"Axar.az" xəbər verir ki, millət vəkili və Atatürk
mərkəzinin rəhbəri Nizami Cəfərovun AXC-nin qurusucu Məhəmməd Əmin
Rəsulzadə haqqında dedikləri müzakirə olunmaqda davam
edir.
Nizami
Cəfərovun Rəsulzadənin məzarının Türkiyədən ölkəmizə gətirilməsinə
qarşı çıxması etirazlara səbəb olub. Bundan başqa millət vəkilinin
Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsəri haqqında danışaraq ADR
qurucusunu qeyri-ciddi və yanlış baxış təbliğ etməkdə ittiham
edib.
Məsələ
ilə bağlı Rəsulzadə mərkəzinin rəhbəri Nəsiman Yaqublu "Axar.az"a
danışdı. Araşdırmaçı bildirdi ki, Rəsulzadəyə qarşı sayğılı olmaq
kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının
borcudur:
"Məhəmməd Əmin Rəsulzadə öz fəaliyyətində, yaradıcılığında
yanlışa yol verməyən, qüsuru olmayan, səhvi olmayan bir
şəxsiyyətdir. Özündən sonra bir dövlətçilik ənənəsi miras qoyub
getmiş bir şəxsiyyətə hörmət etmək hər kəsin borcudur. Tutduğu
vəzifədən asılı olmayaraq, bu, bütün vətəndaşlara aiddir. Kimsə
Rəsulzadəni araşdırıb hansısa nüansla razılaşmırsa, bu onun şəxsi
fikridir. Ancaq heç kimin haqqı yoxdur ki, şəxsi fikirlərində belə,
bu cür şəxsiyyəti təhqir etsin. Rəsulzadə bu dövlətin qurucusudur
və cibində bu ölkənin vətəndaşlıq vəsiqəsini gəzdirən hər kəs ona
sayğı duymağa ən azı borcludur. Ölkə başçısının Rəsulzadənin adının
əbədiləşdirilməsi ilə bağlı verdiyi sərəncam da onu göstərir ki,
onun adı ilə bağlı böyük işlər görüləcək. İnanıram ki, dövlətin
bununla bağlı görəcəyi işlər yaxın günlərdə cəmiyyətə təqdim
ediləcək. Rəsulzadə həm də Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu olub. Müsəlman şərqində və türk dünyasında qurulan ilk
demokratik dövlətin qurucusu haqqında xoşagəlməz danışmaq düzgün
deyil".
Bu müqayisəni Nizami müəllimdən gözləməzdim
Məsələ
ilə bağlı Millət vəkili Fazil Mustafa da öz mövqeyini bildirdi.
"Axar.az"a danışan deputat öz həmkarının fikirlərinin yanlış
olduğunu dedi. Deputat, Heydər Əliyev ilə Rəsulzadənin müqayisə
edən Nizami Cəfərova öz iradlarını bildirdi:
"Rəsulzadə haqqında bu cür danışmaq uğursuz müqayisədən başqa
bir şey deyil. Rəsulzadə Azərbaycan dövlətçilik modelinin
qurucusudur, amma Heydər Əliyev isə müasir Azərbaycan dövlətinin
möhkəmlənməsində rol alan tarixi şəxsiyyətdir. Bu müqayisəni Nizami
müəllimdən gözləməzdim. Bu tarixi şəxsiyyətləri müqayisə etmək çox
uğursuzdur və açığı, müəyyən tarixi bilgisi olan adamlar bu cür
açıqlama verməməlidir".
Nizami Cəfərovun fikirləri haqqında danışan deputat, ADR
qurucusunun məzarının ölkəmizə gətirilməsi məsələsində həmkarı ilə
həmfikir olduğunu dedi:
"Məmməd Əmin Rəsulzadənin məzarının bura gətirilməsinin mən də
əlehinəyəm. Onun haqda bir yazı da yazmışdım. Birinci onun irsinə
münasibət dəyişilməlidir. Ona daha səmimi, sağlam və hörmətə layiq
yanaşılmaldır. Məzar gətirilməsi ilə bağlı bir yazım da var. Yəqin
ki, bu yazını yaxınlarda təqdim eləyərəm. Bura gətirilib heykəl
qoyandan sonra heykəlin və ya qəbrin ətrafına yığışmaqla məsələ
həll olunmur. Hüseyn Cavidin məzarının Sibirdən gətirilməsini
alqışladım, amma Rəsulzadə Sibirdə deyil ki, o da bir türk
torpağındadır. Sadəcə, Məmməd Əmin Rəsulzadənin məzarının
ziyarətini protokola salmaq lazımdır. Azərbaycanın dövlət başçısı
Türkiyəyə səfər etdiyi zaman onun məzarını ziyarət etməlidir. Bu
ona böyük bir sayğı olar".