Bir müddət əvvəl Gəncədə Şah
İsmayıl Xətainin şəkli olan şərabların buraxıldığı haqda
informasiyaya
iranlı Ayətullah Amilinin
reaksiyası mübahisələrə yol açıb. Amili bildirib ki, içki
şüşələrinin üzərinə Şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq
İranı, xüsusilə Ərdəbili təhqir etməkdir. Şah İsmayılı və qurduğu
dövləti isə Azərbaycan öz adına çıxa bilməz.
Axar.az ədəbiyyat adamlarının sözügedən hadisəyə münasibəti
öyrənib:
Tənqidçi-alim
Əsəd Cahangir bunun həm dinə, həm də Xətaiyə qarşı diqqətsizlik
olduğunu düşünür:
"Şərab Quranda haram buyurulub. Müqəddəs kitabda haram buyurulan
bir məhsulun üzərinə Şah İsmayıl Xətainin şəklini vurmaq düzgün
deyil. Xətai şiə Səfəvi dövləti qurmuşdu. Bu səbəbdən Şah İsmayılın
şəklinin haram buyurulan məhsulun üzərinə vurulması dinə inananlara
hörmətsizlik və Şah İsmayıla qarşı diqqətsiz yanaşmadır. Onlar bunu
Şah İsmayıla olan sevgi və hörmətlərindən ediblər, amma sevgilərini
başqa cür də göstərə bilərdilər, başqa bir məhsul istehsal edib,
Xətainin şəklindən onun üzərində istifadə edərdilər. Hər şey
qədərində gözəldir. Bu addım yersizdir".
Şair
Qulu Ağsəs dünyada oxşar halların olduğunu bildirir və daha uğurlu
piar yolları təklif edir:
"İran tərəfinin münasibəti məni təəccübləndirmir. Çünki onlar
Nizami ilə bağlı da deyirlər ki, o, fars şairidir. Bu reaksiya
İranın içkiyə və Xətaiyə olan münasibəti yox, Azərbaycana olan
münasibətidir. Gəncədə Xətainin fotosu ilə hər hansı bir içkinin
istehsal olunması tamamilə beynəlxalq standartlara uyğundur.
Rusiyada Yeltsin, Putin araqları istehsal olunur. Bu da çağdaş
piarın bir növüdür. Yəni bu yolla biz tarixi keçmişimizi, tarixi
şəxsiyyətlərimizi təbliğ edirik. Amma məndən olsa, nə İran
variantı, nə də Gəncə variantı... Bu gün mobil telefonlardan, demək
olar ki, hamı istifadə edir. Bu telefonlara müxtəlif cür sms-lər,
son istifadə bildirişləri gəlir. Təklif edərdim ki, Azərbaycanın
işğal olunmuş torpaqları, onların tarixləri, dahi şəxsiyyətlərinin
doğum və ölüm tarixləri müəyyən günlərdə bu telefonlar vasitəsilə
xalqa xatırladılsın.
Bir şeyi də qeyd edim ki, bu, çağdaş piardır, amma uğurlu piar
deyil. İçən adamın çox vecinədir ki, bu kimin şərabıdır? Biz piarı
əhalinin ayıq hissəsi üzərində qurmalıyıq. Rus alimi Berdyayevin
bir sözü var: "Xalq kəmiyyət deyil, keyfiyyətdir". Bu fikri dünyada
ən çox və hegemon olan xalqın nümayəndəsi deyir. O mənada biz bu
təbliğatı ayıq, haradan gəlib hara getdiyini bilən, həyat
prioriteti olan, heç olmasa, ölkəsinin xəritəsini tanıyan,
Azərbaycan adının etimologiyasını öyrənməyə can atan, Xətainin bir
misrasını bilən adamlar üçün aparmalıyıq. İçkinin üstündə Xətainin
şəklini verin, Xətaini tanımayan adam elə biləcək ki, bu, Gəncədə
yaxşı şərab biznesi ilə məşğul olan adamdır".
Yazıçı
Pərviz Cəbrayıl etiket məsələsini normal hesab edir:
"Şah İsmayılın rəsminin spirtli içkiyə etiket olmasında,
əslində, heç bir mənfi hal görmürəm. Ayətullahın buna pis baxmasını
da təbii qarşılayıram, ancaq məsələ buna yanaşmada deyil, şah
babamızın Azərbaycana aidliyinə qarşı işlədilən fikirdədir. Biznes
yeganə sahədir ki, ancaq gəliri düşünür, istifadə etdiyi etiketin
aid olduğu şəxsiyyətin, ya hansısa rəmzin hansı ideolojiyə aid
olduğu qəti maraqlı deyil bu sahə üçün. Çe Gevara kapitalizm
düşmənidir, ömrünü inqilaba həsr edib, bu yolda qurban gedib, ancaq
indi həmin kapitalizm ondan gəlir götürür; Çenin tarixi kimliyi
kapitalistlər üçün qəti maraqlı deyil. Şah İsmayıl da eləcə. Təki
daha çox tanınsın. Məncə, əsas olan budur ki, araq öz keyfiyyətinə
görə o ada ləkə gətirməsin. Ona qalsa, pul da əl çirkidir, gərək
heç bir tarixi şəxsiyyətin rəsmi əskinas üstündə çap
edilməsin".
Yazıçı
Şərif Ağayar məsələyə ironiya ilə yanaşır:
"Görəsən, təmiz içkidir? Məncə, təmiz içkidirsə, olar. Şah
İsmayıl yaxşı kişi olub. Onun şəklini girdirmə içkiyə vurmaq doğru
deyil. O ki qaldı ayətullahlara... Onlar içə bilmədikləri üçün bizə
paxıllıq edirlər".