Yuxarı

“Başqa qalaktikanın təkbuynuzluları...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Başqa qalaktikanın təkbuynuzluları...”

Sabirabadda yaşayan, pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şair, nasir Nisə Bəyimlə söhbətimiz Xocalı qətliamı günlərinə təsadüf etdiyindən vədələşdiyimiz vaxtdan bir qədər gec əlaqə saxladıq.

- Gündəlik qayğılar yağış kimi səpələnir. Amma elə dərdlər var ki, dolu kimi yağıb.

- O qədər problem olur ki, amma elə dərdlər var ki, unudulması mümkün deyil. İndi 8 gün erməni əsirliyində qalan bir qadının etiraflarını oxuyuram, bu dərdlə necə sağ qalıb, necə yaşayıb? İnsan qəribə məxluqdur, nə qədər dərd görür görsün, yenə də yaşayır.

- Nisə Bəyim, deyin, söz adamı olaraq daha çox sözün təəssübünü çəkdiniz, yoxsa özünüzün, başqalarının?

- Yazıçı olmazdan əvvəl, mən bir vətəndaşam, pedaqoqam. Ətrafımda,

məmləkətimdə nə baş verirsə, mənə də aiddir, mütləq buna münasibətimi bildirirəm. Bu münasibət fərqli yollarla olur, ya şeir, ya nəsr, ya da esselər şəklində. Amma deyim ki, bütün bu sadaladıqlarımın içində özüm də varam. Mənim də duyğularım, düşüncələrim gerçəklikdir.

Başqa bir nəfəs dəyməsini istəmirsən

- Yaradıcılığınızda kədər sevinci üstələyir, fərqindəsinizmi?

- Fərqindəyəm. Şeirlərimdə kədər bir obrazdır. Mənim obrazım. Kədərli olanda daha yaxşı yazıram. Sanki kədər mənə tamlığı, bütövlüyü əvəz edir.

Həyatda da belədir, sevincini düşüncələrini bölüşə bilirsən, bölüşə bilmədiyin kədərdir. Yalnız sənə məxsus olan kədər. Sanki qıymırsan, onun haradasa müqəddəs olduğunu düşünürsən. Sanki içindəki kədərə başqa bir nəfəs dəyməsini də istəmirsən.

- Mən də yalanlara inanmışam, demisiniz. Həm də adamları tanımaq, tanıyıb sevmək istəyindən bəhs edirsiniz digər yazınızda.

Dünya o dünya deyil,

Gələsən, aldanasan.

Ömür o ömür deyil,

Öləsən, aldanasan.

Güllər o güllər deyil,

Uyasan qoxusuna.

Günlər o günlər deyil,

Girəsən yuxusuna, - şeiriniz var. Fərqli bir dünyalardan bəhs etmirsiniz ki?

- Fikir verirəm, gətirdiyiniz misallar 90-cı illərin şeirləridir. Düzdür, şeirin və duyğuların, yalanların və gerçəklərin yaşı olmur. Amma münasibətlər, düşüncələr dəyişir. Mən indi daha qlobal məsələlər barəsində düşünürəm. Bax, dünya deyirsiniz... bütün mütərəqqi insanlar zamanla dünyanın dəyişəcəyi, inkişaf edəcəyi, ədalətli cəmiyyət haqqında düşünüblər. Belə bir cəmiyyət ola bilərmi? "Təkbuynuzlu" romanında məhz belə bir dünyanın modelini vermişəm. Başqa qalaktikadan bizim alimlərlə kontakta girən təkbuynuzlu (Təkbuynuz- onun bürcünün adıdır) öz planetlərindəki qayda-qanundan danışır, insanlar bir-birinə zərər verə bilmir, bunun üçün görülən tədbirlər var. Məsələn, kimsə mənə zərər vermək fikrinə düşsə, bu ilk növbədə onun əhatə dairəsini zədələyəcək. Orada müharibələr yoxdur. Əhali azad yaşayır, qanunlar elə qurulub ki, pisliyə yol yoxdur. Belə bir dünyanı kim arzulamaz? Amma bunun üçün tərəqqi, elm, savad lazımdır.

