Qarabağ müharibəsi veteranı,
Laçın polisinin keçmiş əməkdaşı Şümşad Nadirov Axar.az-a Qarabağ
müharibəsindən və kəşfiyyatçı kimi gördükləri işlərdən
danışıb.
- Şümşad bəy, istərdim ki, bir qədər döyüş yolunuz
haqqında məlumat verəsiniz.
- Hələ Milli Ordumuzun olmadığı vaxtda düşmən hücumlarından
müdafiə üçün sərhəd rayonlarında polis orqanlarına vətənpərvər və
fiziki-mənəvi cəhətdən güclü gənclər götürülürdü. Məhz həmin vaxt
mən də Laçın polisinə yazılıb, dağlıq ərazilərdə, xüsusilə
Ermənistanla sərhəddə düşmənlə mübarizə aparırdıq. Şuşanın
işğalından sonra Laçına ən böyük təhlükə Ermənistanla sərhəd
zonasından - Gorusdan idi, hər an düşmənin hücumu gözlənilirdi.
Buna görə də Laçın polisi bu ərazini qoruyurdu. 1992-ci il mayın
16-da düşmənin həm Şuşadan, həm də Ermənistanda başlayan
artilleriya atəşləri sahəsində rayon əhalisi ərazini tərk etməyə
məcbur oldu. Mən cəbhə yoldaşlarımla birgə düşmənlə sərhəddə
vuruşurduq. Bütün müqavimətə baxmayaraq, Laçın işğal olundu. Amma
mən Laçını tərk etmədim. Doğulduğum Mişni kəndinə getdim. Qərara
gəlmişdim ki, burada mövqe qurub ermənilərin gəlməsini gözləyim.
Kəndə çatanda 40-a yaxın mülki vətəndaşımızın orada olduğunu
gördüm. Onların içərisində bir nəfər qadın vardı. Xeyli müzakirədən
sonra bu insanların çıxarılması qərara alındı.
- O zamanla bağlı çəkilən kadrlarda belə təsəvvür
yaranır ki, orada qalan olmayıb. Bu barədə nə deyə
bilərsiniz?
- Bəli, ölkə televiziyalarında Laçının işğalı zamanı yalnız
Laçının Qubadlı tərəfinə çıxış olan hissədə çəkilmiş kadrlar gedir.
Hamıda elə təsəvvür yaranır ki, Laçında qalan yoxdur. Ancaq həqiqət
elə deyil. Biz Laçını mayın 22-də tərk etdik. Kəlbəcər
istiqamətində bir faktı qeyd edim ki, Laçında hamının bəy kimi
tanıdığı Kamran bəy, ümumiyyətlə, Laçından çıxmayıb. O, partizan
müharibəsi aparıb. Yalnız qış vaxtı ermənilər yerini öyrənəndən
sonra mağaraya top ataraq onu öldürüblər.
- Maraqlı faktdır, bunu sizə kim deyib?
- Bunu əsir düşmüş Gorus batalyonunun komandirinin sürücüsü
deyib. Mülki əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra
Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil
olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən
döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik
ki, Laçın ərazisində kəşfiyyat apararaq məlumat toplayaq. Bu barədə
Laçın polisinin komandiri Akif Səlimovla danışdıqdan sonra, 10
günlük kəşfiyyat dövründə bütün lazım olan məlumatları topladıq.
11-ci gün, 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən
xeyli insanı Qaraçənli kəndi tərəfdə gördük. Bu dəstə Həkəri çayını
keçib, Mişni kəndinə tərəf gəlirdi. Dedim ki, gələn ermənilərdir.
Çünki ərazini tanımırdılar. Asan yolu qoyub, çətini seçiblər. Bu da
ərazini tanımamaqlarından irəli gəlirdi.
- Siz nə etdiniz?
- Biz onlara gizlicə yaxınlaşdıq və silahlarının nədən ibarət
olduğunu öyrəndik. Kəşfiyyat vaxtı gecə daim Mişni kəndində
qalırdıq, ona görə də kəndin 4 tərəfində patron, qumbara
gizlətmişdik ki, birdən bizə hücum olarsa, hansı tərəfdə olsaq,
ondan istifadə edək. Ermənilər çox idilər, gizlədiyimiz bütün
patronları bir yerə yığdıq. Artıq axşamüstü, saat 4 idi. Elə yer
seçdik ki, tam aydın görünsünlər. Qəfildən hücuma keçdik. Döyüşdə
ermənilərin xeylisini məhv etdik. Digərləri qaçıb kəndin içindəki
evlərə girdilər. Bir müddət sonra bir erməni çıxıb "hayes" deyə
qışqırdı. Fikrətə dedim ki, sən də bərkdən iki dəfə "hayes" deyə
çağır. Fikrət elə də etdi. Onlar bizim erməni olduğumuzu zənn edib,
çölə çıxdılar. Əlimizlə işarə etdik ki, gəlin qabağa. Bunu görən
ermənilər tam əmin oldular ki, biz erməniyik. Biz tez yerimizi
dəyişdik və ikinci hücuma başladıq. Xoşbəxtlikdən bizə atılan
güllələr yan keçdi. Qalan erməniləri məhv elədik. Bir çoxu isə
təslim oldu. Artıq 3-4 saat idi ki, döyüş gedirdi. Hava qaralırdı.
53 erməni əsgəri öldürüldü. Əsir düşmüş 17 ermənini götürüb meşəyə
tərəf getdik. Yüngül qaçışla gedirdik. Tələsməyimizə səbəb isə
erməni ordusunun maşınlarının Hoçaz kəndi tərəfdən köməyə gəlməsi
idi. Bir də 4 nəfərdə qalan patronların ümumi sayı 20 idi. Əgər
əsirlər bilsəydilər ki, bizdə patronlar qurtarmaq üzrədir, bəlkə
qaçmağa cəhd göstərərdilər. Ona görə də bütün gücümüzlə dayanmadan
meşənin dərinliklərinə getdik. Gecə saat 4-də bir balaca
yorğunluğumuzu çıxartmaq üçün yarım saat istirahət etdik.
Ermənilərdən bizim dili bilənlər deyirdilər, ağlımıza gətirməzdik
ki, burada azərbaycanlılar olar. Sonra çayı keçib, yola düşdük. İki
günə Qorçudakı qərargaha çatanda artıq taqətimiz qalmamışdı. Yol
boyu ərzağımız olmadığından yemlik, ya da gicitkən ovub yeyirdik.
Qərargaha çatanda bizi və əsirləri görən komandirimiz Akif Səlimov
bircə kəlmə dedi: "Siz əsil igidsiniz".
Üç gün dincəldik. Ancaq bu üç gün ərzində bir gün yatdıq. Sonra
məlumat vardı ki, ermənilər Alxaslı və Minkənd kəndlərində mövqe
qurublar. Ona görə də komandir biz 4 nəfəri çağırdı. Dedi ki, sizə
güvənim çoxdur və bilirəm ki, yorğunsuz, amma bu vacib əməliyyata
siz getməlisiniz. Komandirin əmrini məmnuniyyətlə qəbul etdik.
Ancaq məlumatın haradan gəldiyini soruşduq. Komandir demədi. Gecə
yola çıxdıq. Hava işıqlananda dincəldik. İkinci günü gecə deyilən
ərazidə kəşfiyyat apardıq. Bütün ərazinin boş və evlərdə heç kimin
qalmadığını, yəni verilən məlumatın yalan olduğu üzə çıxdı. Ərazi
tamam boş idi. Bir gün cəbhədən xəbər verdilər ki, Alxaslı
kəndindən tüstü qalxır. Dərhal həyəcan əmri ilə hazır olduq. Biz
hadisə yerinə getdik. İki "Ural" və "Qaz-66" maşını ilə kənddə
qalan əşyaları qarət edən erməni hərbçilər evlərə od vururdular. Bu
zaman döyüş başladı. Laçın tərəfdən ermənilərə kömək gəldi və
vəziyyət daha da gərginləşdi. Kəndin arxa tərəfinə keçdik. Çaş-baş
qalan ermənilər qaçmağa başladılar. Bir UAZ və "Qaz-66" maşınını
qoyub qaçdılar. Maşınları Pircandakı mövqelərimizə gətirdik...
Laçından başqa Füzuli, Horadiz döyüşlərində də iştirak etmişəm.
- Bildiyimiz qədər, babanız 1918-ci ildə ermənilərə
qarşı döyüşlərdə iştirak edib. Atalarımız düz deyib ki, ot öz kökü
üstə bitər...
- Babam Məhəmməd Nadir oğlu 1918-ci il və ondan əvvəl ermənilərə
qarşı qəhrəmancasına vuruşub. Bu qəhrəmanlıqlarına görə Qarabağ
general-qubernatoru Xosrov bəy Sultanov tərəfindən
mükafatlandırılıb. Xalq qəhrəmanı Sultan bəy babama at, bir dəfə də
beşaçılan silah bağışlayıb... Sonda onu qeyd edim ki, bu gün də
vətən üçün əsgərəm və müharibə başlayarsa, ön sırada mən olacam.
Ona görə də bu mənfur düşmənlə qisas günündə görüşmək üçün hər gün
fiziki sağlamlığımı, döyüşçüyə lazım olan gücü saxlamaq üçün idman
edirəm. Nə qədər ki türkün şanlı bayrağı türkün bütün torpaqlarında
dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq.