Yuxarı

Gəncəli qızın son dünya turu: Bakıya niyə gəlmir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər rəfiqən iranşünasdırsa, üstəlik, Ququşun fanatıdırsa, qaçışın yoxdur; sən də sevəcəksən. “Səkinə dayqızı”nı sevməmək mümkün deyil…

Amma... tərəddüdlərim də var. Mənə Ququşu həqiqətənmi rəfiqəm sevdirib, yoxsa sadəcə, altşüurumdakı, zehnimdəki köhnə informasiyaları oyadıb?! Özümü anlayandan ahənrüba kimi çəkib bu səs məni.

Məncə, Ququş mənim çocuqluğumdur, çocuqluğumun yamyaşıl ümidləridir. Gözəl arzularımdır, qəlbimin heç vaxt öləziməyən işığıdır. İkiyə bölünmüş vətəndir, Güneydir, azərbaycanlıların kədərinin farsca şəkli, ayrılığın, yarımçıqlığın səsidir…

Və gələcəklə bağlı projektordur. Bəli, məhz belə təsəvvür edirəm; projektor… O qədər gur işıq… Yəni o qədər ki, zillənib baxa bilmirsən, xəyal edirsən…

Onunla bağlı xəbərləri həmişə maraqla izləmişəm. Azərbaycana niyə gəlməməsini, niyə Bakıda konsert vermək istəməməsini də araşdırmağa cəhd etmişəm, amma heç vaxt inandırıcı bir cavab tapa bilməmişəm…

Sonra - son illərdə eşitdim ki, artıq səhnə ilə vidalaşmağa hazırlaşır Ququş və dünya turnesinə də bu səbəbdən çıxıb. Final konsertlərini verir. Konsertlərin keçirildiyi şəhərlərin siyahısına baxdım: Vyana, London, Frankfurt, Münhen, Dubay…

Qismət İstanbul konsertinə imiş. Türkiyədəki dostlarımın köməkliyi ilə bilet axtarışına çıxdıq - məhz axtarışına. Çünki Ququşun konsertinə bilet almaq həddən ziyadə çətin bir texniki prosesdir. Təsəvvür edin, bilet almaq istəyirsiniz, onlayn mümkün deyil. Saytda qeyd edilmiş telefon nömrəsinə zəng edirsiniz, amma bilet satmırlar sizə. Soruşurlar ki, iranlısınız? “Yox” cavabı aldıqda “konsert iranlılar üçün nəzərdə tutulub” deyirlər. Bəli, təəccüblüdür, amma məhz belə cavab verirlər. İstanbulda yaşayan bakılı rəfiqəm hətta onlarla mübahisə də edib. “Biz iranlı deyilik, azərbaycanlıyıq, Ququş da azərbaycanlıdır və biz onun konsertində iştirak etmək istəyirik”.

Nəhayət, İstanbulda yaşayan bir güneyli soydaşımız köməyimizə çatdı. Bilet ala bildik. Və mən Novruz bayramını Bakıda ailəmlə birlikdə qeyd etdikdən dərhal sonra İstanbula – Ququşun konsertinə tələsdim…

Ataşehirdəki “Ülker etkinlik və spor salonu” 15 min tamaşaçı tutumludur. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Ciddi yoxlamalardan sonra tamaşaçılar salona buraxılır. Qəribə və heyrətamiz daha bir məqam odur ki, 15 minlik zal ağzınadək doldu. Fars və ingilis dillərində danışan, əslən iranlı, fars, türk olduqları bilinən insanlar öz yerlərini axtarıb tapır, boş səhnə ilə, dostları, ailə üzvləri ilə həvəslə şəkillər çəkdirirdilər. Maraqla izləyirdim bu insanları. Niyə Ququşu bu qədər sevir iranlılar? Bəlkə onlar üçün də o, nostaljidir, unudulmayan, heç vaxt köhnəlməyən keçmişdir? Bu populyarlığın və sevginin sirri nədir? Və təkcə yaşlı, orta nəsil deyil konsertə gələnlər. Gənclər də yetərincədir.

Bir zamanların ən məşhur müğənnisi Ququş İranda gözəllik və stil ikonası kimi qəbul edilib. Qadınlar məhz onun kimi geyinməyə, onun kimi görünməyə, ona bənzəməyə can atıb. Konsertləri daim anşlaqla keçib. Çəkildiyi filmlər təkcə İranda yox, bütün Orta Şərqdə, keçmiş SSRİ-də maraqla izlənilib. İranın ən bahalı müğənni və aktrisası olub. Şah sarayındakı bütün tədbirlərdə qonaq və sənətçi kimi iştirak edib. Fərəh Pəhləvi ilə yaxın olub…

Bütün bunlar İran inqilabına qədər olub. Sonra İranın ən gözdə, ən özgür qadınının – Ququşun əlindən hər şeyi alınıb. Ən başlıcası isə azadlığı və səhnəsi. Şöhrətin, populyarlığın ən üstündən aşağı endirilib. İşıqsız və pəncərəsiz bir otaqda dustaq edilib.

