"Mütləq öz şəxsi təcrübəndə
həyatın dərinliklərinədək, bəzən isə hətta dibinədək enməlisən ki,
yaradıcılıqda müvəffəq olasan" - Conatan Franzenin bu sözlərini taleyin
amansız sınaqlarına məruz qalmış yazıçı ömürləri bir daha təsdiq
edir.
Kiçik klerk (kontor işçisi) və böyük yazıçı O.Henri üç il Ohayo
ştatında Kolumbus Federal həbsxanasında yatıb.
О.Henri (O.Henry) Vilyam Sidney Porterin (William
Sydney Porter) ədəbi təxəllüsüdür. Amerika ədəbiyyatında
hekayə ustası kimi tanınan yazıçının novellalarına incə yumor və
gözlənilməz razvyazkalar xasdır.
Vilyam Sidney Porter 11 sentyabr 1862-ci ildə Qrinsboro
şəhərində (Şimali Karolina ştatı) həkim ailəsində anadan olub.
Anası vərəmdən vəfat etdikdən sonra üç yaşlı Vilyam bibisinin
yanında tərbiyə alır. Məktəbi bitiridikdən sonra əczaçılığı öyrənir
və dayısının yanında aptekdə işləyir. Üç ildən sonra Texasa gedir,
müxtəlif peşələrdə bəxtini sınayır – rançoda, torpaq idarəsində
işləyir və nəhayət, Texasın Ostin şəhərində ilk milli bankın
mühasib-xəzanədarı vəzifəsinə düzəlir.
Yazıçının ilk ədəbi təcrübələri də bankda işlədiyi dövrə -
1880-ci illərin əvvəllərinə aiddir. 1893-cü ildə Porter "Rollinq
Stoun" həftəlik yumoristik jurnal nəşr etdirməyə başlayır və onu
demək olar ki, bütünlüklə özünün oçerk, lətifə, şeir və rəsm
əsərləri ilə doldurur. Bir ildən sonra jurnal iflasa uğrayır və
eyni zamanda da Uilyam bankdan qovulur. 1895-ci ildə isə təftiş
nəticəsində hesablarda kəsir aşkarlanır və bunda gənc xəzinədar
ittiham edilir. Yeznəsi yazıçını məhkəmədən azad etdirmək üçün
girov pulunu ödəsə də, məhkəmə sisteminin işlərinə yaxşı bələd olan
Porter Qondurasa, sonra isə Cənubi Amerikaya qaçır. İki il sonra
həyat yoldaşı Atoll Estesin ağır xəstə olması xəbərini alır və
ABŞ-a qayıdır. Porter arvadı ilə görüşüb vidalaşa bilir. Bir neçə
gündən sonra Estes vəfat edir. Döşlərinə matəm lenti taxmış polis
agentləri sakitcə cənazənin arxasınca gedirdilər. Elə oradaca
dəfndən sonra israfçı xəzinədarı həbs edirlər. Vilyam məhkəmədə
ağzını da açmır və 5 illik həbs cəzasına məhkum olunur. Hərtərəfli
məlumat və biliyi sayəsində Porter həbsxanada aptekdə (bəzi
mənbələrə görə, həbsxana xəstəxanasında) işləyir. Burada yazıçının
müxtəlif təxəllüslərlə yazdığı on dörd hekayəsi yaranır. Görünür, o
bu dövrdə münasib təxəllüs arayırmış. Və nəhayət,
O.Henri üzərində dayanıb. Yazıçı
müsahibələrinin birində deyib ki, Henri adı qəzetdəki
kübar cəmiyyət xəbərlərinin birindən götürülüb, O.
inisialını isə ən sadə hərf olduğu üçün seçib. Qəzetlərin birində
isə bildirib ki, O. - Oliver (fransız adı - Olivye) kimi
açılır. Doğrudan da yazıçı bur neçə hekayəsini Oliver Henri imzası
ilə nəşr etdirib. Başqa bir məlumata görə isə, bu, tanınmış fransız
əczaçısı Etyen Osean Anrinin (Etienne Ocean Henry) adıdır. O dövrdə
bu müəllifin tibbə dair məlumat kitabı çox məşhur idi. Daha bir
fərziyyəni isə yazıçı və alim Hay Devenport irəli sürüb:
"O.Henri" – müəllifin cəza çəkdiyi həbsxananın adından
- Oh'io Penitentiary
('Ohio State Penitentiary) - başqa bir şey
deyil. 21 aprel 1930-cu ildə tamamilə yanmış həmin həbsxana
həmçinin Arena District adı ilə də məşhurdur. Bir fikir də
var ki, "Məşhur Amerika yazıçısı U.Porter O.Henri təxəllüsünü fizik
C.Henrinin şərəfinə götürüb. Yazıçının müəllimi onun adını həmişə
böyük ehtiramla çəkərdi. O.Henri bu təxəllüslə ilk – "Dik-Svistunun
milad hədiyyəsi" hekayəsini 1899-cu ildə həbsdə olarkən "Mak Klür
Jurnalı"nda (Mc Clure’s Magazine) dərc etdirib.
