- Seymur, səhv eləmirəmsə, yaxınlarda ad günün
olacaq.
- Hə… Aprelin 25-də 38 yaşım tamam olur.
- Təbrik edirəm.
- Çox sağ ol.
- Maraqlıdır, bu yaşda özünü necə
tanıyırsan?
- Özümü çox yaxşı tanıyıram, nə qədər cəsarətli, nə qədər
qorxaq, nə qədər istedadlı, nə qədər istedadsız olduğumu çox yaxşı
bilirəm. Məncə, bir insanı özündən yaxşı heç kim tanıya bilməz,
təbii ki, əgər o insan normal insandırsa, özü haqqında düşünə
bilirsə, özü-özünə hesabat verirsə.
- Neçə romanın var?
- Dörd roman, bir povest yazmışam.
- Dörd roman, bir povest yazmısan, amma səni yazıçı kimi
yox, daha çox publisist kimi tanıyırlar.
- Bu məni bir qram da narahat etmir.
- Nəsrə daha çox can yandıran və özünü nəsrdə realizə
etməyə çalışan adam məncə, buna görə narahat olmalıdır,
axı.
- Bilirsən, Kəramət, durub desələr ki, Seymur nə yazıçıdır, nə
də publisistdir, təbii ki, ağın çıxarmış olacaqlar. Bu o qədər açıq
qərəz olacaq ki, onlar özləri biabır olacaqlar. Ona görə də məni
yazıçı kimi görməyənlər publisist kimi görməyə məcburdular. Hətta
məhkumdular.
- Niyə həmişə özünü elə təqdim eləməyə çalışırsan ki,
guya səni başa düşən, anlayan yoxdur? Bəlkə, bu da orijinallıq
xətrinədir?
- Düzdü, məni başa düşmürlər. Məsələn, 18.6 romanımı bu camaat
necə başa düşsün? Azərbaycan xalqı bu əsərə layiq deyil. Amma bu
adamları da qınamıram, bu əsər Azərbaycan ədəbiyyatı üçün, ən azı,
20 il əvvəl yazılmış romandır. Bəxtiyar Vahabzadənin şeirləri ilə
böyümüş xalq "18.6" romanını necə anlasın? Bu xalq aşıqdır, hələ
gəlib yazı mədəniyyətinə çıxmayıb. Bu xalq folklor səviyyəsində
olan bir xalqdır. Birdən-birə gətirib onun qabağına belə bir roman
qoyursan. Əlbəttə, başa düşməyəcəklər.
- Məncə, Azərbaycan yazılı ədəbiyyatı heç folklor səviyyəsinə
gəlib çatmayıb. Lap istəyirsən, başını yerə qoy, ayaqlarını göyə
qaldır, xeyri yoxdu, xalq bunları 1000 il bundan qabaq eləyib. Və
axırda görəcəksən ki, elə sən də folklorun içində fırlanırsanmış.
Bu xalq kəndirin üstündə də başı üstə dayanıb. Yəni sən yeni nə
eləyə bilərsən ki, bu xalq təəccüblənsin? Sənin bəyənmədiyin
folklor beyninə kodlaşdırılıb, əsərlərinə nə qədər ala-bəzək adlar
qoysan da yenə folklorun içindəsən. Amma hiss edirəm ki, bundan heç
özünün də xəbərin yoxdur. Mən səni bu qədər sadəlöhv bilməzdim.
- Razıyam. Amma ölkənin reallığı bizim də reallığımızdır. Bir
neçə dəfə demişəm, yenə təkrar edirəm. Əgər Novruzəli məktubu poçt
qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda əsər yazardı və
ədəbiyyatımız dünyada gedən proseslərə daha yaxın olardı. Hansı
ölkədə və necə insanların arasında yaşadığımı yaxşı bilirəm. Bu
mənada hər birimiz siyasi mövqeyindən, üslubundan, istedadının
dərəcəsindən asılı olmayaraq, reallığın bir parçasıyıq.
- Yeri gəlmişəkən, "18.6 sm" nəyin
ölçüsüdür?
- Özümün ölçümdü.
- Yəni, boyunun ölçüsü?
- Yox!
- Ağlının ölçüsü?
- Yox!
- Bəs nədir ?
- Heç nə, elə-belə, mənasız bir şey. "Kişi sözü" filmində
soruşur ki, o nə kəmərdi belinə bağlamısan? Deyir, heç elə-belə,
karate. Onun kimi bir şey.
- Qadınlar haqqında fikrindən sonra adamlar səndən bir
söz soruşmaq istədilər: "Seymurun özün necə kişidir?".
- Kişi kimi özümə qiymət vermək mənim üçün çox çətindir. Bircə
onu deyə bilərəm ki, son vaxtlar çox deyingən və hövsələsiz
olmuşam.
- Deyirsən, xalq məni başa düşmür. Bəs sən niyə başa
düşmürsən ki, sənin bu çıxışların yazıçı çıxışları deyil. Məsələn,
ədəbiyyata dəxli olmayan o qədər adamlar var ki, hər gün sənin
dediklərini deyirlər.
- Hə, deyirlər.
- Bəs fərq nədir?
- Fərq yanaşmadadır. Yazının kimin qələmindən çıxması çox önəmli
məsələdir. Yadıma gəlir, anam da bu sözü tez-tez deyirdi ki, başım
çıxmır, sənin yazılarını niyə oxuyurlar.
- Sən bu xalq üçün nə etmisən?
- Bu gün Azərbaycanda Seymur Baycandan daha çox bu xalqa
yaxşılıq edən ikinci bir adam var?
- Məsələn...
- Azərbaycan publisistika tarixində tək qələmi ilə hələ bu qədər
adam dəyişdirən olmayıb. Mən bunu etmişəm.
- Niyə sənin haqqında belə fikir formalaşıb ki,
xaraktercə qorxaq adamsan?
- Düz deyirlər, xaraktercə qorxaq adamam. Hesab eləmirəm ki,
yazılarımda cəsarətliyəm. Sadəcə, ikiüzlülük etmək istəmirəm. Bu da
məni cəsarətli göstərir. Yaltaqlığı Azərbaycanda epidemiyaya
çeviriblər. Ona görə də bir balaca yaltaqlıq etməyən adamı
cəsarətli kimi görürlər. Ümumiyyətlə, mən bütsevər insan deyiləm.
Amma doğrudan da, çox qorxaq və çəkingən adamam. Atdığım
addımlarımı ölçüb-biçirəm.
- Bəlkə, bilə-bilə özün haqda bu cür təəssürat
yaratmısan. Çünki adətən, cəsarətli çıxışların arxasında xaraktercə
qorxaq və zəif adam dayananda istər-istəməz qəhrəmana
çevrilirsən.
- Bilirsən Kəramət, mənim gözümün qabağında o qədər adam öz
mənliyini və şəxsiyyətini itirib ki, artıq onlardan dərs götürmüşəm
ki, yekə-yekə danışmaq lazım deyil. Vaxtilə məni antimillilikdə,
antitürkçülükdə ittiham edən adam indi gedib AZƏRSUN-a deyir ki,
mən kürdəm, mənə iş verin. Halbuki o, mənə vətən xaini demişdi.
Haqqımda yazılar yazırdı ki, bu vətən xainidir. Buna deyən yoxdur
ki, ay alçaq, bəs niyə indi gedib deyirsən ki, mən kürdəm, mənə iş
verin?
- Anlamadım, kürd olanda nə olur ki? O da Azərbaycan
vətəndaşıdır, insandır və haqqı var.
- Əlbəttə, tamamilə doğrudur. Sadəcə, vaxtilə məni vətən
xainliyində ittiham edən adamlar indi elə oyunlar çıxarırlar ki,
onlara baxanda istər-istəməz daha da qorxaq olursan.
- Seymur, küçədə də qorxa-qorxa yeriyirsən?
- Əlbəttə, qorxmaq lazımdır. Biz çox qorxulu insanların
əhatəsində yaşayırıq. Doğrudan, belədir. Təsəvvür elə ki,
meşədəsən, üstünə ayı gəlir, sən o ayıya necə başa salasan ki, mən
yazıçıyam?
- Bəlkə, səni çıldağa aparaq, qorxuluğunu
götürsünlər.
- Ola bilər. Get-gedə özüm də hiss edirəm ki, mövhumatçı
oluram.
- Yeri gəlmişkən, yazmaq üçün rayona getmişdin. Nəsə
yaza bildin?
- Hə... Uşaqlar üçün xatirələr yazıram.
- Təbiətdən, heyvanlardan qorxmursan ki?
- Qorxuram. Bir dəfə az qalmışdı ki, ayı məni yesin.
- Bəs ayını başa sala bilmədin ki,
yazıçıyam?
- Bilirsən ki, o, şüursuz heyvandır, yəni onu bağışlamaq
olar.
- Seymur, yaltaq olub-olmamağın ədəbiyyata nə dəxli var?
Səncə, yaltaq olub, eyni zamanda yaxşı yazıçı olmaq mümkün
deyil?
- Bilirsən, bizi çox vaxt istisnalar aldadır. Bir istisnaya
milyonlarla insan aldanır. Nə zamansa bir pis adam olub, amma yaxşı
roman yazıb, bu o demək deyil ki, hamı pis olmalıdır.
- Ən böyük istisna da Dostoyevskidir.
- Dostoyevski çox pis bir insan olub, o, bizim bügünkü pis
adamlardan heç də geri qalmayıb.
- Nə mənada?
- Mütləqiyyəti dəstəkləyib.
- Seymur Baycan, Dostoyevskini "Cinayət və Cəza"ya,
"Karamazov qardaşları"na, "İdiot"a bağışlaya
bilməzsən?
- O, bu əclaflıqları edib, söz yox, amma sürgündə də olub,
sarsıntılar keçirib, məsələnin bu tərəfi də var. O da var ki, bizim
pis adamlar Dostoyevski kimi həm pis olub, həm də gözəl romanlar
yaza bilmirlər, axı. Ona görə də bu adamları bağışlaya bilmirəm.
Köləlik mənim ürəyimi bulandırır. Baxırsan ki, nə boyda kişidi, nə
boyda başı, nə boyda qulağı var, bir manatdan ötrü elə yaltaqlanır,
özünü elə çölə qoyur ki, adamın ürəyi bulanır.
- Özün haqqında niyə bu qədər yüksək
fikirdəsən?
- Çünki haqqım var.
- Haqqın olsa da, olmasa da yüksək insani
keyfiyyətlərdən biri odur ki, özün haqqında yüksək fikirdə
olmamalısan. Sən bunu bilmirsən?
- Yaxşı eləyib özümü tərifləyirəm. Mənim haqqımda layiq olduğum
sözləri demirlər, mən də məcbur olub özüm deyirəm. Bir
universitetin görmədiyi işi mən təkbaşıma görmüşəm, bu qədər adama
ədəbiyyat sevdirmişəm, bu qədər adamın geyimini dəyişmişəm, bu
qədər adama kitab oxutdurmuşam. Özü də heç nəsiz! Bircə qələmlə.
Bəs məni niyə tərifləmirlər? Niyə qiymətləndirmirlər? Az iş
görmüşəm? Amma bütün günü efirlərdə mənasız, başıboş adamları
tərifləyirlər.
- Əgər sən də bu tərifləri gözləyirsənsə, onda Seymur
Baycanın bütün günü efirlərdə təriflənən başıboş adamlardan fərqi
nədir?
- Əlbəttə ki, Azərbaycan kimi ölkədə mənim onlardan heç bir
fərqim yoxdu. Əksinə, onlar daha üstündülər. Amma bu mənim
məğlubiyyətim deyil. Bu insanların məğlubiyyətidir ki, güləş
döşəyinin üstünə çıxan ölkənin bütün qələm adamlarından hörmətli
tutulur. Don Kixotun təbrincə desəm, mənim məğlubiyyətim mənim
həqiqətimi əsla sarsıda bilməz. Əgər mən axmaq və gülünc vəziyyətə
düşürəmsə və buna gülən, sevinən adamlar varsa, lütfən bir şeyi
anlasınlar ki, onlar hər şeydən əvvəl öz faciələrinə gülürlər.
Çünki sözün həqiqi mənasında mənim heç kəslə şəxsi davam yoxdur. Və
səmimi qəlbdən insanlarımızın xoşbəxt yaşamasını arzulayıram.
- Efirlərə çağırırlar?
- Çağırırlar, amma getmirəm.
- Niyə?
- Çünki elə adamlarla çağırırlar ki, o adamlarla efirə çıxmaq
istəmirəm. Görürəm ki, məni efirə biabir etməyə çağırırlar. Mən
niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?
- Nadir Qafarzadə ilə verilişə cıxıb, öz sözünü deyə
bilməzsən?
- Sözümü, onsuz da, yazılarımla deyirəm.
- Bəzən sənin də elə çıxışların olur ki, təxminən Nadi
Qafarzadə təsiri bağışlayırsan.
- Məsələn…
- Məncə, "Azərbaycanda mənə layiq qadın yoxdur" fikrinlə
sən də Nadir Qafarzadənin əxlaqını daşıyırsan.
- Bir dəfə ATV-də Elçin Əlibəylinin verilişinə çıxmışdım.
Səhərisi bir qız mənə zəng vurdu. Özü də tanınmış bir adamdı. Dedi
ki, ay Seymur, verilişdə bir aşbaz səni yaman günə qoydu. Dedim,
niyə sevinirsən? Bu sənin arzundur? Özü də yaman günə-zada qoymadı.
Sadəcə, sən istəyirdin ki, bir aşbaz məni orda yaman günə qoysun.
Eyni sözü sənə də deyirəm. Bəlkə, sənin də arzundur ki, mən Nadir
Qafarzadə kimi görünüm?
- Seymur, niyə hamını özünə düşmən hesab edirsən? Bu
cəmiyyətdə düşmən olası nə qədər adam var. Səni Nadir Qafarzadə
kimi görmək niyə mənim arzum olmalıdır ki?
- Kəramət, sənə bir söz deyim, kiçik bir sirrimi sənlə bölüşüm.
Azad olmayan insanın heç bir sözü, tənqidi mənə təsir eləmir. O
daşların heç biri mənə dəymir. Başa düşürsən? Bu ölkədə sözü mənə
təsir edəcək cəmi 3-4 adam var.
- Maraqlıdır, o üç-dörd adam kimlərdi?
- Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli, Rasim
Qaraca... Çox sevinirəm ki, belə dostlarım var. Bu adamlar məni
yaxşı tanıyırlar və bilirlər ki, Seymur Baycan kimdi. Dostlarım
inkişafımda çox müstəsna rol oynayıblar.
- Seymur, məncə, özün də istəyirsən ki, səni üç-dörd
adam başa düşsün. Niyə özünü süni şəkilə yuxarı qaldırıb, orada
özünə quş yuvası boyda balaca bir yer düzəltmisən? Və odlu-alovlu
çıxışlar edirsən, bəyanatlar verirsən.
- Düz deyirsən, təhqir olunmuş cəmiyyətdə insanlar belə düşünür.
Azərbaycan xalqı təhqir olunub və təhqir olunmuş insanların
arasında da yaşamaq, doğurdan da, çox çətindir.
- Özün azdan-çoxdan kitab oxumuş adamsan. Amma elə bil
oxuduğun kitablar sənə əksinə təsir edir. Məncə, vəziyyəti o yerə
çatdırmısan ki, əlində tutduğun qələmdən çox nizəyə oxşayur. Belə
mübarizə aparmaq olar?
- Hə, düzdü. Həyatın elə anları olur ki, bəzən oxuduqları
insanın xoşbəxt olmasına mane olur.
- Tutalım, 20, 30, 40, 70 ildən sonra nə Anar, nə Elçin
Əfəndiyev, nə də sən olacaqsan. Bu söz-söhbətlər də unudulub
gedəcək. Sənin vətəndaş mövqeyin də hamının yadından çıxacaq.
Ortada təkcə yaradıcılıq qalacaq. Səncə, onda Seymur Baycanın
"Quqark" romanı bu xalqa daha çox lazım olacaq, yoxsa bu gün tənqid
elədiyin, yaltaq dediyin adamların əsərləri? Heç bu barədə
düşünmüsən?
- Olsun! Mən həmişə demişəm ki, bizim nə yazdığımızı xalq
bilməsə də, o adların çəkdiyin adamlar yaxşı bilirlər. Bu mənə
bəsdir. Onlar özləri haqqında lazım olan bütün sözləri eşitdilər və
oxudular. Bütləri də dağıldı.
- Səncə, dağıldı?
- Əlbəttə, dağıldı. Bir söz var, deyir, necə kef çəkməli əyyam
idi. Çox istəyirdilər ki, insanlar həmişə nəşr olunmaqdan ötrü
onlara yalvarsın, bunlar da donos yazıb kimisə sürgünə
göndərsinlər, həbsə atdırsınlar. Amma dövr dəyişdi.
- Kamal Abdulla "Dədə Qorqud"un bütünü dağıdır, sən də
Anarın. Niyə bu qədər xırda işlərlə məşğul olmağa həvəs
göstərirsən?
- Məcburam. Bəzən istəyirəm ki, başqa yazılar yazım, amma
reallıqlar mənə öz yazılarımı yazmağa imkan vermir. Əksər hallarda
özümün bəyəndiyim, üstündə daha çox əziyyət çəkdiyim yazılar
diqqətdən kənarda qalır.
- Seymur, kor tutduğun buraxmayan kimi sən də yapışmısan
Anarın yaxasından, əl çəkmirsən ki, çəkmirsən.
- Görmürsən, 24 ildir oturub orda, hələ bir camaata minnət də
qoyur ki, mən burda əziyyət çəkirəm. Sən bu sözü mənə niyə
deyirsən? Niyə gedib Anara demirsən ki, dövlətin maliyyələşdirdiyi
təşkilatı dədənin mülkiyyəti kimi idarə edirsən?
- Səncə, Anar o kreslodan ibarətdi?
- Əlbəttə! Anar özü də çox gözəl bilir ki, divin canı şüşədə
olduğu kimi onun da canı o kreslodadır. Sabah o kreslodan dursa, nə
onun dədəsi haqqında yazı yazan olacaq, nə də özünə yaltaqlanan.
Anar paqonunu çıxarsa, hamı görər ki, o heç kimdir.
- Bəs sən öz oğlun üçün hansı mülkiyyəti qoyub gedirsən?
Axı, ədəbiyyatın özü də bir mülkiyyətdir.
- Anarın nə yaradıcılığı var, ədəbiyyatı var ki? Anar məmurdur,
yazıçı deyil. O, dədəsinin qucağında ədəbiyyata gəlmiş bir adamdı.
Hakimiyyətə sərf eləyir deyə orda otuzdurublar. Anar həyatda bir
dəfə də problem görməyib, ayaqqabı dərdi çəkməyib, bir dəfə
vağzalda yatmayıb, bir dəfə kirayə pulu verməyib. Anar nə yaza
bilər ki? Bəlkə, öz həyatından nəsə yaza bilər ki, maraqlı
olsun.
- Bu kövrəldici notlarla məni ağlatmaq
istəyirsən?
- Məncə, yersiz zarafatdı.
- Səni başa düşürəm. Amma onu da başa düşmək lazımdır
ki, yazıçılıq ayaqqabı dərdi çəkmək deyil. Yazıçılıq vağzalda
yatmaq da deyil. Azərbaycanda o qədər ayaqqabı dərdi çəkən var, o
qədər vağzalda yatan var. Anarın mənsub olduğu dairədə, bəlkə, elə
dərdləri var ki, "ayaqqabı dərdi" onun yanında toya
gedəsidir.
- Düz deyirsən. Amma yazıçılıq həm də ayaqqabı dərdi
çəkməkdir.
- Səncə, Anar heç olmasa, həyatından nəsə yaza
bilərmi?
- Yox, heç həyatından da yaza bilməz! Onun həyatı başdan-başa
ləkələrdən ibarətdir. Onun özü haqqında yazmağı böyük cəsarət tələb
edir.
- Seymur Baycan, necə kor-koranə şəkildə səni
daşlayırlar, elə sən də kor-koranə şəkildə başqalarını
daşlayırsan.
- Mənim daşladığım adamlarla məni daşlayan adamlar arasında
böyük fərq var.
- Əkrəm Əylisli haqqında da eyni
fikirdəsən?
- Bizim köhnə yazıçıların içində bir balaca özünü yazıçı kimi
aparan Əkrəm Əylislidir. Heç olmasa, o, bir az da olsa, yazıçıya
oxşayır. Qalanları məmurdur. Ancaq Əkrəm də yazıçı kimi bitibdir.
Onun "Ətirşah Masan" əsərini oxudum və gördüm ki, tükənibdir
/1937.az/.