2016-cı ilin dövlət
büdcəsinə dəyişiklərin müzakirəsi zamanı üç əsas sahənin inkişafı
qarşıya əsas prioritet olaraq qoyulub.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yeni
dövlət büdcəsini qiymətləndirərkən deyib. Millət vəkili bildirib
ki, büdcədə əsas dəyişikliklər milli valyutanın iki dəfə dəyərdən
düşməsi ilə bağlıdır:
"Dövlət büdcəsi təsdiqlənəndə neftin qiyməti 50 dollar idi.
Ancaq hazırda 30 dollar ətrafındadır. Ona görə də büdcə
dəyişikliklərində neftin qiymətini 25 dollardan götürdük. Dövlət
büdcəsinin gəlir və xərclər hissəsinə 2,3 milyard manat əlavə
vəsait daxil olacaq. Bunun 1,6 milyardı Dövlət Neft Fondundan
transfer, 700 milyonu isə əlavə dəyər, fiziki və hüquqi şəxslərdən
gəlir vergisi və digər vergilər hesabına formalaşacaq.
Xərc hissəsində sözügedən vəsaitin 800 milyonu sosial müdafiə
xərcləridir. Bura əsasən əmək haqqı, pensiya, sosial müavinət və
yardımlar daxildir. 400 milyon manat müdafiə, təxminən 525 milyon
manat isə dövlət borcu ilə əlaqədar ayrılan vəsaitlərdir. 200
milyona yaxın vəsait isə səhiyyə və təhsil xərclərinə ayrılıb.
Bununla bərabər, dövlət büdcəsinin müzakirəsi zamanı üç əsas məsələ
çox ciddi şəkildə qarşıya əsas prioritet olaraq qoyuldu. Bunlar
kənd təsərrüfatı, tikinti sektoru, kiçik və orta sahibkarlığın
inkişaf etdirilməsidir. Tikinti sektoruna köməklik etməklə ipoteka
kreditləri vasitəsilə insanların ev almasının təmini məsələsi
gündəmdə olacaq".
Qeyd edək ki, fevralın 23-də Milli Məclis "Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna edilən
dəyişiklikləri təsdiqləyib. Son dəyişikliklərdən sonra dövlət
büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18
milyard 495 milyon manat nəzərdə tutulub. Büdcədə neftin satış
qiyməti 25 dollar səviyyəsində götürülüb.