Məsələn, kamil insan deyirlər, hələ eramızdan əvvəl ideyalar, təriqətlər kamil insan ideyasını irəli sürüb. Amma mümkün olmayıb, olmaz da...

Yaşadığım dünya mənim dünyam deyil

- Niyə?

- Çünki kamil insan olmaq üçün şərait lazımdır, ətrafın yetərincə inkişafı lazımdır. Nəsimi ilahi bir məqama yüksəlir, amma onun yaşadığı dövrə baxın, cəhalət, yoxsulluq, bataqlıq... Kamil insan kamil qanunlarla idarə olunan cəmiyyətdə mümkündür. Ona görə şeirlərimdə bu qədər dərd, kədər var. Yaşadığım dünya mənim dünyam deyil.

- Rayonda yaşayıb yaratmanızın yaradıcılığınıza mane olduğu anlar olubmu?

- Yazı prosesində mane olmur, əksinə, rahatlıq, asudəlikdir. Qaçdı-qovdu, şəhərdəki vaxt darlığı, səs-küy, psixoloji gərginlik yoxdur. Elə ki yazdıqlarımı reallaşdırmaq prosesi gəlir, bu məsələdə çətinlik çəkirəm. Kitab nəşri üçün getmək lazımdır, istədiyin nəticələri əldə etmək üçün danışıqlar lazımdır, xüsusən tərcümə məsələsində geri qalıram. Yazıçılar üçün nəzərdə tutulmuş layihələrdə iştirak edə bilmirəm. Bəzi məsələlər var qarşımda, maneə yaradır. Çap olunmağı nəzərdə tutmuram, insafsızlıq olar, desəm ki, az çap olunuram. Sadəcə, bir qədər ləngimələr olur. Məsələn, son romanımı "Azərbaycan" jurnalına göndərmişəm, nəticə yoxdur. Zəng elədim, gəl, danışaq, - dedilər. Bəlkə də, onların heç ağlına gəlmir, mənim gəlmək problemim var. Getmək çətindir axı mənim üçün.

Xəmir yoğurmaq mənim üçün ayindir

- Sizcə, ümumilikdə ədəbiyyatımızın vəziyyəti necədir?

- Ədəbiyyatın vəziyyəti haqqında mən nə deyim ki? Gerçəklik bəzən uzaqdan yaxın görünür, bəzən heç görünmür. Əsərləri daha çox saytlardan, Quqldan oxuyuram. Yazıçılarla əlaqəm zəifdir. Yazıçı dostum da azdır. Əslində, mən münasibətə açıq olan adamam. Kim istəsə, ünsiyyət saxlaya bilir. Setdə müraciət edənləri geri çevirmirəm. Amma bəzən çox ehtiyacım olur danışmağa. Tutaq ki, roman yazıb bitirmişəm, oxuyan çox olsa da, peşəkar sözünə ehtiyacım olur. Oxucu fərqli, peşəkar fərqli. Afaq Şıxlı Moskvadadır, yenə də onunla danışırıq Skaypda.

- Haqqınızda çox yazıblar. Yaradıcılığınıza yüksək dəyər verilib. Amma düşünmürəm ki, yaradıcılığınıza dodaq büzənə təsadüf etməyibsiniz. Olubmu belə hal, arxanızca danışmaq və sair.

