Yuxarı

Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

(I yazı – Şirvan mahallarının qısa tarixçəsi)

Azərbaycan dili və mədəniyyətinin formalaşması tarixini öyrənmək üçün oba və kəndləri yaxından tanımaq lazımdır. Odur ki, Kult.az portalında Şirvan xanlığının ləğvi dövrünü (1821-1831-ci illər) özündə əks etdirən etnoloji tədqiqatları silsilə yazılarımızla oxucuların diqqətinə çatdıracağıq.

Hələ 1820-ci ildə xanlıq ləğv edilərkən Şirvanın 17 mahalı vardı: 1. Xançoban; 2. Qoşun; 3. Hauz; 4. Qəbiristan; 5. Muğan; 6. Nəvahi; 7. Ğəssani; 8. Qarasubasar; 9. Lahıc; 10. Qarabağlar; 11. Sərdərin; 12. Rudbar; 13. Xazayurd; 14. Elat; 15. Bölükət; 16. Əkərət; 17. Salyan.

Mahalları xan talağı (fərmanı) ilə təyin olunmuş mahal bəyləri (naiblər) idarə edirdilər. Mahallar kənd və obalardan ibarət idi. Kəndləri və obaları kovxalar və yüzbaşılar idarə edirdilər. Onları kənd və ya oba icması seçirdi. Maaflar xan talağı ilə vergilərdən azad olunmuş rütbəli şəxslər idi. Xan ordusu maafların hesabına gücləndirilirdi. Maaflar döyüş zamanı əsgər, dinc şəraitdə kəndli idi. Xan xəzinəsinə vergilər hər kəndə və obaya görə müəyyən edilirdi.

Məşğuliyyətlərdən asılı olaraq müxtəlif vergilər vardı: pulla ödənilən vergi; mal-qaraya görə vergi; yağ, pendir, palaz və alaçıq vergisi; taxıl vergisi; malcahat (taxılın 1/10, baramanın 1/5-i); cütbaşı (hər cütə görə); darğalıq; tağarbaşı (hər tağar məhsula görə); belbaşı (su arxından istifadə edən hər belə görə); at arpası; bağbaşı (bağlara görə); baramaçan dəzgaha görə vergi; saman, kömür, oduna görə vergi və s.

I

Xançoban mahalı Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı.

Şirvan xanları Xançoban mahalından çıxdığı üçün bu mahala vergi təyin edilməmişdi. Mahalın əsas xüsusiyyəti tamamən türk elatlarından təşkil olunması idi. Xançoban adlanması mahalın obalarının birbaşa hökmdara, xana bağlı olmasından irəli gəlirdi. Sözün etimologiyasına diqqət yetirsək, "xan" (qədim türk dilindən məlum olan xan, xaqan, kaan kimi hökmdar mənasında işlədilən sözdür, uzun müddət şah və imperator sözlərinin qarşılığı kimi tanınıb) və "çoban" (türklərin dilinə X-XI əsrlərdən sonra fars dilindən daxil olmuş sözdür, heyvanları otarmaq və qorumaq mənasındadır) sözlərindən yarandığını görərik. Xançoban mahalının sakinləri əksəriyyətlə yaylaq-qışlaq maldarlığı və taxıl əkinçiliyi ilə məşğul olurdular. Mahalın naibi Məlik Umud idi.

II

Qoşun mahalı Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu, Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı, Hacımanlı, Xatımanlı, Çarağan, Nüydi, Şərədil, Talış, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündi, Mədrəsə, Kərkənc, Kələxanı, Meysarı, Keçdiməz, Saqiyan, Qonaqkənd) 1065 ailə yaşayırdı.

Qoşun mahalının yaylaq-qışlaq maldarlığı ilə məşğul olan obaları hamısı türk obalarından ibarət idi. Kəndlərin bəzilərinin əhalisi türklərdən, bəziləri müsəlman tatlardan, bəziləri isə xristian tatlardan ibarət idi. Vasili Bartold "qoşun" sözünün monqol dilindən türk dillərinə keçdiyini qeyd edir. Belə ki, monqol dilindəki "xoşun" sözü türk dillərinə "qoşun" kimi "əsgər, yan-yana düzülmüş əsgər dəstəsi" mənasında daxil olub. Mahalın əhalisinin xanın hərbi qüvvəsinin əsas hissəsini təşkil etdiyi görünür. Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. Mahalın naibi Məlik Mahmud idi.

III

Hauz (Hovuz) mahalı Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı.

Hauz mahalının əhalisi əsasən türklərdən, müsəlman və xristian tatlardan ibarət idi. “Hauz” sözü ərəb dilindən türk dilinə keçib. Axar suyun toplandığı yer mənasındadır. Əgər kəndlərin yerləşdiyi əraziyə diqqət etsək, Şirvanın əsas bulaq və çay suyu ehtiyatının məhz bu mahalda olduğunu görərik.