Bu yazıya başlamazdan öncə Ququşla bağlı bir araşdırma etməyə çalışdım. Quqlun Azərbaycan seqmentində çox azdır onunla bağlı məlumat. Və demək olar, hamı bir-birini təkrarlayıb, kopyalayıb Ququşdan bəhs edərkən. Və biz əlimizdəki ən az informasiya ilə sevmişik Ququşu. Ququşu özümüzünkü saymışıq, azərbaycanlı, türk hesab etmişik. Türklüyü, azərbaycanlılığı ondan duymağı, görməyi, hiss etməyi çox ummuşuq. Umduğumuzu ala bilməyəndə, hiss etməyəndə üzülmüşük…

Ququş əslən bir gəncəli balasıdır. Ququşun ata və anası Gəncədən Bakıya, Bakıdan Tehrana köçüblər və onların Faiqə adlı qızları Tehranda doğulub. Faiqə Atəşin körpəlikdən o qədər gözəl olub ki, görənlər onu “Qu Quşu” adlandırıb. Qu Quşuna bənzəyən Faiqə də görünür, bu adı o qədər bəyənib ki, səhnə ismi də məhz Ququş olub…

Konsertöncəsi “Ülkər”də tanış olduğum adamlar məni təəccübləndirdiyi kimi, yəqin ki, mən də onları təəccübləndirirdim. Gənc bir qız ingiliscə fars dilini bilib-bilmədiyimi soruşdu. “Yox” cavabı verdim.

- Bəs onda necə anlayacaqsınız Ququşu? Axı o farsca oxuyur…

- Amma o azərbaycanlıdır. Ümid edirəm ki, azərbaycanca da oxuyar. Amma musiqinin dili yoxdu ki! Hansı dildə oxuyursa-oxusun, Ququş möhtəşəmdir…

Başqa bir gənc də israrla iranlı olmadığım halda Ququşun konsertinə niyə gəldiyimi soruşur. Məhz belə cavab verirəm:

- Yəqin ki, keçmişi axtarıram…

Və öyrənirəm ki, konsertdəkilər yalnız İranda yaşayan iranlılar deyil. ABŞ-dan, Kanadadan, Belçikadan və başqa ölkələrdən məhz bu konsertdə iştirak etmək, Ququşu görmək, dinləmək üçün gələnlər var.

ABŞ-da yaşayan bir qadın ingilis dilində anasını konsertə gətirdiyini dedi. “Anam çox yaşlanıb. İranı çoxdan tərk etmişik. Ona sürpriz etmək üçün bu konsertə gətirdim” deyir.

Nəhayət, konsert. Qu Quşu səhnədə görünür. Gözəl ala gözlər dopdoludur. Göz yaşıyla, həsrətlə, özləmlə ilk mahnısını oxuyur. Zal coşub. Hamı onunla birlikdə oxuyur. Bəzən o dayanır və zalı dinləyir. Zal coşğu və sevgiylə, xorla Ququşun mahnılarını ifa edir. Onun bütün mahnılarını əzbər bilirlər. Ququş ağlayır, zal oxuyur... Ququş oxuyur, zal ağlayır... Möcüzəvi, sirli və sehrli bir ortamda davam edir konsert. Səhnədəki böyük monitorda Ququşun gənclik fotoşəkilləri, çəkildiyi filmlərdən fraqmentlər yayımlanır və səhnədəki Ququşun nə qədər yaşlandığının fərqinə varırsan. İllər keçib, ancaq 74 yaşlı müğənni yenə səhnədədir. Əsalətə və dik duruşa baxın. Gənc və gözəl Ququşla 74 yaşlı Ququş arasında fərq aramayaq. Əsalət dəyişməyib Ququşda. Səhnəyə yenə də çox yaraşır. Yenə də gümrah və gözəldir uzun boylu gəncəli qızı. Gözlər də həminkidir.

Monitordan Məhsa Əmininin şəkilləri boylanır. Demək ki, azadlıq arzularına hələ də bağlıdır Ququş. O da əslində Məhsa Əminidir. Şovinizmə, cəhalətə, zorla bağlanmağa və örtünməyə itaət etməyən bütün qadınlar Məhsa Əminidir. Ququş həm də o sevgidir – Azadlıq sevgisi. Qadını azad və güclü olmayan yerdə xoşbəxtlik yoxdur, ola bilməz. Azadlıq ən böyük xoşbəxtlikdir…

Ququş 2,5 saatlıq konsert ərzində yalnız farsca oxudu, auditoriyaya farsca xitab etdi. Fars dilini bilməsəm də, təxmin edirdim, İran sevgisindən, həsrətindən, ayrılıq acısından hıçqıra-hıçqıra danışdı. Auditoriyaya sevgi ötürdü, sevgi qəbul etdi. Çox duyğulandı, çox duyğulandırdı. Amma Azərbaycan və azərbaycanlılardan danışmadı. Bir kəlmə ilə də xatırlamadı. Yutubdakı bəzi konsertlərindən yayımlanan videolarda bəzən tamaşaçılardan soruşur: “Mənim həmşəhrlilərimdən burda kim var?” Zaldakılar da xorla onun səsinə səs verir, Ququşu məmnun edirlər. Bu dəfə olmadı. Zalda bəzən azərbaycanca sözlər eşitdim, Ququşdan azərbaycanca mahnı istəyənlər oldu. Amma zəif idi, bəlkə də o səslər heç səhnəyə gedib çatmadı.

Niyə bir azərbaycanlı müğənnidən, dünyaca məşhur bir isimdən bu qədər ayrı və aralıyıq? Ermənilərin belə bir müğənnisi, Ququşu olsaydı, onlar nələr edərdilər, xatırladımmı? Amma biz – 50 milyonluq bir toplum öz əlimizlə onu yad ellərə, yad mədəniyyətlərə, yad dillərə peşkəş etmişik.

Ansamblını təqdim edərkən məlum oldu ki, italyan, əfqan, yapon, türk, fars musiqiçilərlə yanaşı, 2 nəfər də erməni var. Ququş onları da sevgi və sayğıyla təqdim etdi. Bəs biz bu nüanslarda siyasi çalarlar axtarmalıyıqmı? Ətrafında fars və erməni əslilli xeyli adam var, bu reallıqdır, konsertlərinin təşkil edənlər, ona mahnı bəstələyənlər, onu səhnədə müşayiət edənlər, ona hər mənada dəstək olanlar… Ququşu bunlara görə ittiham etməli, küsüb inciməliyikmi? Bəli, Ququş azərbaycanlıdır, o bunu heç vaxt danmayıb, yeri gəldikcə dilə gətirib. Konsertlərdə azərbaycanca da mahnılar ifa edib. Rəşid Beybudovdan sonra məşhur “Ayrılıq” mahnısının ən mahir ifaçısı da odur. Amma biz buna görə ona minnətdarlığımızı ifadə etmişikmi? Ququşu qazanmaq, özümüzünküləşdirmək, Azərbaycanın bir parçası, misqalı, işığı, səsi, misal üçün, Müslüm Maqomayevi etmək üçün nə etmişik, hansı fədakarlığa əl atmışıq? Son 35 illik müstəqillik tariximizdə Ququş varmı, onu gətirmişikmi Azərbaycana, gətirə bilmişikmi? Nə qədər yanında, yaxınında olmuşuq? Xaricdəki diaspor təşkilatlarımız, səfirliklərimiz, Diaspor Komitəsi onunla yaxınlaşmağa hər hansı bir cəhd edibmi?

Təəssüf ki, etməmişik və o boşluğu farslar doldurub, fürsətçi ermənilər doldurub.

Halbuki çox şey edə bilərdik. Bu gözəl, mətanətli, əsalətli, nəcib azərbaycanlı qızına - doğmamıza doğmalığı hiss etdirə bilməmişiksə, günahı başqalarında və Ququşda axtarmamalı, başqalarını suçlamamalıyıq. Elə xalq mahnılarımız var ki, onları məhz Ququş tanıtdırıb və sevdirib. Səhnə performansı həmişə səviyyəli və unikal olub…

Bizsə uzaqdan seyr etməklə və deyinməklə məşğul olmuşuq.

Suallar çox, cavab ya yoxdur, ya da yox kimidir…

Dərd ondadır ki, biz insanlara Vətən kimi baxmırıq. Əgər adamlarımıza Vətən kimi baxmağı öyrənsək, hər şey daha da gözəl ola bilər, daha da gözəlləşər…

Əlimiz güclənər, daha ürəkli, daha güclü ola bilərik…

Özümü xoşbəxt sayıram ki, Ququşu səhnədə gördüm…

Tarix
2024.03.28 / 21:48
Müəllif
Aynur Camal
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla