Dünya Azərbaycanlıları
Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı DAK-ın İstanbul
qurultayından keçən müddət ərzində gördüyü işlər, gələcək planlar
və s. məsələlərlə bağlı DAK-ın Mətbuat Xidmətinə müsahibə verib.
Axar.az müsahibəni təqdim edir:
– Sabir bəy, DAK-ın hazırkı fəaliyyətini necə
dəyərləndirirsiniz?
– DAK-ın fəaliyyətinə iki müstəvidə baxmaq olar. Birincisi,
dünyadakı Azərbaycan dərnəklərinin ümumi vəziyyəti, fəaliyyəti,
ənənələri müstəvisində: DAK-a qədər bu dərnəklərin vəziyyəti necə
olub və Konqres yaranandan sonra necədir? Onların indiyə kimi
gördükləri işlərlə DAK-ın işini müqayisə edərkən Konqresin
Azərbaycanın diaspor tarixində ciddi bir təşkilat olduğunu və bu
qurum yaranandan sonra diaspor fəaliyyətində böyük dəyişikliklərin
baş verdiyini görə bilərik. DAK-la bağlı mübahisələrin özü belə
Azərbaycan diasporunun ildən-ilə təşkilatlanmasına və ictimai
həyatda öz yerini böyütməsinə xidmət edir. İkincisi, DAK-ın
fəaliyyətinə hazırda Güney Azərbaycanda baş verən proseslər,
xalqımızın ümumi problemləri işığında baxmaq olar. Ancaq Konqresin
bu müstəvidə fəaliyyəti yetərli deyil. Çünki bu istiqamətdə görməli
olduğumuz işlər həddindən artıq çoxdur. Qonşu xalqların,
dövlətlərin diaspor təşkilatları, bizim taleyimizi yaşayan xalqlar,
dövlətlərlə müqayisə edəndə daha çox iş görməli olduğumuzu
görürürk. Məsələn, İranda bizimlə eyni taleyi yaşayan bir sıra
xalqlar tamamilə silahlanıblar və onlar terror yoluyla silahlı
mübarizə aparırlar. Azərbaycan türkləri, ümumilikdə İran türkləri
bu yolu tutmayıblar və yəqin ki, bu, uyğun yol da deyil.
Ümumiyyətlə, İran türkləri ilə onların taleyini tamamilə
eyniləşdirmək olmaz. Çünki İran əslində yüz illər boyu türklərin
dövləti olub, bizə məxsus bir ölkədir. Farslar İranın bir
bölgəsində yaşasa da, türklər İranın hər tərəfində yaşayırlar.
Əslində, İran türklərin vətənidir. Ona görə də İranın gələcək
taleyini hamıdan çox düşünən oradakı türklərdir və buna uyğun
olaraq da addımlar atılır. Yəni DAK-ın fəaliyyəti bir tərəfdən
baxanda qənaətbəxş olsa da, digər tərəfdən baxanda şübhəsiz
narahatlıq doğurur. Biz də bunu görürük, buna uyğun addımlar atmağa
çalışırıq.
– Ötən ilin aprel ayında təşkilatın İstanbulda qurultayı
keçirildi. DAK bu qurultayın birləşdirici qurultay olacağına ümid
edirdi. Niyə arzulanan nəticə əldə olunmadı?
– Doğrudur, biz bu qurultaya birləşdirici qurultay kimi
baxırdıq. Ümid edirdik ki, DAK-a iddiası olan, vaxtilə qurumdan
inciyib getmiş adamlar, yaxud Konqresə alternativ olaraq ikinci,
üçüncüsünü yaratmaq istəyənlər qurultaya gələcək. Əgər həmin
şəxslərdə milli təəssüb hissi, millətə xidmət istəyi varsa, onlara
maneçilik yaradılmamalıdır və qurultayda iştirak etməlidirlər. Ona
görə də bu niyyətlə həmin şəxslərlə əlaqə saxlamışdıq. Bəziləri də
qurultayda iştirak edəcəklərinə söz vermişdilər. Ancaq təəssüflər
olsun ki, gəlmədilər. Biz İstanbulda qurultay keçirəndə onlar
İstanbulun ayrı-ayrı yerlərində, köşələrində DAK-ın
parçalanacağını, təşkilat daxilində müəyyən münaqişələrin baş
verəcəyini gözləyirdilər. Belə adamların vətən təəssübünə, milli
işə bağlılığına inana bilmirəm. Sadəcə, burada xırda oyunlar gedir
və bu oyunlar heç bir xeyir verməz. İndi qurultaydan uğurlu
çıxdığımızı görən və qurultayda DAK-dan kənarda qalan bir sıra
adamlar bu aylar ərzində yalnız təşkilatın kölgəsini qılınclamaqla,
bizə böhtanlar yağdırmaqla məşğuldurlar. Hətta DAK-ın işini bir
kənara qoyub, şərəfsizcəsinə şəxsi mövzulara burunlarını soxurlar,
kişiyə, insana, kəsilən duz-çörəyə və ümumiyyətlə, ictimai-siyasi
fəaliyyətə yaraşmayan şəkildə özlərinə yaxın adamların mətbuat
orqanlarında təşkilatla bizim işimizə kifayət qədər qara yaxıblar.
Əlbəttə, bu işlər xeyli adamın əl-qolunu soyudur. Nəticədə əsas
işini bir kənara qoyub, bunlara cavab vermək məcburiyyətində
qalırsan. Hərçənd ki, mən çox şeylərə, xırda dedi-qodulara cavab
verməmişəm və bunu özümə yaraşdırmıram. Ancaq bütün bunlar vaxt
alır, DAK üzvlərinin əsəblərinə toxunur. Bu boyda işlər görülür,
ancaq qarşılığında kimlərinsə ortaya düşüb suyu bulandırmaları
narahatlıq yaradır. Həmin qüvvələr yenə də fəaliyyətdədirlər. Buna
baxmayaraq, öz işimizi görürük, fəaliyyətimizi davam etdiririk. DAK
qurultaydan keçən müddət ərzində Bakıda müxtəlif tədbirlər
(Azərbaycan tarixi, Güney Azərbaycan türklərinin taleyi, İranda
insan haqlarının vəziyyəti, Urmiya gölü, Suriya və İraq
türkmanlarının taleyi, 21 Azər Hərəkatı və s.) təşkil edib. Bizim
fəaliyyətimiz daha çox təbliğat və təşkilatlanma, DAK-ın
azərbaycanlıların yaşadığı hər bir ölkədə təmsilçiliklərinin
yaradılması işidir. Biz hər hansı bir ölkə və beynəlxalq təşkilata
savaş elan etməli deyilik ki? Azərbaycanlıların vəziyyətini dünya
ölkələrinə, beynəlxalq təşkilatlara çatdırmağa çalışırıq. Ötən il
Cenevrədə Millətlər Sarayında İran türklərinin taleyinə həsr
olunmuş son dərəcə mühüm konfrans keçirildi. Tədbirdə 5-6 məruzə
dinlənildi, əksəriyyəti də İrandakı Azərbaycan türkləri ilə bağlı
idi. Mənim və Mahmud Bilgin və qızı Ayda Kərimlinin İrandakı
Azərbaycan türklərinin taleyi ilə bağlı çıxışlarımız oldu. Eyni
zamanda, Braziliya, Polşa siyasətçilərinin, UNPO rəhbərinin də
dəyərli çıxışları oldu. Hər halda Azərbaycan məsələsi gün ərzində
geniş müzakirə obyektinə çevrildi.
DAK müxtəlif beynəlxalq qurumlarla yazışmalarını davam etdirir.
DAK Strateji Araşdırmalar Mərkəzi İranda insan haqlarının vəziyyəti
ilə bağlı hər ay hesabatlar hazırlayır, bu sənədləri müxtəlif
kanallar vasitəsilə yayırıq, həmçinin saytımız fəaliyyət göstərir,
İranla daimi əlaqələrimiz var, Azərbaycanda təhsil alan güneyli
tələbələrin zaman-zaman qarşılaşdıqları problemlərin həllinə
yardımçı oluruq. Yəni DAK işini hərtərəfli davam etdirir.
– DAK-ın digər diaspor təşkilatlarından əsas fərqi
nədir?
– Mən bu yaxınlarda televiziya çıxışlarımın birində dedim ki,
bir sıra ölkələrin diaspor təşkilatları ilə Azərbaycan diaspor
təşkilatlarını yan-yana qoymaq, müqayisə etmək olmaz. Məsələn,
yəhudilər 2000-2500 ildir dünyaya dağılıblar və onlar artıq diaspor
deyil, yaşadıqları ölkə onların vətənləridir. Ancaq bizimkilər
Rusiyaya çorək pulu, iş dalınca gediblərsə, onda imkanlar tamamilə
fərqlidir. DAK-ın digər diaspor təşkilatlarından əsas fərqi nədir?
DAK Azərbaycan Respublikasından getmiş və xaricdə yerləşmiş
azərbaycanlıların dərnəklərindən fərqli olaraq, ancaq Quzey
Azərbaycan məsələsiylə məşğul deyil. DAK həm də dünyanın hər
yerində yaşayan azərbaycanlıların taleyini düşünür və bizim
üzvlərimizin arasında həm İraq, həm Suriya türkmanları, həm Türkiyə
azərbaycanlıları, həm Borçalı, həm də başqa türklər var. Eyni
zamanda, bizim əsas məqsədlərimizdən biri Güney Azərbaycanda,
bütövlükdə, İranda yaşayan türklərin problemlərini, çətinliklərini
və Azərbaycanın bölünmüş, Ermənistandan və Qarabağdan deportasiya
olunmuş, qovulmuş və demək olar ki, bütün sahələrdə hüquqları
ayaqlanan, tapdalanan bir xalq olduğunu dünyaya çatdırmaqdır.
Şübhəsiz ki, məqsədlərimiz daha böyük və daha genişdir. Ölkədən
siyasi mühacir kimi getmiş, indiki iqtidardan inciyib respublikanı
tərk etmiş, ümumiyyətlə, müstəqilliyimizi qazandıqdan sonra xaricə
üz tutmuş bəzi adamlar var ki, onların dərdi yalnız Azərbaycan
hakimiyyəti ilə mübarizə aparmaq, onun səhvlərini, fəaliyyətindəki
qüsurları əldə bayraq edib, onu gözdən salmaqdır. Ancaq bizim
fəaliyyətimiz daxili siyasətdən daha çox, azərbaycanlıların
taleyinə diqqəti yönəltməkdir.
– DAK-ın digər ölkələrdə də nümayəndəlikləri var və
mütəmadi olaraq "Paltalk" vasitəsilə iclaslar keçirilir. Bəs sizcə,
xarici nümayəndəliklərlə virtual əlaqələr bəs edirmi?
– Düzünü deyim ki, qurultaydan sonra əlaqələrimiz bir az
zəifləyib. Çünki bir sıra xoşagəlməz söz-söhbətlər bəzən adamın
əlini işdən soyudur, şübhəsiz, fəaliyyətimizə müəyyən təsir
göstərir. Lakin bunlar problemin heç də əsas səbəbi deyil. Sadəcə,
biz vaxtilə "Paltalk" vasitəsilə müzakirələrdən imtina etmişdik.
Çünki bu gün elektron şəbəkələrin bir sıra xarici kəşfiyyat
orqanlarının nəzarəti altında olduğu hər kəsə məlumdur və Şərqlə,
regionla, dünyanın müxtəlif ölkələriylə bağlı siyasi planlar cızan
dövlətlərin əlində bir vasitədir. Ona görə də qorunmaq mümkün
olmur. Nəticədə "Paltalk" vasitəsilə apardığımız müzakirələr qısa
müddətdən sonra müxtəlif yerlərdə üzə çıxır və işimizə mane olur.
Bu səbəbdən "Paltalk" vasitəsilə müzakirələrdən imtina etmişdik,
Azərbaycandan da geniş müzakirə otaqları açmaq mümkün deyildi.
Görünür, yalnız DAK-ın işi deyil, azərbaycanlıların vəziyyəti ilə
bağlı "Paltalk" vasitəsilə müzakirələri davam etdirmək lazımdır.
Nəticə etibarilə müzakirəyə daha çox soydaşımız qatılsın və hər kəs
öz sözünü deyə bilsin. "Skayp" da müzakirələri davam etdirmək üçün
elektron vasitədir. Ancaq DAK-ın əvvəldən bir ənənəsi var, bu da
təşkilatın İdarə Heyətində daha çox ölkənin təmsil olunmasıdır.
