Milli Məclisin saytında AV
Analitik-İnformasiya Mərkəzinin Avropa Parlamentini sərt tənqid
etdiyi yazı yerləşdirilib.
Həmin məqaləni kimi təqdim edirik:
1952-ci ildə Avropa Kömür və Polad Birliyi kimi yaranmış və
1957-ci il Roma müqaviləsindən sonra özünü Avropa Parlamenti
adlandıran qurum əvvəllər avropalılar arasında ciddi orqan kimi
qəbul olunmamışdır. 1970-ci illərdə Avropa Parlamentinin adı
gələndə deyirdilər ki, "öz qoca babanı göndər Avroparlamentdə
otursun" ("Hast du einen Opa, schick ihn nach Europa"). Yalnız
1979-cu ildə vətəndaşlar tərəfindən seçilməyə başlayan Avropa
Parlamenti sonrakı illərdə həyata keçirilmiş islahatlar nəticəsində
yeni səlahiyyətlər əldə etmiş və Avropa İttifaqının rəhbər
orqanları arasında əsas sözçülərdən birinə çevrilmişdir. Fəaliyyəti
dövründə Avropa Parlamenti vahid Avropa ailəsinin, müasir Avropa
standartlarının formalaşması və inkişafında mühüm rol
oynamışdır.
Lakin son illər Avropa Parlamentin fəaliyyəti yenidən
vətəndaşlar, hətta avroparlamentarilər arşında ciddi fikir
ayrılığının yaranmasına səbəb olmuşdur. Xüsusilə Martin Şultsun
rəhbərliyi dövründə Avroparlamentin Avropa xalqlarının iradəsini
ifadə etməli olan ali orqandan ayrı-ayrı siyasi dairələrin və
qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərən bir quruma
çevrildiyi bildirilir. 2014-cü ildə Avropa Parlamentinin sədri
postuna yarışmada Avropa Birləşmiş Solçu Partiyalar Qrupunun
namizədi kimi çıxış edən ispaniyalı deputat Pablo İqlesias
bildirmişdi ki, "Avropa qurumlarında sadə vətəndaşlar deyil,
ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar". Cənab Şults
bəzi Avropa paytaxtlarından gələn sifarişləri gözüyumulu icra
etməklə, habelə parlamentdəki azsaylı fraksiyaların səslərini qulaq
ardına vurmaqla və onların manevr imkanlarını məhdudlaşdırmaqla özü
haqqında "hər şeyə qadir" və "əvəzolunmaz" şəxs rəyi
formalaşdırmağa çalışır. Buna görə də Avroparlament hazırda
ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq
vasitəsi rolunu oynayan sifariş aləti kimi qəbul olunur. Vaxtilə
avrointeqrasiya tərəfdarı olan, Avropa Birliyi ilə qarşılıqlı
əməkdaşlığı həm də güclü, demokratik cəmiyyət quruculuğunun, sosial
rifah və tərəqqinin başlıca şərtlərindən biri hesab edən müxtəlif
ölkələrin, o cümlədən Azərbaycanın ictimaiyyəti və siyasi dairələri
indi hesab edirlər ki, Qərbdən gələn ardıcıl hücumlar və qərəzli
münasibət şəraitində Assosiasiya sazişinin imzalanması perspektivi
yaxşı heç nə vəd etmir.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi
əsası 1996-cı ildə imzalanmış və 1 iyul 1999-cu ildə qüvvəyə minmiş
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoymuşdur. 2004-cü ildə
Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olmuş, 2006-cı ildə isə
Avropa İttifaqı Fəaliyyət Planına qoşulmuşdur. Avropa İttifaqı ilə
Azərbaycan müxtəlif layihələr çərçivəsində məhsuldar əməkdaşlıq
etmiş, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya
neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE),
"Humanitar yardım" (ECHO), Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti
(AQTA) və digər proqramlar əlaqələrin inkişafına mühüm təsir
göstərmişdir. 2009-cu ilin mayında Praqada Şərq Tərəfdaşlığı üzrə
Zirvə görüşündə imzalanmış Birgə Bəyannamə digər iştirakçı
ölkələrlə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin
daha yüksək səviyyəyə qaldırılmasına, mövcud əməkdaşlığın
ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinə etibarlı
zəmin yaratmışdır.
Keçən dövrdə Azərbaycan öz prioritetlərinə və beynəlxalq
öhdəliklərinə uyğun olaraq mühüm demokratik islahatlar həyata
keçirmiş, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu
sahəsində böyük nailiyyətlər əldə etmiş, dinamik inkişafı ilə
seçilən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində öz yeri
və mövqeyi olan ölkəyə çevrilmişdir. Müstəqil daxili və xarici
siyasət Azərbaycana öz milli maraqları çərçivəsində mövqe tutmağa,
qarşısında duran bütün vəzifələrin uğurlu həllinə nail olmağa imkan
yaratmışdır. Sözsüz ki, bütün bu nailiyyətlərin əldə edilməsində
Azərbaycanın Qərbdəki tərəfdaşları ilə həyata keçirdiyi nəhəng
transmilli enerji layihələrinin də böyük rolu olmuşdur.
2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin
Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan
Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu" tərəflər arasında enerji dialoqunun
genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır.
Memorandumun əsas məqsədi Aİ-nin enerji təchizatının
diversifikasiyası və təhlükəsizliyinin təmin edilməsi üçün
Azərbaycanla birgə praktiki tədbirlərin həyata keçirilməsi
olmuşdur. Sonrakı dövrdə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində
ikitərəfli əməkdaşlığın inkişafını stimullaşdıran digər mühüm
sənədlərlə yanaşı, 2009-cu ilin mayında Şərq Tərəfdaşlığı
Bəyannaməsinin, 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizinin təsis
edilməsinə dair "Birgə Bəyannamə"nin, 2011-ci ilin yanvarında
Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi üzrə İşçi
Qrupunun yaradılmasına dair Niyyət Protokolunun imzalanması enerji
dialoqunu əməkdaşlığın ən mühüm istiqamətlərindən birinə
çevirmişdir.
Azərbaycan tərəfdaşlıq öhdəliklərinə sadiq qalaraq Avropanın
enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin
təmin edilməsinə öz dəyərli töhfələrini davam etdirdi. 2011-ci ildə
Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji
əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a
dair sazişin imzalanması, 2013-cü ildə TAP layihəsinin əsas ixrac
marşrutu kimi seçilməsi, dekabrın 17-də "Şahdəniz-2" layihəsinə
dair yekun investisiya qərarının qəbul edilməsi və 2014-cü ildə
"Cənub" qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi bunun
əyani sübutudur.
Azərbaycan həm də beynəlxalq koalisiyanın terrorizmlə
mübarizəsini dəstəkləmiş, bu işə öz töhfəsini vermiş, dünyada
sülhün, sabitliyin, davamlı inkişafın və tərəqqinin tərəfdarı
olduğunu öz siyasəti və əməli addımları ilə təsdiqləmişdir. Mühüm
transmilli enerji layihələrinin həyata keçirilməsində, terrorizmlə
mübarizədə və digər prinsipial məsələlərdə Azərbaycan müstəqil
siyasətindən geri çəkilməmiş, heç bir təhrikə baş əyməmiş, bütün
təzyiqləri dəf etmiş və öz ali iradəsini nə yaxın qonşularının, nə
də uzaq paytaxtların istəyinə və maraqlarına qurban verməmişdir.
Bütün bunlar Azərbaycanın öz prinsiplərinə, öhdəliklərinə və
tutduğu yola sadiqliyini təsdiq edən faktorlardır. Hesab etmək olar
ki, bu, həm də kimlərinsə təzyiqi nəticəsində Azərbaycanın Avropa
İttifaqı ilə Assosiasiya Sazişi imzalamadığını iddia edənlərə
tutarlı cavabdır.
Hazırda Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür,
Qoşulmama Hərəkatının üzvü kimi hərbi-siyasi bloklarda iştirak
etmir və ayrı-ayrı güc mərkəzlərinin təsir dairəsinə daxil olmaq
perspektivini də öz müstəqilliyinə təhlükə kimi qiymətləndirir.