Bəlazuri Məsləmənin Şirvan yürüşlərindən bəhs edərkən özünə Hauzu mülk kimi ayırdığını qeyd edir. Şirvanşah, Liranşah, Təbərsəranşah, Filanşah, Cərşənşah, habelə Məsqətin hökmdarı Məsləmə ilə sülh müqaviləsini orada bağlamışdı. Maraqlısı odur ki, XX əsrin əvvəllərinə qədər mahalın adı dəyişməmiş, olduğu kimi gəlib çatmışdır.

Hauz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular. Şirvanın əsas sənətkarlıq məhsullarını məhz bu mahal təmin edirdi. Mahalın naibi Mərdan bəy idi.

IV

Qəbiristan mahalı Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə edib. Burada 1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı, Xilə, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı.

Qəbiristan mahalının əsas əhalisi yaylaq-qışlaq maldarlığı ilə məşğul olan türklərdən və türkləşmiş ərəblərdən ibarət olub. Qəbiristan mahalında türkləşmiş ərəblərin üstünlük təşkil etməsi pirlərin, xanəgahların, sufi təkyələrinin çoxluğuna dəlalət edir. Mahalın "Qəbiristan" adlanması sufi və övliyaların məzarlıqlarının çox olması ilə əlaqədardır. "Qəbiristan" sözü ərəb dilində "qəbir", fars dilində "istan" şəkilçisi vasitəsilə yaranıb.

Qəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Mahalın naibi Məlik Baxış idi.

V

Muğan mahalı Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.

Muğan mahalının əhalisi tamamilə türk obalarından ibarət olub. Xəzər dənizinin cənub-qərb hissəsinin Muğan adlanması hələ eramızdan əvvəl Midiya dövründən başlanır. Əbdüləzəl Dəmirçizadə "Muğan" adının "maq/muğ" tayfa adı və fars dilində cəmlik bildirən -an şəkilçisindən törədiyini göstərib. Herodotdan başlayaraq qədim müəlliflər mük/muğ tayfalarından bəhs edirlər. Muğan düzü zəngin otlaqlara və əkin sahələrinə malik olduğu üçün hərbi-siyasi hadisələrin nəticəsində sonuncu minillikdə dəfələrlə öz sakinlərini dəyişib. Tarixin gedişatını mənbələrdən aydın izlədiyimiz kimi, Muğan düzü xalqların böyük köçlərinə şahidlik etdib.

XIX əsrin əvvəllərində Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Həsən xan idi.

VI

Nəvahi mahalı Şamaxı və Hacıqabul rayonu ərazisində mövcud olub. Burada 1821-ci ildə 3 obada (Muğanlı, Quşçu və Nəvahi) 128 ailə yaşayırdı.

Nəvahi mahalının sakinləri tamamilə türk tayfalarından ibarət idi. "Nəvahi" ərəb dilində "nahiyə" sözünün cəmidir, bölgə, inzibati ərazi mənasındadır. Nəvahi mahalının sakinləri taxıl əkinçiliyi və yaylaq-qışlaq maldarlığı ilə məşğul olurdular.

VII

Ğəssani mahalı İsmayıllı rayonu ərazisində mövcud olub. Burada 1821-ci ildə 20 kənddə (Qoşakənd, Tubi, Fətəhli, Yenikənd, Yuxarı İsmayıllı, Talıstan, Quş-Yengicə, Diyallı, Cülyan, Dahar, Nügədi, Maçaxi, Dəymədağıldı, Müskürlü, Bədəlli, Qaradegin, Vəlibinə, Qazılı, Kirk, Gənzə) 411 ailə yaşayırdı.

Ğəssani mahalının adı çox maraqlı və tarix yüklüdür. Hələ keçən əsrin əvvəllərində Zəki Vəlidi Toğan Ğəssani yaşayış yeri haqqında yazırdı: "İbn Əsəm əl-Kufinin verdiyi məlumata görə, Cərrah ibn Abdullah əl-Həkəmi 722-ci ildə Dəmir Qapı Dərbəndi keçərək Xəzər şəhərlərini tutduqda Dəmir Qapıdan [sonra] ikinci dayanacaq olan Tərğu şəhərinin əhalisi olan xəzərləri Qəbələ vilayətindəki Qassaniyə kəndinə köçürüb. Mən bu kəndin indi harada olduğunu bilmirəm. Şirvanın 1578-ci ilə dair osmanlı idarə bölgüsündə Ğəssani adlı bir livanın olduğu məlumdur. Dal Məhməd Asəfi paşanın özünün Qəbələ qalasını müdafiə etdiyinə dair məlumatında Ğəssani sancağı adı ilə Qəbələyə yaxın bir nahiyə göstərilir və bunun “bəyi”nin də osmanlılara sadiq və inanılmış bir şəxsiyyət, yəni sünni olduğu bildirilir. Bu Ğəssaninin İbn Əsamdakı Qəssaniyədən ayrı bir yer olmadığı bəlli olur. Əgər bu kənd hal-hazırda mövcuddursa, burada qədim xəzərlərin izlərinə də təsadüf olunmalıdır".

