"Axar.az" "Mövqe.az"a istinadla Hüseyn Dəryanın son
müsahibəsini təqdim edir:
Səs tembri, insani keyfiyyətləri, xoş münasibəti, repdə
etdiyi əvəzolunmaz hərəkətlərilə sevilib-seçilən reper Hüseyn Dərya
ilə görüşüm ani oldu. Dişlərində problem olduğu üçün bir neçə həftə
görüşümüzə gəlməyən reper nəhayət ki, zəng edib, müsahibə üçün məni
artıq məkanın yaxınlığında gözlədiyini dedi.
Artıq müsahibə üçün hazır olan Dərya ilə bu gün müsahibəm baş
tutacaqdı. Müsahibəyə çoxdan hazır idim. Uşaqlıqdan çox sevdiyim,
məktəb zamanı həmişə Elşad Xose tərəfdarı olan sinif yoldaşlarımla
dalaşdığım, onu müdafiə etdiyim, replərini əzbər bildiyim reper ilə
görüşə tələsirdim. Düzü, uşaq kimi sevinirdim. Amma bilmirdim ki,
bu görüşümüz son olacaq... Səhəri gün yazını yazıb, hazır edəcəkdim
ki, Hüseyn Dəryanın ölüm xəbərini eşitdim. Xəbəri eşitdiyim an
keçirdiyim hissləri sözlərlə əvəz edə bilmədiyim üçün sadəcə, sizə
rəhmətlik Hüseyn Dəryanın son müsahibəsini təqdim edirəm:
- Haqqınızda çox şayiələr gəzdi. Kimi dedi Hüseyn Dərya
zəhərlənib, kimi dedi həbs olunub. İndi necəsiz?
- Gördüyünüz kimi, çox yaxşıyam. Hal-hazırda sizin
qarşınızdayam, özü də ki, sağ-sağlam. Mənim haqqımda yazılanlar
doğru deyil. İnsan tanınmış olanda bəziləri mız qoymalıdır. Bu
şou-biznesin qanunudur. Bunsuz şou-biznes olmaz. Mən qınamıram. Bir
şey məni qəzəbləndirir ki, yazmışdılar ki, yenidən həbs olunmuşam.
Bu da mənim mediaya olan güvəncimi azaldır. Mən əgər polisə
düşmüşdümsə, "ATV" telekanalında mənim nə işim var idi? Bu gün
Azərbaycan şou-biznesinin yiyəsi yoxdur. Mən bunu qorxmadan,
çəkinmədən deyirəm. Heç kim, hətta dövlət belə buna nəzarət etmir.
Kim kimə nə istəyir deyir, kim kimin haqqında nə istəyir yazır,
axırda da deyirlər ki, əşşi, şou idi. Mən buna şou kimi baxmıram.
Bu mənim həyatımdır. Mənə aid olmayan şayiələri kim deyir, kim
yazır, Allah qarşısında cavab verəcəklər. Mən başa düşə bilmirəm
ki, bu boyda Azərbaycan Respublikasında şou-biznesə yiyəlik etmək
istəyən yoxdur? Yoxdur, o zaman biz də ağzımızı açıb, nə istəsək
deyək, yalandan şər ataq.
- Narkotik istifadə etməniz barədə hələ də
danışılır...
- Çünki yeganə insanam ki, bunu etiraf etmişəm. Millət
qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm.
Bir qələtdi, səhvdi etmişəm, mənə şans verin, məni özünüzdən kəsib
atmayın, uzaqlaşdırmayın. Cəmiyyətə adaptasiya olunum. Xalq da bu
şansı mənə verdi. Mənim özüm-özümə vurduğum ən güclü zərbə hələ də
kimlər üçünsə mənim zəif nöqtəm kimi qalır. Amma bu, artıq mənim
zəif nöqtəm deyil. Mən bu dəqiqə canlı yayımda belə qanımdan analiz
verib, sübut edərəm ki, mən daha narkotik istifadəçisi deyiləm.
