Yuxarı

Bağırov: “Siz ona görə məğlub oldunuz ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırov: “Siz ona görə məğlub oldunuz ki...”

Məhəmməd Rza Bayrami dünyada İran nasiri kimi tanınır. Milliyyətcə azərbaycanlı olan yazıçı ondan çox romanın müəllifidir. O, 1965-ci ildə anadan olub. Əsərləri müxtəlif dillərə tərcümə olunaraq, Avropa və Amerikada işıq üzü görüb. "Sonuncu yeddi gün", "Asma körpü", "Dağ məni səsləyir" əsərləri dünyada daha çox məşhurdur.

M.R.Bayrami Almaniyada "Qızıl ayı" və İsveçrədə "Göy gürzə" kimi nüfuzlu ədəbiyyat mükafatlarını, Avrasiya ədəbiyyat ödülünü qazanıb. "Dağ məni səsləyir" əsəri eyni zamanda İsveçrədə ilin kitabı adına layiq görülüb.

Yazıçının "Cənnət bağının ölüləri" kitabı Moskvada nəşr olunub və Bayrami onun Rusiya paytaxtında baş tutan təqdimatında iştirak edib. Qeyd edək ki, əsərdə 1946-cı ildə Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatından söz açılır. Baş qəhrəman Balaş radioda diktor kimi çalışır, milli-azadlıq hərəkatına qoşulur və respublikanın süqutundan sonra körpə oğluyla birgə SSRİ-yə qaçmaq istəyir, amma sərhədi keçə bilmir.

Axar.az Məhəmməd Rza Bayraminin bir müddət əvvəl rus mətbuatına verdiyi müsahibəni və "Cənnət bağının ölüləri" əsərindən bir hissəni təqdim edir.

- Necə düşünürsünüz, nə üçün sizin kitablara Avropada tələbat çoxdur, bu qədər nüfuzlu mükafatları necə qazana bilmisiniz?

- Fikrimcə, səbəblərdən biri "Savalan hekayət"lərinin "lokallığıdır". Hekayələrim birinci dəfə mükafat qazananda mən İsveçrəyə gedə bilmədim, yalnız ikinci mükafat üçün Bernə yola düşdüm. Münsiflərin rəylərindən belə anladım ki, onlar üçün yad mədəniyyətlə tanışlıq çox vacibdir. Bu zaman əsərin bədii dəyərindən başqa, həm də maraq doğuran məqam odur ki, kitab onlar üçün yeni, yəni onlarda olmayan mətləblərdən danışır.

- Müasir İran tarixinin ən dramatik hadisələrinə - inqilablara, İran-İraq müharibəsinə diqqət ayırırsınız. Sizi bu mövzuları seçməyə nə vadar edir?

- Mən əsgər olmuşam və ağır şərtlərdə, qaynar nöqtələrdə vuruşmuşam. İraq qoşunları genişmiqyaslı hücumlara başlayanda, az qala, onlara əsir düşəcəkdim, amma mühasirəni yara bildim. Bu hadisəni mən "Son yeddi gün" adlı memuarlarımda müfəssəl təsvir etmişəm. Azərbaycan Demokrat Partiyasının taleyi kimi ayrı-ayrılıqda götürülmüş tarixi faktlar biz azərbaycanlıların kollektiv şüurunda həkk olunub. Təbii ki, bu xalqın içərisində yaşadığım üçün bu hadisələrin təsirini öz üzərimdə hiss etmişəm.

Partiya üzvlərinin qaçma şansı var

- Kənd həyatını xüsusi diqqət və sevgiylə təsvir edirsiniz. Bu mövzu müasir İran ədəbiyyatı üçün nə dərəcədə aktualdır?

- Mən kənddə doğulmuşam və həmişə də kəndi sevmişəm. Hətta indi də orada yaşamağı arzulayıram. Hər yay bu istiqamətdə nəsə addım atmağa çalışıram. Şəhər həyatı hətta kənd məişətini də dəyişib, kənddən təkcə təbiət qalıb. Getdikcə ora yalnız bağ evi kimi üz tutan şəhərlilərə daha çox rast gəlirik. Evdə daha çörək bişirmirlər, at və dəvələrin əvəzində darvazaların ağzında saxlanmış maşınlarla qarşılaşırıq. Bizim məhrum olunduğumuz şeylər barədə söhbətlər cazibədar gəlir və bu heç də həmişə nostalji kimi qəbul olunmur. Amma hər nə olsa, düşünürəm ki, "yer" əhəmiyyətli nələrsə yaratmaq və dəyərli nələrsə əldə etmək üçün lazım olan amildən başqa bir şey deyil. Bununla belə, nəzərə alınmalı olan başqa məqamlar da var.

- Nə üçün "Cənnət bağının ölüləri" üçün belə faciəvi və qeyri-adi zaman və məkan seçmişiniz?

- Yeddi müqəddəs rəqəmdir. Metafizik aspektlərə toxunmayacağam, yalnız onu deyim ki, hətta əfsanələrdə də bu rəqəmə çox rast gəlinir. Bu, həm yeddi gündə insanın yaranmasıdır, "Rüstəmin yeddi şücaəti"dir (Firdovsinin əsərinin qəhrəmanı nəzərdə tutulur – red.), "Yeddi sevgi şəhəri"dir (sufi şair Fəridəddin Əttarın "Quş dili" poemasındakı fəlsəfi obraz – red.)… İran-İraq müharibəsinin haqqında danışdığım son yeddi gün də az maraq doğurmur. "Cənnət bağının ölüləri" romanına gəlincə, burada da vacib "yeddilik" var: Culfa, Astara, Ərdəbil və başqa şəhərlərdəki sərhədlərin açıq olduğu yeddi gündə partiya üzvlərinin qaçma şansı var. Bu yeddi gün müddətində bir çox dramatik hadisələr baş verir. Təbii ki, mən bu barədə yazmaya bilməzdim. Müəllif həmişə ən yaxşı hadisələri seçməyə çalışır. Düşünürəm ki, bu prinsipdən çıxış edərək, fars ədəbiyyatı tarixində ən "amansız" romanı yaza bilmişəm. Amma amansız reallıq yalnız zabitlərin güllələnməsi ilə bağlı olmuş hadisəyə əsaslanan səhnələrdə ifadə edilir, bütün qalan yerlərdə mən təhkiyəni xeyli yumşaltmışam. Balaşı öldürür, cəsədini şaqqalayırlar. Onun ruhu bədəninin bütün hissələrini bir yerə toplamağa çalışır, bəlkə də, bu ona rahatlıq verə bilər.

"Dəmir pərdə" aradan qalxanadək...

- Siz arxiv materiallarından, hər şeyi olduğu kimi danışa biləcək hadisə şahidlərinin xatirələrindən yararlanmısınızmı?

- Yəqin ki, ən çox əlaqə yaratmaq istədiyim şahid Balakişi – mənim xalamın əri idi. SSRİ dağılana və "dəmir pərdə" aradan qalxanadək yarım əsrdən çox müddət keçdi və o da həmin vaxt doğma kəndinə qayıtdı. Onun evini tərk etmə səhnəsi heyrətamizdir. Balakişi atlarının dalınca getmişdi. Bilmirəm, burası həqiqətdir, ya yox, amma partiya üzvləri geri çəkilməyə başlayanda onun atlarını da özlərilə aparmışdılar. Söz vermişdilər ki, sərhədə çatan kimi atları qaytaracaqlar. Balakişi də onlarla getdi və bir də... əlli il sonra qayıtdı! Amma əlbəttə, mən daha çox yazılı şahid ifadələrinə əsaslanmışam. Çoxlu analitik ədəbiyyat oxumuşam. Professor Cəmil Həsənlinin "SSRİ-İran: Azərbaycan böhranı və soyuq müharibənin başlanğıcı (1941-1946-cı illər)" əsərinə tez-tez üz tutmuşam. Həmin mərhələylə bağlı arxiv materiallarını və tarixi ədəbiyyatı tədqiq etmişəm. Amma romanın əsası mənim anamın uşaqlıq xatirələri ilə bağlıdır. Bu xatirələr bütün həyatım boyu məni izləyib. Bu, ürəkağrıdıcı hekayə təhkiyə boyunca "Mən yandım! İlahi, mən yanıram" cümlələri ilə təkrar-təkrar xatırlanır.

- Əsərinizdə deyilir ki, iranlı qaçqınlar Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovla görüşüb, mübarizəni davam etdirmək üçün ondan silah istəyirlər. Bağırov təxminən belə cavab verir: "Siz elə ona görə məğlubiyyətə uğradınız ki, mərkəzi hakimiyyətlə əlaqələri tam kəsməmişdiniz". Doğrudanmı, Azərbaycan Demokrat Respublikasına SSRİ-nin dəstəyi bu qədər önəmli idi?

- Bu səhnədən də tam aydındır ki, Bağırov özünə bəraət qazandırır. Dəqiq xatırlamıram, o səhnəni kimin xatirələri əsasında yazmışam – Pişəvərinin, yoxsa bir başqasının. Amma istənilən halda, bu, sənədli şahid ifadəsidir. SSRİ-yə gəlincə, bəli, onun dəstəyi çox böyük əhəmiyyət kəsb edirdi, amma beynəlxalq təzyiq altında SSRİ geri çəkildi və eynən buna qədər Mirzə Kuçek xan Cəngəli (İran siyasi-hərbi xadimi, Gilan milli-azadlıq hərəkatının rəhbərlərindən biri – red.) ilə olduğu kimi davrandı.

Dostoyevskini doya-doya oxuyurdum

- Qəhrəmanınızın real prototipi varmı, yoxsa bu, ümumiləşmiş obrazdır?

- Bir neçə il əvvəl hansısa saytda oxudum ki, guya Balaş hörmətli şair Balaş Azəroğludur. Qətiyyən belə deyil. Balaş – mənəm. Daha doğrusu, Balaş — biz hamımız, siyasi intriqaların qurbanı olmuş incəsənət xadimləriyik. Siyasətçilər, həmişəki kimi, sudan quru çıxırlar, Balaş kimi adamlar isə məhv olurlar. Balaş tamamilə təxəyyül məhsulu olan personajdır, amma gecə qarlı aşırımdan keçmək, atları almaq və bir sıra digər epizodlar həqiqətdə baş verən hadisələrdir.

- Demək olarmı ki, romanda nəsillərarası münaqişə əksini tapıb?

- Tam olaraq elə deyil. Gəncliyimdə mən Dostoyevskini doya-doya oxuyurdum. Yaddaşım məni yanıltmırsa, "Cinayət və cəza"da və ya başqa bir əsərində Dostoyevski deyir ki, yalnız iztirab çəkən adam iztirab çəkəni anlaya bilər. Balaşla onun atası arasında çoxlu fikir ayrılığı var, amma son günlərin hadisələri onları yaxınlaşdırır. Yox, onlar həmfikir olmurlar, amma bir-birinə qarşı dayanmırlar da.

Cənnət bağının ölüləri

(Əsərdən parça)

Düzgün barədə çox danışırdılar. Balaş da onun şeirlərini oxumuşdu. Bir gün Balaş işlədiyi (daha doğrusu, fəhləlik etdiyi) qəzetin binasında oturan Düzgünün qəbuluna getdi. Qəzet Çarandab tarixi rayonu yaxınlığındakı qədim tikililərdən birində - üçotaqlı evdə yerləşirdi, otaqlardan biri onun idi.

Balaşın atası hərbçiydi , Təbriz diviziyasının komandanı general Deraxşaninin yanında çalışırdı, ordu təslim olandan sonra onu məhkəməyə verdilər. Atasına bu gün-sabah leytenant çini verməliydilər, amma o, bu günü görmədi. Atası ömrünü ona, Balaşa qurban verdi, daha doğrusu, fədai oldu, çünki "fədai" elə özünü qurban vermək deməkdir. Bəli, özünün şah rejimi ilə heç bir problemi yox idi, amma xidməti vəzifəsinə görə o, fədailərə və həm də Balaşa qarşı mübarizə aparmalıydı. Ata da bir çox adi, sadə adamlar kimi fədailiyi seçdi. O, özünü Balaşa, oğluna qurban verdi, hərçənd oğlu düşmən cəbhədə idi. Zaman belə tələb edirdi: nədənsə keçmək lazım gəldi...

Həmin gün Düzgün xeyli danışdı, Azərbaycan dilində çoxlu şeir oxudu, amma Balaşın şeirləri barədə bir söz demədi. Yalnız görüşün sonunda, vidalaşmağa hazırlaşanda sanki qəfildən nəsə yadına düşdü:

- Yeri gəlmişkən, sənin çox sirayətedici səsin var. Nə üçün ondan istifadə etmirsən?

Balaş özünü itirdi: axı o, şeirlərə görə gəlmişdi.

- Səs? Səsin nə dəxli?

Düzgün masanın arxasından qalxdı. O vaxt hələ çox çevik və işgüzar idi.

- Sən doğrudan başa düşmürsən? Axı biz bu gün həm də öz səsimizdən ibarətik. Xalq yalnız bizi nitqimizə görə tanıyır və hər yerdə bizi dəstəkləyir! Nə üçün Yaponiyanın təslimiyyət aktını imzalaması və ikinci dünya müharibəsinin bitəcəyi faktı barədə qısa elan nəhəng insan kütlələrini bizim tərəfimizə çəkdi? Hər yerdə nümayişlər və mitinqlər başladı. Ərdəbildə, Xoyda, Sərabda, Mərənddə, Takabda, Zəncanda... Hətta Gilanda! Niyə? Qəzetdəki üç cümləyə görə? Axı bizim xalq əsarətdən bezib. Bizə ədalət lazımdır. Bizə lazımdır ki, ölkənin sərvətlərindən ədalətlə istifadə olunsun, hamı iş yeri əldə edə bilsin. Bizə məktəblər, yollar, xəstəxanalar lazımdır. İstəyirik ki, bizi görsünlər, haqlarımızı unutmasınlar. İstəyirik, ana dilimizdə oxuyub-yazaq... Bütün xalq bir ağızdan çığırırdı: "Pişəvəri, Pişəvəri, bizi ardınca apar!" Bütün şəhərlər ona alqış deyirdilər. Bu, elə-belə baş vermədi, xalq onun nitqində azadlığın və ədalətin səsini eşitdi – bizi buna görə dəstəkləyirlər! Sən də deyirsən ki, "səsin nə əhəmiyyəti var". Özü də bunu elə vaxtda deyirsən ki, biz səsimizin təkcə İranda yox, bütün dünyada eşidilməsi üçün bir az da möhkəm danışmalıyıq! Elə möhkəm ki, təkcə Kavam-Pəhləvi hökuməti deyil, bütün dünya rejimləri – hətta kar olsalar belə - bizi eşitsin. Bax bu şərtlərdə bizim Azərbaycan dilində şeirlər yazıb-oxuyan vicdanlı vətəndaş yanıma gəlir və soruşur ki, mənim səsim nəyə lazım ola bilər?!

Düzgün əlini əlinə vurub davam elədi:

- Bax, bizim vətəndaşlarımızın nə böyük üstünlüyü var? Sən heç düşünmüsən ki, sənin səsin həmişə, hətta bizim olmadığımız vaxtda belə qalacaq?

Düzgünün sonuncu sözləri Balaşı ciddidən düşünməyə vadar etdi və o, müsahibinin haqlı olduğunu anladı. Doğrudan da, çox uzaqlardan uçub gəlmiş olsa belə, səs qeyb olmur. Dürüst səs mütləq xalqın qulağına çatacaq. Buna şübhə etməyə dəyməz. Bəli, səs itmir. Elə Allah kimi...

Həmin gün Düzgün – bəlkə də, özündən asılı olmadan – söylədi ki, onlar itib gedəcəklər. Amma o vaxt kim deyə bilərdi ki, onlar belə tezliklə qeyb olacaqlar? Cəmi bir il və bir neçə ay sonra hər şey dağıldı. Hər şey! Bütün bu dövlət, onun bütün nizamı, onların bütün gördüyü işlər və gələcək planları. Onların dövləti rəsmi şəkildə 1945-ci ilin dekabrında yarandı, elə dekabrda – 1946-cı ilin dekabrında da rəsmən dünyadan getdi. Məhz o zaman onlar birinci ili bayram etməliydilər və təkcə radio komitəsinin rəhbəri deyil, həm də bütün partiyanın gözü olan Çaşm-Azər bu bayramı planlaşdırmışdı... Amma bayram yerinə həlak olanlara yas saxlamalı oldular. 11 dekabr 1946-cı il tarixə "böyük qətliam" kimi düşdü. Edam kəndiri nə qədər baş apardı, nə qədər adam şaqqaladılar, təmiz-kirli ürəklərə nə qədər güllə tuşlandı! Güllələnmə əmri qarşısında insanlar qələbələrinə inamla dayanmışdılar. Tarixdə belə nümunələr azdır. O adamlar xoşbəxt ölürdülər! Bəlkə, ona görə ki, gənc idilər, axı çox yaşasalar, nə baş verdiyini, yad oyunda qurban getdiklərini anlayacaqdılar. Amma onları necə də asanlıqla aldatdılar, onları necə asanlıqla və etinasızlıqla öldürdülər. Mənasız ölümlər! Həmişə olduğu kimi, rəzil yalanların qurbanı sadə adamlar olur, hərçənd bəzi sərkərdələrin də başı az çəkmədi. Məsələn, o adamlar Bağırovun qarşısında dayanaraq, ondan vətənə dönüb mübarizə aparmaq üçün silah istəyirdilər, həmin subyekt – sovet Azərbaycanının rəhbəri isə dəfələrlə təkrar edirdi: siz mərkəzi hakimiyyətlə əlaqələri kəsmədiyiniz üçün məğlub oldunuz. O demədi: biz dayaqlarınızı əlinizdən aldığımıza görə uduzdunuz; ona görə uduzdunuz ki, qoca qurd işləri daha yaxşı düzüb-qoşdu. Kavam – bu köhnə siyasətçi işə qarışdı və Moskvaya uçdu, söz verdi (bu sözə də heç zaman əməl etmədi) ki, hakimiyyət istefaya gedəcək, seçkilərdə isə yeni məclis formalaşacaq... Bəlkə, bütün bunlar sovetlərin yadına qədim bir həqiqəti salmaqdan ötrü idi: xəyanət özü öz cəzasını verir...

