"Xatirə dəftəri" həmişə
maraqla oxunub. Hər kəsin yaşadığı acılı-şirinli xatirələr onun
yaşadığı ömrün bir parçasıdır. Biz, "Axar.az" olaraq bu xatirələri
vərəqləməklə müsahibimizi təkcə ötənlərə qaytarmırıq, həm də
yaşanan günlərə işıq tutub bu günün baxışları ilə qiymət
veririk...
Gənc
şair, ssenarist Ehtiram İlhamın "Xatirə dəftəri"ni oturub onunla
birlikdə vərəqləmək istədiyimi dedim. "Dərdiş, mənim xatirələrim
kimə gərəkdir ki?" – cavab verdi, ardınca da sualı
gəldi:
- Sənə nə olub, bir təhərsən?
- Dişim ağrıyır..
- Əəə, nə üçün? – soruşdu. "Maraqlı sualdı", - fikirləşdim,
ardıyca dedi: - Araq iç, keyisin.
Allah kəssin, hamısı zülümdi, əziyyətdi
- Bu aralar az görünürsən, nə işlə
məşğulsan?
- Evdəyəm, əlimdə redaktələr var.
- Nə redaktələrdi elə? Kimləri redaktə edirsən, sifariş
kimdəndi?
- Kitab... çoxdandı nəşriyyatlarla, müəlliflərlə əməkdaşlıq
edirəm də. Kim hansı kitabı versə. "Qanun" nəşriyyatı ən müxtəlif
və məşhur müəllifləri verir...
- Demək, dolanışığın ordandır. Başqa yerdən maaş-zad
almırsan ki?
- Demək olar həm də ordandı, yəni başqa işlərim də olur.
Hərdən... uzun söhbətdi, gəl araq içək, dişin keyisin...
Yaxından tanımaq üçün, yaxın əyləşmək lazımdı,
dərdiş
- Dişimlə işin olmasın, məsələn, nədi başqa işlər, baş
kəsib, qan tökürsən?
- Faiq, qadan alım, mən baş kəsənəmi bənzəyirəm? Dedin söhbətim
var, nə söhbətdi elə?
- Elə söhbətdi də edirik...
- Şəmistan Əlizamanlı ilə QHT-miz var. Düşəndə film çəkirik.
Sonra belə işlər. Amma Allah kəssin, hamısı zülümdi, əziyyətdi.
Sənədli filmlərdi, müharibə, milli qəhrəmanlarımız, işğal olunan
torpaqlarımız, yaxın tariximiz... yaxından tanımaq üçün, yaxın
əyləşmək lazımdı, dərdiş. Filmlərin prodüsseri də özüməm... Allah
qıymasın, pis deyil...
Adam ha döy...
- Dərdiş demişkən, dişlərim yaman ağrıyır, dedim sənə,
necə düşünürsən, varmı elə bir filmin baxam, dişimin ağrısı
kəsə?
- Həkimə niyə getmirsən ki! Ayə, Vasifə de, bir dənə şeir desin,
ağrısı kəsəcək, o araq içə bilmir ha...
- Vasifə zəng vurdum ki, görüşək, deyir, vaxtım
yoxdur...
- Adam ha döy... O gözəllikdə şair olasan, amma dostlara vaxt
ayırmayasan, Allahın arağın içə bilməyəsən, gərək onu bir abıra
salaq, ayıbdır e, tənəsi bizə dəyər...
- Bir filmdən nə qədər qazana bilərsən?
- Qəpik-quruşdu qazanc. Ailəni dolandırmağa, dostlarla araq
içməyə çatır deyəsən.
- Ssenarilərin hollivuda gedib çıxa bilər?
- Hollivuda bədii filmlər gedir, amma sənədli filmlər
festivalına bəlkə də göndərmək olar.
- Yəni ssenarist kimi heç fikirləşmirsən sənin
filmlərinə uzaq Qvineyada baxsınlar?
- Hər şey istəkdən asılıdı... Adamına baxır həm də. Vallah, elə
qəliz məsələlərlə məşğul olammıram. Amma universitetdə ürəyimdən
çox şey keçirdi... O ki qaldı ssenarist məsələsinə, vallah, mən
utanıram özümə ssenarist deməyə. Gözəl şair, romançı Əyyub Qiyas
olan yerdə adam bu sözü öz ünvanına götürə bilmir… Mən fəal
hərəkatçı olmuşam axı... Azərbaycan torpaqlarının azadlığı, bütöv
məmləkət–filan.
- Ürəyindən keçənləri gerçəkləşdirmək mümkün
olmadı?
- Gördüyün kimi. Amma ilahi arzular və coşqulu illər idi.
- O illərə dönmək mümkün olsaydı...
- Keşkə...
- Nə edərdin ki?
- Amma mən yenə hərəkatçı olardım.
- Hərəkatçı olduğunu deyənlər var, amma hərəkətsiz
qalıblar.
- O baxır insan xarakterinə və qismətinə..
- Kimlərlə daha çox ünsiyyətdəsən? Kim ki sazı daha çox
sevir, onlarla?
- Dostlarımla. O dost sazı sevməyə də bilər, amma yetər ki,
soyuq yanaşmasın.
Ayə, qıvlasız, kimi oxumuşamsa,
əzbərimdədir...
- Ən çox kimi oxuyursan, daha doğrusu - kimi əzbərdən
bilirsən?
- Yaddaşımda şeirlərin sayı-hesabı yodur, – xeyli fikrə gedir. -
Sən adların de, mən əzbərdən deyim şeirlərini... Abbas Tufarqanlı,
Qaracaoğlan, Səməd Vurğun, Nihal Atsız, B.Vahabzadə, H.Arif,
M.İsmayıl, A.Səməd, M.İlqar, Murad Köhnəqala, Şaiq Vəli, İbrahim,
Vasif, birmi, beşmi, hər kəsdən əzbər deyim... Nəbi Xəzri, Sabir
Yusifoğlu, gəldi üzü belə... Salam, Pərviz, Aqşin... ayə, qıvlasız,
kimi oxumuşamsa, əzbərimdədir...
- Seçim qarşısında qalmısan. Tərəzi var, bir tərəfinə
saz-söz qoyulub, o biri tərəfinə nə qoyardın?
- Dostlarımın xatirəsini, Azərbaycanın bütövlüyünü,
bütövlüyümüzə özümü qurban verərəm, nəinki sözü, sazı... Baxmayaraq
ki, sazın səsi mənim damarımdan axan qanı tənzimləyir.
- Xatirələrdən bəhs edirsən, amma heç o dəftəri
vərəqləmirsən, danışmırsan...
- Xatirə dəftəri 2 cür olur – biri orta məktəbdə yazılan "Xatirə
dəftəri", bir də var insan yaddaşının "Xatirə dəftəri". Birinci
dəftərim olmasa da, ikinci dəftərim xeyli böyükdür və ordan "kimlər
gəlib, kimlər gedib..."
Aşıq ola bilmədi... getdi, professor oldu
- Yəni elələri olub ki, həmin xatirə dəftərindən
silinib, yoxsa vərəqləmək istəmirsən?
- Silinəni də var, vərəqini qatladığım da, amma silinməyənlər o
qədər çoxdu ki... Məqamı çatıb, sənə bir olmuş söhbəti danışım.
Demək, şair dostumuz Akif Əhmədgilin evində balaca bir məclis
vardı. Məmməd İsmayıl, professor Nəsir Əhmədli, onun böyük qardaşı,
mərhum dilçi-alım Bəşir Əhmədli, rəhmətlik Akif Səməd və başqa
dostlar. Məclisin şirin yerində Bəşir müəllim divardan asılan sazı
götürüb sinəsinə sıxaraq, asta-asta çalmağa başladı. Məmməd İsmayıl
dedi: - Ay Bəşir müəllim, maşallah olsun, nə gözəl çalırsız
sazı...
Nəsir müəllim həmişəki hazırcavablığıyla dilləndi: - Məmməd
müəllim, Bəşir cavanlığında aşıq olmaq istəyirdi, ola bilmədi.
Getdi, professor oldu.
Elçibəy toyumda "Süleymani"ni oynadı
- Xatirə dəftərləri insanın iç dünyasıdır. O dünyana
kimisə buraxsaydın, kimlərlə bağlı olan səhifələri
açardın?
- Övladlarıma vaxtsız itirdiyim valıdeynlırim və qardaşlarımla
bağlı səhifələri açardım. Könlüylə içimi oxşayan insanlara isə
açmağa fəxr eləyəcəyim xeyli səhifələr var... Məsələn, Əbülfəz
Elçibəylə, Aşıq Xanlarla, Akif Səmədlə, Şaiq Vəliylə, Milli
Qvardiyanın komandanı var idi - Tahir Məmmədov, onunla, Samir
Tağızadə ilə və s. bağlı səhifələri açardım. Faiq, qadan alım,
Elçibəy 1997-ci il noyabrın 26-da toyumda iştirak edib, əla çıxış
eləyib, "Süleymani"yə qol qaldırıb oynayıb.
- Döyüşmüsən?
- Ömrümüz döyüşlərdə keçmədimi? Çiynimdə silahlar daşımışam.
Səngərlərdə gecələmişəm..
- Hərakatda oldun, mitinq, tətil, müharibə. Ötən
günlərdən hansılarını "Xatirə dəftəri"ndən silmək istəyirsən, amma
bacarmırsan?
- Elə hadisələr çoxdu, ay qardaş. Ən çox da hərəkatın və bəzi
hərəkatçıların bu vəziyyətə düşməsi, torpaqların işğala düşməsinə
səbəb olan amillər... Dərdiş, sən gəl iç e... dişin də toxdasın...
Yaxşı olacaq inşallah.
Bu dırnağın ucu boyda yaltaqlanmaq bəsdir
- Musiqi, saz, silah, hərakat, redaktə, kitablar, araq
məclisləri... Sənin "Xatirə dəftəri"ndə salamat yer
olmaz...
- Şeiri unutdun, deyəsən. Heç içimdə də salamat yer yoxdu,
dərdiş... Məmməd İsmayıl, Məmməd İlqar, Zirəddin... Bunların hər
biri ustaddır, hər birinin də mənim ürəyimdə ayrıca yeri var. Böyük
adamlardı həm də... Bir dəfə rəhmətlik Akif Səmədlə bir məclisdə
televizora baxırdıq. Tanınmış şairlərdən biri yenə öz ampluasında -
yaltaqlanmağında idi. Akif Səməd bir az tamaşa edəndən sonra dedi:
- Ay həpənd, dolanmaq üçün bu dırnağın ucu boyda yaltaqlanmaq
bəsdir axı... Bu boyda hara girirsən belə?.. Və hirsindən rəngi
qap-qara qaralan Akif Səmədlə məclisi tərk etməli olduq. Mənim
xatirələrim, xatirə dəftərim o qədər zəngin olmasa da, çox
maraqlıdır, dərdiş.
Ehtiram birdən süfrəyə qoyulmuş arağa tərəf baxır:
- Sən bunu bəyənmirsən, deyəsən, hansı araqdan içəcəyik, özün
de, heç olmasa arağı mən alım, qonaqlığı özün verirsən də...
Ehtiram İlham həmin gün araq içmədi, heç mən də...
onun xatirələrinin sərxoşu olmuşdum...