Buradaca iki məqama diqqət yetirmək lazımdır: 1. Ğəssani mahalının və ya yaşayış yerinin xəzərlərin gəlişindən öncə mövcud olması. 2. Sonradan görəcəyimiz kimi, İsmayıllı kəndlərinin daxil olduğu ikinci bir mahalın adının məhz Xazayurd/Xəzəryurd olması. Tarixdən bəllidir ki, ğəssanilər ərəb tayfalarından birinin adıdır. Müsəlmanlar Suriya bölgəsinə gələndə monofizit xristianlığa inanan ğəssanilər sonralar islamı qəbul edərək müsəlman fəthlərinə qatılıblar. Görünür, Şirvanda xristian əhalinin sayını artırmaq, monofizitliyin dayaqlarını möhkəmləndirmək üçün alban hökmdarlarının dəvəti ilə hələ çox əvvəllər Suriyadan ğəssanilər bölgəmizə köç ediblər. Həmin ərazidəki sonrakı xristian qalıqlarını məhz xristian ğəssani ərəb tayfaları ilə əlaqələndirmək doğru olardı. Görünür, Ğəssani mahalında əvvəlcə xristian, sonralar müsəlman ğəssanilər məskunlaşmışlar. Ğəssanilər və xəzərlər haqqında gələcək araşdırmalar erməni etnik kimliyinin bölgəmizdə rus istilasına qədər olmadığını da göstərəcəkdir.

Ğəssani mahalının sakinləri əsasən əkinçilik, bağçılıq, baramaçılıq, kömürçülüklə məşğul olurdular. Mahalın naibi Hacı Mustafa bəy idi.

VIII

Qarasubasar mahalı Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olub. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı. Mahaldakı bütün kəndlər türk obaları tərəfindən məskunlaşdırılıb.

Fəzlullah Rəşidəddin və Həmdullah Qəzvini Qarasu çayının adını çəkir. 1604-cü ildə Səfəvi ordusu Cavad körpüsündən Kür çayını keçdikdən sonra Qarasu və Yasamal dağ keçidini aşaraq Şamaxıya yaxınlaşıb. Qarasu və Ağsu adları Elxanilər dövrü sonrası müsəlman mənbələrində çox işlədilir. Qarasubasar mahalının adı məhz Qarasu çayı ilə əlaqədar olub, çayının suyunun istifadə olunduğu bölgələri əhatə edib. "Qarasubasar" adı əsl türk sözüdür.

Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Rəhim bəy idi.

IX

Lahıc mahalı İsmayıllı rayonu ərazisində mövcud olub. Burada 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Mahalın bütün kəndləri müsəlman tatlar tərəfindən məskunlaşdırılıb.

"Şirvanşahlar dövləti" əsərinin müəllifi Sara Aşurbəyli Vladimir Minorskinin müsəlman mənbələrində adı çəkilən Layzan vilayətinin Girdiman çayının yuxarı axarındakı müasir Lahıc vadisində yerləşməsi ilə razılaşır. Belə ki, Lahıc ilk orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Məsudi və "Tarix-i əl-Bab" müəllifinin verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. Layzanşah 917-ci ildə bütün Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Aydın olur ki, Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, Vladimir Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc qəsəbəsi və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafıqdir. Sara Aşurbəyli qeyd edir ki, Lahıcın əhalisi - tatlar İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfındən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülüblər. Lahıc adlı yaşayış məntəqələri hazırda Zaqatala, Xanlar rayonlarında, Abşeronda (Ləhəş kəndi - təhrif olunmuş Lahıc) da vardır.

XVI əsrin sonlarında Osmanlı hakimiyyəti illərində Şirvan bəylərbəyliyi 12 sancağa bölünmüşdü. Onlardan biri Hauz-Lahıc sancağı idi. Dərbənd bəylərbəyliyi yaranandan sonra əvvəlki bölgüdəki Hauz-Lahıc sancağından Lahıc sancağı və Hauz livası ayrılıb. Bu bölgü sonralar da davam etdirilmiş, xanlıqlar dövründə hər ikisi ayrıca mahal olmuşdu.

XIX əsrin əvvəllərində Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdular. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi.

X

Qarabağlar mahalı Göyçay rayonu ərazisində mövcud olub. Burada 1821-ci ildə 8 kənddə (Yeniarx, Çaracə, Qarabağlar, Kürd, Potu, Rastacı, Şadat, Xoşabad) 102 ailə yaşayırdı. Əhalisi əsasən türk obaları tərəfindən məskunlaşırılmışdı.

Mahal Qarabağlar kəndinin adı ilə adlandırılıb. Kənd əhalisinin Qarabağdan gəldiyi ehtimal olunur. Qarabağlar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular.

Fariz Xəlilli

Tarix üzrə fəlsəfə doktoru

Tarix
2017.04.03 / 12:21
Müəllif
Kult.az
Oxunub
8 622
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla