Axar.az Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid
Əhmədovla müsahibəni təqdim edir:
- Neft ölkələri hazırda böyük çətinliklərlə üz-üzədir.
Neftin qiymətinin düşməsi gəlirlərə 4 dəfə təsir edib. Bu,
gözlənilən idi?
- Neft qiymətinin bu qədər kəskin aşağı düşməsi gözlənilən
deyildi. Əks təqdirdə, 2016-cı ilin dövlət büdcəsi təsdiqlənəndə 50
dollardan götürməzdik. Bu proses gəlirləri və dövlət büdcəsi
neftdən asılı olan bütün ölkələrə təsir etməkdədir. Azərbaycan da
neft ixrac edən ölkə olduğu üçün qiymətin kəskin düşməsi həm Dövlət
Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirlərinə müəyyən qədər öz
təsirini göstərib.
- Nazirlər Kabinetinin iclasında prezident belə
hallardan sığortalanmaq üçün qeyri-neft sektorunun inkişafına
diqqətin daha da artırılmasına dair göstərişlər verib. Hazırda
hansı tədbirlərin görüldüyünü müşahidə edirsiniz?
- Ümumiyyətlə, Azərbaycanda uzun müddətdir ki, bu proses gedir.
Dövlət başçısı hələ regionların iqtisadi inkişaf proqramları təsdiq
ediləndə və onların yerinə yetirilməsi ilə əlaqədar konfranslar
keçiriləndə hökumətin qarşısında iki məsələ qoyulmuşdu: birincisi,
Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi, ikincisi,
qeyri-neft sektorunun inkişafı. Keçən müddət ərzində bu sahədə
müəyyən işlər görülüb, son 2-3 ildə qeyri-neft sektorunda təxminən
10-11 faiz artım olub. Qeyri-neft sektoru isə əsas bu üç sahəni -
sənaye, kənd təsərrüfatı və turizmi əhatə edir. Bu sahələrlə
əlaqədar Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən çox böyük işlər
görülüb. Yəni yerlərdə iri fermer təsərrüfatları və bir sıra sənaye
sahələri yaradılıb. Ancaq bunlar qənaətbəxş deyil. İndiki vəziyyəti
və neftin qiymətinin düşməsini nəzərə alaraq, dövlət rəhbəri də
məhz Nazirlər Kabinetinin iclasında prioritet olaraq qeyri-neft
sektorunun daha sürətlə inkişafını tapşırıb. Dövlət bu sektorla
bağlı 150-yə yaxın layihənin bölgələrdə yerinə yetirilməsi üçün 1,5
milyard manata yaxın vəsait ayırıb. Əgər bu baş tutarsa, 2017-ci
ildə Azərbaycanda elə bir ciddi problem olmayacaq.
- Hazırda əsas çıxış yollarından biri kimi Azərbaycana
beynəlxalq ekspert və xarici investisiyaların cəlb olunması
göstərilir. Bu barədə fikirləriniz maraqlı olardı.
- Azərbaycanda kifayət qədər ekspert, savadlı mütəxəssis,
iqtisadiyyatı bilən insan var. Sənaye və hansısa istehsal sahəsinə
xaricdən ekspertlər dəvət edilə bilər, ancaq Azərbaycanda islahat
sisteminin həyata keçirilməsi üçün güclü kadrlar kifayət qədərdir.
Azərbaycana bir çox dövlətlər investisiya yatırmaq istəyiblər.
Ancaq biz daha çox çalışmışıq ki, Azərbaycan öz daxili resurs və
ehtiyatlarından istifadə edərək investisiya yatırsın. Hazırda
yaranmış vəziyyətlə əlaqədar əlbəttə, xaricin investorları
Azərbaycana dəvət etmək və onları qeyri-neft sektorunun inkişafına
yönəltmək lazımdır. Bu barədə İqtisadiyyat Nazirliyi müəyyən işlər
görür, danışıqlar aparılır. Yəqin ki, bu məsələ öz həllini
tapacaq.
