Axar.az Böyük Britaniyanın Azərbaycanda
diplomatik missiyası başa çatan səfiri İrfan Sıddıqın APA-ya müsahibəsini təqdim
edir:
- Azərbaycanda diplomatik missiyanız başa çatır. Ölkə
ilə bağlı təəssüratlarınız necədir? Burada olduğunuz müddətdə bu
təəssüratlar hansı istiqamətə dəyişdi?
- Azərbaycanda olduğum 3 ilin yekununda ölkə ilə bağlı çox
müsbət təəssüratım yarandı. Mənim fikrimcə, Azərbaycan istedadlı
insanların çox olduğu qeyri-adi və dinamik ölkədir. Əminəm ki,
Azərbaycan böyük uğur və inkişafla müsbət gələcəyə nail olmağa
davam edəcək. Dünyanın digər yerlərində Azərbaycanı çox tanımırlar.
Lakin son bir neçə il ərzində Azərbaycan daha çox tanınmağa
başlayıb. Biz səfirlik olaraq Azərbaycanın Birləşmiş Krallıqda
tanınması üçün vasitəçi rolunu oynama çalışırıq. Düşünürəm ki, bu
proses uğurla gedir.
- Azərbaycanda daha çox nəyi bəyəndiniz? Daha çox nələr
üçün darıxacaqsınız?
- Mən Azərbaycan yeməklərinin çox böyük fanatıyam. Geri
qayıdanda Azərbaycanın bütün yeməkləri - qutab, basdırma, plov üçün
darıxacağam. Bununla yanaşı, hava üçün darıxacağam. Londonda hava
Bakıdakı kimi gözəl deyil. Burada hava çox küləklidir, mən küləyi
çox xoşlayıram. Lakin düşünürəm ki, ən çox buranın insanları üçün
darıxacağam. Azərbaycanda çox ağıllı, istedadlı, təhsilli insanlar
var. Bizim səfirlikdə də belə insanlar çalışır. Mən səfirlikdəki
həmkarlarım üçün çox darıxacağam. Ümumilikdə bütün azərbaycanlılar
üçün darıxacağam.
- Azərbaycanla Böyük Britaniya arasında çox yaxşı
münasibətlər var. Bu münasibətləri daha da inkişaf etdirmək üçün
nəyə ehtiyac var?
- Qeyd etdiyiniz kimi, münasibətlərimiz çox yaxşı səviyyədədir.
Bizim siyasi, ticarət, enerji, insanlararası anlaşma, təhsil
sahəsində güclü əlaqələrimiz var. Düşünürəm ki, Birləşmiş Krallıq
ticarət əlaqələrində daha çox nələrsə edə bilər. Bizim ticarət
əlaqələrimiz daha çox enerji sektorunun, energetika şirkətlərinin
üzərinə düşür. Düşünürəm ki, biz Britaniya şirkətlərinin təkcə
enerji deyil, kənd təsərrüfatı, turizm, informasiya
texnologiyaları, maliyyə sahələrində də daha aktiv olmalarına nail
olmalıyıq. Bu, Azərbaycanın inkişafına təkan verə bilər. Hesab
edirəm ki, prezidentin də təşəbbüs etdiyi kimi, Azərbaycan iqtisadi
islahatlar sahəsində daha çox iş görə bilər. Azərbaycan nə qədər
çox islahat aparsa, açıq olsa, müxtəlif ideyalara və iş görməyə
açıq olsa, daha çox uğur qazanar. Həqiqətən əlaqələrimizi inkişaf
etdirmək yolları mövcuddur.
- Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
çox həssas dövrdəyik. Azərbaycanda işləmiş diplomat kimi necə hesab
edirsiniz, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nələr edilə
bilər?
- İlk olaraq mən son zorakılıq hadisəsindən zərər çəkmiş
insanlara başsağlığı verirəm. Münaqişənin 25 il ərzində davam
etməsi böyük faciədir və hələ də ortada sülh yoxdur. Düşünürəm ki,
sülh yolu ilə həllə köklənmək vacib məsələdir. Bilirəm ki, bəzi
azərbaycanlılar təmas xəttində baş verən son hadisələrdən çox
xoşbəxtdirlər. Çünki Azərbaycan bəzi ərazilərini geri qaytarıb.
Ancaq düşünürəm ki, insan itkisi faciədir və bu, həll yolu deyil.
İnsanlar sülhü seçməlidir. Düşünəndə ki, niyə Ermənistan tərəfi
sülh danışıqları masasına qayıtmağa bu qədər istəkli deyil, hesab
edirəm ki, bunun da son bir neçə həftədə təmas xəttində baş verən
toqquşmalarla əlaqəsi var. Mən dekabrda Ermənistanda oldum, oradakı
həmkarımı ziyarət etdim, bəzi rəsmi şəxslərlə görüşdüm. Mənə
dedilər ki, silahlı münaqişə davam edir, Azərbaycan tərəfdən
ritorikalar səsləndirilir və bütün bunlar münaqişənin həllinin
tapılmasını asanlaşdırmır. Bu, təhlükəsizliyi təmin etmir və onları
daha müdafiə olunan edir, erməni tərəfində dəyişikliyə açıq olmaq
əvəzinə, vəziyyəti saxlamaq istəyini artırır. Hesab edirəm ki, biz
vəziyyəti dəyişmək üçün iki məsələyə diqqət ayırmalıyıq. Diqqət
edilməli ilk məsələ odur ki, sülh yolu ilə həlldən sonra hansı növ
təhlükəsizlik tədbirləri görüləcəyi aydınlaşmalıdır. Çünki biz
Ermənistanla danışanda deyirik ki, sülh Azərbaycan torpaqlarının
geri qaytarılması əsasında olmalıdır. Onların dediyi ilk məsələ o
olur ki, torpaqları qaytarsalar, Azərbaycana daha yaxın olacaqlar
və Azərbaycan üçün onlara hücum etmək asanlaşacaq. Ona görə də
onları əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri
qaytardıqdan sonra ermənilərə hücum etmək fikri yoxdur. Ermənistanı
əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytarmaq
onu daha təhlükəli vəziyyətə salmayacaq və ya qaytarmamaq daha
təhlükəsiz etməyəcək. Çünki indi insanlar hər gün ölür. Azərbaycan
torpaqlarının geri qaytarılması ilə yaranacaq yeni vəziyyətdə insan
ölümü dayanacaq. İnsanlar təhlükəsiz şəraitdə olacaqlar.
İkincisi, sülhün hər iki tərəfə gətirəcəyi faydalardan daha çox
danışılmalıdır. Tək təhlükəsizlik baxımından deyil, rifah, regional
əməkdaşlıq və tərəflərə fayda baxımından bu barədə danışmaq
lazımdır. Buraya həmçinin nəqliyyat, kommunikasiya, ticarət
əlaqələri daxildir ki, bu, həm Ermənistan, həm də Azərbaycan
xalqının həyatını daha yaxşı, çiçəklənən, təhlükəsiz edə bilər.
İndi daha çox mənfi xüsusiyyətlərin üzərinə köklənilir. Müsbət
imkanlardan danışmaq əvəzinə, bir tərəf digərini incitmək üçün nə
edə bilər, digər tərəf bunun qarşını almaq üçün nə edə bilər kimi
məsələlər düşünülür...
- Siz Azərbaycanın regionlarında olmusunuz. Azərbaycanın
turizm potensialı barədə nə düşünürsünüz? Azərbaycanda britaniyalı
turistlər üçün nə cəzbedici ola bilər və ölkəmiz dünyadan
turistləri cəlb etmək üçün nə etməlidir? Özünüz Azərbaycana turist
kimi gəlməyi planlaşdırırsınızmı?
- Mənim Azərbaycanın regionlarını gəzmək üçün kifayət qədər
imkanım olub. Naxçıvan, Gəncə, Quba, Şəkil, Qəbələ, Lənkəran,
Şamaxı, Astara və bir sıra digər rayonlarda olmuşam. Azərbaycan çox
gözəl ölkədir. Balaca ölkə olsa da, geniş təbii xüsusiyyətləri var.
