Məzahir Süleymanzadə imzası
jurnalistikamızda özünəməxsus yeri, möhürbəndi olan bir imzadır.
Tanınmış jurnalistlə görüşüb söhbət etmək, onun "Xatirə dəftəri"ni
vərəqləmək istəyim həm Axar.az rəhbərliyi, həm də elə ustad
jurnalist tərəfindən razılıqla qarşılandı. Beləcə, tanınmış
jurnalist-yazar Məzahir Süleymanzadə ilə söhbətimizin oxucularımız
tərəfindən də rəğbətlə qarşılanacağı əminliyi ilə müsahibimlə
görüşə yollandım. Əhval-ruhiyyəsinin yüksək olmasını görsəm də,
səhhəti və ovqatı ilə maraqlandım:
- Məzahir müəllim, necəsiniz?
- Cəbhədəki vəziyyətlə bağlı nigaranlığı, səhhətimdəki bəzi
problemləri, kirayədə yaşamağın üzüntülərini nəzərə almasaq,
yaxşıyam.
Üzüntülü söhbətə yer vermək istəmədim:
- Deyəsən, son vaxtlar boş vaxtınızın əsas hissəsini
nəvələrinizlə bir olmaqla və sosial şəbəkədə xatirələrinizi
vərəqləməklə keçirirsiniz?
Nəvələrindən bəhs etməyim onun sifətinə babalara yaraşan
təbəssüm çilədi:
- Nəvələrim - Məryəmlə Mədinə həyatımın mənası, şeirlərimin,
nağıllarımın qəhrəmanlarıdırlar. Onların sayəsində yüzlərlə,
minlərlə uşaq mənə "baba" deyir. Xoşbəxtəm ki, indi Yer üzündə ən
çox nəvəsi olan babayam. Məryəm və Mədinəyə müxtəlif ölkələrdən
məktublar gəlir. Cənubi Amerikada, Afrikada, Kanadada yaşayan,
üzünü görmədiyim bir uşağın mənə "baba" deyə müraciət etməsi
qəlbimdə kövrək hisslər oyadır və məni hədsiz sevindirir.
Bilirsiniz ki, xeyli vaxtdır uşaqlarla bağlı "Məzahir babanın
balaca qonaqları - ocaq başında baba - nəvə söhbəti" adlı xüsusi
layihə çərçivəsində çoxlu şeir, nağıl yazmışam. Bir ay əvvəl "Ata
Holdinq" Şirkətlər Qrupunun təşkilatçılığı ilə "Excelsior" otelində
Bakı məktəblərində təhsil alan istedadlı şagirdlərin mənimlə görüşü
keçirildi. Uşaqların ifasında öz şeirlərimi eşidəndə, onlarla
birlikdə Azərbaycan himnini oxuyanda uçmağa qanad axtarırdım! O ki
qaldı xatirələrə, bunsuz həyat olmaz ki... Mən xatirə yazmağı və
ötən günləri yada salmağı xoşlayıram.
Axır ki, layihəmizlə bağlı fikrimi və verəcəyim sualı
ünvanladım:
- Sizinlə "Xatirə dəftəri" layihəsində üz-üzəyik, kitab
kimi oxuna bilən həyatınız olub, oxucularımız üçün vərəqləmək
istəyirəm bəzi anlarını, vaxtınız varmı?
- Əlbəttə, var. Yaxşı dediniz, kitab kimi oxuna bilən həyatım
olub. Əslində, bu həyat kitab kimi oxunub və maraqla qarşılanıb.
Mənim müxtəlif illərdə nəşr olunmuş "İzim qalmasa da, sözüm
qalacaq", "Güllələnmiş qəzet", "Jurnalist ömrünün naxışları", "Bir
qucaq çiçək" kitablarım acılı-şirinli xatirələrdən ibarətdir.
