Avqustun 7-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri
üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış
mərasimi keçirilib.
Axar.az xəbər verir, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres
Mərkəzində təşkil olunan mərasimdə "Qəbələ" İdman Klubunun
prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti
Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti
Oleqario Vaskes Ranya və baş katibi Frans Şrayber çıxış edib.
Tale Heydərov bildirib ki, Prezident İlham Əliyevin yaxından
dəstəyi ilə ölkəmizdə düzgün idman siyasətinin həyata keçirilməsi
nəticəsində bu il birinci Avropa Oyunlarına məhz Azərbaycan ev
sahibliyi edib. Avropa Oyunlarından sonra ən böyük yarış hesab
olunan atıcılıq üzrə Dünya Kubokunun Qəbələdə keçirilməsi isə
ölkəmizdə aparılan uğurlu idman siyasətinin bir bəhrəsidir. Ümid
edirəm ki, bu yarış Qəbələnin dünyada tanınmasına çox böyük töhfə
verəcək.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario
Vaskes Ranya çıxış edərək deyib ki, ötən il və bu il Qəbələdə
keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışları, bir çox idman
növləri üzrə dünya və Avropa çempionatları, eləcə də birinci Avropa
Oyunları çox yüksək səviyyədə təşkil edilib: "Biz bu mötəbər
yarışları yaxından izləyirik və deyə bilərəm ki, artıq Azərbaycanın
çox böyük yarışları təşkil etmək təcrübəsi var. Mən Azərbaycan
xalqını çox sevirəm, bilirəm ki, bu ölkədə idmana dövlət
səviyyəsində qayğı göstərilir. Bizim federasiya gələcəkdə
Azərbaycanın Olimpiya Oyunları keçirmək istəyinə yaxından dəstək
olacaq".
Mərasimdə qeyd edilib ki, Milli Olimpiya Komitəsinin, Gənclər və
İdman Nazirliyinin dəstəyi və "Qəbələ" Atıcılıq Klubunun,
Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən
Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq
cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə
yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və
nümayəndə iştirak edir. Məlumat verilib ki, Dünya Kuboku uğrunda
yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr
və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya
reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku
uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ
qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri
avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il
ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında
Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab
olunur.
Yarışlara avqustun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində
start veriləcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda
idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində
təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda
mübarizə aparacaqlar. Yarışlar Beynəlxalq İdman Atıcılıq
Federasiyasının rəsmi televiziya kanalı olan "ISSF TV" vasitəsi ilə
canlı yayımlanacaq.
Çıxışlardan sonra Beynəlxalq İdman Atıcılıq Federasiyasının
prezidenti Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının rəsmi
açılışını elan edib və federasiyanın himni səsləndirilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.