Sizin ədəbiyyatda istinad etdiyiniz dəyər kultu
hansıdır? Konkret hansı müəllif və əsərlər?
Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.
Yazıçı, tərcüməçi İmir Məmmədli ədəbi kultunun
olmadığını bildirdi:
"Biz insanlar uşaqlıqdan ta indiyə qədər şüurumuza yeridilən
müxtəlif mədəni-mənəvi stereotiplərlə məhdudlaşdırılmışıq. Buna
görə də kim olduğumuzu, təklif olunan və ya tanış situasiyada necə
davranacağımızı bilirik. Amma vərdiş etmədiyimiz, gözlənilməz
ekstremal situasiyada necə davranacağımızı və kim olacağımızı
bilmirik. Yazılarımda da məni maraqlandıran əsas məsələ budur.
İnsan stereotip çərçivələrindən kənarda necə dəyişir? Belə
məqamlarda bəzən məzəli situasiyalar yaranır, bu da məni çox cəlb
edir.
Ədəbi kultum yoxdur, amma sevdiyim əsər və müəlliflər var.
Azərbaycan yazarlarından Mirzə Cəlil Məmmədquluzadəni, onun bütün
əsərlərini, xüsusən, "Usta Zeynal", "Qurbanəli bəy", "Ölülər"i çox
sevirəm. Əcnəbilərdən Servantes və onun "Don Kixot"unu mənim üçün
(hələ ki, belə düşünürəm) heç kəs və heç bir əsər əvəz edə
bilməz".
Şair Əşrəf Veysəlli Füzulinin adını çəkdi:
"Ədəbiyyatda ən çox sevdiyim şair poetik sözün zirvəsi hesab
etdiyim Füzulidir. Ancaq imkan olduqca başqalarını da mütaliə
edirəm. Yaxşı şeir üçün hər şeyi verməyə hazıram".
Tənqidçi Əsəd Cahangir əsərlərin, müəlliflərin adını
sadaladı:
1. "Dədə Qorqud"
2. Nizami - "Xosrov və Şirin", "Yeddi gözəl", "İsgəndərnamə"
3. Nəsimi - qəzəllər divanı
4. Füzuli - "Leyli və Məcnun", qəzəllər divanı
5. Hüseyn Cavid - "İblis"
6. İsa Muğanna - "İdeal"
7. Dante - "İlahi komediya"
8. Şekspir - "Kral Lir", "Maqbet"
9. Höte - "Faust"
10. Tolstoy - "Dirilmə"
11. Dostoyevski - "Cinayət və cəza"
12-ci hələ yazılmayıb... 12-ci imam kimi onun yolunu
gözləyirik.
Məti Osmanoğlu nə vaxtsa qələmə aldığı qeydlərini
yaddaşının ucundan keçirib, suala cavab verdi:
"Dalbadal şimşək çaxır, gurultu qopur, yer-göy lərzələnir.
Gecəni ağzına alan yaz yağışı, qarımlara sığmayan sel, elə bil, bu
dəqiqə dəyəni yerindən qoparacaq. Dəyənin bir küncünə sığınan
dörd-beş yaşlarında bir uşaq nə yata, nə səsini çıxara, nə yerindən
tərpənə bilir. Ona elə gəlir, hər şeyin sonu yaxınlaşmaqdadır.
Dəyənin bir küncündən gələn səs xofu sındırır: "Əşhədü ənla ilahə
illəllah və əşhədü ənnə Məhəmmədən əbdühü və rəsuluh..." Bu o qədər
də dindar olmayan Güləbatın nənəmin səsidir. O uşaq isə mənəm. Sən
də dilinə Kəlmeyi-şəhadəti gətir, qurbanın olum!... Nənəm deyəni
dönə-dönə təkrarlayıram. Yenə şimşək çaxır. Dünyanı dolduran gur
işıq sanki gözlərimdən ürəyimə düşür. Ürəyimdə şimşəkdən də,
selləmə yağışın sallanıb gəldiyi nəhayətsiz göylərdən də yüksək bir
varlıq duyuram. O Xilaskar içimdəki xofu sellərə qatıb təmizləyir.
Ruhuma qəfil yayılan həmin şimşək işığını mən sonradan bir neçə
dəfə yaşamışam: Füzulinin "Leyli və Məcnun"unu, Ruminin
"Məsnəvi"sini, Hüqonun "Səfillər"ini, Dostoyevskinin "Cinayət və
cəza"sını oxuyanda..."
Kəmaləddin Qədim özünün istinad kultunun millilikdən
keçdiyini dedi:
"Mənim ədəbiyyatda istinad etdiyim dəyər kultu millilikdir. Hələ
Sovetlər Birliyi dönəmindən daha çox milli ruhda yazılmış əsərləri
oxuyurdum. Elə indi də belədir... R.Həmzətovun "Mənim Dağıstanım",
Ç.Aytmatovun "Əsrə bərabər gün"ündən tutmuş M.Süleymanlının
"Köç"ünə, "Dəyirman"ına, Y.Səmədoğlunun "Qətl günü"nə, İ.Hüseynovun
"İdeal"ına, Anarın bütövlükdə yaradıcılığına, R.Rzanın,
B.Vahabzadənin, M.Arazın, M.İsmayılın və digər milli ruhlu
yazarlarımızın yaradıcılıq nümunələrinə qədər..."