"Ədəbiyyat qəzeti" haqda son vaxtlar çox yazılır və tənqid
olunur. Biz də "Axar.az" olaraq bu mövzuya toxunduq. Amma mövzuya
tamam fərqli bir bucaqdan yanaşdıq. Qəzetin ən çox stajlı işçisi
ilə qəzetin ötənlərdə "sükanı" arxasında olanlarla maraqlandıq. Baş
redaktor Ayaz Vəfalıdan sonra koillektivdə ən çox çalışan Elmira
xanım Rzayeva ilə əlaqə saxladıq.
Elmira xanım 36 ildir ki, "Ədəbiyyat qəzeti"ndə işləyir. Əmək
fəaliyyətinə 1977-ci ildə makinaçı kimi başlayıb. İşlədiyi illər
ərzində üzvü olduğu kollektivdə baş verən və baş verməkdə olan
hadisələrə ədəbi iddiası olmayan, lakin 36 il ədəbiyyat sözünün
çətiri altında fəaliyyət göstərən bir mətbu orqanda çalışan insanın
baxışları ilə ötənlərə nəzər salmaq istədik.
Yusif müəllim aqil adam idi
- Elmira xanım, "Ədəbiyyat qəzeti"ndə çalışdığınız müddətdə neçə
redaktorla çalışmışınız?
- İndiki redaktorumuz Ayaz Vəfalı beşincidi.
- Bu beş redaktorun hansı ədəbiyyata daha çox yaxın, ədəbiyyatı
daha çox düşünən olub?
- Hər biri. Mən 1977 ci ilin axırlarında makinaçı kimi işə
düzəldim. O zaman qəzetin redaktoru Yusif Əzimzadə idi. Onunla iki
ay işlədim. Çox aqil və ədalətli adam idi. Cavan idim, işi o qədər
də bacarmırdım. Məni kabinetinə çağırdı, "qızım, hiss edirəm
sıxılırsan, utanırsan, zənn elə bura sənin ata evindir. Hər şey
yaxşı olacaq. Uyğunlaşacaqsan",- dedi. Elə də oldu. Artıq 36 ildir
burdayam.
Nəriman Həsənzadə əvəzsiz adamdır
- Sonra...
- Sonra Nəriman Həsənzadə baş redaktor oldu. 1978-ci ilin fevral
ayında gəldi. Soyuq havada bu adam kollektivə bir istilik gətirdi.
Deyim ki, bəlkə də "Ədəbiyyat qəzeti"nin Nəriman müəllim qədər
ikinci qayğıkeş, mehriban redaktoru olmayıb. Bu adama nəyi
deyirdin, hansı problemini danışardın, "fikirləşərəm", "baxaram"
sözünü dilinə belə gəlməzdi, həmən əlini atardı "dörd
nömrəyə"("dörd nömrə" - hökumət telefonu kimi nəzərdə tutulur.
–red.). Hər kəsə eyni dərəcə də diqqət göstərərdi. Qəlb qırmaq,
insanı incitmək onluq deyildi. O, əvəzssiz bir adamdı. Redaksiyanı
indi də unutmur, xeyirdə, şərdə başda olur... Ondan sonra qəzetə
baş redaktor Cabir Novruz təyin olundu.
Cabir Novruz qadınlardan uzaq qaçardı
- Nəriman müəllimdən sonra qəzetə baş redaktor Cabir Novruz
təyin olundu...
- Mən kiminlə işləmişəmsə hər birinin özəl və gözəl xasiyyəti
olub. Necə də olmasın, hamısı məşhur, diqqətdə olan adam idi. Cabir
müəllimə gəldikdə isə, o da həlim xasiyyətli bir adam idi. Onun ən
yaxşı xüsusiyyətlərindən biri o idi ki, rəhmətlik qadınlardan uzaq
qaçardı. O, heç vaxt maşınına qadın götürməzdi. Əgər hara isə
getmək lazım idisə, qadınlara, ya ayrıca maşın tutardı, ya da
deyərdi ki, xidməti maşınımdan istifadə edin, sonra isə özü
istifadə edərdi maşınından.
