"Axar.az"ın
"Gerçəkləməyən arzular" layihəsində tanınmış rəssam Nəvai Mətinlə
görüşmək, rəssamın gerçəkləşən və gerçəkləşməyən arzularına işıq
tutmaq, yaşadığı günlərin, ürəyindən keçirdiyi arzuların sorağına
düşmək istədik. Vədələşdik və görüşdük.
Dünyada yalnız rəssamların günü yoxdur...
Emalatxanası çox səliqəlidir. Bura həm də rəssamın reklam
şirkətinin ofisidir. Az vaxt olardı ki, Ankaradan səfərdən
qayıtmışdı. Elə sualım da bu haqda oldu:
- Ankarada Uluslararası Rəsm günündə
olmusan...
- Bu, "Beynəlxalq Rəssamlar Günü" deyilən bir günün təsdiq
olunması üçün növbəti tədbir – toplantı idi. İstəyirik ki,
Beynəlxalq Rəssamlar Günü qeyd olunsun...
- Yəni istəyirsiz ki, rəssamların peşə bayramı günü
olsun?
- Əlbəttə. Dünyada bütün peşə adamlarının, hər bir sənətin günü
var. Amma Rəssamlar günü deyilən bir gün yoxdur. Bu "Gün" məsələsi
Ankaradan tanınmış rəssam Süleyman Şahin,- "Çoban rəssam" adı ilə
tanınır, - onun ideyasıdır. 2006-cı ildə Fransada Van Qoqun
məzarının ziyarətində olub, orada əminliklə and içib ki, Rəssamlar
gününün təsdiq olunmasına nail olacaq.
- Və sən də də bu istəyə qatıldın?
- Süleyman Şahinlə tanışlığımdan sonra artıq iki ildir ki, bu
hərəkata qoşulmuşam.
- Necə oldu bu tanışlıq?
- Ankarada fərdi sərgim olmuşdu. Süleymanla tanışlığımız da
oradan yarandı. Onun yaratdığı təşkilatın Azərbaycan təmsilçisi
oldum. Təsəvvür edin, rəssamın şəklinin milyonlarla qiyməti var,
amma rəssam özü acından ölür. Yəni rəssam yaşadığı zaman çəkdiyi
sənətin elə də dəyəri olmur. Amma öləndən sonra əsərlərinə
milyonlarla qiymət qoyulur. Muzeylər acından ölən rəssamın əsəri
ilə zənginləşir. Bizim də bu gün istədiyimiz odur ki, rəssamın
normal həyat tərzi olsun.
- Bütün dünya rəssamlarına, onları birləşdirən
təşkilatlara, ittifaqlara Beynəlxalq Rəssamlar gününün yaradılması
ilə bağlı müraciət olunubmu?
- UNESCO-ya müraciət olunub. Cavab gəldi ki, bayram məsələlərinə
iki ildən bir baxılır. O da 2015-ci ilə düşür. Bu məsələ o vaxt
təsdiqini tapa bilər. Amma artıq Süleyman Şahin doqquz ildir
keçirir bunu, biz də iki ildir qatılmışıq.
- Bu doqquz ildə dünyanın hansı yerlərindən rəssamlar
dəvət olunub bayram tədbirinə?
- Gürcüstandan, Ukraynadan, Rusiyadan, Kosovadan,
Bolqarısatandan... Avropanın digər ölkələrindən...
- Belə düşünmək olarmı ki, dünya rəssamları öz peşə
bayramını keçirəndə nə vaxtsa Süleyman Şahinə və sənə minnətdar
olacaqlar?..
- Hər halda bir çaba göstəririk. İnşallah, görək nail ola
biləcəyik?
Məmməd Əminin nəvəsidir...
- Nəvai, siz deyin, baxıram burda müxtəlif janrlarda
rəsm əsərləri olsa da, deyəsən daha çox portret çəkmisiniz. Bunlar
dostluq xatirinə çəkilən portletlərdi, yoxsa içindən gəlib,
çəkmisən?
- Səməndər Rzayev rəhmətlik "Bəyin oğurlanması" filmində deyir:
"Bu kino ki, var a, çox qəliz məsələdir". Portret də, rəssamlıq da
eləcə. Ümumiyyətlə, bütün işlərdə sevgi, istək olmalıdır. Yəni
istəmədiyin adamın portretini çəkmək bir az çətin məsələdir.
Məsələn, mən Yaşar Nurinin portretini sevə-sevə çəkmişəm, bizim
korifey idi. İlham Namiq Kamalın, Arif Quliyevin portretlərini də
eləcə istəklə çəkmişəm. Zəka Vilayətoğlunun, Rais müəllimin
portretini görürsünüz burda - Məmməd Əminin nəvəsidir. O da Çığatel
xanımın portretidir. Gərək istəyin olsun portretini çəkdiyin
insana. Adını çəkmək istəmirəm, siz də tanıyırsınız, biri var,
içimdən keçdi ki, onun portretini çəkəm, amma onun elə hərəkətini
gördüm ki, fikrimdən daşındım.
İnanın, tüklərim biz-biz oldu
- Məsələn, şairlərdə ilham pərisi deyilən bir şey var.
Rəssamlarda necə?
- Əslində şəkil çəkmək şeir yazmaqdır və yaxud şeir yazmaq şəkil
çəkməkdir. Sadəcə olaraq rəsm şeirdən daha üstündür. Çünki rəsmi
istənilən fransız, yunan, amerikan, hər kəs duya biləcək, oxuyacaq.
Ruslar şəkil çəkmək demirlər, şəkil yazmaq, oxumaq deyirlər. Mənim
bir rəsmim Türkiyədəki sərgidə nümayiş olunurdu. Bir nəfər çox
baxdı rəsmə, sonra mənə yaxınlaşdı ki, hocam, adı nə bu rəsmin?
"Siz nə fikirləşirsiniz, bunun adı nə ola bilər?" - deyə, mən də
ondan soruşdum. Xeyli baxdıqdan sonra dedi: "Mən bu rəsmə baxıb
dünyanın fani, yalan olduğunu düşündüm", - dedi. İnanın, tüklərim
biz-biz oldu, şəkli çevirdim, arxasında yazmışdım: "Yalan dünya".
Rəsmin üstünlüyü ondadır ki, heç bir tərcümə olmadan yazılır. İlham
deyilən şey də var, amma istəkdən sonra gəlir.
- Nəvai, mən elə başa düşürəm ki, sən uşaq vaxtı rəssam
yox, şair olmaq istəmisən?
- O mühitdə böyümüşəm...
- Sənin doğulduğun məkan, yer ancaq sözlə oynayan bir
mühit olub. Necə oldu rəssamlığı önə çəkdin?
- Məni uşaq vaxtı nənəm saxlayıb, nənə himayəsində böyüdüyüm
üçün bir az ərköyün, bir az həssas olmuşam. Uşaq vaxtı da istədiyim
kimi hərəkət eləmişəm, tam sərbəst şəkil çəkmişəm.
- İstedadını göstərmək üçün münbüt şəraitə
düşmüsən...
- Nənə də çəkdiyim şəkilləri o vaxtdan qoruyurdu. Mən şəkil
çəkəndə heç kəs mənə mane olmayıb. Rəhmətlik atamdan başqa. Atam
ziyalı, istedadlı adam idi, şeir yazırdı, elə mənim adımı da
şairliyindən irəli gələrək qoymuşdu.
- Görünür, şəkil çəkməyin dərslərinə mane
olub...
- Həm oxumuşam, həm də şəkil çəkmişəm, əlaçı olmuşam. Mən
səkkizinci sinifdən Əzimzadə adına rəssamlıq məktəbinə gəlmək
istəyirdim. Atam narazılıq elədi. Sənədlərimi qəsddən yubatdılar.
Mən də səkkizdən sonra and içdim ki, dərs oxumayacağam. Onuncu
sinif bitirdim, evdən qaçıb gəldim bura, heç bilmədilər ki,
haradayam. Bakıda bir rəssamla əlaqəm vardı, nənə uşağı olduğum
üçün hər il Bakıya gəlirdim axı, tanış olmuşdum. Bakıya
gəlişlərimdən birində, ikinci, ya da üçüncü sinifdə oxuyardım,
trolleybusda Səttar Bəhlulzadə ilə də görüşmüşdüm.
Əliyev imtahanımıza girdi
- Və rəssamlığa qəbul oldunuz?
- Həmin tanış rəssamın təklifi ilə sənədlərimi Pedoqoji
institutun "Bədii qrafika" fakültəsinə verdim. Demişdi, kəsilsən,
Razində rəssamlıq məktəbi var, ora verərik sənədləri... Mən
pedoqojiyə qəbul olundum. Kənddə ancaq dördüncü imtahanı verəndə
xəbər tutdular.
Maraqlı bir şey də deyim. Heydər Əliyev Afat Qurbanovla bir
yerdə bizim ədəbiyyat imtahanına girdi. Soruşdu bunlar kimdir? Afat
müəllim dedi ki, rəssamlardı. Qayıdıb dedi ki, çox dərindən imtahan
götürməyin, bunlar elə bilir ki, şəkil çəkirlər hər şeyi
bacarırlar, gərək onda hamısını kəsəsiniz. Sonra müəllim getdi
arxaya, hamı çıxartdı, köçürhaköçür başladı, hamıya üç yazmışdılar,
hamı da qəbul olundu...
- Demək Əliyevin sənin taleyində müəyyən qolu
olub...
- Hə, inkar etmək olmaz...
- Rəhmətlik atan sonralar səni rəssamlıqdan yayındırdığı
üçün peşman görünmürdü ki?
- Etiraf etməyi hər adam bacarmır, amma o, etiraf etdi. Dedi ki,
mən o vaxt sənə mane olmaq isrədim.
Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına xeyli zərbə
vurdu
- Sözsüz, kişi fikirləşib ki, rəssam olacaq,
itib–batacaqsan... Özün dedin ki, rəssamların əsərləri milyonlara
satılıb, ancaq özləri aclarından ölüb...
- Bu bir az mübahisə doğuracaq məsələdir, çox qabartmaq
istəmirəm. Səttar Bəhlulzadə Azərbaycan rəssamlığında çox
əvəzolunmaz bir rəssamdır. Heç kəs ona xələl gətirə bilməz. Amma
Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına xeyli zərbə vurdu. Özünün
həyat tərziylə, imiciylə. Atam elə belə də dedi: "Sən də Səttar
kimi boyanı boğazından asıb, gedəcəksən onun-bunun şəklini çəkib
dilənməyə?". Amma Tahir Salahovu, Toğrul Nərimanbəyovu, Mikayıl
Abdullayevi misal çəkmirdilər, onların gözünə Səttar görünürdü.
Çoxu ona baxıb uşağını rəssamlıqdan çəkindirdi. O haqqını ala
bilməyən və özünəməxsus imici ilə gözə görünürdü. Səttar
ağsaqqaldır, mən onun haqqında söz demək iqtidarında deyiləm.
Söhbət imicdən gedir, o da onun yaşayış tərzi idi. Səttara milyon
da versəydin, yenə onun xarakteri, yaşayışı o idi.
Adam özünü çox yüksəkdə görür
- Nəvai, kifayət qədər tanınan rəssamsan. Bu sənətə
gələndə güman ki, kumirin də olub. Kimə bənzəmək
istəyirdin?
- Biz hamımız Sovetin şinelində böyüyən adamlarıq. Dünyaya
çıxışımız çox qapalı idi, bu günün imkanları yox idi. Deyək ki, bu
gün Avropadan min rəssam tanıyıramsa, o vaxt üçünü, beşini
tanıyırdım. Rafael Sante, Mikael Ancella bunların adlarını
eşitmişdik, rəsmlərini də görmüşdük.
- Özünü harada görürdün, görmək istədiyin yerdə varsan
bu gün?
- Yox, o yerdə olsa, adam bir az çaşar bəlkə də. Çünki adam
özünü çox yüksəkdə görür.
- Bu sənin gəldiyin qənaətdir? Müşahidələrinin
nəticəsidir?
- Təcrübə, həm də müşahidə... Şairlərdə də belədir, ən yaxşı
şeiri yazacağam deyir, sonra görür ki, adi, sıradan bir şeir oldu,
düşündüyü olmadı. Məsələn, kətanı qoyursan molbertə, deyirsən
şedevr bir şey yaradım, bitirəndə görürsən ki, bu da əvvəlkinin bir
tayı oldu.
- Nə əcəb saqqal saxlamırsan?
- Saqqal bir az imici pis yaradır (gülür), uzaqdan buxan mollaya
oxşadacaq. Sovet vaxtında çox maraqlıdır ki, saqqal saxlayanlar ya
rejissor olardı, ya rəssam, yada güclü alim.
Akif Səməd məni elə bir mühitə saldı ki...
- Bilirsən, mən səni rəssam kimi yox, şair kimi
tanımışdım. Nəvaini şair dostların arasında görürdüm. Sonra mənə
dedilər ki, o, rəssamdır...
- Akif Səmədlə bağlıdır. Onunla 85-ci ildən bir yerdə olmuşam,
Allah rəhmət eləsin. Dəfələrlə demişəm, kimsə mənə zəif şeir sırıya
bilməz, mən özüm şeiri bilirəm, yazmasam da. Akifin şeirə verdiyi
qiyməti, meyarı, nə bilim nələri, hamısını görmüşəm və bilirəm. Ən
yaxşı şeiri bəyənə bilərəm, təəccüblənmək vaxtım keçib. Çünki mən
gördüyümü görmüşəm. Akifin ümumiyyətlə, mənim həyatımda çox böyük
təsiri var. Dostunu göstər, deyim kimsən, deyiblər. Akif Səməd məni
elə bir mühitə saldı ki, orada ancaq şairlər, söz adamları idilər.
O mühitdə böyüyən adam da qumar oynamaz ki, ancaq yeyib-içər.
Akifin 86-87-ci ildə məni mətbuatda təqdim eləməyi, "Azərbaycan
gənclər qəzeti"ində haqqımda yazmağı özünü dərk edən adam kimi
məsuliyyətimi artırdı. Akif Səməd adına mükafat təsis eləmişəm.
Xəsisliklə olsa da, rəsm, şeir, fərqi yoxdur, bəyənilən sənət
əsərinə verirəm. 2006-cı ildən yaratmışam. İndiyə qədər on dörd
adam alıb mükafat, Türkiyəyə də vermişəm mükafatdan.
- İncə dərəsində hansı kənddənsən?
- Astanbəylidən. Köküm-atam oradandır, amma mən Ağstafada ,
professorumuz Nizami Cəfərovla bir kənddə böyümüşəm.
Bir söz gətirmişəm dilimizə...
- Sərgilərin haralarda olub?
- Bakıda, Ankarada, İzmirdə, Muğlada, Elazığda...
- Ən baha satılan rəsmin hansı olub,
neçəyə?
- İki min beş yüz manata Azərbaycanda satılıb. Türkiyədə də
yaxşı qiymətə satılan əsərlərim olub.
- Necə fikirləşirsən - yüz, yüz əlli ildən sonra
Nəvainin iki min beş yüz manata satılan rəsmi iki milyon yarıma
satıla bilər?
- Onu gələcək göstərəcək. Bilirsiniz, əsərin mükafatı təkcə
pulnan ölçülmür. Türkiyədə canlı rəsm çəkdiyim yerdə bir adam
yaxınlaşıb əlimdən öpüb. Bundan böyük mükafat olarmı?
- Elə rəsmin olubmu özün qəbul etməyibsən, amma
başqaları yüksək dəyərləndirib?
- Ankarada sərgim olanda bir şəklim vardı - "Ağac", açığı, ondan
xoşum gəlmirdi, aparmaq istəmirdim. Əsərlər xaricə aparılanda
qeydiyyatdan keçir axı. Həmin şəkli də aparmaq fikrim yox idi deyə,
qeydə aldırmamışdım, amma gedəndə oğlum təkid etdi ki, onu da
götür. Götürdüm. Orada alınan ilk işim o rəsm oldu.
- Toğrul Nərmanbəyovun məşhur "Nar" rəsmi var, səndə də
bir neçəsi var. Ancaq narların üstündə tikanlı məftil, qan,
parçalanmış bir ürək, nədir bu?
