Bu dəfə Nadir Qafarzadə nə toydan, nə də şoudan danışdı.
Amma ona ünvanlanan suallara şou-biznes nümayəndəsi kimi "Axar.az"a
cavab verdi.
- Təhsiliniz var?
- Əlbəttə ki! Mən Asəf Zeynallı adına Musiqi Kollecini
bitirmişəm.
- Bir dəfə televiziya verilişlərinin birində kitab
oxuyub-oxumamağınız barədə verilən suala "gedin mənim
"xolodilnik"imə də baxın, kitab oxuyanların da "xolodilnik"inə"-
deyə cavab vermişdiz. Bu, nə qədər məntiqli cavabdır?
- Mən indi evimə qonaq kimi gəlib-gedirəm. Sizcə, mənim kitab
oxumağa vaxtım ola bilər? Sadəcə, buna zamanım yoxdur. Onu da deyim
ki, vaxtında çox kitab oxumuşam. Düzdü, texniki fənlərlə aram
olmayıb, amma humanitar fənlərə həvəsim olub. Cəfər Cabbarlıdan
tutmuş Əkrəm Əylisliyə qədər, oxumuşam.
- Amma o verilişdə nədənsə kitab oxuyanlara ironiya ilə
yanaşdız...
- Baxın, mənim qayınanam elmlər namizədidir, amma siz onun
maaşını bilsəz, mənim dediklərimə haqq qazandırarsız. Vaxtında
oxuyub da... indi qiymətləndirən varmı? Əlbəttə ki, qiymətləndirən
yoxdur!
- Bəzən sənətçidən vətəndaş mövqeyi gözləyirlər və bunu
almayanda onları qınayırlar. Sənətçinin vətəndaş mövqeyi nümayiş
etdirməsinə necə baxırsız?
- Mənim fikrimcə, müğənni ancaq oxumalıdır, danışmamalıdır. Biz
də ancaq oxuyuruq.
- Benzinin qiyməti qalxdı, buna
münasibətiniz?
- Bahalaşma olsa da, maaşlar artırılacaq. Onu da deyim ki, bizdə
vəziyyət çox yaxşıdır. Mən heç burda olan maşınları xaricdə
görmürəm.
- Azərbaycanın Avropaya inteqrasiyasına necə
baxırsız?
- Mən bunu istəmirəm. Bizdə vəziyyət yaxşıdır, Avropaya getsək,
görərik ki, ora biabırçılıqdır. Bizdə yenə qayda-qanun var,
özbaşınalıqlar yığışdırılıb. Bax, mən bu yaxınlarda Ukraynada
olmuşdum, onlar bizə deyir ki, siz cənnətdə yaşayırsız.
- Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı
sərəncam imzaladı. Xəbriniz var?
- Hörmətli Prezidentimizin bu sərəncamına çox sevindim. İndi
Rəsulzadə haqda filmlər çəkiləcək, onun irsinin yaşaması üçün işlər
görüləcək. Amma sizə deyim ki, mənim ulu öndər Heydər Əliyevə, onun
apardığı siyasətə hədsiz sevgim var. Hətta evimin içində onun şəkli
var. Heç mən ora atamın şəklini vurmamışam. Düzdü, valideynə sevgi
sonsuzdur, amma Heydər Əliyev xalqın xilaskarıdır.