Azərbaycan Qafqaz dağlarından, Lerik meşələrindən ibarət çoxsaylı
müxtəlifliklərə malikdir. Düşünürəm ki, Azərbaycanın turizm üçün
böyük potensialı var. Lakin hesab edirəm ki, turistləri cəlb etmək
üçün marketinq və infrastruktur sahəsində irəliləyiş etmək
lazımdır. Çünki britaniyalılar üçün 6 saatlıq uçuş çoxdur və viza
da ucuz deyil. Düzdür, devalvasiyaya görə bu, indi o qədər də baha
deyil, lakin bura digər ərazilərlə müqayisədə britaniyalılar üçün o
qədər də cəlbedici görünmür. Ona görə, düşünürəm ki, buranı daha
çox cəlbedici və əlçatan etmək üçün çox işlər görülməlidir.
Hesab edirəm, mən Azərbaycana bir də qayıdacağam. Burada çoxlu
dostlarım və xoş xatirələrim var.
- Avropa İttifaqından çıxmağı müzakirə edən bir ölkə
kimi Böyük Britaniya "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında
münasibətlər barədə nə düşünür? Necə hesab edirsiniz, Aİ
Azərbaycanla strateji tərəfdaşlığa dair saziş
imzalamalıdırmı?
- Birincisi, onu deyim ki, Birləşmiş Krallıq Aİ-dən çıxmaq
barədə qərar verməyib. Biz Aİ-də qalmaq və ya qalmamaq barədə səs
vermək üçün referendum keçirəcəyik. Britaniya hökumətinin mövqeyi
ondan ibarətdir ki, biz Aİ daxilində qalmalıyıq, çünki bu,
Britaniya xalqı, onun rifahı, təhlükəsizliyi və beynəlxalq
əlaqələri üçün faydalıdır. Ona görə də ümid edirəm ki, iyunun 23-də
keçiriləcək referendumda Birləşmiş Krallıq xalqı Aİ daxilində
qalmağın lehinə səs verəcək. Çünki bu, Britaniyanı daha güclü
edəcək.
Azərbaycanın Aİ ilə əlaqələrinə gəldikdə isə Avropa İttifaqının
onunla qonşuluqda olan bütün ölkələrlə yaxşı əməkdaşlıq əlaqələri
qurmaq istəyi var. Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində
"Şərq Tərəfdaşlığı" proqramının bir hissəsidir. Aİ-nin anlamalı
olduğu bir məsələ var ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin hamısı
eyni deyil. Bütün 6 ölkə bir-birindən fərqlidir. Ona görə də bu
ölkələr üçün əməkdaşlıq sazişi eyni olmamalıdır.
Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq sazişi ilə bağlı
təklifi Aİ tərəfindən alqışlanıb. Mən hesab edirəm ki, biz bu
razılaşmanı imzalamaq üzərində işləməkdən məmnunuq. Hazırda
razılaşmanın dəqiq hansı şəkildə olacağı ilə bağlı danışıqlar
gedir. Düşünürəm ki, Azərbaycanla əməkdaşlıq və anlaşmanın tam
şəklini aydınlaşdırmaq Aİ üçün yaxşı olacaq. Bu, həmçinin
Azərbaycan üçün Aİ ilə əməkdaşlıq etmək baxımından yaxşı nəticə
verəcək. Azərbaycana texniki, hüquqi, maliyyə dəstəyi vermək
baxımından yol açacaq, Azərbaycanın inkişafına kömək edəcək.
Düşünürəm ki, bu sənəd mümkün olan bir zamanda Azərbaycanla Aİ-nin
imzalamalı olduğu bir sənəddir.
- Böyük Britaniya Azərbaycanın həyata keçirdiyi
beynəlxalq layihələri dəstəkləyən ölkələrdən biridir. Bu layihələr,
o cümlədən dəmir yolu layihələrinin perspektivləri barədə nə
düşünürsünüz?
