20:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və
Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi
xanım Şamşad Axtarı qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında
əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad
Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da
möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı
regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulandı,
dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın
şaxələndirilməsinin əhəmiyyətindən danışıldı, Azərbaycanda bu
istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirildi.
Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının
perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 2-də Yunanıstanın Xarici İşlər naziri Nikos Kotziasın
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos
Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin
gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini
bildirdi. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək
səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfər zamanı
əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə
bağlı məsələlərin müzakirə ediləcəyini bildirdi. Yunanıstanın iki
Prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki
dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan Prezident İlham
Əliyev bunu əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik
olduqlarını qeyd edən Yunanıstanın xarici işlər naziri Nikos
Kotzias xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və
əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan
səmərəli surətdə istifadə etməyin vacibliyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.