Azərbaycan hesab edir ki, dünya ölkələri və ayrı-ayrı birliklərlə
əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulmalıdır və bu
əməkdaşlıq müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq səviyyəsinə də
yüksəldilə bilər. Buna görə də rəsmi Bakı Avropa İttifaqına
Strateji Tərəfdaşlıq istiqamətində fəaliyyət təklif etmişdir.
Azərbaycan hökuməti hesab edir ki, siyasi, iqtisadi, humanitar
sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin "Cənub"
qaz dəhlizi layihəsinin reallaşdırılması və digər məsələlər
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq
münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynaya
bilər.
Bu gün Avropada dərk etməyə başlayıblar ki, həll olunmamış
münaqişələr Avropa İttifaqının müxtəlif ölkələrlə, o cümlədən
Azərbaycanla əlaqələrinin inkişafına maneə yaradan əsas səbəblərdən
biridir. Təəssüf ki, artıq 20 ildən artıq müddətdir davam edən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli,
beynəlxalq hüquq normaları çərçivəsində həlli Avropa İttifaqının
maraq dairəsinə daxil edilməmişdir. Düzdür, Avropa Parlamenti
Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etmişdir.
Lakin bunu, həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin
edilməsini, ATƏT-in Minsk qrupu ilə "sıx əməkdaşlığı" münaqişənin
həllinə "kömək" hesab edənlər Ermənistanın işğalçı siyasətindən
geri çəkilməməsinə, Azərbaycana qarşı ardıcıl diversiyalarına,
cəbhə xəttində insanların ölümünə, hərbi əməliyyatların bərpa
edilməsi təhlükəsinə də məntiqli izah tapmalıdırlar. Ukraynadakı
hadisələrə görə separatçılara və Rusiyaya qarşı ciddi sanksiyalar
tətbiq edən Avropa İttifaqı hansı səbəbdən analoji sanksiyaların
işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağa tətbiq
olunmadığına aydınlıq gətirməlidir. Üstəlik Dağlıq Qarabağ
münaqişəsinin həll edilməməsinin Abxaziya, Cənubi Osetiya, indi isə
Ukraynada separatizmin alovlanmasında katalizator rolunu oynadığı
da etiraf olunmalıdır.
Ancaq əməkdaşlıq təşəbbüslərinin gözlənilən nəticəni verməməsi
təkcə Avropa İttifaqının bu kimi həssas məsələlərə laqeyd yanaşması
ilə bağlı deyil, burada həm də Avropa Parlamentinin, digər
qurumların ABŞ-dan və bəzi Avropa paytaxtlarından gələn sifarişlərə
uyğun olaraq müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı
ardıcıl şəkildə qərəzli və qeyri-obyektiv münasibəti də öz rolunu
oynayır. Avropa Parlamentinin Çexiyadan olan deputatı İrji Maştalka
bildirmişdi: "Avropa Şurası yarananda, bu, İkinci Dünya
müharibəsindən sonra insan hüquqlarının müdafiəsi məsələsində
vaxtında atılmış addım oldu. Ancaq indi bu təşkilat bəzi ölkələrin
və məmur qruplarının iradəsinin həyata keçirilməsi üçün siyasi
vasitəyə çevrilib. Analoji vəziyyət Avropa Parlamentində də
müşahidə olunur, xüsusilə də ayrı-ayrı dünya ölkələrinə dair
qətnamələrin qəbulu məsələsində".
Həqiqətən də, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə,
həmçinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr bu qurumun
müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salmışdır.
Məlumdur ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci
ilə kimi Nissa müqaviləsi ilə tənzimlənmiş və 736 nəfər olmuşdur.