- Yazıçılar Birliyində elə bir yaxın dostum yoxdur. Heç bilmirəm, məni sevirlərmi, sevmirlərmi? Əvvəllər daha isti münasibət görürdüm redaksiyalarda, təqdimatlarda, indi yox. Rast gələndə, əlbəttə, salamlaşırıq, hal-əhval tuturuq. Bunlar adi etiket qaydalarıdır. Elə bil ki, ədəbi mühit çox sönük görünür, canlılıq yoxdur. Hər kəsin başı özünə qarışıb. Hiss edirəm ki, bəzən danışmamağı daha üstün tuturlar. Ağız büzməkdən danışdınız, dalda ağız büzənlər də olur. Amma mən bundan narahat olmuram. Çünki insan təbiətinə çox yaxşı bələdəm. Bəzən qısqanclıq həqiqəti söyləməyə mane olur. Mən demirəm ki, hamı mənim əsərlərimdən danışsın. Madam ki, ortada ədəbi məhsul var, niyə ədəbi tənqid susur? "Online"ni oxuyublar, kimsə danışmır. Özümə deyirəm ki, bəziləri qorxur danışmağa. Gərək dediyinin arxasında durasan axı... İsbat edəsən fikrin, illah da ənənəvilikdən uzaq əsər ola, yaxşısı elə susmaqdır. Bir tədbirdə Anar deyəndə ki, gecə yatmadım, "Online"ni oxudum, əlimdən qoya bilmədim, ondan sonra qırışıqları açılıb, adımı çəkib bir-iki adam..

- Ədəbiyyatdan nə umurdunuz, yaradıcılığınız sizi hara qədər aparmalı idi və siz ədəbi müstəvidə haradasınız?

- Düzünü deyim ki, yazı yazanda ondan heç nə ummamışam, yəni maddi tərəfi heç ağlıma da gəlməyib. İstəmişəm çap olunsun, oxunsun. Kitablarımı da öz hesabıma çap etmişəm. Amma indi vəziyyət dəyişib. Yəni maddi sıxıntılar çoxalıb, 2 ildir səhhətimlə əlaqədar işə getmirəm. Kitabların yayılmamasından çox nigaranam. Bu qədər zəhmətin müqabilində kitabdan gəlir əldə etməmək ədalətsizlikdir. Mən heç kimdən pul istəmirəm, çəkdiyim zəhmətimin bəhrəsini görmək istəyirəm. Yazdığım tammetrajlı bədii film ssenariləri var. Mədəniyyət və Turizm Nazirliyinə göndərmişəm, heç açıb baxan da yoxdur.

Yazıçı kimi haradayam, onu bilə bilmərəm. Mən Yazıçılar Birliyi üçün yox, zaman üçün, bəşəriyyət üçün yazıram. Zamanın bir anına düşərəmsə, nə xoş, düşmərəmsə, gücüm çatmaz nəyisə dəyişməyə. Madam, məni tale götürüb gətirib ədəbiyyata, deməli, bir bildiyi vardır. Mən taleyə inana adamam.

AYB-dən umduğum tək şey

- AYB-də sizə münasibət yazar olaraq çox yaxşıdır. Bəs sizin oradan gözləntiniz necədir?

- Mən Yazıçılar Birliyindən nə umum ki? Birliyin özü təminatsız bir təşkilatdır. Kapitalist münasibətləri olan yerdə heç kim heç kimə pul vermir, qurum özünü saxlamaq yollarını axtarmalıdır. Ən azından cəhd etməlidir, iqtisadçılarla məsləhətləşməlidir. Birliyin öz nəşriyyatı niyə olmasın ki?

Yazıçılar Birliyindən umduğum tək şey romanlarımın yayılmasına, təbliğinə kömək etmələridir. Sonunda bu, mənim əsərim deyil, ədəbiyyatımızı zənginləşdirən kreativ əsərlərdir.

- Nisə Bəyim, yaradıcılıq yolu da bir mənzil başına varmaqdır. Nə qədər yol qət edə bilmisiniz? Şeirinizdə deyirsiniz:

Biz ki, öyrəncəliydik

Hər yükü daşımağa.

Canım, niyə çatmadı,

Gücümüz yaşamağa?

Sizcə, bu, doğurdan da çətindir və yaşamağa güc çatmır? Axı hər bir ədəbi məhsulun yaranmasından, yazılmasından sonra bir rahatlıq da yaşanır. Sizin yazı onu rahatlığınız xoş olur, yoxa yazı öncəsi narahatlıq yaşanması?

