Ana səhifə Gündəm |
Gürcüstanda prezidenti seçkisi böyük rəqabət şəraitində keçdi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Ötən gün Gürcüstanda prezident kürsüsü uğrunda gedən rəqabətdə çoxlu gürcü siyasətçilər də iştirak etdilər. Təkcə seçkidə iştirak etmək istəyənlərin sayı 50-yə yaxın idi. MSK tərəfindən qeydə alınan 27 nəfərdən üçü – Zurabişvili, Vaşadze və Bakradze ən şanslı namizədlər sayılırdı. Ancaq seçkilərin ikinci turu keçiriləcək. Bu turda əsas mübarizəni Vaşadze və Zurabişvili davam etdirəcək. Hazırkı şərtlər indiki və köhnə hakimiyyətin təmsilçiləri arasında mübarizənin gərgin keçəcəyindən xəbər verir”, - ekspert bildirib.
Politoloq deyib ki, Zurabişvili birinci turda Vaşadzeyə qalib gələ bilməsə də, ikinci turda üstünlük qazanacaq:
“Hazırda Zurabişvilinin rəqibi də kifayət qədər güclüdür. Ayrı-ayrı partiyaları təmsil etmələrinə baxmayaraq, Bakadze Saakaşvilinin köhnə tərəfdarlarından sayılır və çox güman ki, ikinci turda səsini Vaşadzeyə verəcək. Bu prosesə ilk turda Zurabişviliyə uduzan digər namizədlər də qoşulacaq. Ancaq ikinci turda Saakaşvili əleydarlarının hökumətin dəstəklədiyi müstəqil namizədin xeyrinə daha da aktivləşəcəyini düşünürəm”.
Ekspert Zurabişvilinin qələbə ehtimalının mümkünlüyünü belə əsaslandırıb:
“Zurabişvilinin arxasında hakim partiya və hələ də Saakaşvilinin siyasətə qayıtmasını istəməyən böyük qüvvə durur. Əgər indiki iqtidarın dəstəyi olmasaydı, Zurabişvili heç qalib namizədlər sırasına da daxil ola bilməzdi. Çox güman ki, hakim partiya ikinci turda bütün səylərini və resurslarını öz müstəqil namizədinin qələbəsinə dəstək üçün səfərbər edəcək. Belə vəziyyətdə Zurabişvilinin mümkün qələbəsi qeyr-real görünmür”.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkisi keçirilib. Seçkinin son nəticələrinə əsasən, ilk yeri hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,61 faiz səslə tutub. Ondan çox cüzi fərqlə müxalifətin namizədi Qriqol Vaşadze (37,72%) qərarlaşıb. Üçüncü yeri isə Saakaşvilinin keçmiş partiyadaşı, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10,99% səslə tutub.
Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün seçkinin ikinci turunun keçirilməsi planlaşdırılıb. Avropa Gürcüstanı ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini bəyan edib.
Tarix
2018.10.29 / 14:59
|
Müəllif
Aygün Yusibova
|