Bakıda mütəmadi olaraq
müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması
və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən
aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona
çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin
infrastrukturlara-yeni yollara, körpülərə və s. kimi projelərə
xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli
deyil. Bakının yolları bir neçə milyard dollar investisiyanı
"udmasına" baxmayaraq, problemin həlli görünmür və paytaxtın
köçürülməsini qaçılmaz edir.
Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də
gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə
maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra
ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız
biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə
ayrıca paytaxta köçürülməlidir.
Məlumdur ki, "Böyük Bakının Regional İnkişaf Planı" 2030-cu ilə
qədər olan dövrü əhatə edir ki, plana əsasən, iri sənaye
müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan
köçürülməsi planlaşdırılır. Qeyd edək ki, paytaxtın köçürülməsi
üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək
üçün isə referendum keçirilməlidir. Bu proses hüquqi baxımdan vaxt
aparsa da, məlumata görə, hakimiyyət paytaxtın köçürülməsi ilə
bağlı ciddi düşünür və bu istiqamətdə bəzi müzakirələr
intensivləşib.
"Yeni Müsavat"ın xəbərinə görə, hökumət yeni
paytaxt üçün yer də seçib. Bu, Ələt ərazisindəki geniş dağətəyi
sahədir. Hacıqabul yolunun Nəvai hissəsinə (Qazax istiqamətinə
gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni
paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına
görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki
bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının
(AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin
80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri,
xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların
möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki
araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib.
Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz
olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi
dondurdu...
Qaynağımız deyib ki, yeni paytaxtın salınması artıq əsas
müzakirə mərhələsini keçib və prezident səviyyəsində bu layihə
dəstək qazanıb. İddia var ki, bu, əslində İlham Əliyevin özünün
layihəsidir. Alternativ variantlar arasında (İsmayıllı, Qəbələ,
Göyçay) Ələt-Nəvai istiqaməti seçilib və artıq bu div-projenin
gerçəkləşməsi üçün ilkin 20 milyard manat vəsait ayırmağa da
razılıq verilib. Bugünlərdə Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Liman Kompleksinin istifadəyə verilməsini hökumətin
yeni paytaxtın salınacağının anonsu hesab edənlər də var. Eyni
zamanda, artıq ictimaiyyətə məlumdur ki, beynəlxalq hava
limanı da inşa ediləcək.
Yeni paytaxt ilk növbədə Bakının əhali yükünü xeyli dərəcədə, ən
azı 1 milyon nəfər yüngülləşdirməyə kömək edəcək. Dövlət
qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli
Məclis, diplomatik nümayəndəliklər, ali və orta təhsil
məktəblərinin bəziləri, həbsxanalar yeni paytaxta köçürülməli, Bakı
isə ölkənin əsas sənaye və ticarət mərkəzi kimi qalmalıdır.
Hökumətin ilkin hesablamalarına görə, paytaxt köçürülsə, Bakının
əhali yükünü ən azı 1 milyon nəfər, avtomobil yükünü isə 100
minlərlə yüngülləşdirmək mümkün olacaq. Məlumatda o da deyilir ki,
yeni paytaxtla Bakı arasında əlaqələrin qurulması üçün ilk növbədə
sürət qatarlarının olması vacibdir ki, hökumət bu istiqamətdə də
xarici şirkətlərlə danışıqlara başlayıb. Bunun üçün sürət
qatarlarının çəkilməsi planlaşdırılır ki, bu da "köhnə və yeni
paytaxt" arasındakı məsafəni 20 dəqiqə edəcək. Prezidentin xüsusi
diqqətində olan bu proyektin gerçəkləşməsi 2015-ci ilin sonuna
yaxın başlamalıdır. Əgər bu proyekt gerçəkləşərsə, prezident
Azərbaycanın müasir tarixində adını yeni bir səhifəyə yazmış
olacaq.
Yeri gəlmişkən, yaxın qonşularımız da paytaxtların yükünün
azaldılması praktikasından geniş istifadə ediblər. 1923-cü ildə
Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara
elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu
indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni
paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci
paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə
Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də
ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini "əldən
verməklə" Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək,
sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.