- Rahatlıq barəsində verdiyiniz suala belə cavab verərdim: Yazı prosesini sevirəm. Xüsusən, irihəcmli roman yazanda sanki onlar ədəbi personajlar deyil, mənim tanıdığım, sevdiyim insanlardır. Bəzi epizodlarda özümü gerçəkdən onlarla bərabər hiss edirəm. Xoşuma gələn epizodları, dialoqları yazanda zövq alıram. Eşidəndə yazı prosesi bəzi yazıçılara ağır, əzablı gəlir, buna təəccüblənirəm. Roman personajlarına, ideyalara elə öyrəşirəm ki, heç ayrılmaq istəmirəm. İnanın,"Online" bitəndə çox heyfsiləndim, elə bil, doğma dostlardan ayrılmışdım. Darıxırdım onlardan ötrü. Olurdu ki, gecə yerimdən durub, kompüteri yandırırdım, bir az oxuyub, sonra yatırdım. Romanlarımın hər birini yazarkən çox aludə olurdum. Mən Qəribi də, Sofiyanı da çox sevirəm. Elə bilirəm, haradasa onlar gerçəkdən mövcuddurlar. Bəlkə, biganə yaşanmalar bu səbəbdən mənə pis təsir edir.

"Ədəbiyyat" qəzetinin böyük tarixi var

- Sizin arzularınız haqda soruşmuşdum. Nə arzulamışdınız və nələr arzu olaraq qaldı, gerçəkləşmədi? Nisə Bəyim xanımın xalq şairi olmaq istəyi olubmu? Və əgər xalq şairi olsaydınız, nə dəyişə bilərdi?

- Arzularımı soruşursunuz... Heç mənim arzularım bitirmi? Mən elə arzuların məcmusuyam belə baxanda. Gücüm çatan qədər reallaşdırmağa çalışıram. İndi elə həvəslə girişmişəm ki romana. Çox çətin, tarixi və elmi mövzudur. Bir aydır oturmuşam Quqlda. Eramızdan əvvəlki Yunan, Roma, Midiya Hindistan tarixini öyrənirəm. Qız Qalası və Avesta haqqında yazacam. Yenə də fantastika. Zərdüşt haqqında bütün məlumatları öyrənirəm. Feysbukda bir neçə dəfə müzakirələr etmişik tarixçilərlə, alimlərlə, tədqiqatçılarla. Çox şey öyrəndim. Düşünürəm ki, hazıram. Hətta ilk epizodu yazmışam.

- AYB-nin orqanlarında səxavətlə dərc olunursunuz və buna sizin haqqınız var. Son dövrlər bu orqanlarda da islahatlar gedir. "Ulduz"da Qulu Ağsəs, "Ədəbiyyat qəzeti"ndə Azər Turan. Nələr dəyişib?

- Çıxarmayıblarsa, "Ulduz"un heyətində varam. Heç ora yazı verdiyim yadıma gəlmir. Bir neçə hekayəmi Elçin çap eləmişdi, sağ olsun. Getməyə vaxtım yoxdur axı. Qulu ilə rastlaşanda səmimi görüşürük. Deyir, gəl, bir layihə edək. "Ədəbiyyat qəzeti"nə 80-cı illərdə 1-2 dəfə getdiyimdi. Azər Turanı heç görməmişəm. Sərvaz vasitəsilə şeirlərimi bir-neçə dəfə göndərmişəm, dərc olunub. "Ədəbiyyat" qəzetinin böyük tarixi var. Sovet dönəmində ən demokratik, maraqlı, oxunaqlı qəzet idi. Sonralar çox siyasiləşdi. Elə bil, heç "Ədəbiyyat qəzeti" deyildi. Qəzetin indiki halı elə deyil. Ədəbiyyat həm də cəngavərlik, cəsurluq, fədakarlıq sənətidir. Bu keyfiyyətləri olmayan adamlar ədəbiyyatımız zibillədi. Siz bilən, mənəvi keyfiyyətlərdən məhrum olan adam ədəbiyyata nə verə bilər?

- Əlbəttə, heç nə...

Tarix
2016.03.04 / 09:27
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla