Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı
olub.
AzərTac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda
iştirak ediblər.
Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə
dövlətimizin başçısına məlumat verdi.
Heydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan
bu Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanıb. Mərkəzin
ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min
kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb,
yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin
olunub.
Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını
bildirən lenti kəsdi.
Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu,
dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli
monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq
monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların
ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan
şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun
olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının
tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən
250 nəfərədək dəyişmək mümkündür. Bina bütün zəruri kommunikasiya,
o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada
restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım
aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara
eskalatorlar və 16 lift xidmət göstərəcək.
Bakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə
yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son
yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın
akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın
işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.
Ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin
davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm
beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə
siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə
aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil
olunur. Belə bir Mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq
tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar
yaradır.
Bildirildi ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən
5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik
Toplantısı olacaq. Bu mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk
dəfə məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə yaxın
iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər
hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı,
özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti
nümayəndələrinin, eləcə də tanınmış alimlərin və ekspertlərin
iştirakı nəzərdə tutulur. Belə bir mühüm tədbirin ölkəmizdə baş
tutması Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış
yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika
sahəsində ölkəmizin əlverişli imkanları ilə yanaşı, Bakı Konqres
Mərkəzi kimi memarlıq nümunələrinin inşa olunması ilə də sıx
bağlıdır.
Bu möhtəşəm bina inşa olunduğu əraziyə də gözəllik verir, Heydər
Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da
artırır. Orijinal üslubda tikilən Mərkəz ümumilikdə, paytaxtda
aparılan abadlıq-quruculuq işlərinin davamlı olduğunu bir daha
təsdiqləyir.