Həyatım olduqca maraqlı keçib. Şübhəsiz, buna görə mənə hələ üç
yaşımda oxumağı-yazmağı öyrədən anam Umleyla Nəcəfqulu qızına, məni
kişi kimi böyüdən atam Bəybala Güləli oğluna minnətdaram. Sonra da
Şamaxı ədəbi mühiti, tanınmış ziyalıların xeyirxah münasibəti. Sizə
səmimi bir söz deyim, bax, bu gün mənimlə az-çox tanınan
yazıçı-jurnalist kimi söhbət edirsiniz, amma iş elə gətirə bilərdi
ki, mənə rəssam, aktyor, hətta pəhləvan, general kimi suallar
verərdiniz. Şamaxılılar bilirlər, mənim çoxşaxəli inkişaf
perspektivlərim olub. Hələ gənc ikən çəkdiyim rəsmlər, bədii
fotolar respublika və ittifaq mətbuatında dərc edilib, Şamaxı Xalq
Teatrında səhnə həyatım olub, əməkdar məşqçi Xankişi Hüseynovun
yetişdirdiyi tanınmış pəhləvanlardan biri kimi yaddaşlarda
qalmışam. İlk yazılarım mətbuatda dərc olunanda beşinci sinifdə
oxuyurdum. Bu yaxınlarda Anarın düz 45 il bundan əvvəl mənə yazdığı
məktubları oxuculara təqdim etdim. Tək Anar deyildi, Rəsul Rza,
Qabil, Tofiq Bayram, Məsud Əlioğlu, Əzizə Cəfərzadə, Fikrət Sadıq,
Musa Yaqub kimi qüdrətli qələm sahibləri ilə ünsiyyətdə olurdum,
günüm Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin məzarı başında
keçirdi. Belə bir mühitdə yetişməmək mümkün deyildi. Mən Şamaxıdakı
S.M.Qənizadə adına 1 nömrəli şəhər orta məktəbinin məzunuyam.
Tbilisidə Ali Hərbi Jurnalistika Məktəbini bitirmişəm. Lvov Ali
Hərbi Siyasi Məktəbinin jurnalistika fakültəsində, Moskva İctimai
Elmlər Akademiyasında təhsil almışam, nəhayət, Azərbaycan Dövlət
Universitetinin 1979-cu il məzunu olmuşam. "Krasnaya zvezda",
"Leninskoye znamya" qəzetləri, "Sovetski voin" jurnalı ilə
əməkdaşlıq etmişəm. "İdman" - "Sport" qəzetinin xüsusi müxbiri,
"Kommunist" qəzetinin redaktor müavini, "Səhər" qəzetinin baş
redaktoru vəzifələrində çalışmışam.
Qəzet alırsan, oxumağa heç nə tapmırsan
- Deyin, yeniyetməlik, gənclik illərinizdə uzağa - bu
günlərə qədər olan günlərinizə can atmağınız olurdumu, yəni illəri,
hadisələri qabaqlayırdınızmı ki, hansı mərtəbəyə, hansı məqama nə
vaxt çatacağam...
- Əlbəttə, olurdu və bu istəklərimin müəyyən hissəsi
gerçəkləşdi. Məsələn, qeyd etdim ki, anam mənə yazıb-oxumağı üç
yaşımda öyrədib. Yazdığım, oxuduğum ilk sözlər bilirsiniz hansılar
olub? "Kommunist" və "Stalin" sözləri. Qarnı üstə yerə uzanıb
qarşıma sərdiyim "Kommunist" qəzetinin adını olduğu kimi
köçürürdüm. Qəzetdə ən çox rastlaşdığım "Stalin" sözünü də eləcə.
Şübhəsiz, üç yaşlı uşaq bu sözlərin mənasını anlaya bilməzdi. Orta
məktəb illərində "Kommunist" qəzetində kiçik xəbərlərim, əmək
adamları haqqında məqalələrim dərc olunurdu. Ən maraqlısı
bilirsiniz nə idi? Orta məktəb şagirdinin yazıları "Kommunist"
qəzetində nöqtəsinə, vergülünə toxunmadan oxuculara çatdırılırdı. O
vaxt qəlbimdə respublikanın bir nömrəli qəzetində işləmək arzusu
yaranmışdı. Mən bunu arzulasam da, can atmırdım. Taleyin hökmü ilə
universiteti bitirdikdən sonra, 1980-ci ildə məni "Kommunist"ə
dəvət etdilər, bir qədər sonra isə bu qəzetin tarixində ən cavan
redaktor müavini oldum. "Səhər"lə bağlı arzularım da qəlbimdə o
vaxtlar baş qaldırdı.
- Məzahir müəllim, siz bizim köhnə nəsil
jurnalistlərimizdənsiniz. Bu günün jurnalistikası dünənlə
müqayisədə nəyi uduzur, nəyi qabaqlayır?
- Bizim nəsil jurnalistləri daha peşəkar, daha məsuliyyətli,
daha savadlı idilər. O zaman jurnalist peşəsinin hörməti, nüfuzu
indikindən qat-qat artıq idi. Jurnalistlər cəmiyyətin aparıcı
qüvvəsi kimi ictimai fikrə təsir edə bilirdilər. Vəzifə sahibləri
də qəzetlərdən, jurnalistlərdən çəkinirdilər. Çünki dəfələrlə
jurnalistin tənqidi qeydləri ən yüksək səlahiyyətli orqanlarda
müzakirə olunmuş, ciddi tədbirlər görülmüşdü. O zaman ən ciddi
jurnalistika janrları oçerk və felyeton sayılırdı. Bu janrlarda
yazmaq da hər jurnalistin işi deyildi. Bir də ən əsası, fakta
münasibət, məsuliyyət məsələsi çox vacib amil idi. Mətbuatda dərc
olunan yüzlərlə tənqidi yazının heç biri təkzib olunmurdu. Çünki
jurnalist təsdiq edilməmiş, yoxlanılmamış faktlardan istifadə
etmirdi. Bir də ki tiraj məsələsi. Qəzetlərimiz yüz minlərlə
tirajla nəşr olunurdu və sözümüz dərhal hər bir Azərbaycan ailəsinə
çatırdı. Yaxşı jurnalistlərin imzaları tanınırdı. Əlbəttə, dövrün
ideoloji təsirindən doğan mənfi cəhətlər də var idi... İndi zaman
dəyişib, qəzetlər hörmətdən düşüb. Qəzet oxuyan gündən-günə azalır.
Ədalət naminə demək lazımdır ki, bu məsələdə oxucunun günahı
yoxdur. Bir qoltuq qəzet alırsan, oxumağa heç nə tapmırsan.
Məddahlıq, yaltaqlıq, riyakarlıq, qeyri-peşəkarlıq baş alıb gedir.
Qəzetlər inkubator cücəsi kimi bir-birinə bənzəyir, hamısı sapsarı.
Elektron kütləvi informasiya vasitələri daha operativdirlər,
onların da arasında reytinq dalınca qaçanı çoxdur. Bu günün
jurnalistlərinin əsas üstün cəhətləri ondadır ki, xarici dil
bilirlər, kompüter texnikasından yaxşı baş çıxarırlar, dünya
onların gözlərinin qabağındadır. Təəssüf ki, kriminal hadisələrə,
şou-biznesə, hətta qərəzli, məqsədli informasiyaya meyil güclüdür,
saytlar arasında rəqabət sağlam deyil, piratçılıq baş alıb
gedir...
Xocalı soyqırımı haqqında ilk həqiqi
informasiyanı...
- Kimləri xatırlayırsınız, kimlərin imzası üçün yaxşı
mənada həsəd çəkmisiniz ilk qələm təcrübələriniz
zamanı?
- Əhməd İsayev, Əli İldırımoğlu, Sadıq Qarayev, Şamil
Şahməmmədov, Rəfail Nağıyev, Hidayət Zeynalov, Firdovsi Zamanov,
Şahmar Əkbərzadə, İlham Rəhimli, Möhbəddin Səməd... Şəxsiyyətinə və
imzasına hörmət bəslədiyim jurnalist çoxdur. İş elə gətirdi ki,
onların əksəriyyəti ilə iş yoldaşı oldum, birgə fəaliyyət
göstərdik.
- Bilirəm, dəfələrlə bu haqda bəhs etmisiniz, həm də bu
yaxın və qadalı, qanlı tariximizin bir səhifəsinə çevrilib. "Səhər"
qəzetinin yarandığı günü və sonralar qanlı faciəmizlə bağlı
gördüyünüz işləri deyirəm. Xatirənizdə necə qalıb?
- "Səhər"in adı çəkiləndə hamı 1990-cı ilin Qanlı Yanvarını
xatırlayır. Əlbəttə, o ağır günlərdə iki milyon tirajla qəzet
buraxıb informasiya blokadasını yarmaq ömrümüzə yazılan hadisədir.
Ancaq "Səhər" 1989-cu il avqustun 4-dən nəşr olunur və müstəqil
Azərbaycan mətbuatının ilk qaranquşu sayılır. Xocalı soyqırımı
haqqında ilk həqiqi informasiyanı da oxuculara, beynəlxalq
ictimaiyyətə "Səhər" çatdırıb. "Səhər" təqribən il yarım ərzində
Azərbaycanda nəşr olunan yeganə gündəlik nəşr olunub. O zaman
nüfuzlu xarici kütləvi informasiya vasitələri üçün ən etibarlı
xəbər mənbəyi "Səhər" idi. "Səhər"in yüksək tirajla, rus, ingilis,
fars, ivrit və hətta erməni dilində xüsusi buraxılışları nəşr
edilib. O ki qaldı qəzetin yaranma tarixinə... Bu, mənim
partizanlığımın nəticəsində mümkün oldu. Unudulmaz Cəmil Əlibəyov
"Kommunist"in redaktoru idi. O zaman yeni bir qəzet açmaqdan söhbət
belə gedə bilməzdi. Bunun üçün Moskvanın icazəsi tələb olunurdu.
Biz çox baş sındırdıq, axırda Cəmil müəllimi razı saldıq ki,
"Kommunist" qəzetinin həftədə bir dəfə 6 səhifə həcmində çıxması
üçün Azərbaycan KP MK-ya müraciət etsin, bu məqsədlə redaksiyaya
kağız ehtiyatı ayrılmasına nail olsun. Bu qərar 1989-cu il aprelin
4-də verildi. Cəmil Əlibəyov tez-tez soruşurdu ki, bəs qəzet nə
vaxt 6 səhifə çıxacaq? Mən gənc jurnalistlərimiz Zülfüqar
Rüfətoğlunun, Araz Qurbanovun, Elman Qədirovun, Bəxtiyar Sadıqovun,
Akif Qəhrəmanovun... iştirakı ilə materiallar hazırladım, "Səhər"
sözünün qrafikasını da özüm yazdım. Mətbəədə bir neçə işçini
səfərbər edib qəzeti çapa hazırladım. Heç kəsin bundan xəbəri
olmadı. Səhər tezdən qəzet köşklərində "Səhər" göründü və 400 min
tirajla çıxan qəzet günortayadək satılıb qurtardı. İşə gedən kimi
Cəmil Əlibəyov məni yanına çağırdı, mən də dinməz-söyləməz xidməti
vəsiqəmi çıxarıb stolun üstünə qoydum. Bilirdim ki, belə
partizanlıq heç zaman bağışlanmır... Cəmil müəllimi təcili Mərkəzi
Komitəyə çağırdılar. Tez qayıtdı, üzü gülürdü, əlində də "Səhər"
qəzeti. Qəzetin üzərində MK katibinin dərkənarı var idi: "Təbrik
edirəm! Qəzeti belə buraxarlar!" Cəmil Əlibəyov xidməti vəsiqəmi
özümə qaytardı. Onun sözləri indiki kimi yadımdadır: "Sən ona görə
belə cəsarətlisən ki, 1937-ci ili görməmisən..." O gündən "Səhər"
müntəzəm nəşr olunmağa başlandı, Cəmil müəllim heç vaxt işimə
müdaxilə eləmədi. 1991-ci ilin yanvarından "Səhər" müstəqil,
gündəlik nəşrə çevrildi və mətbuat tariximizə yeni səhifələr
yazdı...
Allah məni mükafatlandırıb
- Vətənpərvərliyinizlə seçilmisiniz, örnək olmusunuz
həmişə. Bu günün azərbaycanlısı nə qədər
vətənpərvərdir?
