Film Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat
üzrə 2016-cı ilin Dövlət Mükafatlarına təqdim olunub.
2015-ci ilin yanvar ayın 9-da Nizami kino mərkəzində Azərbaycan
kinematoqrafı üçün əsl hadisə olan 2 hissəli "Fədakar"
bədii-sənədli filmi təqdim olundu. Janr etibarı ilə ərsəyə gəlməsi
heç də asan olmayan bu ekran əsəri Azərbaycanın qocaman
neftçilərindən biri, əsl zəhmət adamı, akademik Xoşbəxt
Yusifzadənin təzadlı həyat hekayələri əsasında lentə alınıb. O
vaxtdan bu günə qədər bu film barədə düşüncələrimi toplayıb qələmə
almaq fikri bir an belə məni tərk etməyib.
Qələmə almaq istədiyim o yazını daim beynimdə daha da
zənginləşdirib cilalamışam və düşünmüşəm ki, fikrilərim,
düşüncələrim "Fədakar"ı ərsəyə gətirən fədakar yaradıcı heyətin
zəhmətinin layiqli qiymətinə uyğun olsun. Və bu yaxınlarda
təsadüfən "Azərtac" ın internet səhifəsində Elm, texnika, memarlıq,
mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının
məlumatı ilə rastlaşdım. Məlumatda elm, texnika, memarlıq,
mədəniyyət və ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına
təqdim olunan işlərin arasında 2 hissəli "Fədakar" bədii-sənədli
filminin adını görəndə çox sevindim və film barədə düşüncələrimi
varaqlara köçürməyin vaxtının çatdığını başa düşdüm.
Film 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
sifarişi, "SOCAR-Media" İctimai Birliyi tərəfindən PSG Production
MMC-də istehsal edilib. Qeyd edim ki, bu maraqlı ekran əsəri
Azərbaycanın qocaman neftçi-alimi, Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və
izləri" adlı məşhur kitabı əsasında çəkilmişdir.
Əvvəlcə qeyd edim ki, filmin yaradıcıları uşaq yaşlarından
məhrumiyyətlər içində böyüyüb, öz inadkarlığı, əməksevərliyi,
biliklərə yiyələnmək istəyi ilə seçilən bir kəndli balasının
keçdiyi mürəkkəb həyat yolunu ustalıqla əks etdirmişlər. 1930-cu
ildən bu yana xalqımızın yaşadığı tarix həmin inadkar uşağın həyat
hekayəsinin süjet xəttini təşkil edir.
Repressiyalar, təhdidlər, müharibə, aclıq və s. filmin dramatik
səhnələrini təşkil etməklə tamaşaçını haldan-hala salır, bəzən
kövrəldir, güldürür, təəccübləndirir, düşündürür, bəzən də,
xəyallara qərq edir. Bir tamaşaçı kimi deyə bilərəm ki, indiyə kimi
baxdığım hər hansı bir ekran əsərinin bu film qədər tamaşaçı
ovqatına hakim kəsilsini, onu eyni zamanda müxtəlif hisslər
keçirməyə vardar etməsini görməmişəm. Obrazların ifaçıları, aktyor
heyəti o qədər ustalıqla seçilib ki, tamaşaçı özündən asılı
olmayaraq filmdəki hadisələrin baş verdiyi zamanda özünü hiss edir.
Filmin yüksək peşəkarlıqla işlənmiş ədəbi ssenarisini rejissorun
uğurlu quruluşu və operator peşəkarlığı tamamlayır. Bu vəhdətin
nəticəsidir ki, bu gün haqqında söhbət açdığımız, 2016-cı ilin
Dövlət Mükafatlarına təqdim olunan və buna həqiqətən layiq olan bir
ekran əsəri yaranıb.
Filmdə Xoşbəxt Yusifzadə obrazı əslində fədakar Azərbaycan
neftçilərinin ümumiləşdirilmiş obrazıdır. Bu obraz filmdə bədii
təsvir vasitələrinin gücü, aktyor məharəti ilə Xəzər dənizinin
təlatümlü, fırtınalı qoynunda özünün ən yüksək vətəndaşlıq
keyfiyyətlərini nümayiş etdirir, insanı halal zəhmətin, əməyin
təntənəsinə inandırır. Bu obraz, hörmətli Xoşbəxt müəllimin
təbirincə desək, öz ömür ağacını zəhmət təri ilə sulaya-sulaya
boya-başa çatdıran, ucalan, bar verən və uzun ömür sürən bir
azərbaycanlının kino dili ilə çəkilmiş portretidir.