Axtarıb bir şey tapa bilmirlər, keçmişdəkilərdən silah kimi
istifadə edirlər. Bacarırsızsa, yeni silah tapın.
- Neçə vaxtdır ki, narkotik qəbul
etmirsiniz?
- 2008-ci ildən bu yana... 6 il olur.
- Əksəriyyət narkomanın yenidən sağalması fikrinə
inanmır...
- Bəli, cəmiyyət özündən narkomanları kəsib, atır. Necə ki, məni
kəsib, tullamışdılar. Narkotiki tərgitmək üçün insana həkim lazım
deyil. Sadəcə, insanın öz gücü, iradəsi olmalıdır. Narkomaniya
insanın psixologiya və xarakteri ilə bağlı əməkdaşlıq edən
xəstəlikdir.
- Bəs siz necə tərgitdiniz?
- Mən həbsxanada tərgitdim. Tutulduğum gündən istifadə etmək
imkanım olmadı.
- Məhbus həyatı yaşamısınız...
- Bəli. 38 yaşım var və 38 ildir ki, məhbus həyatı yaşayıram.
Mən 38 ilin məhbusuyam. Sadəcə bir fərq var ki, bir gün orada, bir
gün burada... Bu məhbus həyatım neçə il gedəcək, getməyəcək
bilmirəm...Yeni bir mahnım var yeni albomumda... Qulaq as, Əfruzə,
deməli, orada deyirəm ki,
Demə zindana düşərsənsə, görərsən zindan,
Bu həyatın özü zindandı, görür hər insan.
Hər kimin qismətinə zindanı yazmış, yaradan
Gün gələr, özü də ona yar olacaq, inşallah!
Hər gecə etsəm dua, çağırsam da Allahımı,
Eşidir, cavab vermir, çünki görür günahımı.
Tanrım, hər kim ki mənim üzümə bağlayıb qapımı
Daş olan qəlbinə rəhmi salacaq, inşallah!
Çatacaqdır əcəlim, mən yumacam gözlərimi,
Uzanıb qarə məzarda açacam dizlərimi.
Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi
Əbədi ruhuma rəhmət oxuyacaq, inşallah!
Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın
var-dövlətində gözüm yoxdur. Fərqi yoxdur, zindan olur, ya
müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami
Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim,
azadlığımı əlimdən alırsınız, alın, ixtiyarımı da əlimdən alırsız,
alın. Eybi yoxdur... Çörəyimi də əlimdən alırsız, alın. Bir dənə bu
qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala,
get karsa. Al, bu da sənə qələm. Get orada yaz. (gülürük-red)
Həbsxanada da gördülər ki, sənətə bağlı insanam.
- Oralarda sənət adamlarına xüsusi hörmət
olur?
- Əvvəl olur. Ümumiyyətlə, çöldən gələn hər təzə insana hörmət
olur. Tanınmış insan həbsxanaya düşürsə, bu da olduqca maraqlı bir
şeydir. Amma o da qısa müddətli olan şeydir. Çöldə kim olmusan,
olmusan, amma bütün insana verilən qiymət içəridəki hərəkətlərinə
görədir. İnsanlarla davranışın, mərifətin, qabiliyyətin, sözü
bütövlüyün, niyyətinin paklığı və s. müsbət cəhətlər içəri düşən
insanda varsa, sənin tanınmış biri olduğuna ehtiyac yoxdur. İnsan
kimi o cəmiyyət tərəfindən onsuzda qəbul olunacaqsan. Çöldə heç
kimə pislik edən insan olmamışam. Nə pislik etmişəm, özümə etmişəm.
Məndən yalnız yaxşılıq görüb bu insanlar... Həbsxanada da çöldə
etdiyim yaxşılıqlar qarşıma çıxdı. Şükür olsun. Sizə bir sirr də
açım; həyatımda bircə dəfə özümlə fəxr etmişəm, o da həbsxanada...
Ən qorxulu yer, mənim gözümdə güllü-çiçəkli görünürdü. Mən orada
bir dənə azadlıqdan məhrum olmuşdum. Başqa heç bir fərq yox idi.
İstər yaşayış tərzim, istərsə də mənə qarşı olunan hörmət heç də
fərqli deyildi. Düzdür, bütün gün kələm dolması yemirdik. Heç mən
indi də bütün gün kələm dolması yemirəm. Bir də görürsən, kələm
dolması bişir, onda da yemirəm. Biz artmaq üçün yox, yaşamaq üçün
qidalanırıq. Nəfəsimiz qalsın sadəcə...
- Ən çox nəyə peşmansınız?
- Heç nəyə. Niyə peşman olum ki? Yazan belə yazıb. Bir dənə
təəssüf etdiyim, narkotikaya qurşanmağım oldu. Amma o cəhətim də,
mənə ətrafımı tanıtdı. Narkotikaya bağlılıq cinayət yox,
xəstəlikdir. Və mən sadəcə xəstə idim. Xəstə olan zaman da mənim
əhatəm bunu bəhanə edib, məni atıb, getdi. Halbuki, mənim onların
köməkliyinə ehtiyacım var idi. Bəlkə də onlar mənə kömək etsəydi
mən daha ağrılı-acılı günlər yaşamazdım. Bəlkə də tutulmazdım. O
məqamda ki, mən insanlardan kömək gözləyirdim, o zaman mən
insanlardan təpik gördüm. O məqamda ki, insanlardan kömək
gözləmirdim, o zaman insanlar mənə kömək etdi.
Başadüşülməyən həyatdır. Hər acı sonluq sabahın başlanğıcıdır.
Bilirsən, bir insanı ki yıxmaq istəyirsən, o zaman həmin insanı
narkotikaya aludə elə. Sonrasında sən yox, o özü-özünü yıxacaq!
- O, ağrılı-acılı günlərim oldu deyirsiniz ... Bax o
zaman kim Dəryanı tək buraxmadı?
- Heç kim.
- Bəs ailəniz?
- Ailə sayılmır ki... O, ailənin borcu idi. Həmin hərəkəti ailə
"çox sağ ol" üçün edə bilməzdi. Mən ailə qurdumsa, övlad dünyaya
gətirdiksə, bu da elə. Necə ki, hər insanın borcu namaz qılmaqdır.
Biz onu "çox sağ ol" xatirinə etməməliyik. Allah bizə yox, biz
Allaha çox sağ ol deməliyik ki, sən bizi heyvan yaratmamısan, insan
yaratmısan. Yeganə varlıq insandır ki, Allah ona şüur verib. Mən
əgər Sona xanımla ailə qurmuşdumsa, Sona gəlməliydi, borcunu yerinə
yetirməli idi.
- Gəldi?
- Əlbəttə, gəldi. Özü də ki, Sona mən necə istəyirdim, elə də
gəlirdi. Bir kəlməmlə qışın covğununda belə, Sona həbsxanaya
gəlirdi. Bəhanə etmirdi ki, sabah işim var. Bax, belə şeylərə görə
mən Sonaya "sağ ol" deyirəm. Ailə münasibətlərindən artıq Sonanın
mənə addımları olub. Ona görə də sağ olsun. Ailəni çıxsaq, reper
Dado gəlib. Qalan heç kim. Nə əsgər, nə sinif yoldaşlarım, nə də
ki, şou-biznesdən kimsə gəlməyib. Amma bu gün hamı məni axtarır,
toya çağırır. Mən də hər kəsin toyuna pulumu alıb, gedirəm.
(gülür-red) Həyat belədir. İnsan ən vəhşi məxluqatdı və hər şeyə
qadirdir.
- Bu gün Azərbaycanda rep var? Repin atası
kimdir?