2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751
nəfərə çatdırılmışdır. Təəccüb doğuran hal ondan ibarətdir ki,
Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı
qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların
sayı hər dəfə 50-60 nəfəri keçməmişdir. Məsələn, 2011-ci il mayın
12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54
deputat iştirak etmişdir. 2012-ci il mayın 20-də 56 deputatın
iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin
qəbulu Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsinə təsadüf
etmişdir. Həmçinin, iyunun 20-21-də Avropa Parlamenti ilə
Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclasının
keçirilməsi nəzərdə tutulmuşdur. 2013-cü il iyunun 15-də Avropa
Parlamentində 50-60 nəfərin iştirakı ilə təşkil olunmuş
müzakirələrdən bir neçə gün əvvəl – iyunun 7-də isə Yeni Azərbaycan
Partiyasının V qurultayı keçirilmiş və cənab İlham Əliyevin növbəti
dəfə prezidentliyə namizədliyi irəli sürülmüşdür. 2014-cü il
sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin
qəbulu "Əsrin müqaviləsi"nin ildönümü və "Cənub" qaz dəhlizinin
təməlqoyma mərasimi ərəfəsinə təsadüf etmişdir. Səsvermədə iştirak
edən deputatların əksəriyyəti Azərbaycanda həbs olunmuş Ermənistan
kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra
Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslər olmuşlar. Üstəlik,
bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və
sanksiyalar tətbiq olunması barədə bənd daxil edilmişdir.
Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr
təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı
ilə keçirilmiş və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf
etmişdir. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq
məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən
bir qrupun və onların başında duran parlamentin sədri Martin
Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas
yaradır.
Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini
qaçırmamış, hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov
Macarıstandan ekstradisiya olunduqdan sonra xüsusi bəyanatla çıxış
edərək "narahatlığını" bildirmişdir. 2014-cü il noyabrın 26-da
Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində
isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan
haqlarının pozulmasında ittiham etmişdir.
Martin Şults Avropa Parlamentində kifayət qədər ziddiyyətli,
xasiyyətcə müvazinətsiz, çılğın şəxs kimi tanınır. Hesab olunur ki,
gənclik illərində keçirdiyi sarsıntılar onun həyatında və psixoloji
durumunda dərin izlər buraxmışdır. Gənclikdə cənab Şults tam fərqli
karyera qurmaq və futbolçu olmaq istəmiş, lakin ayağından aldığı
zədə onun vurulan qollar və ulduz karyerası ilə bağlı ümidlərini
puça çıxarmışdır. Bundan sonra gənc Martin dərdini alkoqolla
unutmağa çalışmış və içkiyə aludəçilik onda adət halını almışdır.
Almaniyanın "Bild" nəşri yazırdı ki, o, hətta işə belə içkili
gəlirmiş və buna görə də bir yerdə çox qala bilmirmiş. "Suddeutsche
Zeitung" qəzetinin yazdığına görə, arzularının puç olması onda elə
psixoloji gərginlik yaratmışdır ki, Martin həyatın dibinə
yuvarlanmış və az qala yaşadığı mənzildən də qovulacaqmış. 1980-ci
ildə onun qardaşına zəngi və yardım istəməsi, sonrakı dövrdə
ardıcıl müalicələr nəticəsində Şults bu bəladan xilas ola
bilmişdir. Futbol, kitab alveri və digər sahələrdə "uğursuzluqlar"
Martini bəxtini başqa istiqamətdə sınamağa vadar edir və o,
Almaniyanın ən nüfuzlu partiyalarından birinə - Sosial Demokrat
Partiyasına (ASDP) üzv olaraq öz siyasi karyerasını qurmağa
başlayır. Almaniya mətbuatı yazır ki, M.Şultsun ASDP-nin siyasi
fəaliyyət platformasını seçməsi də təsadüfi xarakter daşımamışdır:
o, öz maraqları naminə həmişə perspektiv vəd edən məqamları seçməyi
və qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən
istifadə etməyi bacarır.
1994-cü ildə Avropa Parlamentində fəaliyyətə başlayan M.Şultsun
siyasi karyerasının təhlili onu deməyə əsas verir ki, o, əsil
şoumenlər kimi daim diqqət mərkəzində olmağı sevir və lazım gəldiyi
hallarda qalmaqallardan belə çəkinmir. 2003-cü ildə M.Şultsun
İtaliyanın Baş naziri Silvio Berluskoninin anti-sosial siyasətini
kəskin tənqid etməsi onların arasında ciddi toqquşmaya səbəb
olmuşdu. Həmin vaxt Berluskoni Şultsa "La Reppublica" nəşri
vasitəsilə cavab vermiş və onu nasistlərlə eyniləşdirmişdi. 2010-cu
ildə isə Şultsun Böyük Britaniyanı tənqidi və bu ölkəni Avropa
İttifaqının dağılmasında maraqlı olmaqda ittiham etməsi ingilis
parlamentarilərinin kəskin etirazını doğurmuşdu. Bununla bağlı
britaniyalı deputat Qodfri Blum nasistlərin "Ein Volk, ein Reich,
ein Führe" (Bir xalq, bir imperiya, bir lider) şüarını çığırmaqla
Şultsu təhqir etmişdi.
2012-ci ildə Avropa Parlamentinin sədri seçildikdən sonra da
Şults daim siyasi qalmaqalların mərkəzində olmuşdur. 2014-cü ilin
fevralında onun İsrail Knessetində çıxışı ciddi narazılıq yaratmış,
İsrailin "Yəhudi Evi" təşkilatının üzvləri etiraz əlaməti olaraq
binanı tərk etmiş, Baş nazir Benyamin Natanyahu isə Şultsu
qınamışdır. Həmin vaxt media Şultsun düzgün danışıb-danışmadığından
daha çox, onun öz statusuna uyğun gəlməyən qeyri-diplomatik
davranışını müzakirə etmişdir.
Bütün bunlarla yanaşı, M.Şults həm də başqalarının
müvəffəqiyyətlərinə rişxəndlə yanaşan, onların uğurlarını öz
məğlubiyyəti kimi qəbul edən və hər vəchlə bu uğurları gözdən
salmağa çalışan insan kimi tanınır. Məlumdur ki, 2014-cü ildə
sosial-demokratların lideri kimi M.Şults Avropa Komissiyasının
rəhbəri postuna öz namizədliyini irəli sürmüşdü və aylıq maaşı 27
min avro təşkil edən bu vəzifəni heç bir halda əlindən buraxmaq
istəmirdi. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının
namizədi Jan-Klod Yunkerə məğlub olmuş və ikinci dəfə Avropa
Parlamentinə rəhbərlik etmək təklifinə razılaşmışdır. Avropa
mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa
Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı
Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil,
iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları
tərəfindən müəyyən olunmuşdu. Avropa Parlamentinin deputatları isə
sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs vermişlər. Əlbəttə,
söhbət Avropadan gedirsə, bunu da "demokratiyanın" növbəti təzahürü
kimi qəbul etmək olar.
Lakin seçkilərdən dərhal sonra bir araşdırmaçı jurnalist
təşkilatının internet saytında Jan-Klod Yunkerə qarşı ciddi
korrupsiya ittihamları irəli sürülmüşdür. Belçikanın "Libre
Belgique" nəşrinin məlumatına görə, "Luxembourg Leaks" adı alan bu
qalmaqallı araşdırmada Yunkerin Lüksemburqa rəhbərlik etdiyi dövrdə
dünyanın nəhəng şirkətlərinin öz ölkələrində vergidən yayınması
üçün əlverişli vergi sistemi qurduğu iddia olunmuşdu. Bildirilmişdi
ki, Lüksemburq dünyanın 340 nəhəng şirkəti, o cümlədən Apple, İKEA,
Amazon, Pepsi və digərləri ilə gizli vergi razılaşması qurmuşdur.
2002 və 2010-cu illəri əhatə edən bu razılaşmalara əsasən,
Lüksemburqda filiallarını yaratmaqla, yaxud mərkəzi ofislərini ora
keçirməklə, həmin şirkətlər öz ölkələrində qazandıqları gəlirlərdən
milyardlarla dollar vergi gizlətməyə müvəffəq olmuşlar. Həmin
dövrdə media iddia etmişdi ki, Avropa Komissiyasına seçkilərdən
sonra belə məlumatların ictimailəşdirilməsi Yunkerə rəqib olan və
məğlubiyyətini həzm edə bilməyən M.Şultsun və ya Yunkerin
seçilməsinin əleyhinə qətiyyətlə çıxış edən Böyük Britaniya
hakimiyyətinin işi ola bilər. Ancaq nədənsə, bu məsələ inkişaf
etdirilmədi və tez bir zamanda unuduldu. Necə ki, vaxtilə Martin
Şultsun Ukraynada V.Yanukoviç hakimiyyətindən külli miqdarda rüşvət
aldığı barədə məlumatlar araşdırılmadı və dövriyyədən çıxarıldı.