- Nar, ümumiyyətlə, məndən ötrü ayrılıq rəmzidir. Nar nə qədər
ki, bütövdür, nə qədər ki, yaralanmayıb - birlikdir. Çox qəribə
birlikdir, içəridə pərdə var, deyək ki, bir nəsildir, ailələrdir və
hər ailənin öz məkanı var. Yəni sirri başqasına çıxmır. Amma elə ki
o nar zədələndi, parçalandı, artıq o pərdələr aradan götürülür və
aləm qarışır bir-birinə.
- Elə olub ki, bu illər ərzində sevdiyiniz qadının
şəklini çəkmisiniz?
- Qəribə bir sual oldu... - fikirləşir, divar boyu şəkillərə
baxır, qımışır. - Olub təbii ki, sevmək cürbəcürdür. Mən sevmədiyim
adamın portretini çəkə bilmərəm axı.
- Ana şəkli var burda, kimdir o ana?
- O, nənəmdir, məni böyüdən nənəm. Mənim qibləgahım,
səcdəgahımdır. Bir yerə çıxanda ondan xeyr-dua almamış getmirdim.
Çünki o qədər sevgi aşılamışdı, bütün ömrünü mənə vermişdi. Rəhmətə
gedib artıq. Nənəmin bir başqa da portreti var, onu Türkiyəyə
sərgiyə aparmışdım. Biri yaxınlaşıb deyir ki, hocam, sən mənim
anamı görmüsən? Deyirəm: - Yox. "Bu mənim anamdır, sən onun şəklini
çəkmisən", - deyir...
- Rəsmlərindən pasaj rəsm bazarına göndərdiyin
olubmu?
- Olub, amma çox yox. Mən işlə məşğul olmuşam deyə, elə də
ehtiyacım olmayıb, onu ehtiyacı olan, iş bacarmayan rəssamlar
edirdi.
Əbülfəz bəy məni qəbul etdi
- İş adamısınız deyəsən, həm də. Reklam işi ilə
məşğulsunuz?
- İndi deməzdim, vaxtında olmuşam. Hətta bir az sənətdən uzaq
düşmüşdüm, on il demək olar ki, əlimə fırça almadım, tamamilə uzaq
düşdüm. 88-ci ildə Şəhriyarın şəklini çəkmişdim, qəzetlərdə,
televiziyada getdi. Eks-prezident Əbülfəz Elçibəyin əlinə keçir bu
şəkil, baxır, maraqlanır ki, bu rəssam kimdir. Mən də sənətdən
uzaqlaşmışam, guya iş adamı olmuşam, heç kim tanımır. Onda da
Rəssamlar İttifaqının üzvü deyildim.
Professor Mürsəl Həkimov vardı, Elçibəyin yanına gedəndə ondan da
soruşar. Belə bir rəssam var, tapa bilmirəm. Bir az qohumluğumuz da
var Mürsəl müəllimlə. Deyib tanıyıram. Nə isə, Əbülfəz bəy məni
qəbul etdi, təşəkkürünü bildirdi. Soruşdu ki, yeni işlərindən var,
dedim: "Mən rəsm çəkmirəm artıq". Tövsiyyə etdi ki, çəkim...
Amma onu da deyim ki, işlə bağlı hansı şəhərə getsəm, oradan bir
fırça, boya, kətan alırdım. Məsələn, indi işlətdiyim kətanlar o
vaxt aldıqlarımıdır. Alırdım, amma şəkil çəkmirdim.
- Çəkdiyiniz şəkillər nə qədər vaxt aparır, neçə ay,
neçə gün məsələn?
- Şəkil var ki, bir saata, şəkil də var, bir aya işləyə
bilərəm.
- Adama elə gəlir ki, sənin arzuladığın nə varsa
gerçəkləşib, bəs gerçək olmayan hansısa arzun var?
- Gerçəkləşməyən arzular daha şoxdur, söhbətmiz boyu onlara
toxunmuşam. "Nar" əsərlərim isə bütünlüklə gerçəkləşməyən
arzulardan bəhs edir. Bütövlük, torpaqların işğaldan azad olması,
bu arzuların gerçəkləşən zaman bu rəsmlərin fonundakı tikanlı
məftil, qan parçaları olmayacaq...