- Rep var ki, siz bu gün məndən müsahibə alırsız. Repin
ağsaqqalı, veteranı Anar Nağılbazdır. Repin atası isə yoxdu. Biz də
heç təzə rep demirik.
- Rep üçün Dərya bu gün nə edir?
- Mən rep üçün nə etməmişəm ki?!. Bu gün repi efir və dünya
səviyyəsinə kim çıxarıb ? Bu gün prezident və deputat seçkilərində
rep... Dövlət layihələrində, tədbirlərdə, əlamətdar günlərdə,
toylarda rep. Bunu kim edib?
- Siz.
- Əlbəttə! İlk dəfə meyxana və muğamla repi sintez edən də mən
olmuşam. "Aslanskiy" nominasiyanı 15 respublika arasından
Azərbaycana da mən gətirmişəm. Və məndən sonra da o nominasiyanı
MDB-də heç bir reperə verməyiblər. 2004-cü ildə "İlin ən yaxşı
reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını da alan
mən olmuşam. İlk dəfə Ü. Hacıbəyov diplomunu kim alıb? Mən. "Yaşa,
Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə mən layiq
görülmüşəm. Mən, mən deyirəm, amma bu özündən müştəbehlik deyil.
Sadəcə, etdiklərimi sadalayıram.
- O zaman siz repin kimisiz?
- Onu mən deyə bilmərəm. Necə özümə ad qoyum? Repdə kifayət
qədər çəkim var. Onu rep auditoriyası deyə bilər ki, mən repin
kimiyəm. Rep bir dəfə çıxıb efirə nəsə demək deyil. Ona qalsa, belə
bir şey deyim:
Oturmuşam, mən Əfruzla yan-yana,
Fərqi yoxdu çıxacam bu gün ekrana,
Ordan da deyəcəm bütün Azərbaycana,
Qoşulun bizə, gəl birgə kef edək!
Bir dənə bu rep deyil ki. Ala-bula boz keçini də rep kimi desən,
o da repdir də. Reperin funksiyası təkcə rep demək deyil. O
baxımdan bu gün özümə rəqib görmürəm. Vaxtında mənim şou-biznesdə
qazandığım pulu heç kim qazanmadı. Amma mən heç nəyi altımda imarət
elətdirmədim. Çünki mən əsl sənətkaram. Mənim gözümdə ancaq
sənətdir. Mən öləndən sonra da yaşayacağam. Amma hələ ölməyəcəm...
Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Bu
dünyada cəhənnəm əzabı çəkirəm və o dünyaya aparası günahlarım
qalmır. Adamlar var ki, bu dünyada kef edib, o dünyada cəhənnəm
əzabı çəkəcəklər. Amma bu ədalətsizlik olar ki, bu dünyada da
cəhənnəm əzabı çəkim, o dünyada da...
- Həyatdan narazı Hüseyn Dərya...
- Mənim həyatım qeyri-adi həyatdır. Mən bunu artıq başa
düşmüşəm. Milyonların yaşadığı həyatı da yaşamışam, milyonların
qaçdığı həyatı da...Allah-təala hər şeyi görür. Özü bilər. Amma
insan nə qədər zülm içində əziyyət çəkər? Nə oldu e elə ... Heç
olmasa, bir ay üzümüz gülsün də... Eh...
- Hüseyn Dərya bu gün necə dolanır? Gəlir yeri
haradandır?
- Oxumaqdan. Sadəcə, dostlarım mənə kömək edir. Pul verirlər ki,
al bu 10 manatı, benzin vurarsan. Belə dolanıram. Amma qoy tam
sağalıb, ayağa durum, görəcəksiz...
Amma çox təəssüf, Dərya dəryalara qərq oldu. Həyat ona imkan
vermədi ki, ürəyindəkiləri həyata keçirsin. 38 yaşında bizi tərk
edən Hüseyn Dəryaya Allahdan rəhmət diləyirik!