Oğlum, düşünmürəm ki, bütün bu sözlərimin sənin üçün nəsə bir mənası var. Ona görə də Balasa qayıdaq...

Düzgün soruşdu:

- Harada işləyirsən?

- Təbriz bazarında. Daşıma işləriylə məşğulam.

- Daşıma işləri? Konkret nə iş görürsən?

- Primuslu arabam var. Kartof qızardıram, çörək və göyərti ilə birgə satıram. Daha ucuz nahar və şam etmək istəyən adamlar alır.

- Eyni zamanda da şeir yazırsan?

- İlhamım gələndə yazıram...

Düzgün kabinetdə var-gəl edə-edə əllərini çənəsində çarpazladı. Balaş onun nə düşündüyünü anlamadı və qəfildən yenə qarşısında onunla düz gözlərinin içinə baxan şairi gördü.

- Primusu və arabanı unut! Bu gündən bazarı yaddan çıxar! Sabah tezdən radioya gələrsən! Bu səslə səndən yaxşı diktor olar. Üstəlik, poeziyaya ya da sevgin var. Ola bilsin, səni qəzetdə də dərc etdim. Başlanğıc üçün məqalə yazarsan, yəqin ki, sən yaza bilərsən.

Balaş heyrətləndi.

- Bilmirəm, - dedi. Amma Düzgünün onun əlini inamla sıxması Balasa arxayınlıq verdi.

- Əminəm ki, bacararsan. Böyük yazıçıların çoxu jurnalistikadan başlayıb. Bəlkə, sən də yazıçı oldun və bizim böyük xalqımızı, onun insanların və İranın azadlıq uğrunda dəf etdiyi çətinlikləri göstərdin. Həmişə olduğu kimi, bu yük Azərbaycanın üzərinə düşüb... Sən, əlbəttə ki, Şoloxov barədə eşitmisən. Mixail Aleksandroviç Şoloxov! "Sakit Don"un və bir sıra digər əsərlərin müəllifi – onlardan bəziləri burada tərcümə olunub, amma onun əsas şedevrini hələ çevirməyiblər. SSRİ-də onu Maksim Qorki ilə bir tuturlar. Bilirsən, Şoloxov nədən başlayıb? Qəzet işindən! "Pravda" qəzeti üçün meşələrdən yazıb, odunçularla bir yerdə işləyib. Bu, əvvəl olub, sonra müharibə vaxtı cəbhədən reportajlar hazırlayıb, ümumiyyətlə, böyük xalq yazıcısı olub, sadə insanların zəhmətindən bəhs edib...

Ustadın geniş maraq dairəsi Balaşı mütəəssir etdi. Düzgün təkcə böyük sovet yazıçılarını tanımırdı, həm də detallara varırdı: məsələn, "pravda" ("həqiqət") sözünü rusca necə tələffüz etmək daha düzgündür? Balaş yalnız sonralar – özü üçün çox gec anladı ki, həyatda "həqiqət" tamam başqa şey də ola bilər.... Məsələn, Miyanada insanı tuturlar və onu etmədiyi işə görə asırlar – bu, həqiqətdir! Amansız işgəncələrə məruz qalmaq... Təkcə fədai adını üzərinə götürməmək, həm də fəda olmağı, əlində olanları, hələ mümkün olanları xilas etməyi bacarmaq... Görünür, nahaq deməyiblər ki, yükü güclü olan götürür, ağrının isə ürəyi olan çəkir.

Amma həmin gün söhbətin mövzusu başqaydı...

- Şoloxovun adı mənə tanışdır, - Balaş dedi, - amma əslində mən hələ yeni başlayan həvəskar-şairəm. Az oxuyuram.

Düzgün "Azərbaycan"ın son iki sayını onun qoltuğuna dürtdü və kabinetdən çıxarkən Balaşı yola saldı:

- Sus! Bir kəlmə də demə! Mən yaxşı görürəm ki, sən əslində kimsən. Sabah tezdən Mir-Hasəmin qəbulunda ol!

- O kimdir elə? - Balaş özündə cəsarət tapıb soruşdu.

- Mir Hasəm Çaşm-Azər! Radio komitəsinin rəhbəri!

Rus dilindən çevirdi: Rəbiqə

Tarix
2016.03.29 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla