Londonda mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar
İnstitutu (The International Institute for Strategic Studies -
IISS) özünün növbəti "Hərbi balans 2014" (Military balance 2014)
adlı hesabatını açıqlayıb.
Azərbaycanın nəhəng hərbi xərcləri
Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu
regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri
artırmasıdır.
Prezident İlham Əlieyevin bəyanatına əsasən ölkənin müdafiə
büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3, 7
milyard dollara çatdırlıb (2013-cü ilin dövlət büdcəsində "Müdafiə
xərcləri" bölməsində 1,53 milyard manat göstərilir. Bu da təxminən
2 milyard ABŞ dollarıdır. Amma ekspertlər qeyd edirlər ki, əslində
büdcədə başqa xərc maddələrində də silahlı qüvvələrə vəsait var.
Hamısı birlikdə ölkə prezidentinin qeyd etdiyi kimi 4 milyard
dollara yaxındır - red.)
Hesabat müəllifləri bildirirlər ki, bu vəsait Azərbaycana
Silahlı Qüvvələrin köhnəlmiş cəbbəxanasının yenilənməsinə imkan
verməlidir.
Qeyd edilir ki, Azərbaycan 2012-ci ilədək hərbi texnikanı və
silahları Ukraynadan alırdısa, 2013-cü ildən başlayaraq Rusiya üç
il müddətində Azərbaycana ümumi dəyəri 4 milyard dollar olan silah
və texnika satacaq.
Azərbaycanın hərbi büdcəsinin həmin o 4 milyarddan az olması
nəzərə alınarsa, belə bir nəticəyə gəlmək olar ki, qarşıdan gələn
üç ildə Bakının hərbi xərcləri indikindən ən azı iki dəfə çox
olmalıdır.
Sənəddə bu da bildirilir ki, Azərbaycan Cənubi Koreyada istehsal
olunan silahlara da maraq göstərir, lakin bu istiqamətdə real iş
görüldüyü barədə məlumat yoxdur.
Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və
2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb.
Sənəddə qeyd edildiyinə görə hazırda Azərbaycanda 700 adda hərbi
məhsul istehsal edilir, amma buna baxmayaraq, qarşıdan gələn
illərdə Azərbaycan hərbi-müdafiə məhsullarını xaricdən almaqda
davam edəcək.
Müəlliflərin fikrincə, hərbi texnika baxımından Azərbaycan
Ermənistandan xeyli üstün olsa da, Azərbaycan Silahlı Qüvvələrinin
əməliyyat qabiliyyəti haqqında nəsə demək çətindir.
Bu da vurğulanır ki, Azərbaycan hərbi texnika baxımından
üstünlüyə neft gəlirlərinin hesabına nail ola bilib.
Qarabağdakı qüvvələr Ermənistandakı silahlı qüvvələrdən
çoxdur
Azərbaycandakı hərbi ekspertlər qeyd edirlər ki, əslində
Ermənistan hərbi imkanlarının böyük hissəsiNİ işğal altında
saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirib. Həmin
işğal altında olan ərazilərə cəmlənən hərbi texnika haqqında isə
doğru-dürüst məlumat yoxdur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında da
həmin ərazilərdəki erməni qüvvələri haqqında detallı bilgi yoxdur.
Yalnız o qeyd edilir ki, Qarabağdakı erməni qüvvələrinin
nəzarətində 200-300 tank, o qədər artilleriya qurğusu, 18 000 – 20
000 nəfərlik canlı qüvvə, kiçik aviasiya qurğuları var.
Bu sənədə əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələri
arasında ümumi göstəricilər əsasında müqayisə aşağıdakı
şəkildədir:
Ermənistanın təyyarələrini Rusiya uçurur
Hesabatın Ermənistana aid hissəsində bildirilir ki, müdafiə
büdcəsi 447 milyon dollar olan bu ölkənin hərbi qüdrəti onun
müttəfiqi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır.
Bu da qeyd olunur ki, Ermənistan T72 tankalrının təmiri və
modernləşməsi üçün Yunanıstan və Polşanın şirkətləri ilə müştərək
sexlər yaradıb, lakin əsas texnikanın, məsələn S300 raket
sistemlərinin tətbiqi və saxlanması bilavasitə Rusiya ilə
əməkdaşlığı nəzərdə tutur.
Hesabat müəllifləri qeyd edirlər ki, Ermənistan artilleriya
qurğularının alınmasında maraqlıdır və 1990-cı illərdə hərbi
paradlarda Çindən alınmış raket qurğularını nümayiş etdirib.