- Dediyiniz kimi, Birləşmiş Krallıq Azərbaycanın rəhbərliyi ilə
həyata keçirilən beynəlxalq layihələrinin böyük dəstəkçisidir.
Bunlara Cənub Qaz Dəhlizi, "Şahdəniz 2", "Şahdəniz" qazını
İtaliyaya daşıyacaq TAP, TANAP layihələri daxildir. Biz Cənub Qaz
Dəhlizi ilə bağlı Məşvərət Şurasının nazirlər toplantısında da
iştirak etmişik. BP də bu işlə bağlı sıx işləyir. Britaniya
hökuməti BP-nin səylərini güclü şəkildə dəstəkləyir.
Nəqliyyat layihələrinə gəldikdə isə bunlar da bütün tərəflərin
qazanacağı bir layihədir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə
bilikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bitirsə və Rusiya və
İranla birlikdə Şimal-Cənub dəmir yolu xəttini reallaşdırsa, hər
kəs üçün faydalı olacaq, ticarət, insanların axını, baryerlərin
aradan götürülməsi baxımından geniş imkanlar açacaq. Biz
Azərbaycanın bu sahədəki liderliyini alqışlayırıq.
- Böyük Britaniya Azərbaycanın böyük ticarət
tərəfdaşlarından biridir. Azərbaycanda ən böyük enerji şirkəti olan
BP Britaniya şirkətidir. Neftin qiymətinin düşməsi bu əlaqələrə
hansısa şəkildə təsir edə bilərmi?
- Mən belə düşünmürəm. Bizim Azərbaycandakı fəaliyyətimiz davam
edən böyük layihələrin investisiyası ilə bağlıdır.
"Azəri-Çıraq-Günəşli", Cənub Qaz Dəhlizi, "Şahdəniz 2" - bunlar
Azərbaycan, BP və Birləşmiş Krallığın reallaşmasını istədiyi böyük
layihələrdir. Düşünmürəm ki, neftin qiymətlərinin dəyişməsi bu
layihələrlə bağlı öhdəliklərə, o cümlədən Azərbaycanla bizim
əməkdaşlıq fəaliyyətimizə təsir edə bilər. Təbii ki, neftin
qiymətlərinin düşməsi bəzi dəyişikliklər yaradacaq. Lakin bu
layihələrlə bağlı Azərbaycanla işləmək üzrə strateji öhdəlik heç
cür dəyişmir. Bu, həm BP, həm Britaniya hökuməti, həm də Azərbaycan
tərəfdən belədir. Düşünürəm ki, biz heç bir dəyişiklik
görməyəcəyik.
- Azərbaycanlıların Böyük Britaniya universitetlərinə
böyük marağı var. Səfir olduğunuz müddətdə sizin ölkənin
universitetlərində təhsil almağa gedən azərbaycanlıların sayında
müsbət dəyişiklik oldumu? Gələcəkdə daha çox tələbənin bundan
yararlanması üçün hansı addımlar atılacaq?
- Mən 3 əvvəl bura təyin olunmuşam. 2014-2015 təhsil ilində
sayda böyük artım oldu. Lakin 2015-2016-cı illərdə bir qədər azalma
müşahidə edildi. Bu, daha çox Azərbaycandakı iqtisadi çətinliklərlə
bağlı idi. Təəssüf ki, Birləşmiş Krallıqda təhsil almaq pulsuz
deyil. İnsanlar bunun üçün ödəniş etməlidir. İndi ödəniş etmək bir
qədər çətindir. Lakin onu bilirəm ki, Britaniya universitetlərinin
azərbaycanlı tələbələri cəlb etməklə bağlı marağı hər il artır. Hər
il biz Azərbaycanda 2 dəfə böyük təhsil sərgisi keçiririk.
Britaniya universitet və kollecləri dəvət olunurlar, tələbələrlə
danışırlar, açıq günlər təşkil edirlər, onları Britaniya
universitet və kolleclərində təhsil almağa həvəsləndirilər.
Düşünürəm ki, iqtisadi vəziyyət inkişaf edən kimi, bu rəqəm artmağa
doğru gedəcək.