- Bəzi strukturların özəlləşdirilməsi məsələsi
gündəmdədir. Özəlləşdirmənin qeyri-neft sektoruna təsiri barədə nə
deyə bilərsiniz?
- Rabitə və digər nazirliklərdə elə obyektlər var ki, özəlləşmə
üçün onlara baxmaq lazımdır. Yəqin ki, siyahı hazırlanacaq və sonra
da bu məsələ nəzərdən keçiriləcək. Hökumətin hesabat iclasında da
prezident özəlləşdirməyə gedəcək obyekt və şirkətlərin siyahısının
hazırlanmasına dair göstəriş vermişdi. SOCAR, "Azərsu",
"Azərenerji", "Azəriqaz" kimi mümkün strateji şirkətlərə məxsus elə
obyektlər var ki, əlbəttə, bunlar özəlləşdirməyə gedə bilər.
Özəlləşdirmə isə ABŞ-da olduğu kimi, tam deyil, şirkətin müəyyən
hissəsinin dövlətin əlində saxlanılması ilə aparıla bilər.
- Dövlət başçısı çıxışında vurğuladı ki, Sahibkarlara
Dəstək Fondunun xətti ilə 250 milyona yaxın güzəştli kredit
verilib. Bununla da regionlara qoyulan investisiya 1 milyard manat
təşkil edib...
- Bu günə qədər Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən 1,7
milyard manat vəsait ayrılıb ki, sahibkarlar bölgələrdə öz
fəaliyyətlərini genişləndirsinlər. 2016-cı ilin dövlət büdcəsində
isə bu rəqəm 250 milyon manat nəzərdə tutulub. Ancaq bundan başqa
qayıdan vəsaitlər də var ki, bu, hardasa, 200-400 milyon ola bilər.
Əsas qeyri-neft sektoru ilə bağlı 150 layihənin icrasıdır ki, 1,5
milyard manat vəsaitin 250-300 milyonu Sahibkarlığa Yardım Fonduna
ayrılacaq, yerdə qalanı isə banklar tərəfindən maliyyələşməlidir.
Əlbəttə, vəsait nə qədər çox olarsa, o qədər yaxşıdır. Digər
tərəfdən isə xarici investorların Azərbaycana sərmayə qoymasına
çalışacağıq ki, problem olmasın.
- Vahid müəllim, ölkəmizin ümumi daxili məhsulda payı 1
faizdən çox, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi isə 8,4 faiz
artıb. İqtisadiyyatın şaxələndirilməsi baxımından 8,4 faizlik
göstərici yetərlidimi?
- İqtisadiyyatın şaxələndirilməsi prosesi artıq çoxdandır ki,
gündəmdədir. Biz çalışırıq ki, Azərbaycan bundan sonra neftdən
asılı olmasın. Bunun üçün də elə etməliyik ki, neftdən gələn
gəlirləri əvəzləyən iqtisadi istehsal sahələrimiz olsun. Bu da
əsasən qeyri-neft sektoru, kənd təsərrüfatı, sənaye və turizmdir.
Bunlarla bağlı da müəyyən proqramlar var. İqtisadiyyat Nazirliyinin
də buna dair öz planları var. Keçən müddət ərzində qeyri-neft
sektorunu daha çox inkişaf etdirə bilərdik. Təəssüflər olsun ki,
bunu yüksək səviyyədə etmədik. Ancaq hələ də gec deyil, bu sahəyə
diqqəti artırmalıyıq.
- Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan
Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq
agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq
ediblər. Bütün bunların fonunda problemi nədə
görürsünüz?
- Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı davamlı, inkişaf
etmiş, əsas da neftdən asılı olub. Davos görüşlərində prezident
Azərbaycanda olan iqtisadi vəziyyəti bir daha digər ölkələrin
rəhbərlərinin nəzərinə çatdırdı ki, ölkəmizdə investisiya
qoyuluşunda heç bir problem yoxdur və istənilən xarici şirkətin
Azərbaycanda investisiya qoyuluşu qorunacaq. Çünki Azərbaycanda
investisiya qoyma stabilliyi çox böyük əhəmiyyət daşıyır. Bütün
bunlara baxmayaraq, dünyada iqtisadi böhran nə qədər dərinləşsə də,
Azərbaycan, qeyd etdiyiniz kimi, həmin rəqəmləri, yəni iqtisadi
artımı qoruyub saxlayıb. Düzdür, əvvəlki səviyyədə olmasa da,
2015-ci ilə qədər Azərbaycanda iqtisadi artım olub.
- Hazırkı vəziyyətdə xarici investisiyanın ölkəmizə -
qeyri-neft sektoruna cəlb olunması bir qədər çətin olacaq.
Diplomatik korpus və səfirliklərimiz bu istiqamətdə hansı addımlar
atmalıdır?
- Hazırda neftin qiymətinin aşağı düşməsi fonunda dünyada
maliyyə böhranı yaşanır. Çində istehsalat kəskin aşağı düşür. Çinin
milli valyutası da dəyər itirir. Bütün bunlar Azərbaycana da
təsirsiz ötüşmür. O ki qaldı diplomatik nümayəndəliklərə, hazırda
bir sıra görüşlər keçirilir. Bu yaxınlarda İngiltərə səfirliyində
görüşüm oldu, müəyyən məsələləri müzakirə etdik. Ancaq əsasən
İqtisadiyyat və Xarici İşlər nazirlikləri bu sahədə mütəmadi işlər
görür, proqramlar əsasında hökumətlərarası komissiyalarda işləyir,
Azərbaycana hazırda hansı sahələrdə biznes yatırımlarının lazım
olduğunu aydınlaşdırırlar.
- Qarşıda duran əsas vəzifələr qeyri-neft sektorunun
inkişafı, idxalı əvəzləyən ixrac qabiliyyətli məhsulların
istehsalıdır. Azərbaycan gələcəkdə rəqabətə davamlı məhsullar ixrac
edə bilərmi?
- Hələlik Azərbaycanda rəqabət qabiliyyətli yalnız neft və neft
məhsulları, kənd təsərrüfatı məhsullarıdır. Yaxın zamanlarda sənaye
və aqrar sektorun inkişafı ilə əlaqədar olaraq ixrac yönlü
məhsulların istehsalına daha çox diqqət yetiriləcək. Hesab edirəm
ki, 2017-2018-ci illərdə Azərbaycanda rəqabətə davamlı sənaye
məhsulu istehsalı olacaq.
- "Kənd təsərrüfatı ili" elan olunduğu 2015-ci ildə
aqrar bölmədə 6,6 faizlik artım əldə olunub. Bu rəqəm indikindən
daha çox ola bilərdimi?
- Aqrar sektor bütün dünyada dotasiya ilə işləyən və ağır
sahədir. Azərbaycan hökuməti və digər qurumlar aqrar sahəyə hər
zaman diqqət ayırmalıdır. 6,6 faiz artım az göstərici deyil. Son
illər kənd təsərrüfatına diqqət artırılıb. İri fermer
təsərrüfatları yaradılıb. Əvvəllər hər hektardan 20-25 sentner
taxıl götürürdülərsə, indi elə fermer təsərrüfatları var ki, 50-55
sentner taxıl götürürlər. Yəni xüsusi iqtisadi zonaların
yaradılması nəzərdə tutulur ki, bunlar da aqrar sahənin inkişafına
gətirib çıxaracaq.
- Dövlət rəhbəri bütün regionlarda sənaye zonalarının
yaradılmasının sürətləndirilməsi, əhalinin dotasiya ilə yaşamaması
və iqtisadi cəhətdən özlərini təmin etmələri ilə bağlı xüsusi
göstərişlər verib...
- Bu, çox ciddi məsələdir. Xüsusi qanunlar da qəbul etmişik,
dövlət başçısı sərəncam da verib. Hələlik regionlarda heç bir
xüsusi iqtisadi zona yaradılmayıb. Məlumatıma görə, Qaradağdakı
liman istifadəyə verilib və onun ətrafında xüsusi iqtisadi zonanın
yaradılması planda var. Ümumiyyətlə, həm Qaradağ, həm də
Lənkəran-Astara və Quba-Xaçmazda, xarici dövlətlərlə sərhəd olan
regionlarda, dəmiryolu və liman şəhərlərində iqtisadi zonaların
yaradılması mümkündür. Bu, iki baxımdan önəmli rol oynayacaq: həm
sözügedən zonalara xarici investisiya yatırımı güclənəcək, həm də
sahibkarlığın inkişafına təkan verəcək.
- Qeyri-neft sektorunun ixrac imkanlarının
genişləndirilməsi hesabına aqrar sferada əsas prioritetlər nədən
ibarət olacaq və Azərbaycan nəinki Rusiya, eləcə də Qazaxıstan,
Yaxın Şərq ölkələri üçün əlverişli bazar rolunu oynaya
bilərmi?
- Azərbaycan hələlik özünü ərzaqla tam təmin edə bilmir. Çünki
müəyyən problemlər var. Prezident də qeyd etdi ki, biz hələlik
müəyyən ərzaq məhsullarını xaricdən idxal edirik. Ancaq
Azərbaycanın imkanları genişdir, torpaqları var. Şoranlaşmış
torpaqlar üzərində əməliyyat aparılmalı və bu cür ərazilər normal
vəziyyətə gətirilməlidir. Aqrar sahə çox əmək tələb etdiyindən
müəyyən işlər mütləq görülməli, əlavə investisiya yatırımları
olmalıdır. Azərbaycandan faktiki olaraq Rusiyaya ərzaq ixrac
olunur.
- Qeyri-neft sektorunun mühüm qollarından biri də turizm
sahəsidir. Bu sahədə qarşıda hansı işlər gözlənilir?
- Hazırda turizm sahəsində çox böyük işlər görülür. Böyük
tikintilər həyata keçirilir. Gələn turistlərin miqdarı hər il
artır. Ancaq bir sıra problemlər var. Qiymət çox yüksəkdir. Eyni
zamanda, xidmət məsələsinə də baxmaq lazımdır. Azərbaycanda bununla
əlaqədar Turizm İnstitutu fəaliyyət göstərir. Mədəniyyət və Turizm
Nazirliyi də bu sahədə müəyyən işlər görür. Yəqin ki, zamanı
gəldikdə həm qiymətlərdə güzəştlər olacaq, həm də xidmət daha
yüksək səviyyəyə qalxacaq. Biz ümumiyyətlə turizm sahəsində
Türkiyənin təcrübəsini daha ciddi öyrənməliyik. Çünki Türkiyə
dünyada turizm sahəsinə görə ən çox inkişaf etmiş ölkələrdən
biridir.
- Vahid müəllim, Azərbaycan üçün son vaxtlar ən çox
əhəmiyyət daşıyan məsələlərdən biri də nəqliyyat dəhlizlərinin
açılmasıdır. Hansı yeniliklər gözlənilir?
- Bakı-Qars dəmiryolunun açılması böyük əhəmiyyət daşıyır. Bu
yaxınlarda Ukraynadan Azərbaycan vasitəsilə Qazaxıstana, oradan da
Çinə tranzit həyata keçirilib. Ümumiyyətlə, nəqliyyat dəhlizlərinin
açılması Azərbaycana əlavə dividentlər gətirəcək. Hesab edirəm ki,
bu sahədə Azərbaycan Dəmir Yolları QSC-nin gördüyü işlər,
rəhbərliyin apardığı danışıqlar artıq öz müsbət nəticəsini
verir.