- Vətənpərvərlik elə bir hissdir ki, onu hər zaman ifadə eləmək,
nümayiş etdirmək olmur. Bu ilin aprel döyüşləri göstərdi ki,
xalqımız bu hissdən məhrum deyil. Vətənin, xalqın mənafeyi naminə
birləşə bilirik. Bu, bir vətəndaş kimi məni çox sevindirir.
- Sosial şəbəkədə bəzi statuslarınızda kövrək, duyğusal
anlarınızı paylaşırsınız, bu nədən irəli gəlir? Ötən günə gün
çatmaz, yoxsa ötənlərdə arzuladıqlarınızdan gerçək olmayanları var
hələ?..
- Mən təbiətən kövrək, duyğusal adamam. Böyük məhəbbət yaşamışam
və bu məhəbbəti övladımla birgə çox gənc yaşlarımda itirmişəm.
Allah bəzən çiynimə daşıya bilməyəcəyim qədər məsuliyyət yükü
qoyub. Düşünürəm ki, bu çətin sınaqdan çıxa bilmişəm və Allah da
məni iki mələk nəvə ilə mükafatlandırıb.
- Xatirələrinizi də dilə gətirirsiniz, o gün Əbülfət
Novruzun bir şeirini oxuyub Məlhəm kəndinin çənini, dumanını təsvir
etmişdiniz. Yurd yerlərinin şirini, acısı nə qədər sizi özünə
çəkir?
- Gəncliyimiz Əbülfət Novruzla eyni dövrə təsadüf etsə də onunla
şəxsən tanış deyiləm. Sağ olun ki, bu gün qürbətdə yaşayan şairin
şeirlərinə belə qayğıkeş münasibət göstərirsiniz, biz də belə
poeziya nümunələri ilə tanış oluruq. Mən dünyanın yüzdən çox
ölkəsində, mindən çox şəhərində olmuşam. Amma Azərbaycanda olan
gözəlliyi, cazibədarlığı heç yerdə görməmişəm. Yeri gəlmişkən,
Azərbaycanın da bütün bölgələrini gəzmişəm. Ona görə Əbülfətin
ustalıqla təsvir etdiyi Məlhəm çəninin qiymətini yaxşı bilirəm. Bir
müddət M.Ə.Sabirin ev muzeyinin, S.Ə.Şirvani adına Şamaxı
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olmuşam, gələn qonaqlara
doğma yurdumu məhəbbətlə təqdim etmişəm. Bu gün də yurd nəğmələrini
zümzümə edirəm, Şamaxının havası ilə nəfəs alıram, Qırxbulağın
suyunu içirəm. Amma qəlbimdə bir nigaranlıq, ağrı da var. Şamaxı
indi mənim böyüyüb boya-başa çatdığım şəhər deyil. Mənəvi mühit
korlanıb, Şamaxı ziyalısının səsini batırıblar, Şamaxını bütün
dünyaya tanıdan ənənələri məhv ediblər. Heç deyəsən, Şamaxıda
yazıb-yaradan da yoxdur...
Axırda gəlib üzr istədi, dedi ki...
- Siz həm də tanınmış yazıçımızsınız. Bədii
əsərlərinizin taleyindən razısınızmı?
- Bədii yaradıcılıqla yeniyetməlik illərindən məşğul olsam da,
Yazıçılar Birliyinin təzə üzvlərindənəm. "Cıdır düzündə toy"
sənədli povestimin təqdimatı Şamaxının Cəmcəmli kəndində, açıq
havada, vaxtilə anamın çalışdığı xırman yerində oldu, unudulmaz
anlar yaşadım. "Ocaq başında" adlı şeirlər kitabım da maraqla
qarşılanıb. İndi oxucularla əsasən sosial şəbəkədə ünsiyyətim olur.
Hiss edirəm ki, ovqat şeirlərimə maraq göstərirlər. Uşaqlar üçün
"Çiçək ətirli Məryəm" kitabım çıxandan sonra oradakı bəzi hekayələr
rus və ingilis dillərinə də tərcümə olunub. İlin sonunadək daha üç
kitabla oxucuların görüşünə gəlmək istəyirəm. Biri şeir kitabı
olacaq, biri nəsr, o biri də publisistika...
- Heç olmayıbmı ki, sizə mane olsunlar, get-gələ
salsınlar? Bəlkə "Xatirə dəftəri"nizin sizi məyus edən səhifələrini
vərəqləyək?
