Axar.az Azərbaycan Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənovun AzərTac-a müsahibəsini
təqdim edir:
- Əli müəllim, məlum olduğu kimi, dünən Mərkəzi Bankın İdarə Heyəti
ölkə ərazisində manatın "üzən məzənnə rejimi"nə keçilməsi barədə
qərar qəbul edib. Bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və
təhlillər səslənir. Sizcə bu qərar hansı zərurətdən irəli gəlib və
ölkədə bu sahə üzrə sonrakı proseslərə necə təsir göstərəcək?
- Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti milli valyutamızın
sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atdı və
tədbirləri gördü. Baxmayaraq ki, əksər neft istehsal edən ölkələr,
o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB
ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər.
Mütəxəssislər yaxşı bilir ki, müdaxilə yolu ilə valyutanın
sabitliyinin qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa
gəlir. Lakin o da bəllidir ki, "üzən kurs"a keçid də çəmiyyət üçün
itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər
gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz
ötüşmür. Son günlər Azərbaycanda hamıya bəlli idi ki, "üzən kurs"a
keçid prosesi qaçılmaz həddə çatıb və Milli Bank bununla
hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada
iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və
gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən
və potensialından asılı olmayaraq, əksər ölkələrdə - dünyanın ən
qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər
– bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən
yaxın ticarət tərəfdaşlarımız – Rusiya, Türkiyə, İran, Qazaxıstan,
Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst
buraxılmışdı ki, bu da onlarla iqtisadi və ticarət əlaqələrimizə
problemlər yaradırdı. Azərbaycanın daxili istehsalı manatın sabit
və yüksək kursu səbəbindən getdikcə aşağı düşürdü. Belə bir
vəziyyətdə, manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi.
Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi
təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və
ləngitməyə çalışırdı. Amma, bilirsiniz ki, ölkəmiz qlobal dünyanın
bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə
ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq. Bir faktı da
qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi
ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin
ucuzlaşması faktorunu nəzərə almaya bilməz. Bu ilin əvvəlindən
dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə
ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də
3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər
ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin
əvvəlindən milli valyutalarının kursunu sərbəst buraxmaq
məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri
uzun müddət öz ehtiyyatları hesabına ödəməyə çalışdı. Lakin bu
prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə
ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi.
Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda
bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv
bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər
də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir.
Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi
rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştalar öz rəqibini
iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin
qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun
üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın
qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla
məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft
satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr
Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi
dünya bazarlarına neftin sürətlə ucuzlaşması fonunda baş verirdi.
Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil.
Çünki ABŞ neft satışına qiymətin rekord həddə yüksək- az qala, 150
dollar olduğu zaman deyil, rekord həddə ucuz – 37 dollar olan zaman
başlaması sübut edir ki, məqsəd, qanun layihəsinə göstərildiyi
kimi, "iqtisadi inkişaf və istehsalatın artmasından çox,
qiymətlərin bu yolla tənzimlənməsindən" gedir. Nəhayət, neft
satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Rezerv
Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini
möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi.
Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və
nəticədə neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın
qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına
çıxartmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda
nizama düşməsi çöx mürəkkəb görünür.
Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət
tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik
beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın
son qərarını qaçılmaz edib. Lakin bu o demək deyil ki, hakimiyyət
bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən
istifadə etməyəcək. Hökumətimiz İlk növbədə, çalışacaq ki, sosial
müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum
ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın
stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan
digər sahələrini – monopoliyaları, korrupsiya hallarını,
sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan
tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas
məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar
mexanizmləri ilə kompensasiya etməkdir. Və vətəndaşlarımız əmin
olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi
tədbirləri görəcəkdir.
- Bu yaxınlarda ABŞ-ın Helsinki Komissiyasının sədri,
konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların
tətbiq olunması ilə bağlı layihə təqdim edib. Bu təşəbbüsü necə
qiymətləndirirsiniz və onun perspektivini necə
görürsünüz?
- Bilirsiniz, Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı
ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin
rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun
olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ
rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bu konqresmeni
Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi
olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər
vəcdlə Azərbaycanın ABŞ-la münasibətlərinə kölgə salmağa
çalışdığını, özünü Koqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki
Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox
yaxşı bilirik. Kris Smit ABŞ-ın qondarma "erməni soyqırımı"nı
tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst
konqresmenlərdən biridir. Elə bu il ərzində o bir neçə dəfə
"soyqırım"ın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ
prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu
adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı
layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi
Vaşinqton K.Smitin nə "erməni soyqırımı", nə də Azərbaycana qarşı
hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni
ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti
də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst
qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə
düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var.
Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst
mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış
etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü
düşünən insanlar var. Onlar da Azərbaycan haklmiyyətindən ABŞ-la
strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli
yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd
etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrlə olduğu kimi,
ABŞ-la da münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı
çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan
vermirik.
Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək
verərsə, ermənipərəst qüvvələrin "oyunu"na gedərsə, o zaman
Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç
kəsin şübhəsi olmasın.