Yəqin ki, bu məsələ inkişaf etdirilsəydi, cənab Şults Avropada
"İlin korrupsioneri" "fəxri adına" ən layiqli namizədlərdən biri
olardı.
Avropa demokratiyasının digər bir təzahürü Avropa Parlamentinin
tərkibi, fraksiyaların imkanları arasında ciddi fərqdə özünün
büruzə verir. Bu qurum birbaşa seçkilər vasitəsilə formalaşdığı
1979-cu ildən bu günə kimi iki fraksiyanın – Sosialistlər və
Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyası
(EPP) fraksiyalarının nəzarətindədir. Sonuncu 2014-cü il
seçkilərində də EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191
mandat əldə etmişlər. Ümumilikdə 751 deputatın təmsil olunduğu
parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün
məsələlərə təsir imkanlarını öz əllərində saxlayırlar. Kommunistlər
və solçular, yaşıllar, regionallar, liberallar, konservatorlar,
milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil
deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir
göstərmək imkanına malik deyillər. Bir çox ekspertlər və
avroparlamentarilər bu nisbəti iki fraksiyanın monopoliyası
adlandırır və Avropa Parlamentində ədalət prinsipinin pozulduğunu
bildirirlər. Hesab olunur ki, mövcud durum Avropada bəzi ölkələrin
ardıcıl şəkildə öz siyasi xətlərini yürütməyə, qərarların qəbuluna,
Avropa Birliyinin rəhbər orqanlarına öz adamlarını keçirməyə və
digər məsələlərin həllinə ciddi təsir imkanlarını öz əllərində
saxlamasına şərait yaradır. Əslində, 2014-cü il iyunun 26-27-də
keçirilmiş Avropa İttifaqı Sammitinin nəticələri bu iddiaların heç
də əsassız olmadığını göstərir.
Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan
hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar
olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi
tədbirlər görmək istiqamətində heç bir iş görməmişdir.
İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması,
polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının
pozulması faktları əksər hallarda araşdırılmır. Söz və məlumat
azadlığının pozulması, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilələr,
bir çox hallarda ictimai rəyə təsir imkanı olan medianın və
vətəndaş cəmiyyəti institutlarının susdurulması və ya müxtəlif
qrantlar, yardımlar vasitəsilə satın alınması da geniş yayılmışdır.
Avropa Parlamenti Brüsseldə, Londonda, Berlində, Parisdə,
Ferqyusonda və digər paytaxtlarda və şəhərlərdə baş verən kobud
insan hüquqları pozuntularını "görmür", ancaq Azərbaycan kimi
ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə
prinsipiallıq donu geyindirməyə çalışır. Belə ikili standartlar,
ayrı-seçkilik Avropa dəyərlərini gözdən salır, Avropa İttifaqına
etimadı azaldır.
Həm də bütün bunlara görə Avropa İttifaqına üzvlük Azərbaycan
cəmiyyətinin gündəmində yoxdur. Azərbaycan xalqı hakimiyyətin
yürütdüyü müstəqil siyasətin bəhrəsini görür, onu bölüşür və
dəstəkləyir. Azərbaycan çoxtərəfli və ikitərəfli formatlarda
əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə, qarşılıqlı etimada, bir
birinin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verir. ABŞ
və Avropanın bəzi siyasi dairələri tərəfindən idarə olunan kiçik
bir qrup – "beşinci kolon" istisna olmaqla, heç kim 70 il Sovet
imperiyanın tərkibində olmuş Azərbaycanın yenidən keçmişə
yuvarlanmasını, öz azadlığını və müstəqilliyini itirməsini istəmir.
Əgər həqiqətən də Avropa İttifaqı ilə Assosiasiya Sazişi və ya bu
ittifaqa üzvlük demokratik dəyərlərin qorunması, insan haqlarına
hörmət və həyat tərzinin yaxşılaşması deməkdirsə, onda bəzi Avropa
ölkələrinin, daha dəqiqi Yunanıstanın qurumdan çıxmaq cəhdinə,
Ukraynanın acınacaqlı durumuna, Ermənistanın Avrasiya İttifaqına
üzv olmasına izah tapmaq çətindir.
Musavat.com