- Bəlkə, dilə-dişə düşməkdən çəkinərdi, yoxsa maşında oturmağa
yer varsa və eyni istiqamətə gedirsə, hava da ürəkaçan deyil,
yağış, qar, çovğun?..
- Yox, o, maşınına özü olanda qadın qoymazdı. Taksi tutardı
ayrıca, yaxud maşınla əvvəlcə qadınları yola salard.
Sabir Əhmədlini kreslo çox pis dəyişdi
- Bəs Sabir Əhmədlinin baş redaktorluğu necə yadınızda qalıb?
Onun baş redaktor gəlməsi və bu vəzifədən getməsi qalmaqallı olub,
deyəsən...
- Sabir müəllim çox yaxşı yazıçı idi. Qəzetdə nəsr şöbəsinin
müdürü işləyirdi. Kollektivdə onu hamı çox istəyirdi. Qardaşı Cəmil
Əhmədov Böyük Vətən Müharibəsini qəhrəmanı – Sovet İttifaqı
Qəhrəmanı idi. Oğlu Məhəmməd Qarabağda şəhid olmuşdu. Allah rəhmət
eləsin, gözəl, yaraşıqlı, hündürboy cavan idi. O uşaq şəhid olanda
hamımız sarsıldıq. Girdim yanına, başsağlığı verdim, hamımızın
dərdidir, dedim. Dözümlü kişi idi. Sabir müəllimlə kollektivin heç
bir problemi olmamışdı. Cabir müəllim redaktorluqdan gedəndə,
AYB-nin tarixində bəlkə də ilk dəfə idi ki, kollektiv yuxarının
göstərişi olmadan özü öz rəhbərini seçmək istəyirdi...
- Beləliklə, kollektiv qərar qəbul etmişdi ki, Sabir Əhmədlini
baş redaktor kimi görmək istəyirik?
- Xeyr, kollektiv iclas keçirdi, iclasın protokolu yazıldı və
AYB rəhbərliyinə ünvanlandı ki, qəzetin o vaxtkı redaktor müavini
Ayaz Vəfalını redaktor kimi görürük. Bu, Ayazın haqqı idi. Onun
ilk, yeganə iş yeri "Ədəbiyyat qəzeti" olub. Mən və bütün kollektiv
bilirdi ki, qəzetin ağırlığı daima onun çiynində olub. Əvvəlki baş
redaktorlar televiziya çəkilişlərində, başqa dövlət tədbirlərində
olardılar, redaksiya ilə o qədər də təmas qura bilmədikləri vaxt
arxayın idilər ki, Ayaz burdadır. Bu baxımdan da Ayazı çox
istəyirdik. Məktub-protokol Yazıçılar İttifaqına Sabir Əhmədlidən
göndərildi. Sabir müəllim getdi, və İttifaqın o vaxtkı
rəhbərlərindən biri ilə qayıtdı. İclas çağırıldı və Sabir Əhmədli
baş redaktor kimi təqdim olundu. Kollektiv narazılığnı bildirdi.
Hamının əli işdən soyudu. Amma Ayaz müəllim bu vəzifəyə iddialı
olmadığı üçün başımızı aşağa salıb işimizlə məşğul olduq. Üstündən
bir müddət keçdikdən sonra məlum oldu ki, Sabir Əhmədli
redaksiyanın keçirdiyi, özünün də təsdiq etdiyi, haqqında "layiqli
namizəd Ayaz Vəfalıdır" dediyi və bunların qeyd olunduğu protokol
gizlədilib. O, sadəcə, "kollektiv məni məsləhət gördü",
deyib...
- Amma kollektivdə daha sonra çox böyük narazılıqlar qalxdı,
mətbuat uzun müddət bunu gündəmdə saxladı.
- Hə, oldu. Sabir müəllimin redaktorluğu təsdiqlənən kimi iclas
çağırdı və dedi ki, bütün kollektivi işdən azad edəcəm. Elə belə də
dedi: əvvəl biçəcəm, sonra əkəcəm. Yeni adamları gətirəcəm. Sözsüz
ki, narazılıqlar bundan da qaynaqlandı. Rəhmətlik Davud Nəsibi,
Fəridə xanım vardı onu və digərlərini işdən uzaqlaşdırmaq istədi,
hətta əmrlərini də vermişdi. Fəridə xanım çox ləyaqətli, ağır bir
qadın idi. Ona elə söz demişdi ki, qadın özünə gələ bilmirdi. Bu,
1993-cü ildə baş verdi. 1996-cı ilə qədər Sabir müəllim bizim
qəzetin baş redaktoru oldu. Qəzetin çox ağır vaxtları idi. Əmək
haqqı belə yox idi. O zaman Ayazın çox yaxın dostu olan professor
Qəzənfər Paşayevin hesabına qəzetimiz işıq üzü görürdü. Hər
birimizin aldığımız maaş qədər vəsaiti Qəzənfər müəllim şəxsi
hesabına ödəyirdi bizə. Bayramlarda ərzaqla köməklik göstərirdi.
Bax, burda da bəzi məqamlar oldu ki, Sabir müəllim illərlə işlədiyi
kollektivi incitdi.
- Elmira xanım, Sabir müəllim haqda belə fikirlərə heç bir halda
inanmaq mümkün deyil...
- Yox, mən hələ etikadan kənar olar söhbətləri açıb ağartmaq
istəmirəm. Amma faktdır və "Ədəbiyyart qəzeti"nin o dövrdə işləyən
hər bir işçisi bunu təsdiq edə bilər və edirlər də. Sonra kollektiv
onunla xudahafizləşməyi planlaşdırdı. Hamımız Ayaz Vəfalının
redaktor olmasını istədik. AYB-nin katibliyində bir-neçə dəfə
iclaslar çağırıldı. Sabir Əhmədli çox böyük yazıçı olsa da,
kollektivlə işləyə bilmədi.
Əksəriyyət deyir ki, bu qəzetə yazı
vermərik
- Yəqin ki, indiki redaktorunuz haqda ancaq xoş sözlər
deyəcəksiniz...
- Xeyr, mən nə var, onu deyirəm. Ayaz müəllim əvvəllər çox yaxşı
işlədi. Bütün məsələlərdə kollektivi toplayardı, məsləhətləşmələr
aparadı. Amma sonradan bu səngidi. Onun əxlaqı, mülayimliyi, insanı
başa düşməyi və digər xususiyyətləri ona qarşı həmişə hörmət hissi
saxlayacaq.
- Amma qəzetinizin zəif çıxması haqda çoxlu iddialar var.
- Ola bilər. Bilirsən, bizim qəzetə 200.000-dən çox vəsait
ayrılır. Bu vəsaitlə həm də "Mir Literatura" qəzeti dərc olunur.
Müəlliflərə qonorar vaxtında verilə bilmir. Nə müddətdir
maaşlarımız qalxmır. O ki qaldı qəzetin zəif, güclü çıxmasına, bu
mənə aid sual deyil. Qəzetin yaradıcı heyəti var. Həm də kim
istəməz ki, qəzeti güclü çıxsın? Biz müzakirə edirik, qəzetin zəif
çıxdığını söyləyənlərin əksəriyyəti deyir ki, bu qəzetə yazı
vermərik. A bala, niyə, gəl güclü bildiyin əsərini ver də. Qoy
qəzetdə sənin dediyin güclü yazı dərc olunsun. Çap edilməsə, sən
deyən...
- Gündəmdə belə bir xəbər də dolaşır ki, Qurultaydan sonra
"Ədəbiyyat qəzeti"nə ola bilsin ki, yeni baş redaktor gətirilsin.
Bir çox, "çevrilişlər" görən qəzet kollektivi, buna necə baxır?
Bəlkə kollektiv yenə də öz içərisindən kimi isə seçmək istədi? Adil
Cəmilin, Azər Turanın, Atababa İsmayıloğlunun, Aydın Xanın adı
hallanır.
- Şəxsən mənə qalsa, əgər özü getmək istəməsə, Ayaz müəllimin
redaktorluğunun üstündə dayanardım. Yox, əgər getsə, mən ilk
növbədə Adil Cəmilin redaktorluğuna səs verərəm. Elə Azər də buna
layiqdir. Kənardan heç kəs lazım deyil.