Ermənistan prezident İlham Əliyevin İran səfərindən
narahatdır.
ANS-in məlumatına görə, erməni KİV-ləri yazır
ki, rəsmi İrəvanı ən çox narahat edən İran – Ermənistan dəmir yolu
layihəsinin taleyidir.
Ermənistan parlamentinin müxalif deputatı Lyudmila Sərkisyan
energetika naziri Yervand Zakaryana rəsmi İrəvanı da narahat edən
sualla müraciət edib. Müxalif siyasətçi bildirib ki,
İran-Azərbaycan (Astara - Astara) dəmir yolunun birləşdirilməsi
Ermənistan və İranın analoji layihəsinin bir əhəmiyyəti
qalarmı?
Nazir deputatın sualına cavab olaraq bildirib ki, iki ölkə
arasında dəmir yolun tikintisi ilə bağlı memorandum bir ay əvvəl
imzalanıb. "Hesab edirəm ki, İran kimi mötəbər dövlət imzalanmanı
unutmaz. Bu layihə İran və Ermənistan rəhbərliyinin diqqətindədir",
- deyə nazir bildirib. Zakaryana qeyd edib ki, həmçinin Gürcüstan,
Rusiya və İran arasında Ermənistan ərazisindən qaz kəmərinin
keçirilməsi ilə bağlı danışıqlar aparılır.
İran və Ermənistan arasında həm dəmir yolu, həm də qaz kəməri
layihələri hazırda gündəmdədir. Ermənistan ərazisindən keçən
kəmərlə İran qazı Gürcüstana, oradan isə Avropaya çıxa bilər. Bu
isə Ermənistanı tranzit ölkəyə çevrə bilər. Həmçinin İrəvan
Hindistan – Pakistan – İran – Gürcüstan – Rusiya – Avropa nəqliyyat
dəhlizi ilə bərabər, "İpək yolu" marşrutu üzrə Çin – İran dəmir
yolu xəttinin də Ermənistan ərazisindən keçməsini arzu edir.
Hələlik arzu olan İran – Ermənistan layihəsinin dəyəri isə 3,2
milyard dollardan çoxdur.
Açıqlamalardan görünür ki, Ermənistan rəhbərliyi prezident İlham
Əliyevin İran səfərindən sonra iki ölkə arasında həyata keçiriləcək
layihələrin təxirə düşəcəyindən narahatdır. Çünki İlham Əliyev
İranda 11 sənəd imzalayıb. Bu sənədlərdən biri isə dəmir yolu ilə
bağlıdır. Həm İlham Əliyev, həm də Həsən Ruhani açıqlamalarda
bildirdilər ki, bu ilin sonuna kimi İran və Azərbaycan arasında
dəmir yolları birləşdiriləcək. Bu isə Ermənistan - İran dəmir yolu
layihəsinin gələcək taleyini ortaya qoyur.
Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur
Sultanovun sözlərinə görə, iqtisadi baxımdan Azərbaycanın bu
layihədə alternativi yoxdur. "Azərbaycanın ən böyük şansı İran və
Rusiyanı birləşdirən tək ölkə olmasıdır. Həmçinin Ermənistan və
Gürcüstandan fərqli olaraq, Azərbaycan ərazisi daha çox
düzənlikdir. Bu səbəbləri nəzərə alsaq, layihədə Azərbaycanın şansı
daha böyükdür", - deyə Elnur Sultanov bildirdi.
Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistandan dəmir
yolu çəkməsində əsas məqsədi Rusiya, oradan isə Avropa bazarına
çıxmaqdır. "Əgər dəmir yolu Ermənistan ərazisində tikilərsə, o
zaman burada Gürcüstan əngəli ortaya çıxar. "Çünki Rusiya və
Gürcüstan arasında münasibətlər hələ də normallaşmayıb. Həm Rusiya
və Gürcüstan arasındakı problemlər, həm də Astara - Astara dəmir
yolunun inşası səbəbindən Ermənistan ərazisindən çəkilməsi nəzərdə
tutulan dəmir yolu xəttinin prespektivi azalır",-deyə iqtisadçı
qeyd etdi.
Elnur Sultanov bildirdi ki, İran Ermənistanla münasibətlərin
pozulmasına imkan verməz. "Ola bilsin ki, İran hər iki layihəni
həyata keçirsin. Bu layihə uzun vaxt aparsa da, çox maliyyə tələb
etmir", - deyə Elnur Sultanov bildirdi.
Ümumilikdə İran və Azərbaycan arasında "Şimal-Cənub" beynəlxalq
nəqliyyat dəhlizi çərçivəsində ticarət əlaqələri inkişaf etdirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir
Əzməmmədovun sözlərinə görə, "Şimal-Cənub" dəhlizinin inkişaf
etdirilməsi çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu
və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük
axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi
istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Həmin marşrutlar
üzrə hərəkəti 2016-cı il martın sonunadək işə salmaq
planlaşdırılır. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında
Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci
ildə Sankt-Peterburq şəhərində bağlanıb.
Bundan başqa fevralın 23-də prezident İlham Əliyevin İrana
səfəri çərçivəsində Azərbaycan-İran dövlət sərhədində Astara çayı
üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqavilə
imzalanıb. Azərbaycan tərəfi 8,3 km dəmir yolunun və Astara çay
üzərində 101 metr uzunluğunda körpünün tikintisini, ilkin mərhələdə
İran tərəfi isə 1,7 km dəmir yolu və yük terminalının həyata
keçirəcək.
Ümumilikdə prezident İlham Əliyevin və Həsən Ruhaninin görüşündə
əsas müzakirə mövzusunun Gürcüstana qaz ötürülməsi məsələsinin
olacağı proqnozlaşdırılırdı. Amma görüşdən sonra qaz kəməri
layihəsinin müzakirə olunması barədə heç bir açıqlama verilmədi.
Əsas müzakirə mövzularından biri isə nəqliyyat layihələrin həyata
keçirilməsi olub.
Ermənistanda Cənubi Qafqazda tranzit ölkə kimi mövqeyini
möhkəmləndirmək istəyir. Amma bu vaxta kimi niyyətinə nail ola
bilməmişdi. İran üzərində sanksiyaların götürülməsi isə Ermənistana
həm enerji, həm də nəqliyyat sahəsində tranzit ölkə olmağa imkan
yaradır.
Yəqin ki, İran Ermənistanı və Azərbaycanı itirməmək üçün
balanslı siyasət yürüdəcək. Rəsmi Tehranın ən real balanslı
strategiyası isə nəqliyyat sahəsində Azərbaycana, (dəmir yolu
xəttinin inşası) enerji sahəsində (İran – Ermənistan – Gürcüstan
qaz kəməri ) isə Ermənistana üstünlük verməsi olar. Amma heç bir
halda Ermənistanın enerji dəhlizinə çevrilməsi Azərbaycana sərf
etmir.