ki, bizdən nə
vaxt gəlmək lazım olduğunu soruşurlar".
Qeyd edək ki, "azatamartik" Qarabağ müharibəsində iştirak edən
erməni partizanlara deyilir. Bu sözün ermənicədən tərcüməsi
"azadlıq döyüşçüsü" adlanır.
Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov Axar.az-a
açıqlamasında cəbhədə baş verən son hadisələrdən sonra çox sayda
müharibə veteranının, keçmiş döyüşçülərin müharibəyə getmək üçün
müraciət etdiklərini bildirdi.
Onun sözlərinə görə, bununla bağlı ölkə prezidentinə də müraciət
ediblər:
"Çox sayda keçmiş döyüşçü, müharibə veteranı müraciət edib. Biz
birləşərək öz istəyimizi, müharibəyə daim hazır olduğumuzu
bildirdik və bunu təkcə bu gün demirik, hər zaman bəyan etmişik.
Bizim bu gün də gənclərlə çiyin-çiyinə döyüşməyə gücümüz də,
istəyimiz də var. Prezident özü də bildirdi ki, ordumuz müharibəyə
tam hazırdır. Çox istərdik ki, bizim güc və təcrübəmizdəın istifadə
edilsin və inanıram ki, ediləcək. Bizim təcrübəmiz var, ölüm-itim
görmüşük, o torpaqları da ovucumuzun içi kimi tanıyırıq. Həm də
içimizdə bir qisas hissi qalıb. Ona görə də Ali Baş Komandanın
əmrini gözləyirik və əminəm ki, müraciətimizə lazım olduğu anda
müsbət cavab veriləcək".
Birlik sədrinin sözlərinə görə, müraciət edənlər arasında hətta
müharibədə əlil olanlar da var:
"Əzalarını itirmiş, müharibədə əlil olmuş çox sayda
veteranlarımız da var ki, dəfələrlə müraciət ediblər ki, birdən
bizə deməzsiniz. Müharibə başlayacağı təqdirdə onları unudacağımızı
sanırlar. Onlar, Qarabağ əlilləri son hadisələrdən çox ruhlanıblar,
yüksək döyüş əhval-ruhiyyəsindədir. Müharibə başlayacağı təqdirdə
onları saxlamaq olmayacaq və inşallah, dövlətimiz onların bi
istəyini nəzərə alacaq".
E.Əsədov qeyd etdi ki, erməniləri onlar qədər yaxşı tanıyan ola
bilməz:
"Biz onlarla döyüşdə üz-üzə gəlmişik, bilirik kimdirlər.
Ermənistanın bununla bağlı yaydığı məlumatların görüntü naminə
olduğuna şübhəniz belə olmasın. Unutmayın ki, onlar işğala gəlir,
biz isə öz torpağımızı azad etməyə gedirik. 90-cı illərdəki kimi,
onlar təpədən dırnağa silahlı, biz isə ov tüfənginə möhtac
vəziyyətdə də deyilik, indi bizim arsenalın gücü ermənilərdən
ondəfələrlə çoxdur. Belədə onlar bizim qabağımızda dura
bilərlərmi!"