Avropa Birliyi məsələləri
üzrə ekspert Vazeh Əsgərovun Axar.az-a müsahibəsi:
- Vazeh bəy, Fransa dövlətinin son Qarabağ hadisələrində
mövqeyini necə qiymətləndirirsiniz?
- Münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçi olan
ATƏT-in Minsk Qrupuna daxil olan üç dövlətdən biri kimi Fransa da
münaqişənin ilk günlərindən atəşkəsin yenidən bərqərar olunmasına
səsləndi. Müharibənin ikinci günü, aprel ayının 2-də Fransa
Prezidenti Fransua Olland tərəfləri "maksimum təmkinli və dərhal,
ümumi, davamlı atəşkəsə hörmət" etməyə çağırdı. Fransa prezidenti
2014-cü il oktyabr ayında iki ölkə, Azərbaycan və Ermənistan
prezidentləri ilə Parisdə əldə etdikləri "münaqişnin ən qısa
zamanda sülh yolu ilə həll etmək üçün götürdükləri öhdəliklərin"
vacibliyini vurğuladı.
5 aprel 2016-cı il saat 12-dən etibarən Azərbaycan-Ermənistan
qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların
dayandırılmasını Fransa höküməti də alqışladı və tərəflərin buna
ciddi əməl edəcəyinə səsləndi. Münaqişənin dinc yolla beynəlxalq
hüquq müstəvisində həmsədr ölkələrin Minsk Qrupunun vasitəçiliyi
ilə həll edilməsinin vacibliyi bir daha vurğulandı. Fransanın
Xarici İşlər naziri Jan-Mark Ayro çıxışında bu məsələyə toxunaraq
həm hərbi gücün istifadə edilməsinin həmçinin, status-kvonun bu cür
saxlanılmasının yolverilməz olduğunu dilə gətirdi.
- Fransa mediasının məsələyə yanaşması sizi qane
etdimi?
- Qarabağda münaqişənin alovlanması Fransanın aparıcı kütləvi
informasiya vasitələrində də geniş müzakirə olunmağa başladı. Qeyd
etməliyik ki, Fransadakı erməni diasporu dezinformasiyaların
yayılması ilə bağlı əllərindən gələni etdilər. Lakin Fransadakı
Azərbaycan diasporu xüsusən də Azərbaycan Respublikasının
Fransadakı səfirliyi, başda səfir Elçin Əmirbəyov olmaqla Fransa
ictimaiyyətində Qarabağ həqiqətlərinin çatdırılması üçün böyük
səylərini ortaya qoydular. Bununla bağlı səfir E. Əmirbəyovun
"Frans 24" telekanalına iki dəfə dəvət olunması və yaranmış
münaqişə haqqında fikir bildirməsi çox önəmli bir hadisəyə
çevrildi. Azərbaycanın Fransadakı səfiri Xarici İşlər və Müdafiə
Nazirliklərinin bəyanatlarını və Azərbaycanın rəsmi mövqeyini
təfərrüatı ilə nümayiş etdirdi. Qeyd etməliyəm ki, Ermənistanın
Fransadakı səfiri bu müsahibələrə dəvət olunsa da onların heç
birində iştirak etmədi. Əvəzində ikinci dəvətdə Fransa erməni
təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyan debata
gəlmişdi.
Hal-hazırda danışıqlar ərəfəsində Fransa Senatının bir neçə
nümayəndəsi danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ
Respublikasının da iştirak etməsinin vacibliyini ortaya qoyub. Belə
ki, "Valeurs actuelles" və "Le Monde"qəzetlərinin ayın 7-də dərc
etdikləri məqalədə deputatların beynəlxalq ictimaiyyətə bu regionun
müstəqilliyini tanımaq üçün etdikləri müraciətin şahidi oluruq.
Fransa-Qarabağ dostluq cəmiyyətinin prezidenti deputat Fransua
Roşebluan ATƏT-in Minsk Qrupuna topladığı 27 imza ilə müraciət
edərək "...danışıqların daha effektiv olması üçün Dağlıq Qarabağ
Respublikasının da rəhbərliyinin danışıqlar masasına dəvət
olunmasının vacibliyini vurğulayır". F.Roşebluan və deputat
həmkarları eyni zamanda iddia edirlər ki, "...qarabağlılar üçün
Respublikanın müstəqilliyi heç bir zaman məqsəd yox həmişə bir
vasitə olub. Bu vasitə sülh və təhlükəsizlikdə yaşamağı təmin
etmək, demokratik, öz xalqının mənafeyi üçün çalışan, bütün dünyaya
açıq olan bir dövlətin qurulması üçün bir vasitəsi.
Bundan hiddətlənən bir qrup Fransa siyasətçiləri Dağlıq Qarabağ
problemi ilə bağlı beynəlxalq hüquqa hörmətin vacibliyini nəzərə
alaraq yenidən Fransa Prezidenti Fransua Ollanda kollektiv müraciət
ünvanlayıblar. Nüfuzlu "Fiqaro" qəzetinin 18 aprel dərcində Fransa
Senatının 10 üzvünün bu müraciəti dərc olunub və prezident Ollandı
ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişəyə beynəlxalq hüquq
normalarından çıxış edərək münasibət göstərməsi dilə gətirilib.
- 4 günlük müharibə Azərbaycanın beynəlxalq arenada
nüfuzuna nə kimi təsir göstərdi?
- Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu ötən illərə
nisbətən çox artıb. Bu illər ərzində Azərbaycanın dünyəvi və
sülhsevər ölkə kimi təqdim olunması, eləcə də qazanılmış diplomatik
uğurlar ölkəmiz haqqında real təsəvvür yarada bilib. Aprel ayının
2-5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat
nəticəsində işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı
zərbə endirməsi ölkəmizin beynəlxalq arenada yerini və tutduğu
mövqeyi bir daha göstərmiş oldu. Son 20 ildə danışıqlar prosesinin
uzanması və bəlli status çərçivəsindən çıxmaması nəticəsində
pozulmuş son atəşkəs Azərbaycanın danışıqlar prosesində hansı
səviyyəyə yüksəldiyinin və üstün tərəf kimi qiymətləndirilməsinin
şahidi oluruq. Düşünürəm ki, beynəlxaq ictimaiyyət artıq Azərbaycan
reallıqlarını daha yaxşı anlayır və ona daha düzgün mövqe
bildirərək öz səmimi münasibətlərini göstərməkdədir.