O.Henri nümunəvi davranışına görə 3 il 3 aya azadlığa buraxılır.
İndi isə əsas suala cavab verməyə çalışaq. Yeyinti olmuşdumu?
Obyektiv yanaşsaq, Vilyam Porterin ciddi problemləri, daha doğrusu,
pula ehtiyacı var idi. Juranalın iflasa uğraması onu ciddi maliyyə
çətinlikləri ilə üz-üzə qoymuşşdu. Ancaq qəti qərar çıxarmaq üçün
hər halda müttəhimin şəxsiyyətini nəzərdən keçirmək lazımdır. 30
ildən bir qədər çox vaxtda O.Henrinin qələmindən 273 hekayə çıxıb.
Şöhrəti hər tərəfə yayılmış bu əsərlər qəzetçi və naşirləri
varlandırıb, amma kefcil həyata aludə olmuş, işgüzarlıqdan başı
çıxmayan O.Henrinin özünü isə yox. O, heç vaxt alver etməzdi, heç
nəyi aydınlaşdırmağa çalışmazdı. Dinməzcə pulunu götürüb gedərdi:
"Mister Gilmen Hollun dediyinə görə, mən ona 175 dollar borcluyam.
Mənə elə gəlir ki, ona vur-tut 30 dollar verməliyəm. Ancaq o,
haqq-hesabını yaxşı bilir, mənsə yox..." Çox sakit, hətta bir qədər
utancaq, böyük sadəlövh uşaq olan yazıçı öz haqlarını qətiyyən
müdafiə edə bilmirdi. O, bankdan işdən çıxarıldıqdan bir il sonra
təftiş komissiyası yeyinti olduğunu aşkarlayır. Bankın öz
fırıldaqçılğı ilə məşhur olan rəhbərliyi isə bu cinayəti ən gənc və
dilsiz-ayaqsız əməkdaşının boynuna yükləyir. Həqiqətin hansı
tərəfdə olduğunu aydınlaşdırmaq çox çətindir. Ələlxüsus da ona görə
ki, ədib nə həbsini, nə də məhbusluq həyatını heç vaxt şərh
etməyib.
O.Henrinin yeganə romanı "Krallar və kələm" (Cabbages and Kings)
1904-cü ildə çapdan çıxıb. Onun ardınca "Dörd milyon" (The Four
Million, 1906), "Alışan çıraq" (The Trimmed Lamp, 1907), "Qərbin
ürəyi" (Heart of the West, 1907), "Şəhərin səsi" (The Voice of the
City, 1908), "Nəcabətli fırıldaqçı" (The Gentle Grafter, 1908),
"Taleyin yolları" (Roads of Destiny, 1909), "Seçilmiş əsərləri"
(Options, 1909), "Dəqiq işlər" (Strictly Business, 1910) və
"Fırlanma" (Whirligigs, 1910) hekayələri nəşr olunur.
Porter həyatının sonunda qaraciyər serrozundan və diabetdən
əziyyət çəkirdi. O, 5 iyun 1910-cu ildə Nyu Yorkda 47 yaşında vəfat
edir və Eşbilldə (Şimali Karolina) Riversayd qəbiristanlığında dəfn
olunur.
O.Henrinin ölümündən sonra nəşr olunan "Postskriptumlar"
toplusuna (Postscripts) yazıçının "Poçt" (Texas ştatı,
Hyüston, 1895-1896) qəzeti üçün yazdığı felyetonları, eskiz və
yumoristik qeydləri daxil idi. O.Henri cəmi 273 hekayə yazıb.
Yazıçının əsərlərinin külliyyatı 18 cilddən ibarətdir.