İndi isə düşünürəm ki, bu məsələ DAK İdarə Heyətinin işinə əslində
mane olur. Baxmayaraq ki, biz dünyanın demək olar bütün
coğrafiyasını əhatə edirik – Avstraliya, ABŞ, Avropa ölkələri,
Türkiyə, Azərbaycan, İraq və s. Ancaq DAK-ın əhatə etdiyi çox geniş
coğrafiyada təmsilçiləri də bir araya yığmaq çətindir. Görünür, DAK
İdarə Heyətinin 21 üzvündən əlavə, tez-tez görüşə bilmələri üçün
İşçi Qrupa ehtiyac var. Çünki 21 nəfərin hamısını ayda bir-iki dəfə
bir yerə yığmaq çox çətindir. Eyni zamanda, DAK-ın Azərbaycan
nümayəndəliyi və Bakıda İcra Aparatı da var. Ancaq DAK-ın
Azərbaycan nümayəndəliyi bir sıra işləri müştərək həyata keçirir.
Görünür, nümayəndəliyin fəaliyyəti daha da möhkəmləndirilməlidir.
Bundan başqa, DAK-ın Bakıda İcra Aparatının işi də yenidən
qurulmalıdır.
– DAK-ın gələcək planları haqqında məlumat verərdiniz.
Qarşıda hansı işlər var? DAK-ın birləşməsi
gözlənilirmi?
– Bu gün DAK-a aidiyyəti olmayan bir sıra adamlar guya yenidən
yapılanma, təşkilatlanma adıyla ortaya düşüblər. Əhməd Obalı və
Məmməd Azər də bununla bağlı mənə bir neçə dəfə zəng vurublar,
danışmışıq. Bunlar yenə də birlik söhbətini ortaya atıblar. Mən də
ümumiyyətlə həmişə birliyin tərəfdarı olmuşam və bundan sonra da
birləşmək istiqamətində bütün addımları atmağa hazıram. Birincisi,
kiminlə birləşməkdən söhbət gedir? Mən Əhməd Obalı və Məmməd Azərlə
də danışmışdım və onların hər ikisini DAK-ın İstanbulda keçirilmiş
qurultayına dəvət eləmişdim. Apreldən bəri təxminən 9 ay keçib.
Onda belə bir sual meydana çıxır: axı biz sizi İstanbul qurultayına
dəvət eləmişdik. Çox yaxşı qurultay idi, qurultayı daha da yaxşı
keçirmək olardı. Ancaq müəyyən proseslər bizi tələsdirirdi. Əgər
doğrudan səmimi birləşmək istəyi vardısa, onda gələrdiniz. Mən
həmin vaxt onların Türkiyə təmsilçisi Asif Qurbanla da danışmışdım.
Ümumiyyətlə, hamı ilə danışmışdım ki, gəlin, qurultayımızda iştirak
edin. İndi 9 aydan sonra təzədən mənə zəng vururlar ki, gəlin,
Belçikada birləşdirici qurultay keçirək. Hətta bunlar artıq
qurultayın vaxtını da, keçiriləcəyi oteli də müəyyənləşdiriblər.
Məmməd Azər mənə zəng edib deyir ki, siz də gəlib iştirak edin.
Başa düşmürəm, mən dəvət eləyəndə siz gəlmirsinizsə, onda mən hansı
səlahiyyətlə, hansı şəkildə ora gələ bilərəm? Birliyə bu cür getmək
olmaz. Əvvəla, birlik niyyətiylə Bakıda bir yığıncaq keçirilib və
həmin toplantını İsveçdən Siyavuş Yusifli aparıb. S.Yusifliyə
sayğım var, mehriban oğlandır, yaxşı münasibətimiz var. Ancaq
Siyavuşa sual vermək istəyirəm: səni hansı təşkilat seçib, hansı
səlahiyyətlə gəlmisən, sənin DAK-da hansı fəaliyyətin var,
ümumiyyətlə, Azərbaycan ictimai-siyasi həyatı, milli işimiz üçün nə
iş görmüsən? Eyni zamanda, Bakıda DAK-a heç aidiyyəti olmayan 5-6
adamı yığıb hər birinə guya birləşdirici qurultaya aparacağına dair
bir mandat vermək haqqını kim sənə verib? Siz heç birləşdirici
qurultaya gəlməyib, kənarda qalırsınız. Mən də fikirləşirəm ki, bu
adamların dərdi nədir? Bunlar doğrudanmı DAK-ı birləşdirmək, onun
güclü olmasını istəyirlər? Gəldiyim nəticə budur ki, burda DAK
söhbəti getmir. Biz bütün Quzey Azərbaycan DAK-ın üzvü olaq və son
dərəcə güclü bir təşkilata çevrilək, yenə də İrandan və ya kənardan
kimsə ortaya çıxıb bir alternativ yaradacaq. Ümumi DAK-ın
birləşməsi mümkün deyil.