- Yox, heç vaxt get-gələ salınmamışam. Mənə mane olublar,
əlbəttə, amma çox vaxt bundan sonralar xəbər tutmuşam. Məsələn,
1971-ci ildə Şamaxı rayon Partiya Komitəsinin təqdimatı ilə
Moskvada, Sov. İKP MK-da belə bir qərar qəbul edilmişdi ki, məni
Leninqrad Mədəniyyət Universitetinə imtahansız qəbul etsinlər.
Atamla təyyarəyə bilet aldıq, Leninqrada uçmağa hazırlaşanda məlum
oldu ki, sənədlərim yoxa çıxıb... Bu sənədləri bir də iki ildən
sonra, təşkilat şöbəsinin müdirinin stolunun gözündən tapdılar. Bir
də mən "Kommunist" qəzetinə redaktor müavini təyin olunanda
maneçilik törətməyə çalışdılar. Redaktorumuz Ramiz Əhmədovun təkidi
ilə üç MK katibinin - Rafiq Zeynalovun, Əfrand Daşdəmirovun və
Telman Orucovun iştirakı ilə seçki keçirildi. Yalnız bir nəfər
əleyhimə səs vermişdi. Mən də ömrüm boyu ona hörmət elədim. Axırda
gəlib üzr istədi, dedi ki, sözü bir yerə qoymuşduq ki, sənin
əleyhinə səs verəcəyik, məni aldatdılar, pis vəziyyətdə
qaldım...Lap qoy qaranlıq qalmasın deyə, o əməkdaşımızın adını da
deyim, Əşrəf Hacıyev.
Səhnədən ləyaqətlə getməyi üstün tutdum
- Məzahir müəllim, deyin, nələr siz istəmədiyiniz kimi
oldu?
- Çox şey mən istəmədiyim kimi oldu. Azərbaycan mətbuatında ara
qarışdı, məzhəb itdi. İş bacarmayanlar, peşəkar jurnalistlərin
kölgəsində qalanlar vəzifə başına keçdilər, əvvəlcə "Səhər"i ələ
almağa çalışdılar, gördülər ki, bu, mümkün deyil, məni sıxıb suyumu
çıxardılar. Təvazökarlıqdan uzaq da olsa, mənim evimi elə bu
təvazökarlıq yıxıb, həqiqət bundan ibarət idi ki, "Səhər"in
yerişini heç bir qəzet yeriyə bilməzdi, heç bu gün də yeriyə
bilmir. Mən öndə olanda onlar görünmürdü. Onların ilk sıraya
keçməsi üçün üzümə gülə-gülə, tərifləyə-tərifləyə məni mənəvi
cəhətdən edam etdilər... Əlbəttə, vəziyyətdən çıxmaq üçün kiməsə
sığınmaq, ağız açmaq, yaltaqlıq eləmək lazım idi. Amma mən səhnədən
ləyaqətlə getməyi üstün tutdum. "Səhər"i qurban verib ləyaqətimi
qorudum. Getdim ki, sular durulandan sonra yenidən qayıdım. Artıq
sosial şəbəkələrdə bu qayıdışın hərarəti duyulur.
- Yenə də sərbəst vaxtlarınıza qayıtmaq istəyirəm.
Xatirələrinizlə baş-başa qalmaq xoşdur, yoxsa köhnə-təzə dostlarla
yeni xatirələr olacaq günlərin yaşanması?
- Xatirə yazmaq, ötən günləri yada salmaq, əlbəttə, xoşdur.
Çünki xatirələrim milli-mənəvi dəyərlərlə, çox görkəmli, dünya
şöhrətli şəxsiyyətlərlə, müstəqilliyimizin ilk illəri ilə bağlıdır.
Köhnə, təzə dostlarla yeni xatirələrə çevriləcək günlərin yaşanması
isə mənim sonrakı həyatımın mənasıdır. Mən hər gün yazı masamın
arxasındayam. Gözüm görür, qulağım eşidir, beynim düşünür, qələmim
yazır. Məzahir Süleymanzadə imzası hələ tarixə qovuşmayıb...