Oktyabrın 28-30-da Bakıda
ilk dəfə olaraq Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək.
Bununla əlaqədar 91 ölkədən 200-dək rəsmi nümayəndə Bakıya səfər
edəcək. Forumda ümumilikdə 700 nəfərin iştirakı
gözlənilir.
Axar.az Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər
verir ki, Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqramı, BMT-nin
Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata
keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə
bağlı razılıq məktubu daxil olub. Layihənin önəmini qeyd edən bir
sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər
siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək
böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.
Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri
professor Saleh A.Alnassar forumun önəmindən danışarkən qeyd edib
ki, əfsuslar olsun ki, heç də dünyanın ən inkişaf etmiş ölkələrində
belə gənclər siyasəti sahəsi haqqında qanunlar qəbul edilib, bu
istiqamətdə işlər aparılmır: "Forumun önəmi gənclər siyasəti
sahəsində yeniliklərin əldə olunması, dünyanın bir çox ölkələrinin
təcrübələrindən yararlanma olacaq. Bir çətir altında dünyanın
müxtəlif ölkələri ilə təcrübə mübadiləsinin aparılması, yeni bilik
və ideyaların əldə olunması, gənclər siyasətində görülən işlərin
qiymətləndirilməsi istiqamətində önəmli məqam olacaq. Əminəm ki,
forum gənclər siyasəti sahəsində çalışan hər kəs üçün yeni ilham
mənbəyi və daha böyük layihələrə imza atılmasında ən uğurlu
başlanğıc olacaq".
Forumun önəmi ilə bağlı fikirlərini bölüşən digər rəsmi şəxs isə
Serbiyanın gənclər və idman naziri Vanja Udoviçiçdir. Nazir
Serbiyanın gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı
təcrübə ola biləcək işlər gördüyünü qeyd edib: "Ölkəmizin regional,
Avropa və beynəlxalq səviyyədə böyük uğurlara imza atmasına
baxmayaraq, təcrübə mübadiləsinin aparılması, yeni bilik və
informasiyanın əldə edilməsi çox böyük önəm daşıyır. Tam əminliklə
deyə bilərəm ki, oktyabr ayında Bakıda keçiriləcək forumda Serbiya
müxtəlif - təhsil, səhiyyə, təhlükəsizlik və digər sahələrdə həyata
keçirdiyi layihələri böyük məmnuniyyətlə digər ölkələrlə də
bölüşəcək".
Forumda iştirak etmək üçün elan əsasında 200 gənc seçiləcək. Bu
günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub.
Bundan əlavə, forumda müxtəlif ölkələrdən 200 nazir, nazir
müavini və dövlət nümayəndələrinin, 200 QHT nümayəndəsinin və 100
ekspertin iştirakı nəzərdə tutulub.