– Bəs Belçikada qurultay adıyla keçiriləcək tədbirə
qatılacaqsınızmı?
– Məni dəvət ediblər, Belçikaya gedib təkbaşına iştirak edə
bilərəm. Ancaq mən bir təşkilatın sədriyəm, DAK İdarə Heyətinin 21
nəfər üzvü, qurultayımızda iştirak etmiş insanlar var. İkinci və ya
üçüncü DAK yoxdur, sadəcə, ad var və kimsə həmin DAK-lara
iddialıdır. Yaxşı, tutaq ki, belə bir təşkilatın mövcudluğunu qəbul
edirəm. Əgər doğrudan da səmimi şəkildə birlik qurultayına getmək
istəyirlərsə, onda hər iki tərəfin İdarə Heyəti bir araya gəlməli
idi. Çünki qarşı tərəfdə İdarə Heyəti deyilən bir şey qalmayıb, bir
neçə dəfə parçalanıb, müxtəlif adamlar gedib gəliblər. Ancaq Məmməd
Azər, Əhməd Obalının xətrinə həmin təşkilatın varlığı və ya yoxluğu
və qüsurları haqqında bir şey demirəm. Çünki hər ikisi də bu işə
bağlı adamlardır. Ən azı Əhməd Obalının "GünAz" televiziyası var və
qüsurlarına baxmayaraq, bu işdə xidməti ortadadır. Ona görə də mən
sayğıyla yanaşıram. Əgər doğrudan da birlik istəyiriksə, onda gərək
bir yerdə oturub müzakirə edəydik, vaxtını, yerini, kvotanı və s.
müəyyənləşdirəydik, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi
yaradaydıq, həmin komitə də bu işləri görəydi, bu məsələlər hamısı
həll olunduqdan sonra da birgə qurultaya gedəydik. Yoxsa biz
bunları qurultaya çağırırıq, gəlmək əvəzinə kənarda qalırlar. Sonra
da "gəlin Belçikada yığışaq" deyirlər. DAK İdarə Heyətinin
üzvlüyündən könüllü çıxmış, istefa vermiş, yaxud da təzyiqləri,
arzulanmayan biri olduğunu görüb kənarda qalmış adam ortada su
bulandıra-bulandıra gəzir, orda-burda təşkilatdan kənarda olan
adamları başına yığır, guya yenidən bir qurum yaradacaq. Bunlar
hamısı mənasız işlərdir. Biz fəaliyyətimizi davam etdiririk və
bundan sonra da öz yolumuzla gedəcəyik. Mən güneyli dostlarıma
müraciət etmək istəyirəm. Əgər DAK-ın Arazın hər iki tayının
təşkilatı kimi inkişafını istəyirlərsə, onda bizə hərtərəfli yardım
etməlidirlər. Bizim Bakıda gördüyümüz işləri bunların heç biri görə
bilməz. Azərbaycanda təhsil alan güneyli tələbələrin və ya Bakıya
gələn güneyli soydaşlarımızın DAK-dan başqa müraciət edəcəkləri bir
yer olmadığını başa düşsünlər. Əgər DAK-ın yalnız güneylilərin
təşkilatı, idarəedicilərinin də özlərindən olmasını istəyirlərsə,
mənim heç bir iddiam yoxdur. Bu günədək təşkilatı çox böyük
çətinliklərlə yaşatmışıq, gəlib indi onlar davam etdirsinlər.
Bundan əlavə, guya DAK-ın çoxlu pullarının olması, təşkilata
kimlərinsə yardım etdiyi barədə yanlış təsəvvür yaratmağa
çalışırlar. Hətta mənə DAK-ın hesabına varlanmağım, ev tikməyim
barədə böhtanlar da atırlar. Bunlar o qədər gülünc və o qədər
əbləh, alçaq bir söhbətdir ki, adam cavab da vermək istəmir. Çünki
həmin adamların psixologiyasına, düşüncəsinə uyğun söhbətdir, onlar
dünyaya pul gözüylə baxırlar. Mən DAK-a məslək gözüylə baxıram,
milli iş kimi görürəm. Neçə illərdir ki, DAK-ın fəaliyyəti üçün öz
ailə büdcəmdən kəsmişəm və ən yaxın dostlarımın hesabına təşkilatı
yaşatmışam. Mənim heç bir iddiam yoxdur və gəlsinlər, işi davam
etdirsinlər. Ancaq DAK-a alternativ və təşkilatdan tökülmüş
adamlardan ibarət qurum yaradılmasını nə Əhməd Obalıya, nə də
Məmməd Azərə yaraşdırıram. Əgər normal birlik istəyirlərsə, bir
yerə yığışıb müzakirələr aparmaqla müəyyən qərarlar qəbul
etməliyik. Bir sözlə, biz bütün mürəkkəb şəraitə baxmayaraq,
DAK-dakı işimizi davam etdiririk və bu cür söz-söhbətlər də
fəaliyyətimizə təsir göstərə bilməz. Mən DAK-dan kənar bir
təşkilatda da fəaliyyət göstərə bilərəm. Ancaq indiki vəziyyətdə
DAK-ın Azərbaycan Respublikasından ayağını üzmək təşkilatı məhv
etməyə xidmət edir. Mən də bunu istəmirəm və buna da imkan vermək
olmaz. Əgər kənarda qalan dostlarımız hansısa bir iş görmək
istəyirlərsə, DAK-a alternativ əvəzinə, başqa adda bir qurum
yaratsınlar və fəaliyyət göstərsinlər. Bundan sonra birliyə ehtiyac
yaranarsa, hansısa addımlar atmaq olar. Əgər bu adamlar bir yerdə
ola bilmirlərsə, hansı birlikdən söhbət gedə bilər? Mən gələnədək
DAK-da artıq parçalanma var idi. Bu parçalanma da Haaqa
qurultayından sonra başlayıb, əsasən də güneyli soydaşlarımız
arasında yaranıb. Ancaq biz DAK-ın fəaliyyətini gücləndirdikcə
təşkilatın əleyhinə təbliğat da güclənir. Bu da İran rejiminin və
Azərbaycan diasporunun inkişafını istəməyən digər qüvvələrin
sifarişi ilə həyata keçirilir. Eyni zamanda, DAK-ı Quzey
Azərbaycandan çıxarmaq istəyən müəyyən qüvvələr də var. Çünki İran
qarşısında öhdəlikləri olduğundan, DAK-ın Azərbaycan
Respublikasından getməsini istəyirlər. Beləliklə, Quzey-Güney
birliyinə xidmət edən təşkilatların biri də azalsın. Yəni DAK
yalnız güneylilərin təşkilatı olsun. Bunlar hamısı ziyanlı
yollardır. Mən bunu bildiyimə, bütün prosesləri izlədiyimə görə
DAK-da fəaliyyətimi davam etdirirəm və bundan sonra da davam
etdirəcəyik.
– DAK-a yeni üzvlərin, gənclərin cəlb olunması ilə bağlı
hansı addımlar atılır?
– Ümumiyyətlə, Azərbaycanda yeni bir gənclik yetişir. Onların
düşüncəsi, fəaliyyəti mənə doğmadır, xoş gəlir. Düzdür, milli
düşüncəyə, millətin ümumtürk təfəkkürünə zərbə vuran, onun
qarşısını alan bir çox amillər var. Amma buna baxmayaraq, nə
türklük şüurunu bu millətin beynindən çıxarmaq, nə onun kökünü
unutdurmaq, nə gələcək ideallarından qoparmaq, nə də birlik
təfəkkürünü əlindən almaq mümkündür. Azərbaycan bərəkətli bir
torpaqdır. Son 200 il ərzində bu millətin nə qədər ağıllı
adamlarını məhv ediblər. Ümumiyyətlə, bu milləti tamamilə başsız
qoymaq siyasəti aparılıb. Ancaq buna baxmayaraq, 1988-ci ildə
millət özündə yenidən güc tapdı və ayağa qalxdı. Mübarizə də
müstəqilliyin əldə olunmasınadək davam etdi. Ona görə də bu milləti
tam qısır saymaq olmaz, yenə də öz gəncliyini, istedadlı adamlarını
yetişdirir. Azərbaycan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğluların
vaxtında olduğu kimi, yenə də türklük düşüncəsinin mərkəzidir. Ona
görə də gənclər bu məsələyə çox həssasdırlar. Mən sonuncu dəfə
"Turan" ocaqları ilə görüşdüm. Bu gün həmin gənclər təfəkkürdə,
ağılda silahlanıblar. Ağılda silahlanmış insanlar lazım gələrsə
sabah vətəni qorumaq üçün də silahlana bilərlər. Ağlı küt, ağılsız
bir nəslin vətəni qoruyacağına da inanmaq mümkün deyil.