Filmdə ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda neft
sənayesinin keçdiyi şərəfli inkişaf yolu, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin Respublikada neft və qaz
sənayesinin inkişafı üçün gördüyü unudulmaz işlər ustalıqla təqdim
olunub. Həmin tarix gözlərimizin önündən bu kinonun lenti ilə
keçə-keçə şəxsiyyətin əzəmətini, zəhmətinin şahidi olursan. Belə
bir deyim də var ki, tarixi şəxsiyyətlər yaradır. Doğurdan da
Azərbaycan tarixinin müəyyən hissəsi məhz Heydər Əliyevlə bağlı
olduğuna görə onun yaratdığı tarix bu filmin epizodlarından çox
aydın görünür. Ulu Öndəri Xoşbəxt Yusifzadə ilə yaxınlaşdıran isə
qocaman neftçinin əməksevərliyi, doğru-dürüstlüyü və elmi zəkası
idi. Filmdə H.Əliyevin öz dilindən əsərin qəhrəmanı haqqında
səslənən fikirlər çox maraqlıdır və yaradıcı heyət ekran əsərində
Ulu Öndəri təqdimatını özünəməxsus şəkildə, tamaşaçıda nastalji
hisslər yaradan bir formada verib.
Filmdə həm də bu günümüz öz əksini tapıb. Maraqlıdır ki,
tamaşaçının iki saat ərzində izlədiyi bir həyat hekayəsinin
qəhrəmanı, 1930-cu ildən bu günümüzə qədər olan tarixin şahidi lap
sonda onun qarşısına çıxır və filmdə göstərilənlərin sadəcə bir
film yox əsl həyat həqiqətləri olduğunu sübut edir. Filmdə baş
qəhrəmanın özünün də iştirakçısı olduğu, Ulu öndərimizin layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
qlobal neft layihələri və onları gerçəkləşdirən insanların
fəaliyyəti də geniş əks etdirilmişdir. Yaxın tarixi və yaranmaqda
olan tarixi görürük filmdə. Ölkəmizin bu günkü inkişafını təmin
edən, ulu öndərin misilsiz zəhməti hesabına başa gələn işlərin,
eləcə də, hazırda Ölkə başçısının həyata keçirdiyi irimiqyaslı
layihələrin film boyu təqdimatı şərəfli tariximizi canlandırır,
iqtisadi qüdrətimizi nümayiş etdirir.
Film həm ötən əsrin 30-cu illərindən bu günə qədər xalqımızın
yaşadığı tarixi dövrü, həm də, xalqımızın ailə ənənələrini,
məişətini, mədəniyyətini geniş əks etdirməklə gələcək nəslin milli
ruhda tərbiyə olunmasında, onlarda halal zəhmətə, fədakar əməyin
qələbəsinə inam yaratmaqda əvəzsiz rola mailk olacaqdır. "Fədakar"
filmində obrazları 60-dan çox aktyor, o cümlədən Azərbaycanın xalq
artistləri, əməkdar artistlər canlandırb. Filmin yaradıcıları bədii
səhnələri real həyatla üzvi surətdə ustalıqla uzlaşdıra
biliblər.
Filmin ərsəyə gətirən yaradıcı heyətin gərgin əməyi də barsız
olmayıb. Filmin özündə də, yaranmasında da halal əməyin təntənəsi,
qələbəsi var. Ekran əsərinin ssenari müəllifi Eldar
İskəndərzadənin, quruluşçu rejissoru Vasif Məmmədzadənin, quruluşçu
operatoru Rafiq Quliyevin yüksək peşəkarlığı göz önündədir. Mənə
elə gəlir ki, kinoşünaslar bu maraqlı film haqqında hələ öz
sözlərini deməyib. Güman edirəm ki, zaman-zaman bu film yaxşı
mənada müzakirələrə səbəb olacaq, diqqət çəkəcək, kino
tədqiqatçılarının araşdırma predmetinə çevriləcəkdir.
Mənə elə gəlir ki, bu film Azərbaycan mədəniyyətində, kino
tarixində hadisədir. Eyni zamanda film Azərbaycan xalqının müəyyən
tarixi dövrünün epopeyasıdır. Bu mənada 2 hissəli "Fədakar"
bədii-sənədli filminin Elm, texnika, memarlıq, mədəniyyət və
ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına tam layiq
görülməsi alqışalayiq hadisə olardı.