Bununla belə, Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ondan xəbər verir
ki, Pekin bu sahədə çətin, Moskvanı əvəz etsin.
Hesabatda bildirilir ki, Ermənistanın müdafiə sistemi
Azərbaycanla mümkün müharibəyə hazırlıq əsasında qurulub.
Ermənistanın quru qoşunlarının texnikası arasında üstünlüyü
Rusiya istehsallı T72 tanlkları tutur. Bunların sayı təxminən 109
dəst civarında göstərilib.
Ermənistanın hərbi hava qüvvələri də tamamilə Rusiya texnikası
ilə təchiz edilib.
Hərbi-hava qüvvələrinin ixtiyarında 15 ədəd SU-25 qırıcı
təyyarəsi və 8 döyüş helikopteri var.
Hesabatda qeyd olunur ki, Ermənsitanın hərbi-hava qüvvələri
Rusiya bazasından hərəkətə gətirilir.
Azərbaycan və Ermənistanın saxladığı qoşunların miqyasını
təsəvvür etmək üçün onları bəzi keçmiş sovet respublikaları ilə
müqayisə etmək kifayətdir.
Məsələn, əhalisi 45 milyon olan Ukraynanın 130 minlik əsgəri
qüvvəsi var. 28 milyonluq əhalisi olan Özbəkistanın ordusunda 48
min hərbçi xidmət edir. Mərkəzi Asiyada əhalisinin sayına nisbətdə
ən böyük ordu saxlayan ölkə Türkmənistandır. Türkmənistanın əhalisi
5 milyon nəfərdən bir qədər çoxdur, lakin 22 min nəfərlik qoşun
saxlayır.
Rusiya ordusunda Putin islahatları
Hesabatın Avrasiyaya aid hissəsində təbii olaraq Rusiya Silahlı
Qüvvələrinin hazırkı qüdrətindən söz açılır və əslində, hesabatın
tam yarısı Rusiyaya həsr edilib.
Sənəddə bildirilir ki, Vladimir Putinin prezidentliyə təkrar
dönüşündən sonra Müdafiə Nazirlyinin strukturalarında ciddi
dəyişikliklər edilib.
Rusiyanın keçmiş müdafiə naziri Anatoly Serdyukov vəzifəsindən
azad edlib və onun yerinə Putinin inanılmış və köhnə müttəfiqi,
fövqəladə hallar naziri Sergei Shoygu təyin olunub.
Baş Qərargah rəisi general Nikolay Makarov da vəzifəsindən azad
edilib.
Hesabatda bildirilir ki, adı çəkilən rəsmilərin müdafiə
sistemində korrupsiyaya yol verdikləri iddia olunsa da,
dəyişikliklər daha çox prezident Putinin şəxsi loyallıq
mülahizələri ilə bağlı olub.
2012-ci ildə qəbul edilmiş yeni qanuna əsasən baş qərargah
birbaşa ali baş komandana, yəni Putinə tabedir.
Hesabatda deyilir ki, bu sayaq tədbirlər Rusiyanın dövlət
mediasında müdafiə sisteminin islahatı kimi təqdim olunur.
Bu islahatları həyata keçirən Shoygu nazirlikdə Serdyukovun
vaxtında başlanmış ixtisarları dayandırıb və müdafiə naziri kimi öz
müavinlərinin sayını 8-dən 10-a çatdırıb.
Bununla belə, ordunun döyüş qabiliyyətinin artırılmasına
yönəlmiş islahatların əsas müddəaları olduğu kimi qalır.
Bu isə əsas etibarilə Rusiya hərbi birləşmələrinin briqada
strukturunda qurulması və bu briqadaların regional və yerli
əməliyyatlardakı çevikliyinin artırılmasını nəzərdə tutur.
Bu da qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin peşəkar
hərbçilərdən təşkili məqsəd kimi elan olunsa da, ordu qarşıdan
gələn illərdə ümumi hərbi mükəlləfiyyətə arxalanmalı olacaq.
Hesabatda bildirilir ki, Rusiyanın Avrasiya regionundakı hərbi
syasəti daxili və xarici hədələri önləmək prinsipi üzərində
qurulub.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu 1997-ci ildən
qərargahı Londonda yerləşən təşkilat hərbi-siyasi münaqişələr
sahəsində dünyanın aparıcı araşdırma mərkəzi hesab olunur.
1958-ci ildə, Soyuq Müharibə və nüvə silahlanması zamanı
yaradılmış İİSS ABŞ və Britaniya hökumətindəki mənbələrlə yaxın
münasibətlərdədir. (Azadlıq Radiosu)